Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5173/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(004)-100/2025 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli, 3M-1591 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinin 1.2 bəndindən görünür ki, Əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndlərinə əsasən Tikinti şirkəti ünvan 2 ünvanında yerləşən Əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsinə (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 m. olmaqla 110 kv.m. təmirli qeyri-yaşayış sahəsini Əmlak mülkiyyətçisinin mulkiyyətinə vermə ödəliyini üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə görə Tikinti şirkətinin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və Əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq Əmlak Mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1.500 manat ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda Tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqqından tutaraq ödənişlərini təmin edəcəkdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayış obyektini Əmlak mülkiyyətçisinə təhvil vermək Tikinti şirkətinin vəzifəsidir. İddiaçı müqavilə üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Hazırda iddiaçı bildirir ki, tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış obyektinin 01 aprel 2024-cü il tarixə təhvil verildiyi anadək 3 ayın kompensasiya pulu ödənişi 4.500 manat olmaqla ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Yasamal rayonu X6 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, indiki adı "xxxx" MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin Tikinti şirkəti tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 4.500 (dört min beş yüz) manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyi 65 (altmış beş) manat pul "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhər, Yasamal rayonu, X6 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə, İndiki adı Cavabdeh MTK arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyətçisi” - İddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 52 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Tikinti şirkəti” ünvan 6 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çıxmərtəbəli yaşayış binasının tikintisini həyata küçirərək, inşa etdiyi binanaın 1-ci (birinici) mərtəbəsinin 1-ci (birinçi) səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunça uzunluğu 7,20 (yeddi metr iyirmi santimetr) olmaqla 110 kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasə “Tikinti şirkəti” inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1.500 manat ödəyir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 291/2024 nömrəli qətnaməsi ilə kompensasiya pulunun ödənilməmiş 6 ayın pulu olan 9.000 manatın ödənilməsi tələbi təmin edilmiş və həmin tarixdən üç ay sonra obyekt cavabdeh tərəfindən təhvil verilmiş və son 3 ayın kompensasiya pulu ödənilməmiş qalmışdır. Hazırda tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış obyektinin 01 aprel 2024-cü il tarixə təhvil verildiyi anadək 3 aya görə kompensasiya pulu ödənişi 4.500 manat olmaqla ödənilməmiş qalmışdır. Tərəfindən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(004)- 100/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-dan 4.500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə əvəzləşmə Müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri- yaşayış sahəsini 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil versə də, obyekt təmirli təhvil verilənədək son üç ay üçün hər ay mülkiyyətçiyə ödəməli olduğu 1.500 manat məbləğində kompensasiyanı ödəməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Cavabdeh 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək, 01 aprel 2024-cü il tarixədək hər ay iddiaçıya 1.500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və işdə olan məhkəmə qətnamələrindən də məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Göründüyü kimi məhkəmə qətnaməsi ilə 2023-cü ilin iyul-dekabr ayları üzrə ödənilməyən kompensasiyanın ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, qeyri-yaşayış sahəsi 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil verilmişdir. Cavabdeh isə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair öz etiraz və sübutlarını təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsi təhvil verilənə qədər, yəni yanvar-mart ayları üzrə ödənilməmiş kompensasiyanın ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 28 iyul 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün MTK-ya təhvil vermiş, MTK isə bunun müqabilində müqavilə imzalanandan 24 ay müddətində, yəni 2023-cü ilin iyul ayınadək iddiaçıya təmirli şəkildə müqavilədə göstərilən müvafiq qeyri-yaşayış sahəsini inşa edərək təhvil verməyi, eyni zamanda təhvil vermə anınadək hər ay iddiaçıya 1.500 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü ilin iyul ayınadək iddiaçıya müvafiq qeyri-yaşayış sahəsi təmirli şəkildə təhvil vermədiyi üçün onun tərəfindən iddia qaldırılmış və iddiası Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(004)-291/2024 nömrəli qətnaməsi ilə kompensasiya pulunun ödənilməmiş 6 ayın pulu olan 9.000 manatın ödənilməsi müəyyən edilmişdir. Məhkəmə prosesi müddətində, tərəflər arasında razılıq əldə olunaraq təhvil verilmiş qeyri-yaşayış sahəsinin təmiri üçün iddaçıya ödəniş edilmişdir. Həmçinin iddiaçı əlavə olaraq təmir müddəti üçün əlavə aylıq kirayə haqqı tələb etmişdir. Onun bu tələbi də əsassız olaraq Yasamal Rayon Məhkəməsi tərəfindən 24 iyun 2025-ci il tarixili qətnamə ilə təmin edilmişdir. İddiaçı tərəf ilkin iddiasında qeyri-yaşayış sahəsinin təmiri üçün də pulun tutulmasını xahiş etsə də, sonradan qeyri-yaşayış sahəsinin təmiri pulunun ödənilməsi səbəbi ilə, iddiasında artıq təmir xərcini istəməmişdir. Göründüyü kimi, MTK iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin etmiş və təmir xərcinin ödənilməsi ilə razılıq əldə edilmişdir. Həmin vaxt təmir müddəti də müzakirə mövzusu olmamışdır və təmirin müddəti ilə bağlı da heç bir razılıq olmayıb. Əgər belə bir müzakirə və razılıq olsa idi təmir pulundan imtina edilən zəman məhkəmədə hər hansı bir fikir səslənərdi. İddia təmin edilən zaman qeyd olunan halar, o cümlədən iddiaçının nəyə görə, təmir pulu ilə bağlı cavabdehdən pul aldıqdan və razılığa gəldikdən sonra, icarə haqqının tələb edilməsi halı, təmirin davam etmə müddətinin necə hesablandığı məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilən zaman işin faktiki halları, tərəflər arasında təmir haqqı və həmin təmirə dair digər razılaşmalar araşdırılmayıb. Məhkəmə yalnız iddiaçının mülahizələri əsasında qərar qəbul edib. İddiaçı deyib ki, güya o qeyriyaşayış sahəsini 3 aya təmir edib. Lakin bununla bağlı heç mötəbər sübut təqdim etməyib. Halbuki, işin hallarından, o cümlədən qüvvəyə minmiş məhkəmə qərarlarından da görünür ki, həmin sahədə bir çox ağır işlər MTK tərəfindən icra edilmişdir. Məhkəmə isə, hər hansı bir araşdırma aparmadan iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.5 və 445.6-cı maddələrinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə əvəzləşmə müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri-yaşayış sahəsini 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil versə də, obyekt təmirli təhvil verilənədək son üç ay üçün hər ay mülkiyyətçiyə ödəməli olduğu 1.500 manat məbləğində kompensasiyanı ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı tərəf ilkin iddiasında qeyriyaşayış sahəsinin təmiri üçün də pulun tutulmasını xahiş etsə də, sonradan qeyriyaşayış sahəsinin təmiri pulunun ödənilməsi səbəbi ilə, iddiasında artıq təmir xərcini istəməmişdir. Göründüyü kimi, MTK iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin etmiş və təmir xərcinin ödənilməsi ilə razılıq əldə edilmişdir. Halbuki tərəflər arasında təmirə görə çəkilmiş xərclərlə bağlı hər-hansı bir razılığın olmasına dair cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən isə tərəflər arasında bağlnmış müqaviləyə əsasən tikinti şirkətinin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq əmlak mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1.500 manat ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqqından tutaraq ödənişlərini təmin edəcəkdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən tikinti şirkəti qeyri-yaşayış sahəsinin təmirli təhvil verilməsi anına qədər iddiaçıya kompensasiya ödənilməsini həyata keçirməlidir ki, bu zaman həmin kompensasiya hər-hansı bir təmir xərcindən və ya təmir müddətindən asılı edilməmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən isə görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin Cavabdeh MTK-ya aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab– X2, KOD 210005 VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsinin məzmunundan müəyyən edilir ki: “...cavabdehin istinad etdiyi etdiyi Teymur Rüstəmli birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanı bildirmişdir ki, qeyri-yaşayış sahəsində hər-hansı təmir işləri aparmamış, yalnız elektrik şəbəkələri cızlanmışdır. Şahid həmçinin iddiaçı tərəfin maneəsinin konkret nədən ibarət olmasını, bunun hansı qaydada həyata keçirilməsi və s. bu kimi halları əsaslandıra və izah edə bilməmiş, yalnız ümumi sözlərdə iddiaçının anası S.Hüseynovanın sözünə görə materialları götürməsini bildirmişdir (bununla yanaşı, şahid ziddiyyətli ifadə verərək, bir tərəfdən təmirin S.Hüseynovanın xoşuna gəlməməsini, digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi sahədə hər-hansı təmir işlərinin aparılmamasını bildirmişdir). Birinci instansiya məhkəməsində dindirilmiş digər şahidlər isə cavabdehin MTK-nın işçiləri olmaqla, onların da ifadələrindən maneənin mövcudluğu birmənalı müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, mübahisə predmeti olan daşınmaz əmlak məhz cavabdeh MTK-nın sahibliyində və nəzarətində olması, eləcə də həmin sahənin iddiaçıya təhvil verilmədiyi (iddiaç ilə bağlı təhvil təslim aktı da məhkəməyə təqdim olunmamışdır, halbuki digər sakinlərlə bağlı təhvil təslik aktları mövcuddur) şəraitdə, iddiaçının və ya onun anasının təmir işlərinə necə, hansı üsul və qaydada maneə törətməsi aydın olmamaqla, sadə məntiqə sığmır. Hətta, hər-hansı maneə olmuş olsaydı belə cavabdehin bu halı rəsmiləşdirmək imkanında olmaması (kamera görüntüləri, şahidlər, hüquq mühafizə orqanıların şikayət və s.) da ağlabatan deyildir. Beləliklə, işin halları ilə açıq-aşkar müəyyən olunur ki, cavabdeh müvafiq öhdəliyini 2023-cü ilin iyul ayınadək yerinə yetirməmiş, iddiaçıya təmirli vəziyyətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, buna baxmayaraq müqavilənin 1.4-cü bəndinin tələblərini pozaraq aylıq 1.500 manat kompensasiyanı 2023-cü ilin iyul ayından etibarən dayandırmış, bununla da müvafiq öhdəliyini təqsirli olaraq pozmuşdur. Bununla yanaşı, tərəfərin izahatlarından müəyyən olunur ki, təmir işlərinin sonradan da cavabdeh tərəfindən həyata keçirilməmiş, 2024-cü ildə iddiaçı tərəfə təmir pulu nağd şəkildə ödənilmiş, yalnız bundan sonra həmin sahə iddiaçının özü tərəfindən təmir olunmağa başlamışdır. Bu hal isə, ən azı iddiaçının 2023-cü ilin dekabr ayı da daxil olmaqla (2023-cü ilin iyul-dekabr ayları) 6 ay müddət üzrə müvafiq pul vəsaitini tələb etmək hüququnun olmasını ehtiva edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh Deluxe Residence” MTKnın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı hazırda bildirir ki, qeyri-yaşayış sahəsi 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil verilmişdir. Cavabdeh isə qeyri-yaşayış sahəsinin həmin tarixdə deyil, başqa tarixdə təhvil verilməsi barədə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsi təhvil verilənə qədər, yəni yanvar-mart ayları üzrə ödənilməmiş kompensasiyanın ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(004)- 100/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə