Məhkəmə qərarları › İş №2(103)-5175/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5175/2022

06.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5175/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pulun ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkjli Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» e-2(004)-2097/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də Planlama şöbəsində mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 174 K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar xitam verilmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)- 3150/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və pul tələbinə dair» iddia ərizəsinin qismən təmin edilməsi, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Məhkəmə elektron sistemdəki məlumata əsasən İddiaçı "xxxx" MMC-də bölmə rəhbəri vəzifədində çalışır və əmək haqqı 3412,57 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 9419 manat məbləğində əmək haqqının 4 faizi miqdarında hesablanmaqla 324 gün gecikdirməyə görə 121824 manat ödəncin, 50 manat mediasiya haqqının və vəkilə ödənilmiş 500 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehin 19 mart 2021-ci il tarixli 174/K saylı əmri ilə işdən azad edilsə də, cavabdeh əmək müqaviləsi üzrə əmək haqqını, son haqq-hesabı düzgün hesablamadığı və nəticədə vaxtında və tam ödəmədiyi üçün məhkəmədə sonuncuya qarşı iddia qaldırmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qətnaməsi əsasında 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin, son haqq-hesabın aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla aparılması və aradakı fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Həmin məhkəmə qərarı əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə onun bank hesabına ümumilikdə 26799,9 manat ödənilmişdir. Cavabdehin təqsiri üzündən əmək haqqının verilməsi xx.xx.2021-ci il tarixədək gecikdirilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarından da görünür ki, aylıq əmək haqqı 9419 manat olmuşdur. Buna baxmayaraq cavabdeh 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq əmək haqqını düzgün hesablamadığı üçün 2021-ci ilin yanvar, fevral və mart ayları üçün əmək haqqını vaxtında ona ödəməmişdir. Əmək haqqının ödənilməsi 2021-ci ilin yanvar ayının sonuncu günündən etibarən məhkəmə qərarının icra edildiyi xx.xx.2022-ci il tarixədək 324 gün gecikdirmişdir. Ona görə də, əmək haqqının ödənilməsinin hər gecikdirilən günü üçün əmək haqqının 4 faizi, yəni 376 manat olmaqla cəmi 121824 manat məbləğində cavabdehin ona ödənc ödəməsini tələb edir. Belə ki, cavabdehin təqsirinə görə əmək haqqısını ala bilmədiyi üçün ailəsi, o cümlədən azyaşlı qızı ilə birlikdə yad ölkədə - Azərbaycanda xeyli müddət ehtiyac içində yaşamalı olmuş, haqqını sübuta yetirmək üçün uzun sürən məhkəmə prosesinə baş vurmalı olmuşdur. Son haqq-hesab sonuncu iş günü - 19 mart 2021-ci il tarixdə aparılmışdır. Lakin cavabdeh iradlarını qəbul etmədiyi üçün məhkəməyə müraciət etmiş və hüququnun pozulduğunu yuxarıda qeyd olunan məhkəmə qərarı əsasında sübut etmək mümkün olmuşdur və hüququnun pozulmasını aşkar etdiyi gün də həmin məhkəmə qərarının tarixi hesab olunmalıdır. Ona görə də, bir illik iddia müddəti heç bir halda ötürülməmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün əmək haqqını natamam ödəmişdir. Ona görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün əmək haqqının qalan hissəsini ödəməsini cavabdehdən tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qətnaməsi əsasında 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qət edilmişdir. Həmin məhkəmə qərarı əsasında cavabdeh gecikdirdiyi əmək haqqını ona xx.xx.2021-ci il tarixdə tam ödəmiş və bununla da məhkəmə qərarı icra olunmuşdur. Cavabdehin təqsiri üzündən 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün əmək haqqının verilməsi xx.xx.2021-ci il tarixədək gecikdirilmişdir. Cavabdehin təqsiri ucbatından halal əmək haqqını tam ala bilmədiyi üçün o, ailəsi, o cümlədən azyaşlı qızı ilə birlikdə yad ölkədə - Azərbaycanda xeyli müddət ehtiyac içində yaşamalı olmuş, haqqını sübuta yetirmək üçün uzun sürən məhkəmə prosesinə baş vurmalı olmuşdur. Son haqq-hesab sonuncu iş günü - 19 mart 2021-ci il tarixdə aparılmışdır. Əmək haqqının natamam olmasını cavabdehə bildirmiş, lakin cavabdeh iradlarını qəbul etmədiyi üçün məhkəməyə müraciət etmiş və hüququnun pozulduğunu yuxarıda qeyd olunan məhkəmə qərarı əsasında sübut etmək mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün əmək haqqını cavabdehin natamam ödədiyi məhkəmə qərarı ilə sübuta yetirildikdən və həmin məhkəmə qərarı üzrə nəhayət ki, uzun müddət gecikdirmə ilə əmək haqqını aldıqdan sonra o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsaslanaraq, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi və bu hal fərdi əmək mübahisəsi yaratdığı üçün yenidən Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və əmək haqqının ödənilməsini gecikdirildiyi hər gün üçün 9419 manat məbləğində əmək haqqının 4 faizi miqdarında hesablanmaqla 324 gün gecikdirməyə görə 121824 manat ödəncin, 50 manat mediasiya haqqının və vəkilə ödənilmiş 500 manatın cavabdehdən alınmasını tələb etmişdir. 15 sentyabr 2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qətnamədən də görünür ki, aylıq əmək haqqı 9419 manat olmuşdur. Buna baxmayaraq, cavabdeh 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq əmək haqqını düzgün hesablamadığı üçün 2021-ci ilin yanvar, fevral və mart aylarının işlənmiş günləri üçün əmək haqqını 01 fevral 2021-ci il tarixdən başlayaraq vaxtında ona ödəməmişdir. Əmək haqqının ödənilməsi 2021-ci ilin yanvar ayının sonuncu günündən etibarən məhkəmə qərarının icra edildiyi xx.xx.2022-ci il tarixədək 324 gün gecikdirilmişdir. Ona görə də, əmək haqqının ödənilməsinin hər gecikdirilən günü üçün əmək haqqının 4 %-i, yəni 376 manat olmaqla, 121824 manat məbləğində cavabdehin ona ödənc ödəməsini tələb edir. Buna həm qanuni əsası, həm də mənəvi haqqı var. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan 09 iyun 2022-ci il tarixli, e-2(004)-2097/2022 saylı qətnaməsi ilə iddia ərizəsini heç bir əsaslandırma olmadan təmin etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əmək haqqını ödəməməsi faktını nəzərə almamış, əmək haqqının düzgün hesablanmasının özünün bir fərdi əmək mübahisəsi olmasını, bunu məhkəmə qaydasında sübüt edə bilməsini, əmək haqqının ödənilməsinin gecikdirilmə günlərinin sayının məhkəmə qərarının icrası tarixi ilə müəyyən olunmalı olmasını nəzərə almamışdır. Aylıq əmək haqqı 9419 manat olmasına baxmayaraq, cavabdeh ona 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün 3 dəfə az olmaqla əskik əmək haqqı ödəmişdir və şikayətlərini nəzərə almamışdır. O, bunu məhkəmə qaydasında sübut etmiş və gecikdirilmiş əmək haqqını almışdır. Bu, artıq fərdi əmək mübahisəsinin olmasını sübut edir və ona görə də həmin mübahisə Əmək Məcəlləsinin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. 15 sentyabr 2021-ci il tarixli, 2(004)- 3150/2021 saylı qətnaməsi olmadan əmək haqqının ödənilmədiyinə istinad edə, həmin qərar icra olunmayana qədər isə əmək haqqının neçə gün gecikdirildiyini bilə bilməzdi. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsini səhv təfsir etdiyindən maddi hüquq normasını pozmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehə qarşı ilk dəfə «işə bərpa və pul tələbinə dair» iddia ərizəsində faizlə bağlı məsələni mübahisələndirmədiyini fərdi əmək mübahisəsinin olmaması kimi qiymətləndirmiş, ona görə də hesab etmişdir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yasamal rayon məhkəməsinin bu mövqeyi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına əsaslanmır. Halbuki, MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Aylıq əmək haqqı 9419 manat olmasına baxmayaraq, cavabdeh ona 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün təxminən 3 dəfə az olmaqla əskik əmək haqqı ödəmişdir. Faktiki olaraq, 2021-ci ilin yanvar ayının əmək haqqı 01 fevraldan, fevral ayının əmək haqqısı 01 martdan, mart ayının əmək haqqısı 16 mart 2021-ci il tarixdən əmək haqqının ödənilməsi gecikdirilmişdir. 15 sentyabr 2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qətnamə olmadan əmək haqqının ödənilmədiyinə istinad edə, həmin qərar icra olunmayana qədər isə əmək haqqının neçə gün gecikdirildiyini bilə bilməzdi. Həmin məhkəmə qərarı olmasa idi cavabdeh ona pul ödəməzdi və onun da əmək haqqını gecikdirməyə görə cavabdehə qarşı tələb hüququ yarana bilməzdi. Həm iddiaçının nümayəndəsi və vəkili, həm də sədrlik edən hakim niyə hazırkı iddia tələbi ilə məhkəməyə gec müraciət etdiyini, niyə əvvəlki iddia tələbində gecikməyə görə tələb qoymadığını soruşmuşlar. Əvvəlki 2-ci abzasdakı faktı nəzərə almaması ilə yanaşı əcnəbi olması, Azərbaycan dilini bilməməyi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsbit olunmuş hüquqlarını bilməməyi kimi faktiki hallar sədrlik edən hakimin sualına əsaslı cavab idi. Hakim iş üzrə hərtərəfli araşdırma aparsa da, sonda cavabdeh tərəfin əsassız mülahizələrinə uyğun əsassız və qanunsuz qərar qəbul etmişdir. Əmək haqqının natamam ödənilməsi birbaşa cavabdehin təqsiridir. Əvvəlki məhkəmə qərarında bu sübuta yetirilmişdir. İddia müddəti ərzində məhkəməyə müraciət etmək onun hüququdur. O da, cavabdehə qarşı əvvəlki məhkəmə qərarında haqlı olduğunu sübut edəndən sonra və əmək haqqını tam alandan sonra yaranmış tələb hüququndan istifadə edərək cavabdehə qarşı iddia qaldırmışdır. Hətta məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsində qeyd edilmişdir ki, əgər işəgötürənin təqsiri ucabtından baş verirsə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir; Burada da iş materiallarına nəzər yetirmişdir və düşünür ki, vətəndaşın pulu ödənməlidir; Belə ki, tərəfin bunu bu vaxta kimi mübahisələndirməyib, sonradan mübahisləndirməsi onun hüququdur; Habelə ödənc işəgötürənin təqsirinin sübuta yetirilməsindən sonra tələb oluna bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 11 Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

13. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

14. Əmək Məcəlləsinin 172.5-ci maddəsində əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Apellyasiya baxışının hədləri

15. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməməsinə dair qətnamə İddiaçın apellyasiya şikayətinə əsasən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası tərəflərin təmsilçilərini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 9419 manat məbləğində əmək haqqının 4 faizi miqdarında hesablanmaqla 324 gün gecikdirməyə görə 121824 manat ödəncin, 50 manat mediasiya haqqının və vəkilə ödənilmiş 500 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Göründüyü kimi, bir dəfə İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə qətnaməsi çıxarılmış və qətnamə icraya yönəldilmişdir. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman faizlə bağlı məsələni mübahisələndirməmiş, lakin məhkəmə icraatı zamanı əmək haqqının məbləği və işəgötürən tərəfindən ödənilməməsi mübahisə predmeti olmuşdur. Qanunvericiliyin tələbindən göründüyü (Əmək Məcəlləsinin 172.5-ci maddəsi) hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi yalnız o halda mümkündür ki, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa. Müəyyən edilmişdir ki, işçiyə əmək haqqının məbləğinin müəyyən edilməsi və onun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin əmək mübahisəsi iddiaçının xeyrinə nəticələnmişdir. Belə olan halda, birinci instansiya haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2097/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar