Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5175/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5175/2023 (Açar sözlər: işə bərpa, əmək haqqı və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının İddiaçı, onun nümayəndəsi (atası) Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, əmək haqqı və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(004)- 2266/2023 saylı qətnaməsindən iddiaçın tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Nəsimi rayon Sukanal İdarəsinin abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinə əsasən xitam verilmişdir.
2. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu, xx.xx.2022-ci il tarixli işdən azad olması barədə verdiyi ərizənin onun sərbəst iradə ifadəsi olmadığını, təzyiq altında və məcburiyyət qarşısında imzaladığını iddia edərək işinə bərpa edilməsini, işə bərpa olunduğu günə qədər orta əmək haqqının ödənilməsini, mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa, əmək haqqı və pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək 04 noyabr 2022-ci il tarixindən etibarən Nəsimi rayonu Sukanal İdarəsində nəzarətçi işinə bərpa edilməsini, 04 noyabr 2022-ci il tarixindən etibarən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının ödənilməsini, Nəsimi rayon Sukanal İdarəsinin rəisi E. Həsənzadə tərəfindən ona vurulmuş zərərin təzminatı olaraq 2000.00 (iki min) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi rayonu Sukanal İdarəsində əmək müqaviləsinə əsasən nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə işdən sonra saat 19:30 radələrində idarənin rəisi Elşən Həsənzadə tərəfindən təhdit edilərək öz iradəsi əleyhinə, guya öz xahişi ilə işdən azad olunması haqqında ərizə yazmağa məcbur edilərək işdən çıxarılmışdır. Lakin ertəsi gün işdən çıxmaq istəmədiyini, 1 ay müddətində işdən çıxmaq haqqında məcbur edilərək verdiyi ərizəsini geri götürmək, onu etibarsız hesab etmək haqqında işəgötürənə yeni ərizə verə bilmək haqqında hüququnun olmasını nəzərə alaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə idarəyə ərizəsinin etibarsız hesab edilməsi haqqında ərizələr göndərmişdir. Həmin ərizələrə hüquqən əsaslandırılmış cavabı 22 gün sonra xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Nəsimi rayonu Sukanal İdarəsi cavab vermədiyinə görə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlamış və həmin müraciətə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli məktubla işlə təmin edilməsindən imtina edilmişdir. Halbuki o, yenidən işə qəbul üçün deyil, qanunsuz olaraq işdən azad edilməsi və işə bərpa edilməsi haqqında müraciət etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2266/2023 saylı iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edimişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69, 296-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçının apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən qəbul edilməyən yeganə dəlil bu olmuşdur ki, onun imza etdiyi ərizədə 03 oktyabr tarixi qoyulmuşdur. Onun buna qarşı dəlili bu olmuşdur ki, işdən çıxmaq üçün ərizədə tarixi yazılırsa Əmək Məcəlləsinin 69.3-cü maddəsi əsas götürülür və ərizədə işdən çıxmanın həmin gün olması səbəbi göstərilməlidir. Cavabdeh məhkəmə iclasının son günündə 01 iyul 2023-cu il tarixində “iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə qətnamənin əvvəl hissəsində bunu qeyd etmişdir, lakin sonradan Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına istinad edərak bu ƏM-nin 296-cı maddəsinin 1-ci hissəsində işçinin əmək müqaviləsi ilə bağlı məhkəməyə qədər orqanlara müraciat etməsi üçün 3 aylıq həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər iddia müddəti Əmək müqavilələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlayır. Belə ki, Əmək müfəttişliyinin rəsmi cavabını 30 dekabr 2022-ci il tarixində almış və orada məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Məhkəmə özü-özünü təkzib etməsi faktdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etirazın dəlillərinə uyğun izhata verərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər.
13. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
23. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 101- K nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir.
24. Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin məzmunundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə bağlanmış,həmin müddətin 3 ayı sınaq müddətinə hesablanmışdır. Müqavilənin 4.17-ci bəndindən həmçinin müəyyən edilir ki, tərəflər iş vaxtı ilə bağlı aşağıdakı qaydada razılaşmışlar: yay vaxtında (hər ilin aprelin 1-dən oktyabr ayının 31-dək) iş vaxtının 1-ci hissəsi saat 09:00-da 12:00-dək, 2-ci hissəsi 16:00-dan 20:00-dək, Şənbə günü iş vaxtının 1-ci hissəsi saat 09:00-da 12:00-dək, 2-ci hissəsi 16:00-dan 18:00-dək, nahar vaxtı 12:00- dan 16:00-dəkdir.
25. Abonentlərlə iş şöbəsi Fakturalama qrupu su kəməri təsərrüfatında nəzarətçi peşəsində işləyən İddiaçı AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu peşədən azad edilməsini xahiş etmişdir. Ərizədən həmçinin görünür ki, həmin tarixdə qeydiyyata alınmaqla dərkənar qoyulmuşdur.
26. Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, abonentlərlə iş şöbəsinin fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və işçiyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
27. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, ərizə xx.xx.2022-ci il tarixdə saat 18:23-də qeydiyyata alınmış və ərizənin nəticəsi həmin tarixdə sistemdə qeydiyyata alınmışdır.
28. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də müəyyən edilir ki, işə götürən Azərsu ASC ilə, İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat sistemə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.
29. İddiaçı tərəfindən Nəsimi rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, öz istəyi ilə olan çıxış ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
30. İddiaçının məhkəməyə təqdim etdiyi “EMS” sürətli poçt xidmətinin xx.xx.2022-ci il tarixli TA004800222AZ nömrəli və xx.xx.2022-ci il tarixli TA004801015AZ nömrəli xəbərnamələrindən görünür ki, Nəsimi rayon Sukanal İdarəsinə ünvanlanmış göndərişlərlə bağlıdır. Həmçinin xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Sukanal İdarəsinə çatdırılmışdır.
31. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə İddiaçı öz təşəbbüsü əsasında xitam verilmişdir.
32. Kollegiya hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
33. Kollegiya İddiaçı işəgötürənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddətini gözləməməsi barədə dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, Əmək Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır.
36. Məhkəmə kollegiyası iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur.
37. Ən əsası kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür və bununla bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
38. Belə ki, iddiaçı tərəfindən aidiyyəti orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. Və iddiaçıya xx.xx.2022-ci il tarixdən və hansı əsasla işdən azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta Cavabdeh ASC-nin İddiaçın ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1/01-1/1/15111 nömrəli məktubundan müəyyən edilir ki, ərizədə qeyd edilənlərlə bağlı araşdırma aparılmış lakin öz təsdiqini tapmamış, əlavə işçi qüvvəsinə ehtiyac olmadığından İddiaçı işlə təmin edilməsinin cəmiyyətin imkanı xaricində olması bildirilmişdir. Çünki xx.xx.2022-ci il tarixdə onun konkret olaraq məlumatı olmuşdur ki, yenidən işə bərpası mümkün deyildir. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçıya cavabdeh və yuxarıda qeyd olunan qurumlar tərəfindən ünvanlanmış cavab məktublarından da görünür ki, 2022-ci ilin oktyabr ayı ərzində işin məhkəmədən kənar həlli ilə bağlı seçim imkanının olmaması ona bəlli olmuşdur. Həmçinin cavab məktublarında iddiaçıya əmək kitabçasını götürməsi təklif edilmişdir. Son haqq hesab isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini onun digər dövlət orqanlarına müraciət etməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının digər dövlət orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur.
40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
42. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2266/2023 saylı iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova