Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5176/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzillə təmin olunma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “mənzillə təmin olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-141/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.1975-ci il tarixində X3 motorist vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra bir neçə dəfə vəzifəsi dəyişdirilmiş, xx.xx.1985-ci il tarixində isə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, Bakı Dəniz Limanından işdən azad edilmişdir.
2. İddiaçı Cavabdeh QSC-yə ünvanladığı ərizədən görünür ki, o İddiaçı uzun müddət Cavabdeh QSC-də çalışmışdır və 1993-cü ildən mənzil növbəsinə dayanmışdır. Qeyd edir ki, mənzil növbəsinə dayanarkən 45-ci sırada olmuşdur. Lakin, 1993-cü ildən növbədə olmağına baxmayarq, o bugünə kimi mənzillə təmin olunmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq onun mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh QSC-nin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan çıxarışından görünür ki, İddiaçı öz xahişinə əsasən ASCO və ya onun tabeliyində olan qurum ilə əmək müqaviləsinə xitam verildiyindən mənzil növbəsindən çıxarılması qərara alınmışdır.
4. Cavabdeh QSC-nin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC-ə (ASCO) ünvanladı xx.xx.2022-ci il tarixli mənzil məsələsi haqqında müraciətinizə müvafiq qaydada baxılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçilərin yaşayış şəraitinin yaxşılaşdırılması (mənzillə təmin olunması) məsələsi işəgötürənin öhdəliyi kimi nəzərdə tutulmamışdır. Müraciətdə qeyd etdiyi məsələ ilə bağlı bildirirlər ki, qanunvericiliyin tələblərinə əsasən işçinin çalışdığı müəssisə ilə olan əmək müqaviləsinə işçinin şəxsi təşəbbüsünə əsasən xitam verilməsi işçinin iş yeri üzrə mənzil uçotundan çıxarılması üçün əsasdır. Həmçinin "xxxx" Mənzil Tikinti Kooperativi vasitəsilə ASCO-nun Mənzil Məsələləri Komisssyası’na təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, onun həyat yoldaşı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.1985-ci il tarixli 695/k nömrəli əmrə (37-ci maddə. öz xahişi ilə) əsasən xitam verilmişdir. “Mənzil Məsələləri Komissiyasının iclasında bu məsələ müzakirə olunmuş və yuxarıda göstərilən səbəbdən İddiaçı mənzil növbəsindən çıxarılması barədə qərar verilmişdir.
5. Cavabdeh QSC-nin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ə (ASCO) ünvanladı xx.xx.2022-ci il tarixli mənzil məsələsi haqqında müraciətinə müvafiq qaydada baxılmışdır. Bildiyi kimi, 2017-ci ildən etibarən ASCO tərəfindən uzunmüddət ərzində mənzil növbəsində duran şəxslərin mənzillə təmin olunması üçün çoxmərtəbəli binaların tikintisi ilə bağlı layihənin icrasına başlanılmışdır. Bu məsələləri tənzimləyən qaydalara əsasən yekun siyahı formalaşdırılmış və növbədə duran şəxslərin yaşayış şəraitlərinin, həmçinin müvafiq sənədlərin yoxlanılması növbədəki sıra nömrəsini rəhbər tutaraq (siyahının əvvəlindən başlayaraq) müvafiq işçi qrup tərəfindən həyata keçirilir. Yoxlama zamanı xx.xx.1993-cü il tarixində Gəmiçiliyin mənzil növbəsi siyahısına götürülmüş həyat yoldaşı İddiaçı öz xahişi ilə işdən azad edildiyi faktı aşkarlanmış və bununla bağlı ASCO üzrə fəaliyyət göstərən Mənzil məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının qərarı əsasında İddiaçı mənzil uçotundan çıxarılmışdır. Bu barədə onlara xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli rəydən görünür ki, İddiaçı birinci dərəcəli əlildir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin 30 yanvar 2023cü il tarixli məktubundan görünür ki, Abşeron rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2022-ci il tarixli 2(009)-2368/2022 nömrəli sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. "Əlillik" altsistemində olan məlumatlara əsasən vətəndaşa xx.xx.2016-cı il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur.
7. "xxxx" QSC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Bakı Dəniz Limanına xx.xx.1985-ci il tarixli ərizə ilə müraciət edərək ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. X7 22 oktyabr 1985-ci il tarixli əmrindən çıxarışından görünür ki, İddiaçı öz xahişi ilə işdən azad edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli 2(009)-141/2023 nömrəli təkrar sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirirlər ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində və Abşeron rayonu üzrə 6 nömrəli Tibbi-sosial ekspert komissiyasının arxivində məlumat aşkar edilməmişdir.
9. Cavabdeh QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı, 16 kv.m sahəsi olan 130 saylı mənzil xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçotda olduğu üçün ASCO-nun hüquqi varisi olduğu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) tərəfindən 1981-ci il tarixdə verilmişdir. İddiaçı bundan sonrakı dövrlərdə yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq qərar ASCO-nun arxivində aşkar edilməmişdir. Belə ki, həmin şəxsin adı əsassız olaraq mənzil növbəsi siyahısına salınmışdır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək tətbiq olunan Azərbaycan SSR Mənzil Məcəlləsinin 31-ci maddəsinə və “Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 saylı Qərarı ilə təsdiq edilmş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 7-ci bəndinə əsasən mənzil fonduna malik olan və mənzil tikintisi aparan, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində uçota götürülə bilməsinin mümkünlüyü təsbit edilmişdir. Eyni zamanda, həmin Mənzil Məcəlləsinin 35-ci maddəsinə və sözügedən qaydaların 19-cu bəndinin “v” yarımbəndinə əsasən iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda o iş yerində uçotdan çıxarılmalıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1985-ci il tarixdə öz xahişinə əsasən xitam verilməsi səbəbindən, o mənzil növbəsi uçotundan çıxarılmalı idi və 1993-cü ildə ADXDG-də işləmədiyi üçün mənzil növbəsi uçotuna götürülə bilməzdi. Göründüyü kimi, İddiaçı ADXDG-də işləmədiyi üçün onun mənzil növbəsi uçotunda olmasına heç bir hüquqi əsas olmamışdır. Həmçinin İddiaçı ADXDG tərəfindən 1981-ci ildə mənzillə təmin edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, ASCO-nun Mənzil məsələləri komissiyası tərəfindən adıçəkilən şəxsin ASCO üzrə mənzil növbəsindən çıxarılması barədə qərar verilmişdir.
10. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin arayışından görünür ki, xx.xx.1981-ci il tarixində maliyyə haqq-hesabı açılmışdır, İddiaçı mənzil verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh tərəfindən mənzillə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də işləmişdir və 1993-cü ildən etibarən mənzil növbəsinə dayanmışdır. Qeyd edir ki, mənzil növbəsinə dayanarkən 45-ci sırada olmuşdur. Lakin, 1993-cü ildən mənzil növbəsində olmağına baxmayaraq, bu günki günədək mənzillə təmin olunmamışdır. Mənzillə təmin olunmağında bağlı cavabdeh quruma yazılı şəkildə müraciət etməyinə baxmayaraq, müraciətinə cavabdeh qurumdan hər hansı bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
13. Cavabdeh QSC iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh QSC (bundan sonra - QSC) səhmləri dövlətə məxsus olan kommersiya hüquqi şəxsdir və QSC-nin işçilərini mənzillə təmin etmək öhdəliyi yoxdur. Belə ki, QSC-nın Nizamnaməsi, işçilərlə bağlanmış əmək müqaviləsi, habelə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən QSC-nin işçiləri mənzillə təmin etməsi kimi öhdəlik müəyyən olunmamışdır. İddiaçı, əvvəllər qüvvədə olmuş mənzil qanunvericiliyinə uyğun olaraq QSCnin hüquqi varisi olduğu keçmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə mənzil növbəsinə götürülmüşdür. İddiaçı xx.xx.1973-cü il tarixdən ləğv edilmiş Azərbaycan Dövlət X3 (bundan sonra - ADXDG) motorçu vəzifəsində işləmiş və 22 oktyabr 1985-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. O, ADXDG-də işləmədiyi halda və heç bir əsas olmadan xx.xx.1993–cü il tarixdə mənzil növbəsi siyahısına əlavə edilmişdir. QSC öz təşəbbüsü ilə sosial layihə həyata keçirməyə qərar vermiş və əvvəlki qanunvericiliyə əsasən mənzil növbəsinə götürülmüş müvafiq şəxslərin güzəştli şərtlərlə mənzil əldə etməsi üçün şərait yaratmışdır. Belə ki, QSC üzrə mənzil növbəsində qeydiyyata alınmış mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin yaşayış sahəsinə tələbatının qarşılanması məqsədilə, habelə qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq "Dənizçi” mənzil - tikinti kooperativi yaradılmış, yaşayış binasının tikintisinə başlanılmışdır. 01 mart 2022-ci il tarixdə "xxxx" QSC-nin “Mənzil Məsələləri Komissiyası"nın iclası keçirilmiş və 02 saylı protokola əsasən, müvafiq sahəyə dair və mənzil məsələlərini tənzimləyən qanunvericiliyə uyğun olaraq öz xahişinə əsasən ASCO və ya onun tabeliyində olan qurum ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərin mənzil növbəsindən çıxarılması qərara alınmışdır ki, İddiaçı siyahıda olan şəxslərdən biri olmuşdur (protokoldan çıxarışın surəti əlavə olunur). İddiaçı həyat yoldaşı G.Mahmudova xx.xx.2022-ci il tarixdə mənzil məsələsinə baxılması ilə bağlı ASCO-ya müraciət etmiş və ASCO tərəfindən vətəndaşa ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən işçinin çalışdığı müəssisə ilə olan əmək müqaviləsinə işçinin şəxsi təşəbbüsünə əsasən xitam verilməsi işçinin iş yeri üzrə mənzil uçotundan çıxarılması üçün əsasdır, həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, "Dənizçi” Mənzil Tikinti Kooperativi vasitəsilə ASCO-nun "Mənzil Məsələləri Komissiyasına təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçıla ADXDG arasında bağlanmış əmək müqaviləsinə xx.xx.1985-ci il tarixli 695/k saylı əmrə (37 - ci maddə,öz xahişi ilə) əsasən xitam verilmişdir. "Mənzil Məsələləri Komissiyası”nın iclasında bu məsələ müzakirə olunmuş və yuxarıda göstərilən səbəblərdən İddiaçı mənzil növbəsindən çıxarılması barədə qərar qəbul edilmişdir (məktubun surəti əlavə olunur). Həmçinin iddiaçının həyat yoldaşının xx.xx.2022-ci il tarixli məktubuna ASCO tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və yoxlama zamanı xx.xx.1993-cü il tarixdə ADXDG-nin mənzil növbəsi siyahısına götürülmüş İddiaçı öz xahişi ilə işdən azad edildiyi faktı aşkarlandığı və bununla bağlı ASCO üzrə fəaliyyət göstərən Mənzil məsələləri komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı mənzil uçotundan çıxarıldığı qeyd olunmuşdur (məktubun surəti əlavə olunur). Qanunvericilik normalarından görünür ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi'’ Qapalı Səhmdar Cəmiyyətinin “Mənzil Məsələləri Komissiyasının” 01 mart 2012-ci il tarixli 01 saylı protokol - qərarı qanuna müvafiq qaydada verilmişdir. Belə ki, İddiaçı 1985-ci il tarixdə öz xahişi ilə əmək münasibətlərinə xitam verilməsi və Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 35.3-cü maddəsi əsas götürülməklə onun mənzil növbəsinə xitam verilmişdir. Eyni zamanda, QSCnin işçiləri mənzillə təmin etmək öhdəliyinin olmadığı aidiyyəti qanunvericilik aktlarından və QSC-nin Nizamnaməsindən məlum olur. Bütün bunları nəzərə alıb, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı mənzilin verilməsi tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-141/2023 nömrəli qətnaməsi ilə (hakim X4) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, tərəflər arasında yaranan əmək münasibətləri, həmçinin iddiaçının mənzil növbəsi uçotuna alınması 1993-cü ilə təsadüf etdiyindən və həmin dövrdə yaranan münasibətlər 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimləndiyindən, mənzil növbəsinə xitam verilməsinin əsaslarının hüquqi əsasının mövcudluğunun müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə mənzil növbəsi siyahısına yenidən əlavə edilsə də, bununla bağlı müvafiq qərar ASCO-nun arxivində aşkar edilməmiş, iddiaçı isə hansı əsasla mənzil növbəsinə götürülməsini, ailə tərkibi artdığına görə müraciət etməsini və müraciəti əsasında 1993-cü ildə yenidən mənzil növbəsinə götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh QSC-nin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokoluna əsasən, İddiaçı mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Məhkəmə iddiaçının hansı əsasla və qaydada 1993-cü ildə yenidən mənzil növbəsinə götürülməsinin müəyyən edilmədiyini nəzərə alaraq, cavabdeh tərəfin mövqeyi ilə razılaşır və iddianın əsassız olması nəticəsinə gəlir.
16. Məhkəmə öz mövqeyini 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü, 35-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesaul Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını, iddiaçının 12 sentyabr 1979-cu il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasını, bunun nəticəsində əlilliyin müəyyən edilməsini, əvvəl tutduğu vəzifədə artıq çalışmaq iqtidarında olmamasını, sonradan ailə tərkibinin artıdığına görə müraciət etdiyi vaxt 1993-cü ildə yenidən mənzil növbəsinə alınması və uzun illər xx.xx.2022-ci tarixinədək mənzil növbəsində saxlanılmasını nəzərə almamış, iş materiallarına əlavə olunan sübutlara düzgün qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış və nəzərə almamışdır. Hazırki mübahisəyə 2009-cu il oktyabr ayının 1dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 35-ci maddəsinin 3-cü hissəsi tətbiq edilərkən 34cü maddənin 3-cü hissəsi nəzərə alınmamışdır. Məhkəmə sübutları nəzərə almamış, cavabdeh təşkilatın yanlış olaraq müavinat vermək öhdəliyinin olmadığı qənaətinə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
21. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq
22. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 35-ci maddəsinə əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün aşağıdakı əsaslar müəyyən edilmişdir: Mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; İş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; Mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota göürmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; Altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə. 34-cü maddəsinə əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması şərtləri müəyyən edilmişdir: Müvəqqəti olaraq başqa yerə getdikdə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə; Seçkili vəzifəyə keçdikdə; Yaşa və ya əlilliyə görə pensiyaya çıxdıqda; Uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə; SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda.
23. Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında 148 saylı Qərarın: 19-cu bəndində mənzil növbəsində uçotda olan vətəndaşların uçotdan çıxarılmasının əsasları müəyyən edilmişdir: mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda; daimi yaşamaq üçün başqa yaşayış yerinə getdikdə; iş yerində uşotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər qanundan kənar hərəkətlər etdikdə; altı aydan çox müddətə azadlıqdan məhrum olmağa, sürgünə və ya köçürülməyə məhkum edildikdə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 12 sentyabr 1979-cu il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, sonradan isə bir neçə dəfə vəzifəsi dəyişdirilmişdir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin arayışından görünür ki, xx.xx.1981-ci il tarixində maliyyə haqq-hesabı açılmış, İddiaçı mənzil verilmişdir. 22 oktyabr 1985-ci il tarixində İddiaçı ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsinə dair xahişi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
30. Mövcud vəziyyətdə iddiaçı xx.xx.1993-cü il tarixdə mənzil növbəsi siyahısına yenidən əlavə edilmişdirsə də, bununla bağlı müvafiq qərar ASCO-nun arxivində aşkar edilməmiş, iddiaçı isə hansı əsasla mənzil növbəsinə götürülməsini, ailə tərkibi artdığına görə müraciət etməsini və müraciəti əsasında 1993-cü ildə yenidən mənzil növbəsinə götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh QSCnin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokoluna əsasən, İddiaçı mənzil növbəsindən çıxarılması qərara alınmışdır.
31. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən işçinin çalışdığı müəssisə ilə olan əmək müqaviləsinə işçinin şəxsi təşəbbüsünə əsasən xitam verilməsi işçinin iş yeri üzrə mənzil uçotundan çıxarılması üçün əsasdır.
32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 1981-ci ildə mənzillə təmin edilməsi, sonrakı dövrlərdə yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq qərarın ASCO-nun arxivində aşkar edilməməsi, həmin şəxsin adının əsassız olaraq mənzil növbəsi siyahısına salınması, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1985-ci ildə öz xahişinə əsasən xitam verilməsi onun mənzillə təmin olunmasına dair iddia tələbinin təmin edilməsini qeyri-mümkün edir.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçi İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-141/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.