Məhkəmə qərarları › İş №2(103)-5177/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5177/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5177/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(009)-1297/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ½ hissəsinə mülkiyyət hüququ tanınmış 0,015750 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin naturada bölünməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(009)-1297/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş əsnədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə qaytarmışdır. Halbuki, mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən maddi imkanının olmaması əsası ilə dövlət rüsumunun ödənilməsindən azad edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1297/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır və qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bu da öz növbəsində qarşılıqlı iddianın ilk iddia kimi Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilməsini şərtləndirir və həmin məcəllənin 152-ci maddəsində göstərilən nöqsanların mövcud olması qarşılıqlı iddianın da qaytarılması üçün əsas yaradır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh tərəfindən qaldırılmış qarşılıqlı iddia qiymətləndirilməyən iddialar sırasına aiddir və bu baxımdan qarşılıqlı iddiaya 100 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməli idi. Buna baxmayaraq, Cavabdeh tərəfindən hər hansı məbləğdə dövlət rüsumu ödənilməmiş və nəticədə bu barədə sənədin təqdim edilməsi mümkün olmamışdır. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Eyni zamanda, qeyd olunmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunda statusundan və ya iddianın növündən asılı olaraq, dövlət rüsumunun ödənilməsindən azad olunan tərəflərin, o cümlədən iddiaçıların qəti siyahısı təsbit edilmişdir. Lakin Cavabdeh nə statusuna, nə də ki, qaldırdığı iddianın növünə görə dövlət rüsumunun ödənilməsindən azad olunan iddiaçılar kateqoriyasına daxil deyil. Maddi imkanın olmaması isə dövlət rüsumunun ödənilməsindən azad olunması əsaslarından biri kimi müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən onun şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(009)-1297/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar