Məhkəmə qərarları › İş №2(103)-5178/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5178/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5178/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, həmin qərardaddan Cavabdeh nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət isə təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Vəkil verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil yenidən şikayət vermiş, şikayət məhkəmənin 23 aprel 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi qismində Vəkil qərardaddan ilk dəfə 23.09.2020-ci il tarixdə şikayət vermiş, həmin şikayət mümkün hesab edilməmiş, onun növbəti dəfə verdiyi şikayət isə 23.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi Vəkil qərardaddan 23.04.2021-ci il tarixdə təkrarən verdiyi şikayət üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qiymət vermədən onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı iş üzrə 15 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş sözügedən şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar