Məhkəmə qərarları › İş №2(103)-5179/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5179/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5179/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı2 qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 01.04.2021-ci il tarixli qərardadından cavabdeh İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 QSC cavabdehlər İddiaçı1 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 22.08.2019- cu il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edildiyi üçün İddiaçı2 QSC-nin cavabdehlər İddiaçı1 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönədilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 22.08.2019-cu il tarixli qərardadından şikayət verərək, sözü gedən qərardadı ləğv etməklə işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 01.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 22.08.2019-cu il tarixli qərardadından iş üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Cavabdeh İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 01.04.2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 19.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X2 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosesual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən qeyd etmişdir ki, iş üzrə cavabdeh İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 22.08.2019-cu il tarixli qərardadını 23.08.2019-cu il tarixdə rəsmi qaydada qəbzə imza edərək almışdır. Lakin qərardaddan 16.03.2021-ci il tarixdə şikayət vermiş və müvafiq qərardaddan qanunla müəyyən edilmiş şikayət vermək müddətini ötürmüşdür. Eyni zamanda iş materiallarında olan İddiaçı2 QSCyə məxsus 23.07.2020-ci il tarixli ərizədən görünür ki, sonuncu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 22.08.2019-cu il tarixli qərardadının icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 361/2019 nömrəli, 22.08.2019-cu il tarixli qərardadı 24.07.2020-ci il tarixdə icraya yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, barışıq sazişinin notariat qaydasında təsdiqlənməməsini cavabdeh İddiaçı1 qeyd olunan qərardadı rəsmi qaydada aldığı vaxtdan əvvəl də, sonra da bilirdi. Lakin həmin qərardaddan rəsmi qaydada aldığı vaxtdan 1 il, 7 ay sonra şikayət verməklə prosessual müddəti ötürmüşdür. İkincisi, cavabdeh İddiaçı1 22 avqust 2019-cu il tarixli barışıq sazişinin qanuna zidd olduğunu bəyan etməsi də hazırki şikayətinin təmin olunması üçün əsas ola bilməz. Çünki, qeyd olunan barışıq sazişinin qanuna zidd olmasını da 1 il, 7 aydan sonra görməsi və bilməsi də inandırıcı və ağlabatan deyildir. Əgər barışıq sazişinin müddəaları həqiqətən onun qanunla qorunan mənafeyini pozurdusa, ağır şərtlər əsasında bağlanmışdırsa, borc məbləği həddindən artıq şişirdilmişdirsə yaxud məcburiyyət əsasında həmin sazişi imzalamışdırsa demək həqiqi olsa belə, bu halları həmin vaxt, yəni sazişi imzalamışdan əvvəl yaxud dərhal sonra bilməmiş deyildi. Ona görə də qərardaddan şikayət vermək üçün 1 il, 7 ay gözləməyə də lüzum yox idi. Ancaq bu barışıq sazişinin şərtlərinin icra olunduqdan sonra qərardaddan şikayət verilməsi isə özü-özlüyündə həmin şikayətdə göstərilənlərin həqiqi olmadığına açıq-aşkar dəlalət edir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 01.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 nömrəli, 01.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar