Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5179/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5179/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 03 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı 25 aprel 2022ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli (Qərarın tarixi xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il tarixli yazılmışdır.Belə ki, Qərarda qeyd edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə Polis İdarəsinə müraciət etmişdir.) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından görünür ki, iddiaçı X4 iş axtardığından Cavabdeh ona “X7” salonunda lazer aparatında işləməyi təklif etmiş və həmin iş üçün əlavə avadanlıq alınması üçün yatırım etmək lazım olduğunu demişdir. İddiaçı da, həm təcrübə yığmaq, həm də əlavə qazanc əldə etmək üçün Cavabdeh 2020-ci ilin may ayından başlayaraq, hissə-hissə olmaqla müəyyən məbləğdə pul vermiş, daha sonra analıq məzuniyyətinə çıxdığı üçün işində fasilələr yaranmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2 ilə yaxındır ki, Səbinəni çağırıb ona işində köməklik etməsini bildirmişdir.Bu ərəfədə Səbinə anasından aldığı 7.140 ABŞ dollarını ona verərək saxlanılmasını xahiş etmişdir. O da, Səbinənin pulunu saxlamışdır. Lakin sonralar o, Səbinənin xahişi ilə Səbinənin öz pulundan hissə-hissə Səbinənin özünə vermiş və hazırda onda Səbinənin 4.000 manat pulu qalmışdır.
2. Birinci instansiya məhkəməsində təqdim edilsə də hüquqi qiymət verilməmiş tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) görünür ki, iddiaçı cavabdehə məxsus “X7” salonunda işləmiş və onların çox yaxın münasibətləri olmuşdur.
3. Birinci instansiya məhkəməsində təqdim edilsə də hüquqi qiymət verilməmiş iş materiallarının 30-33 –cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə 21 iyul 2021-ci il tarixdə tərəflər arasında olan yazışmalardan görünür ki, ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə cavabdeh iddiaçıya “7240+500=7740 məndə pulun var” bildirmişdir.(Həmin iş vərəqindəki yazışmada manat yaxud ABŞ dolları olması qeyd edilməsə də, iş vərəqinin 32-ci səhifəsində olan yazışmada borcun ABŞ dolları ilə olması müəyyən edilir).
4. Ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu və 107,40 manat vəkilə xidmət haqqı xərc ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7740 ABŞ dolları pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun, 110 manat vəkil xərcinin, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildən müştəri kimi tanış olmuşdur. Sonradan Cavabdeh onunla birlikdə işləməyini təklif etmiş, təklifini qəbul edərək, onunla işləməyə başlamışdır. İşlədiyi dövrdə heç bir zaman aralarında narazılıq olmamış, əksinə hörmət və güvən olmuşdur. Cavabdeh bu etibardan istifadə edərək ondan işinə pul qoyaraq daha artıq qazanc əldə etmək üçün pul istəmişdir. Cavabdehə olan etibarından bu təklifini qəbul edərək, birlikdə işlədikləri “X7” Salonda cavabdehə əvvəlcə 3100 ABŞ dolları, sonra 4140 ABŞ dolları, sonuncu dəfə isə 500 ABŞ dolları olmaqla cəmi 7740 ABŞ dolları pul vəsaitini vermişdir. Pulu verdikdən sonra o, istifadəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulun şəklini çəkərək göndərmiş, ümumilikdə 7740 ABŞ dolları məbləğində pulu götürməsini yazmışdır. Lakin həmin pulları aldıqdan sonra hər hansı qazanc verməmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh bu ilin 21 iyul tarixində sonuncu dəfə verdiyi 500 ABŞ dollarını aldıqdan sonra ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə ona “7240+500=7740 məndə pulun var” dedikdən bir müddət sonra ondan nə qədər pulu və qazanı tələb etsə də, nə pulunu, nə də qazancını qaytarmışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, aralarında olan razılıqları inkar etdiyindən və yazılı razılıq olmadığından, aldadaraq qazanc vermək niyyəti ilə pulu aldığını sübut edə bilmədiyindən, barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov Rayon Polis İdarəsinə etdiyi şikayətlə bağlı araşdırma gedərkən cavabdeh yalan məlumat verərək guya pulu ona qaytardığını və yalnız 4000 manat borclu qaldığını bildirmişdir. Həmçinin cavabdehin vəkili xeyli vaxt əvvəl əmək haqqını ala bilmədiyi üçün cavabdehin tanışı ilə aralarında olan danışıqdakı səs yazıya istinad edərək guya əmək haqqının deyil 7740 ABŞ dolları məbləğində pulu aldığını yalanını uydurmuşdur. “Aylar əvvəl həqiqətən də cavabdeh pulumu ödəmiş olsaydı izahat verərkən 4000 manat borclu qaldığını niyə yazırdı“ sualına isə cavabdehin vəkili heç bir cavab verə bilməmişdir.
7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Hakim K.Əmirxanova) iddia qismən təmin edilərək, Cavabdeh 4000 manat borcu, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 35,40 manat iddiaçı X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin ondan iş qurmaq və gəlir əldə etmək vədi ilə 7140 ABŞ dolları pul aldığını, lakin aldanıldığını iddia etsə də, Cavabdeh xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da qeyd edilmiş izahatında və həmçinin məhkəmə iclasında çıxışında bu hal təsdiq edilməmişdir. Cavabdeh iddiaçının pulun saxlanması üçün götürdüyünü, təhvil aldığı pulun iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, iddianın 4000 manat hissəsində etiraf etmiş və həmin hissədə təmiş olunmasını xahiş etmişdir.
9. Göründüyü kimi, iddianın 7140 ABŞ dolları hissəsində tam təmin olunması üçün hər hansı bir sübüt iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddia tələbi xarici valyuta olan ABŞ dollarında olmasına baxmayaraq, cavabdeh tərəfindən etiraf edilən və sübutlarnan əksini tapan məbləğ manat ilə ifadə edilmiş, bu səbəbdən iddia həmin hissədə xarici valyutada deyil, 4000 manat məbləğində və milli valyutada təmin edilməsini daha məqbul hesab edir.
11. Məhkəmə iddianın 110 manat vəkil xərcinin əvəzinin ödənilməsi hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan və qeyd edilən məbləğ ağlabatan məbləğ olduğundan, təmin edilməlidir.
12. Məhkəmə iddianın əldən çıxmış fayda 1548 ABŞ dollar cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlmişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır.
13. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı X3 Cavabdeh köməkçisi kimi tanımış və cavabdehin telefon zənglərinə əksər vaxt iddiaçı tərəfindən cavab verilmişdir.
15. Məhkəmə şahid ifadəsinin iddia tələbinə aid olmamasını və həmçinin işin mahiyyəti üzrə nəticə verilməsi üçün əhəmiyyət kəsb edən fakt qeyd edilməməsi səbəbindən sübut kimi qəbul etməmişdir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə, 385.1-ci maddəsinə, 386.1-ci maddəsinə, 439.4-cü maddəsinə, 442-ci maddəsinə, 443.1-ci maddəsinə, 448.1-ci maddəsinə, 448.2-ci maddəsinə, 1092.1-ci maddəsinə, 445.1-ci maddəsinə, 445.2.1-ci maddəsinə, 449.1-ci maddəsinə, 462.1-ci maddəsinə, 465.2-ci maddəsinə, 467-ci maddəsinə, 567-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qətnamədən iddiaçı X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarəsindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığını, aldığı məbləğin nəqədərıni qaytardığını va necə 4000 manat borclu qaldığını və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair bir dənə olsun sübut təqdim edə bilmədiyi halda məhkəmə əsassız, qərəzli, qeyri obyektiv, şübhəli qətnamə qabul etmişdir. Belə ki, cavabdeh yalnız məhkəmə iclasında şahid dəvət edərək hamin şahid ifadələri ilə yalandan sübut etməyə çalışmışdır ki, guya cavabdehin telefonları iddiaçıda olurmuş. Halbuki hamin şahid nə belə hala dair dəqiq məlumat verməmiş, nə də həmin şahid pulun qaytarılması barədə bir kəlmə ifadə işlətməmişdir. Cavabdeh 7740 ABŞ dollarının 600 dollarını etiraf etmadiyi, 7140 dollarını etiraf etdiyi və həmin hissədə aldığı məbləği mübahisələndirmədiyi halda qeyri dəqiq məlumatlarla guya məbləğin müəyyən hissəsini qaytardığını va yalnız 4000 manat (2353 ABŞ dolları) borclu qaldığını etiraf etmiş va qalan məbləği yəni 5387 ABŞ dollarını mübahisələndirmişdir. Məhkəmə isə sübutlara obyektiv və hərtərəfli baxmamış, qərəzli qətnamə qəbul etmişdir. İddiaçının iddia tələbində göstərdiyi hallar tam sübut edildiyi təqdirdə məhkəmə buna əhəmiyyət verməmiş, işin faktiki və hüquqi hallarına zidd qətnamə qəbul etmişdir. İddiaçının öz iddia tələbində də qeyd etdiyi iddia tələbini cavabdehin etraf etməsinə və yalnız qalıq borc hissədə mübahisələndirdiyi hissəsini sübut edə bilmədiyinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etməkdə səhv qənaətə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı Abdullayeva (Həsənova) Səbinə İdris qızının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cəmi 4000 manat borc qaldığını, cavabdehin telefonuna çox zaman iddiaçı cavab vediyinə görə WhatsApp şəbəkəsi vasitəsi ilə olan yazışmanın iddiaçının özü tərəfindən aparıldığının istisna edilmədiyini bildirərək, odur ki, iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
27. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
31. 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı:
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
34. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
44. Birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
45. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
47. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
48. Belə ki, əvvəla qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində bildirir ki, öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarəsindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığını, aldığı məbləğin nəqədərıni qaytardığını va necə 4000 manat borclu qaldığını və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair bir dənə olsun sübut təqdim edə biməmişdir.
49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin iş üzrə sübutların araşdırılması ilə bağlı Mülki prosessual tələblərin pozulması dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsində təqdim edilsə də tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarına (CD diskə köçürülüb) və iş materiallarının 30-33 –cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə tərəflər arasında olan yazışmalara hüquqi qiymət verilməmişdir.
50. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2, 77.1. 88.-ci maddələri). 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). 53.Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən hesab etmişdir ki, cavabdeh iddiaçının pul vəsaitini saxlamaqla əsassız varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsini tətbiq etmişdir. 54.Halbuki, işin yuxarıda araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı X4 Cavabdeh məxsus “X7” salonunda lazer aparatında işləməyə razı olmuş və həmin iş üçün əlavə avadanlıq alınması ilə bağlı pul lazım olduğunu demişdir. 55.Beləliklə, tərəflər arasında birgə fəaliyyətə dair şifahi razılaşma olmuşdur. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli (Qərarın tarixi xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il tarixli yazılmışdır.Belə ki, Qərarda qeyd edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə Polis İdarəsinə müraciət etmişdir.) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından, tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30-33 –cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan görünür ki, iddiaçı X4 Cavabdeh birgə işləyib qazanc əldə etmək üçün 7.740 ABŞ dolları məbləğində pul vermişdir.Onların arasında yaxın və işgüzar münasibətlər yaranmışdır.( tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan da aydın olur ki, cavabdeh işdə olmadığı vaxtlarda iddiaçı işdə müştəriləri qəbul etmiş, cavabdeh iddiaçıdan onun evinə uşaqlarına görə getməsini və.sair xahiş etmişdir.)
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “ N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.04.21-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə “--başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
57. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərə birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma münasibətlərini tənzimləyən 1092.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.
58. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, “tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olmuşdur. İşgüzar adətlərə uyğun olaraq şəriklik dedikdə, hər hansı bir fəaliyyətlə məşğul olan iştirakçılar arasında gəlirin və zərərin hər hansı bir formada bölüşdürülməsinə dair razılıq əldə edilməsi başa düşülür.
59. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. (Mülki Məcəllənin 14.2-ci maddəsi.)
60. Beləliklə, iddiaçı öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarəsindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığına, aldığı məbləğin nə qədərıni qaytardığına, necə 4000 manat borclu qaldığına və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair heç bir sübut təqdim edə biməmişdir.
61. Cavabdehə məxsus telefonun əksər vaxtı iddiaçıda olması və WhatsApp şəbəkəsi vasitəsi ilə olan yazışmaların iddiaçının özü tərəfindən yazıldığının istisna olunmaması kimi cavabdehin vəkili və nümayəndəsinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu işin araşdırılan halları ilə təsdiqini tapmamışdır.Əksinə hətta Kollegiyanın iclasında tədqiq edilmiş səs yazılarından aydın olur ki, hətta tibbi əməliyyata gedən gün də cavabdehin telefonu özündə olmuş, cavabdehin öz səsi ilə iddiaçı ilə danışıqları olmuşdur.Həmçinin, iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, işdə müştərilərin qəbulu ilə bağlı cavabdehin iş yerinə aid telefonu iddiaçı işlə bağlı istifadə etmişdir.
62. İş materiallarının 30-33 –cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə 21 iyul 2021-ci il tarixdə tərəflər arasında olan yazışmalardan görünür ki, ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə cavabdeh iddiaçıya “7240+500=7740 məndə pulun var” bildirmişdir.Həmin iş vərəqindəki yazışmada manat yaxud ABŞ dolları olması qeyd edilməsə də, iş vərəqinin 32-ci səhifəsində olan yazışmada borcun ABŞ dolları ilə olması müəyyən edilir.Həmçinin, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli (Qərarın tarixi xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il tarixli yazılmışdır.Belə ki, Qərarda qeyd edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə Polis İdarəsinə müraciət etmişdir.) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2 ilə yaxındır ki, Səbinəni çağırıb ona işində köməklik etməsini bildirmişdir.Bu ərəfədə Səbinə anasından aldığı 7.140 ABŞ dollarını ona verərək saxlanılmasını xahiş etmişdir. O da, Səbinənin pulunu saxlamışdır. Lakin sonralar o, Səbinənin xahişi ilə Səbinənin öz pulundan hissəhissə Səbinənin özünə vermiş və hazırda onda Səbinənin 4.000 manat pulu qalmışdır.)
63. Beləliklə, cavabdehin iddiaçı ilə birlikdə işlədikləri “X7” Salonda birgə qazanc əldə etmək üçün iddiaçının cavabdehə cəmi 7.740 ABŞ dolları pul vəsaitini verməsi, lakin həmin pulları aldıqdan sonra cavabdehin iddiaçıya hər hansı qazanc verməməsi, nə də 7.740 ABŞ dolları pulu geri qaytarmaması məhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır.
64. Həmçinin, məhkəmə kollegiyası iddiaçının hüquqi xidmətə görə 107,0 manat 40 qəpik ödədiyini nəzərə alaraq Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən bu hissədə də iddianı qismən əsaslı sayır. (Hüquqi xidmətə görə110 manat ödənildiyi bildirilsə də, işdə olan qəbzə əsasən 107,0 manat 40 qəpik ödənildiyi müəyyən olunur.)
65. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə hissədə tələb əsaslı sayılmır.
66. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına, cavabdehin faydalanmasına dair hər hansı sübutu təqdim etməmişdir.
67. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. (Maddə 14.2, 77.1. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarı).
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1313/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin olunsun. Cavabdeh 7.740,0 (yeddi min yeddi yüz qırx) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və hüquqi xidmətə görə 107,40 manat (bir yüz yeddi manat qırx qəpik) iddiaçı Həsənova (Abdullayeva) Səbinə İdris qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.