Məhkəmə qərarları › İş №2(103)-5181/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5181/2023

08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5181/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Yəhya oğlunun “vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qərardaddan iş üzrə Maraqlı şəxs verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin “vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış evi üzərində açıq qalan 1/3 hissədə miras payın ərizəçi İlqar İsgəndər tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qət etmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs vəkili (nümayəndəsi) Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Qətnamənin nüsxəsi Vəkil xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs və onun vəkili (nümayəndəsi) xx.xx.2023-ci il tarixdə qətnamədən birlikdə apellyasiya şikayəti vermişlər. Onlar eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və Maraqlı şəxs tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iş üzrə qərardad qəbul edilməsini xahiş etmişlər. “Prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə qətnaməsinin mövcudluğu Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə məlum olmuş, o, vəkili (nümayəndəsi) vasitəsi ilə Rayon Məhkəməsinə müraciət edərək qətnaməni xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Göstərilənlər nəzərə alınmaqla prosessual müddət bərpa edilməlidir. “Prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizəni təmin edilməməsini və apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Maraqlı şəxs həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini, “prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsini və onun qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023cü il tarixli qərardadında qeyd etmişdir ki, mülki iş materiallarında olan SS218262149AZ saylı poçt qəbzinə əsasən müəyyən olunur ki, Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2015-ci il tarixdə Maraqlı şəxs rəsmi qaydada təqdim edilmişdir. Lakin bu faktiki olaraq mümkün deyildir, çünki həmin tarixdə Maraqlı şəxs Azərbaycan Respublikasında olmamış, Türkiyə Respublikasında olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Maraqlı şəxs, Rayon Məhkəməsinin qətnaməni göndərdiyi ünvanda yaşamır, həmin ünvanda Ərizəçi yaşayır. Lakin “prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi göstərilən halları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və Maraqlı şəxs verdiyi “prosessual müddətin bərpa edilməsi barədə” ərizənə yenidən baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli qətnamə xx.xx.2015-ci il tarixdə Maraqlı şəxs təqdim edilmişdir. Maraqlı şəxs, həmin tarixdən etibarən 1 ay müddətində qətnamədən apellyasiya şikayət verə bilərdi. Lakin o, apellyasiya şikayətini 8 ildən sonra vermişdir. Bu səbəbdən də “prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilə bilməz. Maraqlı şəxs prosessual hüquqlardan sui-istifadə edir. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin müzakirə edilən yanaşması səhv olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Qeyd edilən prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, prosessual müddətin axımının başlanması və bitməsi üçün ilk növbədə müəyyən edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi Maraqlı şəxs təqdim edilmişdir ya yox. İş materiallarında olan sənədlərdən görünür ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə Ərizəçi və iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs poçt vasitəsi ilə göndərilmişdir. “Göndərilmiş məktubların reyestrindən” görünür ki, qətnamənin nüsxələri iş üzrə tərəflərə çatdırılması üçün eyni ünvana göndərilmişdir. “Poçt göndərişinin ünvana çatdırılması haqqında qəbzlərdən” isə görünür ki, poçt göndərişi Ərizəçi (SS218262166AZ saylı poçt qəbzi) və Maraqlı şəxs (SS218262149AZ saylı poçt qəbzi) xx.xx.2015-ci il tarixdə çatdırlmışdır. Hər iki qəbzə baxış keçirildikdə adi gözlə görünür ki, “poçt göndərişi şəxsən təqdim edildi” qrafasındakı imzalar eyni şəxs tərəfindən icra edilmişdir. Maraqlı şəxs bildirir ki, o, Rayon Məhkəməsinin qətnaməni göndərdiyi ünvanda yaşamır, həmin ünvanda Ərizəçi yaşayır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (maddə 135.2.). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3.). Lakin işə baxmış Rayon Məhkəməsi Maraqlı şəxs bildirdiyi xüsusatı və yuxarıda qeyd edilən hər iki qəbzdəki “poçt göndərişi şəxsən təqdim edildi” qrafasındakı imzaların oxşar olmasını nəzərə almayaraq, SS218262149AZ saylı poçt qəbzindəki imzanın Maraqlı şəxs tərəfindən icra edilib edilməməsini araşdırmamışdır. Baxmayaraq ki, həmin qəbzdə qeyd edilir ki, poçt göndərişi ünvançıya etibarnamə ilə və ya başqa qaydada deyil, şəxsən təqdim edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, yaranmış və yuxarıda təsvir edilmiş hala Rayon Məhkəməsinin yanaşması və həmin hala münasibətdə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsaslı deyil. Qərardaddan verilmiş şikayətin müzakirə edilən dəlili formal mülahizə xarakteri daşımır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs Fərhad qızının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin və Maraqlı şəxs Fərhad qızının verdiyi “prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar