Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5182/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.4-cü maddələrinə görə iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, iddia ərizələrinin verilməsi üçün 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etdiyi borcun məbləği cəmi 164.224,84 manatdır. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 454,22 (dörd yüz əlli dörd manat iyirmi iki qəpik) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş (454,22 manat) məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 163,50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-5182/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5182/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver