Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5183/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 709,81 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərcin əvəzinin tutularaq iddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC tərəfindən cavabdehə (abonent kodu: **********010) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 709,81 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15 markalı, 689987 nömrəli sayğac xx.xx.2010-cu il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadı olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
3. Cavabdeh də öz növbəsində iddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.497 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh yaşadığı ünvana suların çirkli gəlməsi ilə bağlı dəfələrlə ASC-yə müraciət etmiş, lakin ASC tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən hər birinin qiyməti 130 manat olmaqla, cəmi dəyəri 390 manat olan 3 ədəd su qızdırıcısı, hər birinin dəyəri 25 manat olmaqla, cəmi dəyəri 150 manat olan 6 su kranı sıradan çıxmışdır. 2016-cı ilin aprel ayında cavabdehin mənzilinin də yerləşdiyi 5 binanın nasos-motor sistemi ASC tərəfindən Salman adlı şəxsə 25.000 manat satılmış, 5 binanın suyu qonşuluqda olan 6 binanın motoruna qoşulmuşdur. Binanın su çənləri 60 ildir ki təmizlənmir. Hazırda həmin ərazidə çoxmərtəbəli binalar tikilir və həmin binaların suyu da eyni xəttə qoşulmuşdur. Çoxmərtəbəli binalardan qoşulan hər borunun çirkli suları da cavabdehin mənzilinin də qoşulduğu su xətlərinə axıdılır. Palçıqlı, çınqıllı sulardan sonra cavabdehin mənzilində olan sayğac sıradan çıxmışdır. Bu barədə məlumat versə də, sayğacın üstündə olan plombu işçinin özü çıxartmış, qumu təmizləyib getmişdir. Sonradan cavabdeh görmüşdür ki, sayğacın içindəki setkanı çıxardaraq hamamdakı güzgünün üstünə qoyub getmişlər. Zəng edib bu barədə bildirdikdə, belə qalmasının daha yaxşı olduğunu bildirmişdilər. Cavabdeh iddiaçı ASC-yə şikayət etmiş, ASC-nin idarəsinə getmiş, 3 aydan sonra ASC-nin əməkdaşları gəlib setkanı yerinə taxıb getmişlər, amma iş işdən keçmişdir. Bu üç aylıq müddət ərzində boruları, su qızdırıcısı, kranlar sıradan çıxmışdır. Cavabdehin şikayətinə isə cavab vermişlər ki, həmin işçi artıq təşkilatda işləmir. Əgər işçi işə qəbul edilibsə onun hərəkətlərinə görə məsuliyyətli təşkilat daşımalıdır. 1993-cü ildən istixana işləmədiyinə görə xx.xx.2021-ci il tarixdə cavabdeh kombi sistemi quraşdırmağa qərar vermişdir. Kombi quraşdırandan sonra suyun çirkli və qumlu olması səbəbindən mənzilin girişinə 88 manat dəyərində olan filtr quraşdırmalı, əks halda tez-tez 200 manat verib boruları təmizlətməli olduğu bildirilmişdir. Sular çirkli olduğundan cavabdeh hər ay 30 manat dəyərində olan fıltrin içini 2 ildir dəyişir. Hər ay dəyişməsə suyun gəlməsi məhdudlaşır. Bunun nəticəsində cavabdehə 808 manat məbləğində ziyan dəymişdir. Cavabdeh illərdir 20 litrlik içməli sulardan alır və istifadə edir. Son üç ildə 2.149 manat məbləğində alınma sulara pul vermişdir. Lakin ASC tərəfindən cavabdehə vurulmuş maddi ziyanın ödənilməsi tələbi təmin olunmamışdır. Bu dövr ərzində təmiz suyun olmaması, bununla bağlı müraciətlər etməsi, dəfələrlə stress keçirməsi nəticəsində cavabdehə mənəvi ziyan da vurulmuşdur. 10 ildən uzun müddətdə davam edən bu hal cavabdehin əsəblərini tamamilə pozmuşdur. Bu qədər uzun müddət ərzində təmiz su həsrəti çəkmək, təmiz suyun verilməsi ilə bağlı mübarizə aparmaq onun üçün çox ağır olmuşdur. Keçirdiyi stresslərə və mənəvi əzablara görə ASCdən 5.000 manat məbləğində mənəvi ziyan tutularaq ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, cavabdehdən yaranmış borc üzrə 563 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun kimi ödənilmiş 30 manatın 23,80 manatının tutularaq iddiaçı ASC-yə ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. O, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Abonent kartından görünür ki, abonent kodu **********120 olan ünvan 1 ünvanında yerləşən mənzilin su təchizatına görə cavabdehin sayğac üzrə 2020-ci ilin noyabr və dekabr ayları dövrü üzrə 36,5 manat, 2021-ci il dövrü üzrə 171,5 manat, 2022-ci il dövrü üzrə 193 manat, 2023-cü ilin noyabr ayına qədər 162 manat olmaqla, cəmi 563 manat borcu yaranmışdır. İddiaçı ASC cavabdehdən 2015-2023-cü illər üçün istifadə etdiyi xidmətlərə görə yaranmış borcun ödənilməsini tələb edir. Qanunvericiliyik normalarına əsasən isə müvafiq tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı müvafiq ardıcıllığa uyğun olaraq 2015-ci ildən başlamışdır. İddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız xx.xx.2020-ci il tarixdən yaranmış borcun ödənilməsi hissəsində təmin edilməlidir. Rayon Məhkəməsi həmçinin qarşılıqlı iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı onun mənzilinə gələn suyun lazımi keyfiyyətdə olmamasını, yəni bulanıq və çirkli olduğunu iddia edir, bu səbəbi ilə ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini tələb etsə də, lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən cavabdehin mənzilinə gələn suyun standartlara uyğun olduğu qeyd edilmişdir. Bundan başqa məhkəmə tərəfindən keçirilmiş yerli baxışda da, cavabdehin istinad etdiyi hallar, yəni suyun bulanıq və çirkli gəlməsi müşahidə edilməmişdir. Cavabdeh istinad etdiyi hallar ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş və ya belə sübutlar məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. ASC isə öz suyunun lazımi keyfiyyətdə gəlməməsini etiraf etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
9. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia tələbi qismən təmin olunsa da, iddiaçı ASC qətnamədən apellyasiya şikayəti verməmiş, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni ilk iddianın bir qisminin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Cavabdeh tərəfindən ilk iddianın bir qisminin rədd edilməsi hissəsində qətnamə mübahisələndirilməmişdir.
13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ASC tərəfindən cavabdehə (abonent kodu: **********120) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Bununla bağlı olaraq cavabdehin yaşadığı ünvana xx.xx.2010-cu il tarixdə SSS-15 markalı, 689987 nömrəli sayğac quraşdırılmışdır.
17. İddiaçı ASC-nin tələbinə Rayon Məhkəməsi tərəfindən iddia müddəti tətbiq edilərək yalnız xx.xx.2020-ci il tarixdən yaranmış borcun ödənilməsi hissəsində təmin edilmişdir. Rayon Məhkəməsinin gəldiyi bu qənaəti mübahisələndirilməmişdir. Odur ki, hazırki apellyasiya baxışının predmetinə ilk iddianın həmin tarixdən sonra yaranmış borc tələbi təşkil edir.
18. İş materiallarında olan abonent kartından görünür ki, cavabdehə (abonent kodu **********120) məxsus mənzilin su təchizatına görə cavabdehin sayğac üzrə 2020-ci ilin noyabr və dekabr ayları dövrü üzrə 36,5 manat, 2021-ci il dövrü üzrə 171,5 manat, 2022-ci il dövrü üzrə 193 manat, 2023-cü ilin noyabr ayına qədər 162 manat olmaqla, cəmi 563 manat borcu yaranmışdır.
19. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub metr müəyyən edilmişdir.
20. Həmin Qərara əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m. suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m. suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m. suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir.
21. Məhkəmə bildirir ki, qeyd edilən borc cavabdehin ünvanında quraşdırılmış sayğac vasitəsi ilə və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qəbul etdiyi Qərarlarına əsasən hesablandığından qeyd edilən borcun məbləğinin əsassız olmasını sübut etmək yükü MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən artıq cavabdehin üzərinə düşür. Lakin, cavabdeh, ASC-yə borcunun olmamasını və ya borcun yuxarıda qeyd edilən məbləğdən daha az olmasını təsdiq edə biləcək sübutları (məsələn: müvafiq ödəniş qəbzini (qəbzlərini)) məhkəmələrə təqdim etməmişdir.
22. Belə olan halda hesab edilməlidir ki, ilk iddia ilə bağlı apellyasiya şikayətində göstərilmiş cavabdehin dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassızdır.
23. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
24. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.; bənd 1.). Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır (maddə 62.).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələblərinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir (bənd 4.1.3.).
26. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı ASC tərəfindən verilən sudan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır.
27. Odur ki, ilk iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edilir.
28. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, cavabdeh onun mənzilinə gələn suyun lazımi keyfiyyətdə olmamasını, yəni bulanıq və çirkli olduğunu iddia edir. Tərəflər arasında suyun keyfiyyəti ilə bağlı mübahisə olduğundan, Rayon Məhkəməsi tərəfindən bununla bağlı rəy verilməsi iddiaçı ASC-nin mərkəzi laboratoriyasına həvalə edilmişdir. Laboratoriyanın xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizasinın aparılması üçün Mərkəzi laboratoriya tərəfindən xx.xx.2024-cü il tarixdə mənzildən və digər 2 ünvandan su nümunələri götürülərək analizlər aparılmışdır. Analiz nəticələrinə əsasən suyun keyfiyyət göstəriciləri üzrə kənaraçıxma halı qeydə alınmayıb və nəticələr AZS 929:2023 İçməli su. “Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə tam cavab verir.
29. Cavabdeh apellyasiya şikayətində ASC-yə məxsus laboratoriya tərəfindən rəy verilməsi əsas götürülərək şübhə altına alınmalı olduğu qeyd edilsə də, cavabdeh tərəfindən rəyi şübhə altına ala biləcək hər hansı sübut təqdim edilməmişdir.
30. Bundan başqa Rayon Məhkəməsi tərəfindən cavabdehin mənzilinə gələn suyun vəziyyəti yerində müayinə edilmiş, suyun bulanıq və çirkli gəlməsi müşahidə edilməmişdir.
31. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
33. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
34. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
36. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
37. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. g) apellyasiya baxışının nəticəsi
38. Belə olan halda apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Şərh edilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
42. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamənin ilk iddiaya aid hissəsindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
43. Qarşılıqlı iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından hazırki qətnamənin həmin hissəsindən iddiaçı ASC tərəfindən kassasiya şikayəti verilə bilməz.
44. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və qarşılıqlı iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan cavabdeh, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.