Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5186/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Ərizəçi vəkili X5, Maraqlı şəxs nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2016-ci il tarixli, 2(006)-4030/2016 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1968-ci il tarixdə Bakı şəhərində anadan olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 1968-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Lakin Dağıstan Respublikasının Dərbənd şəhəri tərəfindən ona doğum haqqında şəhadətnamə verilərkən səhvən Dağıstan Respublikası Dərbənd şəhəri göstərilmişdir. Bundan sonra o, həmin qeydiyyat şöbəsinə müraciət etmiş və ikinci dəfə doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə onun doğulduğu yer kimi Azərtbaycan Respublikası Bakı şəhəri kimi göstərilmişdir. Ona verilmiş AZE seriyalı 09106509 nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, onun doğulduğu yer kimi Azərbaycan Respublikası Bakı şəhəri göstərilmişdir. Bundan başqa Dağıstan Respublikası Dərbənd şəhərinin VVADQ şöbəsi tərəfindən ona verilmiş doğum haqqında şəhadətnamədən məlum olur ki, onun doğulduğu yer kimi Azərbaycan Respublikası Bakı şəhəri göstərilmişdir. Bundan başqa bildirir ki, o, 01 yanvar 1968-ci il tarixdə Bakı şəhərində yerləşən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında anadan olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2016-ci il tarixli, 2(006)-4030/2016 saylı qətnaməsi ilə ərizə təmin edilərək, 01.01.1968-ci il təvəllüdlü X8 doğum yerinin Bakı şəhəri olması hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2016-ci il tarixli, 2(006)-4030/2016 saylı qətnaməsinin ləğv edilməsini, işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Maraqlı şəxs Narimanovna Rusiya Federasiyasının vətəndaşı olmaqla Moskva şəhəri, Lenin prospekti, ev № 68/10, mənzil 302 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Onun valideynləri X2 və X16 Federasiyasında 01.01.1968-ci il təvəllüdlü Ərizəçi sifarişi ildə qətlə yetirilmişlər. Həmin cinayət işinin ibtidai istintaqı zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Rusiya Federasiyası ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşıdır. Qətllərin icraçıları məsuliyyətə cəlb olunsa da, Ərizəçi ibtidai istintaqdan qaçıb gizləndiyi üçün onun ibtidai istintaqa cəlb edilməsi qeyri-mümkün olmuşdur. Rusiya Federasiyasında Ərizəçi barəsində axtarış elan olunmuş, həmçinin maraqlı şəxsə onun tutulması üçün Azərbaycan Respublikasına sorğu verilməsi bildirilmişdir. Verilən məlumatda qeyd olunmuşdur ki, Ərizəçi Rusiya Federasiyası ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşı da olduğu üçün Azərbaycan Respublikasının onu Rusiya Federasiyasına verməsindən imtina olunmuşdur. Bundan sonra Maraqlı şəxs Azərbaycan Respublikasında öz hüquqlarını müdafiə etmək üçün vəkillə müqavilə imzalamışdır. Vəkil tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 01.01.1968-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respubllikasında vətəndaşlıq alarkən saxta sənədlərdən istifadə etməsi ilə bağlı kifayət qədər əsaslı dəlillər mövcuddur. Belə ki, vəkil sorğusu ilə müəyyən olunmuşdur ki, 01.01.1968-ci il təvəllüdlü X12 ilk dəfə 05.12.2003-cü il tarixdə, Səbail rayonu Polis İdarəsi tərəfindən ünvan 1 ünvanı üzrə sənədləşdirilərək şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Bu zaman o Səbail rayonu Polis İdarəsinə hansı yolla əldə olunması qeyri-müəyyən olan, saxta doğum haqqında şəhadətnamənin təkrar nüsxəsi təqdim edilmişdir. Həmin doğum haqqında şəhadətnamə məhz hazırkı Nəsimi rayon Məhkəməsində baxılmış hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamənin qəbul olunması ilə bağlı olan mülki işin materialları ilə tanış olarkən məlum olmuşdur. Belə ki, Dərbənd şəhərində verilmiş 09 oktyabr 2003-cü il tarixli, İ-БД № 71940 saylı, doğum haqqında şəhadətnamənin dublikatında guya Ərizəçi Bakı şəhərində anadan olması ilə bağlı qeyd göstərilsə də aktlar kitabının bizə təqdim edilmiş surətində Ərizəçi Dağıstanda Padar kəndində anadan olduğu qeyd edilmişdir. Aktların qeydiyyatı kitabında həmçinin Ərizəçi doğum haqqında şəhadətnamənin dublikatının verilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Belə olan halda, Ərizəçi ilk dəfə 05.12.2003-cü il tarixdə, Səbail (rayonu Polis İdarəsi tərəfindən ünvan 1 ünvanı üzrə sənədləşdirilərək şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına əsas olmuş Dərbənd şəhərində verilmiş 09 oktyabr 2003-cü il tarixli, İ-БД № 71940 saylı, doğum haqqında şəhadətnamənin dublikatının saxta olmasını deməyə əsas verir. Digər tərəfdən Dərbənd şəhərində verilmiş 09 oktyabr 2003cü il tarixli, İ-БД № 71940 saylı, doğum haqqında şəhadətnamənin əsasında Rusiya Federasiyasında özünə pasport almışdır. Sonradan Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək Ərizəçi 01 yanvar 1968-ci il tarixdə Bakı şəhərində anadan olmağı faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizədə X13 Bakı şəhərində anadan olması, bununla bağlı doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində müvafiq qeydlərin olmasını qeyd etmişdir. İlk baxışdan həmin ərizədəki imza X8 imzasından tamamilə fərqlənməklə ödənilmiş dövlət rüsumu da başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin ərizədə X13 həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri onun ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, xüsusi icraat işlərin ərizəçilər tərəfindən qaldırılması, ərizəçi və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılması qeyd olunsa da, həmin işdə ümumiyyətlə maraqlı şəxs kimi kimsə qeyd olunmamış və məhkəmədə işə cəlb olunmamışdır. Həmin mülki işin materiallarına Rafık İdrisov yuxarıda qeyd olunmuş Dərbənd şəhərində verilmiş 09 oktyabr 2003cü il tarixli, İ-БД № 71940 saylı, doğum haqqında şəhadətnamənin dublikatını, həmçinin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Qaranlıq məsələlərdən biri də X8 şəxiyyət vəsiqəsində olan şəkilində qara rəngli gözlərin görülməsini qeyri-mümkün edən eynəkdən istifadə etməsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasport haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndinə əsasən vətəndaşın fotoşəkili Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədində qeyd olunur ki, şəkil çəkilərkən gözləri kənar işıq olmadan aydın şəkildə görünə bilən eynəkdən istifadə etmək mümkündür. Belə olan halda X8 şəxiyyət vəsiqəsində olan şəkilində qara rəngli gözlərin görülməsini qeyri-mümkün edən eynəkdə olması da qaranlıq məsələ olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)- 2486/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.03.2021-ci il tarixli, 2(102)-2550/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-2486/2021 saylı qərardadı ləğv edilərək, Maraqlı şəxs Narimanovnanın apelyasiyasının mümkünlüyünə yenidən hüquqi qiymət verilməsi üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Narimanovnanın apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, qətnamənin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi vəkili X10 apellyasiya şikayətini qəbul etmədi, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası ərizəçinin vəkilini, maraqlı şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iş üzrə icraata ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, həmçinin şahid ifadələrinə istinad etmişdir. İş materiallarında olan Dərbənd rayonu Padar kənd sovetliyi tərəfindən 09 sentyabr 2003cü il tarixdə təkrar verilmiş İ-BD seriyalı 719140 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 01 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında İdrisova Sitarə göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 iyul 1968-ci ildə 37 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ tərəfindən 06.10.2011-ci ildə verilmiş AZE seriyalı 09106509 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 01.01.1968-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, M. Arif küçəsi ev 38, mənzil 11-də qeydiyyatdadır. İş materiallarında olan “xxxx” MTK-nin 15.04.2016-cı il tarixli 390/05 saylı arayışından görünür ki, X15 “xxxx” Mənzil-Tikiniti Kooperativinin ünvan 2 ünvanında yerləşən binanın 80 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının X6 ünvanlanmış 15.09.2015-ci il tarixli 120 saylı arayışdan görünür ki, 1968-ci il (həmin- ildə xəstəxana S.Şaumyan adına 2 saylı Şəhər Klinik xəstəxana adlandırılmışdır) arxiv sənədləri tapılmamışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2016-cı il tarixli, 078-12457-1216 nömrəli məktuba əlavə edilmiş X11 məxsus, fərdi uçot kartoçkasından və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərdən görünür ki, X13 01.01.1968-ci ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası İdrisova Sitarədir. İş materiallarından olan Rusiya Federasiyası İstintaq Komitəsinin X1 üzrə Baş İstintaq İdarəsinin 16 iyul 2020-ci il tarixli məktubuna əsasən 26 noyabr 2007-ci il tarixli qərarla N.A.Aliyeva və R.A.Aliyevin qətlə yetirilməsi faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 222-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaqla müəyyən edilmişdir ki, 25 noyabr 2007-ci il tarixdə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən “xxxx” QSC-nin direktoru N.A.Aliyeva və onun həyat yoldaşı R.A.Aliyev yaşadıqları ünvanda odlu silahdan atəş açılmaqla qətlə yetirilmişlər. 12 noyabr 2015-ci il tarixdə cinayət törətmiş şəxs müəyyən edilməməsi səbəbindən ibtidai istintaq dayandırılmışdır. İbtidai istintaq zamanı baş vermiş hadisənin bir neçə fərziyyəsi araşdırılmışdır. O cümlədən, aralarında hər hansı münasibətlər olmadığı halda “xxxx” QSC-nin adından Kabardin-Balkar Respublikasının “xxxx” MMC-yə Dağıstan Respublikası, Dərbənd şəhər sakini Ərizəçi tərəfindən spirtli içkilərin təchizatı və satışı həyata keçirildiyi və bu barədə N.A.Aliyevin xəbər tutduğu üçün cinayətin törədilməsində Ərizəçi aidiyyəti araşdırılmışdır. “xxxx” QSC-nin sənədləri saxtalaşdırılmış, bunun nəticəsi olaraq vergi orqanları tərəfindən xüsusilə külli miqdarda əlavə dəyər vergisi və mənfəət vergisinin ödənilməsi tələb edilmişdir. 01 yanvar 1968-ci il təvəllüdlü Ərizəçi bu cinayətin törədilməsində aidiyyətini yoxlamaq mümkün olmamışdır. Belə ki, o, 344183 saylı başqa cinayət işi üzrə RF Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “e”, “j” bəndləri və 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, istintaq orqanlarından gizlənmiş və hazırda beynəlxalq axtarışdadır. X3 şəhər məhkəməsi tərəfindən Ərizəçi barəsində qiyabi olaraq “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmə baxışı zamanı ərizəçinin vəkili tərəfindən təqdim olunmuş, Bakı şəhəri 44 saylı Notariat Kontoru tərəfindən fotosurəti təsdiq olunmuş Rusiya Federasiyası, Dağıstan Respublikası Ədliyyə Nazirliyinin 29.04.2021-ci il tarixli, 19-08-3529/21 saylı məktubunda qeyd olunur ki, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin Vahid Dövlət Reyestrində Ərizəçi (doğum tarixi: 01.01.1968-ci il, qeydiyyat yeri: Padar kəndi, Dərbənd rayonu, 05.07.1968-ci il tarixli akt qeydi No.37) barəsində məlumat saxlanılır. Həmin akt qeydində İ-БД No719140 saylı doğum haqqında şəhadətnamənin təkrar verilməsi barədə məlumat qeydə alınmışdır. Dərbənd rayonu Padar kənd sovetliyi tərəfindən 09 sentyabr 2003-cü il tarixdə təkrar verilmiş İ-BD seriyalı 719140 saylı doğum haqqında şəhadətnamədə X8 01 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olması, ata qrafasında X14, ana qrafasında İdrisova Sitarə göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 iyul 1968-ci ildə 37 nömrə ilə qeyd edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Kollegiya qeyd edir ki, hüquqi fakt o zaman müəyyən oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, ərizəçinin doğumu ilə bağlı məlumatlar Dərbənd rayonu Padar kənd sovetliyi tərəfindən aparıldığı, ərizəçinin qeydiyyatın düzgün aparılmaması ilə bağlı həmin orqana müraciət etmək hüququ olduğu halda, o, məhkəmə qaydasında baxılmalı olmayan hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməldir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 263-264, 391, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2016-ci il tarixli, 2(006)- 4030/2016 saylı qətnaməsi ləğv edilsin, ərizəyə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, qanunla müəyyən olunmuş əsaslar olduqda, qeydiyyat orqanının hərəkətlərini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5186/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5186/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver