Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5186/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı «ezamiyyə xərclərinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar - İddiaçı1 4355 manat, İddiaçı2 4355 manat, İddiaçı3 4355 manat və İddiaçı4 8125 manat, ümumilikdə 21190 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(011)-1973/2022 saylı qərardadı ilə iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından, həmçinin qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. İddiaçıların nümayəndəsi (vəkili) tərəfindən həmin qərardaddan verilən şikayətlər qanunla müəyyən edilmiş formaya uyğun verilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli və 04 aprel 2022-ci il tarixli qərardadları ilə qaytarılmışdır. Qərardadlarda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, iddiaçıların nümayəndəsi (vəkili) yenidən şikayət vermiş və eyni zamanda şikayətin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. İddiaçıların nümayəndəsi (vəkili) qeyd edilən qərardadından şikayət verərək, onun ləğv edilməsini və 10 fevral 2022-ci il tarixli qərardaddan (iddia ərizəsinin geri qaytarılması barədə) şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 nümayəndəsinin (vəkilinin) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş və həmin qərardaddan verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, qanunverici qərardaddan verilmiş şikayətə ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutmuşdur. Lakin, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 03 iyun 2022-ci il tarixli qərardadı ilə özünün əvvəlki 04 may 2022-ci il tarixli qərardadı ləğv edib, 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddəti bərpa etsə də, 10 fevral 2022-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin olunub-olunmamasına hüquqi qiymət vermədən mülki işi həmin qərardadan verilmiş şikayətə baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Belə olan halda isə, hazırki vəziyyətdə şikayətə baxılması mümkün deyildir, bu səbəbdən də mülki iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5186/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5186/2022
08.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver