Məhkəmə qərarları › İş №2(103)-5189/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5189/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5189/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(005)-1085/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MTK-nın verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаqaşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Mənzil-Tikinti Kooperativi (kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzil 1 otaqdan ibarət olmaqla mənzilin ümumi sahəsi 71,84 kv.m-dir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur.

2. İddiaçı MTK-nın 04 fevral 2018-ci il tarixli Kassa mədaxil orderindən görünür ki, Cavabdeh 2-ci blokun müqaviləsinə əsasən 46696 manat məbləğdə ödəniş etmiş, qəbzdə MTK-nın möhürü əks olunmuş, “Rəhbər” qrafasında imza var, “Kassir” qrafasında imza yoxdur.

3. Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3510/2021 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1822/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71.84 kv.m-dən ibarət 95 nömrəli mənzilinə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh verilməsi İddiaçı MTK-ya həvalə edilməsi, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-4132/2022 nömrəli qərarından görünür ki, İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3510/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. İddiaçı MTK-nın Cavabdeh 08 fevral 2022-ci il tarixdə ünvanladığı “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi barədə təklifdən görünür ki, aralarında bağlanmış 04 fevral 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə üzrə pay haqqını 10 gün müddətində MTK-nın xəzinəsinə ödənilməsi tələb edilmişdir.

7. Azərbaycan Respublikası “X2” MMC-nin 16 dekabr 2021-ci il tarixli, 603 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim olunmuş 1 ədəd “İphone 7” markalı mobil telefonun “Whatsapp” mesencer əlavəsində tədqiqi hissədə qeyd olunan informasiyalar aşkar olunmuşdur.

8. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi” haqqında 02 oktyabr 2019-cu il tarixli, **********190983 nömrəli Qərardan görünür ki, İddiaçı MTK üzrə keçirilən 04 sentyabr 2019-cu il tarixli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması 03 oktyabr 2019-cu il tarixdən bərpa edilməsi qərara alınmışdır.

9. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması)” haqqında 06 mart 2020-ci il tarixli, **********198080 nömrəli Qərardan görünür ki, İddiaçı MTK üzrə təyin edilmiş səyyar vergi yoxlaması 06 mart 2020-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır.

10. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi” haqqında 01 aprel 2020-ci il tarixli, **********198665 nömrəli Qərardan görünür ki, İddiaçı MTK üzrə keçirilən 06 mart 2020-ci il tarixli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması 06 aprel 2020-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır.

11. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması)” haqqında 02 aprel 2020-ci il tarixli, **********198691 nömrəli Qərardan görünür ki, İddiaçı MTK üzrə təyin edilmiş səyyar vergi yoxlaması 06 aprel 2020-ci il tarixdən 06 may 2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır.

12. “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında Qərarın ləğv edilməsi barədə 30 aprel 2019-cu il tarixli Qərardan görünür ki, İddiaçı MTK üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 24 noyabr 2017-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşən tikintidəki yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan, 1 otaqdan ibarat 95 nömrəli mənzilin tikintisinə dair İddiaçı MTK ilə Cavabdeh arasında 04 fevral 2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına 04 fevral 2018-ci il tarixdə tərtib edilmiş və hüquqi qüvvəsi olmayan hesab edilməli olan kassa mədaxil orderinin ləğv edilmələri, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 04 fevral 2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə İddiaçı MTK Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan 1 otaqdan ibarət 95 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 46696 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə MTK arasındakı şifahi razılaşmanın şərtlərinə uyğun olaraq, cavabdeh MTK-nın tikdiyi yaşayış binasında 4000 kv.m. sahə üçün əsassız hesablanmış vergi borcunun ləğv edilməsinə nail olacağını və yüksək keyfiyyətli auditor xidmətləri göstərəcəyini öhdəsinə götürmüş, əvəzində isə cavabdehə verilməsi nəzərdə tutulan 60000 manatın ödənilməsini təmin etmək üçün ümumi dəyəri 46696 manat olan bir otaqlı mənzilin tikilib təhvil verilməsi barədə tərəflər 04 fevral 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlamış, qalan 13000 manat isə cavabdehə nəğd qaydada verilmişdir. Həmin müqavilə üzrə heç bir ödəniş etməyən Cavabdeh şifahi razılaşma ilə üzərinə götürdüyü öhdəliklərini tam və uğurla yerinə yetirənədək, onun adına tərtib edilmiş 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderində İddiaçı MTK-nın nə baş mühasibi, nə də pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişdir. Cavabdehə MTK-ya üzvlük payının ödənilməsini təsdiq edən maliyyə arayışı və MTK üzvlərinin ümumi yığıncağının qərarı da verilməmişdir. Çünki hesab etmişlər ki, göstərəcəyi xidmət haqqının hamısını əvvəlcədən almış cavabdehə üzərinə götürdüyü öhdəliklərini tam və uğurla yerinə yetirənədək qeyd edilən müqavilədə göstərilən 1 otaqlı mənzil üzərində hər hansı hüquq, o cümlədən, istifadə, sahiblik və mülkiyyət hüququ əldə edə bilməz. Cavabdeh yaxşı bilirdi ki, İddiaçı MTK tərəfindən qeyd edilənlər yerinə yetirilməyəcəyi halda, onunla bağlanmış müqavilə mənzilin dəyəri ödənilmədiyi üçün əhəmiyyətsiz olacaq, heç bir hüquqi nəticə yaratmayacaq və həmin mənzilə heç bir halda buraxılmayacaqdır. Buna baxmayaraq, cavabdeh şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, MTK-nın əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmamış və auditor xidmətləri göstərməmişdir. Əlbəttə, bu halda 60000 manat dəyərində qiymətləndirilən həmin xidmətlərin əvəzi olaraq, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə qalması nə insafa, nə mənəviyyata, nə ədalətə, nə də qanuna uyğun deyildir. Əvvəllər vergi işçisi olmuş və vergi qanunvericiliyinin tətbiqi sahəsində kifayət qədər nəzəri bilik və praktiki iş təcrübəsina malik olan Cavabdeh 01 fevral 2018-ci il tarixdə İddiaçı MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, ondan 3 gün sonra isə yəni, 04 fevral 2018-ci il tarixdə tərəflər arasında hazırda barəsində mübahisə gedən müqavilə bağlanmışdır. Vəzifə təlimatına uyğun olaraq, hüquqşünas vəzifəsində işlədiyi 2 il 1 ay ərzində yəni, işdən azad edildiyi 03 mart 2020-ci il tarixədək Cavabdeh müəssisənin hüquqlarını və qanuni mənafeyini müdafiə etmək, ona lazımi hüquqi yardım etmək, o cümlədən, qanunlara aid məsələlər üzrə onu istənilən hüquqi və fiziki şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə təmsil etmək vəzifələrini daşımışdır. Əslində cavabdeh hüquqşünas vəzifəsində işlədiyi 01 fevral 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixədək olan müddət ərzində məhkəmələrdə İddiaçı MTK-nın iştirak etdiyi mülki mübahisələrdə müəssisəni nümayəndə qismində təmsil etməklə, onun hüquqlarını qorumalı idi. Lakin, göstərilən müddət ərzində İddiaçı MTK məhkəmələrdə bir neçə mülki mübahisədə tərəf qismində iştirak etsə də, cavabdeh müəssisənin hüquqşünası vəzifəsində olmasına baxmayaraq, nümayəndə qismində onu təmsil etmək üçün məhkəməyə bir dəfə də olsun göndərilməmişdir. Hüquqşünas olmaqla, cavabdeh, İddiaçı MTK-ya fəaliyyəti ilə bağlı heç bir hüquqi yardım etməmiş, hər hansı hüquqi sənədin layihəsinin hazırlanmasında iştirak etməmiş və hüquqi əhəmiyyət kəsb edən heç bir sənədə imza etməmişdir. Belə vəziyyətdə təbii sual yaranır ki, cavabdehin şəxsində hüquqşünası olan İddiaçı MTK nəyə görə mülki məhkəmə mübahisələrində bir dəfə də olsun öz hüquqşünası vasitəsilə təmsil olunmamışdır? Bu sualın düzgün cavabı onunla əlaqədardır ki, 01 fevral 2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul ediləndə cavabdeh ilə İddiaçı MTK-nın rəhbərliyi arasında əldə olunmuş şifahi razılaşmanın şərtlərinə görə təcrübəli və savadlı keçmiş vergi işçisi olmuş cavabdeh öz bilik və bacarığından istifadə edərək, İddiaçı MTK-nın vergi işləri ilə bağlı həmin vaxt artıq yaranmış problemlərini uğurla həll etməli yəni, müəssisənin əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, yüksək keyfiyyətli auditor xidmətləri göstərməli, əvəzində isə İddiaçı MTK ona 60000 manat pul verməli idi. Cavabdeh ilə İddiaçı MTK arasında qeyd edilən şifahi razılaşma ilə bağlı mülki hüquq münasibətləri mülki qanunvericiliyin tələblərinə zidd deyildir, qaydası sahibkarlıq fəaliyyətində tez-tez rast gəlinən və tətbiq edilən hallardandır. Bu davranış işgüzar adət sayıla bilər. Çünki, bu halda tərəflər arasında artıq tətbiq edilən bu münasibətlərdə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmışdır. Vergi orqanı ilə MTK-nın problemlərinin yarandığı ərəfədə keçmiş vergi işçisi olmaqla, öz bilik və bacarığından istifadə edib, yaşayış sahəsi üçün əsassız hesablanmış vergi borcunun ləğv edilməsinə nail olacağına və yüksək səviyyədə auditor xidmətləri göstərəcəyinə dair cavabdehin vədlərini ciddi qəbul edən MTK-nın rəhbərliyi cavabdehin təkidi ilə razılaşmanın şərtlərini qabaqcadan və tam yerinə yetirərək, onu 01 fevral 2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul etmiş, bundan 3 gün sonra isə yəni, 04 fevral 2018-ci il tarixdə onunla hazırkı müqaviləni bağlayaraq, ümumi dəyəri 46696 manat olan 1 otaqlı mənzili, daha bir müddət sonra isə qalan 13000 manat nəğd pulu cavabdehə vermişdir. Lakin, şifahi razılaşma şərtlərinə uyğun olaraq, MTK ödənilməsini öhdəsinə götürdüyü 60000 manatı qabaqcadan Cavabdeh verməsinə baxmayaraq, sonuncu müəssisənin əsassız olaraq vergiyə cəlb edilməsi nəticəsində hesablanmış vergi borcunun ləğv edilməsinə nəinki nail olmamış, əksinə hüquqşünas işlədiyi 01 fevral 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixədək vergi yoxlamaları nəticəsində müəssisənin maliyyə vəziyyəti pisləşmişdir. Vergi orqanının 04 may 2020-ci il tarixli səyyar yoxlama aktı MTK-da satılmış mənzillərə görə 894148,85 manat ƏDV-siz dövriyyə müəyyənləşdirilmiş va nəticədə 160946,79 manat ƏDV üzrə kənarlaşma aşkar olunmuş, eyni zamanda 80473,40 manat va 180 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilməklə, müəssisənin vergi məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. Müqavilə üzrə 1 otaqlı mənzil cavabdehin göstərəcəyi xidmətlərin haqqına görə ona ödənilməsi nəzərdə tutulmuş pulun əvəzi olaraq verilmişdir. Qeyd edilən 1 otaqlı mənzilin dəyərinin ödənilməsi həmin vaxt cavabdehdən tələb edilə bilməzdi. Cavabdehin özü də yaxşı bilir ki, həmin 1 otaqlı mənzillə bağlı heç bir ödəniş etməmişdir. Lakin, cavabdeh razılaşmanın şərtlərinə əməl etmədiyinə görə xidmət haqqının əvəzi olmaqla, ona 1 otaqlı mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Tərəflərin davranışında faktiki olaraq, tapşırıq müqaviləsinin bütün ünsürləri mövcuddur. İşin hallarından göründüyü kimi, vəkalət verən MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, vəkalət alan cavabdeh tapşırıq müqaviləsi üzrə əldə olunan şifahi razılaşma şərtlərinə müvafiq olaraq, vergi işləri ilə bağlı yaranmış problemləri uğurla həll edib, müəssisənin əsassız olaraq 4000 kv.m. sahə üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, əvəzində isə müəssisə tərəfindən ona 60000 manat pul verilməli idi. MTK şifahi razılaşma şərtlərinə tam əməl edərək, ödənilməsini öhdəsinə götürdüyü 60000 manatı qabaqcadan cavabdehə verməsinə baxmayaraq, sonuncu şifahi razılaşma şərtlərinə əməl etməmiş və müəssisəyə vergi maliyyə sanksiyası tətbiq edilmişdir. Yəni, vəkalət alan cavabdehin tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət veranə yəni, MTK-ya zərər dəymişdir. Cavabdeh aralarında müqavilə ilə öhdəsinə düşən vəzifəsini icra etməyərək, tikilən mənzilin dəyəri olan 46696 manatı MTK-nın kassasına indiyədək ödəməmişdir. Cavabdehə verilmiş yalnız İddiaçı MTK-nın sədrinin imzaladığı və möhürlə təsdiq edilmiş 46696 manatın ödənilməsi barədə 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderi həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat banklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-ci il tarixli, Q-09 nömrəli Qərarı ilə “Kassa mədaxil orderi” ciddi hesabat blankı hesab edilmişdir. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli Əlavədə “Forma № KO-1” kimi qeyd edilmiş “Kassa mədaxil orderi”nin forması və rekvizitləri göstərilmişdir. Rekvizitlərdən görünür ki, “Kassa mədaxil orderi”nin sonunda “Kassaya mədaxil edilmişdir” sözlərindən sonra “M.Y. Rəhbər, Baş mühasib, Kassir” sözləri yazılmışdır. Kassa mədaxil orderi nağd pulun mədaxili sənədlərindən biridir. Qərarda göstərildiyi kimi, kassa mədaxil orderini müəssisənin rəhbəri, baş mühasibi və kassiri birlikdə imza etməli, möhürlə təsdiq edilməlidir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Qüvvədə olan vəzifə təlimatlarında bildirilir ki, baş mühasib daxil olan pul vəsaitlərinin uçotunu aparır və mühasibat uçotu hesablarında onların hərəkətini təşkil edir. Kassir isə pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirir. Mədaxil va məxaric sənədləri əsasında xəzinə kitabını aparır. MTK-in sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 46696 ödənilməsi barədə 04 fevral 2018ci il tarixli kassa mədaxil orderi cavabdeh tərəfindən qeyd edilən mənzilin dəyərinin ödənilməsi təəssüratı yaratsa da, bu həqiqətdən uzaqdır. Çünki, həmin kassa mədaxil orderini MTK-nın rəhbəri imzalasa da, nədənsə nə baş mühasib, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişlər. Əlbəttə, uzun illər vergi orqanlarında işləmiş, bu sahədə təcrübəli və savadlı, həm də hüquqşünas vəzifəsində işləyən cavabdeh 46696 manatı ödəməsini təsdiq edən “Kassa mədaxil orderi”nin təyinatını, onun tərtib olunma qaydasını, onu kimlərin imza etməli olmalarını sözsüz ki, çox yaxşı bilir. Çünki, ciddi hesabat blankı olan “Kassa mədaxil orderi” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli, Q-09 nömrəli Qərarının tələbinə əsasən müəssisənin rəhbəri, baş mühasibi və kassiri imza etdikdə, möhürlə təsdiq edildikdə, maliyyə sənədi kimi qəbul edilir. Əgər həqiqətən də MTK-ya 04 fevral 2018-ci il tarixdə cavabdeh tərəfindən 46696 manat pul ödənilmişdirsə, onda nə üçün bu ciddi hesabat blankında baş mühasib və kassir imza etməmişlər? Axı, təcrübəli vergi işçisi olmuş cavabdeh yaxşı bilir ki, nağd pul müəssisənin xəzinəsinə mədaxil edilir və bu zaman kassir pulu alanda “Kassa mədaxil orderi”ndə o da imza edir. Lakin, həqiqət bundan ibarətdir ki, cavabdeh həmin pulu iddiaçı MTK-ya ümumiyyətlə, ödəməmişdir. Həmin sənədə MTK-nın sədri imza etməklə, pul vəsaitinin qəbul edilməsinə razılıq vermiş, kassa mədaxil orderinin verildiyi 04 fevral 2018-ci il tarixdə isə qeyd edilən şifahi razılaşma ilə üzərinə götürdüyü öhdəliyi hələ yerinə yetirməmişdir. Cavabdehin özü da yaxşı bilir ki, bu rəsmi maliyyə sənədində 3 vəzifəli şəxsin (müəssisənin rəhbəri, baş mühasibi və kassiri) imzası olmasa, onun heç bir hüquqi qüvvəsi olmayacaqdır. Cavabdehin mənzilin dəyərini ödəməməsini təsdiq edən fakt və hallardan daha biri cavabdeh barəsində mübahisə gedən mənzilin pay haqqını ödəmədiyinə görə onun MTKya üzv olmaq hüququnun yaranmamasıdır. Əlbəttə, əgər cavabdeh barəsində mübahisə gedən mənzillə bağlı pay haqqını ödəmiş olsaydı, onda ona bütün vəzifəli şəxsin imzaladığı kassa mədaxil orderi qəbzi verilər və ərizəsi əsasında MTK-ya üzv qəbul edilərdi. Lakin, MTK-da 01 fevral 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş və qanunları kifayət qədər yaxşı bilən cavabdeh 04 fevral 2018-ci il tarixdə barəsində mübahisə gedən mənzilin pulunu ödəmişdirsə, onda nə üçün orada işlədiyi 2 il 1 ay ərzində mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi üçün ərizə ilə müraciət etməmişdir? MTK-ya üzv olmaq barədə cavabdehin orada işlədiyi 2 il 1 ay müddət ərzində ərizə ilə müraciət etməməsini, əksinə susaraq bu hüququndan istifadə etməməsini da qeyd edilən mənzilin dəyərinin onun tərəfindən faktiki olaraq, ödəməməsini təsdiq edən hallardan biri qismində qiymətləndirmək olar. Halbuki, MTK-ya üzv olmaq barədə qərar olmadan cavabdehin qeyd edilən mənzilə dair ehtimal edilən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alına bilməz. Cavabdeh bunu da yaxşı bilir. Qeyd edilən mənzilə dair cavabdehin ehtimal edilən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü 46696 manatın ödənilməsi barədə 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderi deyil, MTK tərəfindən verilmiş müvafiq məzmunda olan maliyyə arayışı təqdim edilir. Cavabdeh ona əmlak payının tam ödənilməsinə va borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə də orada hüquqşünas işlədiyi 2 il 1 ay ərzində MTK-ya etməmişdir. Bunun səbəbləri də aydın deyildir. Halbuki, cavabdeh tərəfindən 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderinə əsasən mənzilin dəyəri olan 46696 manat həqiqətən də ödənilmiş olsaydı, onda o, maliyyə arayışının da ona verilməsini qətiyyətlə və təkidlə tələb edərdi. Maliyyə arayışının da ona verilməsini indiyədək tələb etməməsi də, cavabdeh tərəfindən mənzilin dəyərinin faktiki olaraq ödənilməməsi ilə birbaşa əlaqədardır. Çünki, cavabdeh belə tələblə MTK-ya müraciət etməkdə haqlı olmadığını yaxşı bilir. Sadaladığı faktlarla və hallarla təsdiq olunur ki, cavabdeh tərəflər arasında burada qeyd edilən razılaşma şərtlərini yerinə yetirmədiyi müddətdən sonra müqavilə ilə üzərinə düşən öhdəliyi indiyədək üzrsüz səbəbdən yerinə yetirməyərək, mənzilin dəyəri olan 46696 manatın heç bir hissəsini MTK-ya ödəməmişdir. Ona verilən 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderi isə qeyd edilən məbləğdə pulun qəbul edilməsinə MTK-nın rəhbərinin razılığını bildirir, ödənilmə isə edilməmişdir. Cavabdehə göndərdiyi təklifdə aralarında bağlanmış müqavilə üzrə pay haqqını 10 gün müddətində MTK-nın xəzinəsinə ödəməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsinə dair razılaşma cavabdehə təklif edilmiş, lakin cavabdeh qanuni təklifə indiyədək heç bir münasibət bildirməmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e- 2(005)-1085/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Qətnamənin əsaslarına görə, iddiaçı müqavilənin və kassa mədaxil orderinin ləğvini tələb etsə də, iddiaçının əsaslandığı hallar müqavilə və kassa mədaxil orderinin etibarsızlığı üçün əsas ola bilərdi. Lakin məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı tələbə qiymət verildiyindən və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-4132/2022 nömrəli qərarında iddiaçının göstərdiyi hallar müqavilənin etibarsız hesab edilməsi üçün yox, müqavilənin ləğvi üçün əsas ola biləcəyindən, məhkəmə müqavilənin etibarsız olub-olmamasına münasibət bildirmir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, müqavilənin ləğvi üçün heç bir əsas yoxdur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 399.1, 421.1, 421.2, 777.1, 777.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən indiyədək mənzilin dəyərinin iddiaçıya ödənilməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin məzmunu baxımından əhəmiyyətli pozuntudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. İşdən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzilə dair 04 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil cavabdehə bir pay kimi verilmiş, mənzilin dəyəri 46696 manata razılaşdırılmış və bu məbləğin ödənildiyini təsdiq edən MTK-nın sədri tərəfindən imzalanan və möhürlənən kassa mədaxil qəbzi mövcuddur.

27. İddiaçı MTK bildirir ki, həmin müqavilə formal olaraq bağlanmışdır, hüquqi qüvvəsi yoxdur. Belə ki, müqavilə kooperativin vergi borcunun silinməsində cavabdeh tərəfindən köməklik göstərilməsi müqabilində bağlanmışdır. Cavabdeh vergi problemlərini həll etmədiyindən aralarında mübahisə yaranmışdır. Mənzil cavabdehə MTK-nın vergi borcunun həll edilməsi əvəzində veriləcəkdi və cavabdeh mənzilin pulunu ödəməmişdir.

28. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı həm hazırkı iddianın, həm də apellyasiya şikayətinin dəlilləri kimi tərəflər arasındakı faktiki münasibətləri sadalamışdır. Bu münasibətlər fonunda iddiaçının istinad etdiyi halların bir çoxdu müqavilənin etibarsızlığına səbəb olan hallardır ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları sözügedən müqavilənin etibarlılığı öz təsdiqini tapmışdır.

29. İddiaçı hazırkı iddianın qaldırmaqla 04 fevral 2018-ci il tarixli müqavilənin ləğvini tələb etmiş, ləğv əsası olaraq müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin aparılmaması ilə müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulduğunu göstərmiş, iş materiallarında olan kassa mədaxil orderinin mötəbərliyini təkzib edərək, kassa mədaxil orderində İddiaçı MTK-nın nə baş mühasibinin, nə də pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassirinin imza etməməsini bildirmişdir.

30. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

31. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Göründüyü kimi, iddiaçı iddianın hüquqi əsasını təşkil edən MM-nin 421.2-ci maddəsindəki “əhəmiyyətli dərəcədə pozduqda” dispozitiv şərtinin mövcudluğuna istinad edir. Lakin, iş materiallarından görünür ki, mənzilə dair ödənişin cavabdeh tərəfindən tam şəkildə həyata keçirilməsini təsdiq edən kassa mədaxil orderi iş materiallarında mövcuddur və həmin sənədə qanuni qüvvəyə minmiş qətnaməyə əsasən qiymət verilmişdir. Yəni, müqavilə bağlandıqdan sonra cavabdehin müqavilənin hər hansı bir şərtini pozması və bu pozulmanın müqavilənin ləğvi üçün əsas olması halı mövcud deyildir.

33. İddiaçının istinad etdiyi kimi, bu orderdə MTK-nın baş mühasibi və pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassirinin imzasının olmaması onun mötəbərliyini şübhə altına almır. Belə ki, həmin məsul şəxslərin imzası olmasa belə, order hüquqi şəxs olan MTK-nın möhürü vurulmaqla təsdiq edilmişdir. Belə bir təsdiqetmə mövcud olduğu halda, digər formal tələblərə əməl edilməməsi sənədin həqiqiliyini təkzib edə bilməz.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmişdir.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(005)- 1085/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(005)- 1085/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar