Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5190/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2, Gəncə Şəhər İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 23 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank), Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2 (bundan sonra – MMC), Gəncə Şəhər İcra Şöbəsi (bundan sonra İcra Şöbəsi) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4416/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə üzərinə tutma yönəlmiş daşınmaz əmlakın – ünvan 1 ünvanında yerləşən tikilinin açıq hərracdan satılması ilə bağlı, həmin qətnamənin icrasını həyata keçirən İcra Şöbəsinin sifarişi ilə cavabdeh MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 31/16 saylı “Hərracın yekunları barədə protokolun” etibarsız hesab edilməsi və əmlakın cavabdeh (ipoteka saxlayan) Banka satılması barədə xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan tikili əvvəllər fərdi yaşayış evi olmuş, sonradan iddiaçı, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 03/3553/OBK saylı “Kredit müqaviləsi” üzrə Bankdan kredit almış və evin təyinatını dəyişərək, evi ticarət obyektinə çevirmişdir. Sonradan yaranmış maliyyə çətinlikləri və digər obyektiv səbəblərdən Banka olan borcunu qaytara bilməmişdir. Bank “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, Kəpəz Rayon Məhkəməsi 2(043)-4416/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə Bankın iddiasını təmin etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İcra Şöbəsinə göndərilmiş, İcra Şöbəsinin sifarişi ilə cavabdeh MMC tərəfindən hərrac keçirilmişdir. Birinci hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00 təyin edilmişdir. Həmin hərracda əmlak satılmadığından növbəti hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00 təyin edilmişdir. Hərraclar barədə bildirişlər iddiaçıya göndərilsə də, bildiriş iddiaçıya deyil onun ailə üzvlərinə təqdim edilmiş, lakin iddiaçının arvadı və oğlu bu barədə iddiaçıya məlumat verməyi unutmuşlar. İpoteka predmeti xx.xx.2021-ci il tarixə təyin edilmiş hərracda da satılmadığından, xx.xx.2021-ci il tarixində MMC ipoteka predmetinin tələbkar Banka təklif etmiş və Bank əmlakı almağa razılıq vermişdir. Bununla bağlı olaraq MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 31/16 saylı "xxxx" tərtib edilmişdir. Həmin protokoldan görünür ki, ipoteka predmeti olan tikili iddiaçının borcunun ödənilməsi məqsədi ilə cavabdeh Banka satılmış, bununla bağlı olaraq MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 31/16 saylı "xxxx" tərtib edilmiş və MMC ilə Bank arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı hesab edir ki, hərrac qanunsuz keçirilib. Belə ki, hərraclar keçirilən ərəfədə iddiaçının arvadının səhhətində ciddi problemlər yaranmış və o, arvadının müalicəsi ilə məşğul olmuşdur. Bundan başqa, hərrac barədə bildirişlər iddiaçıya şəxsən təqdim olunmamış, arvadına və oğluna təqdim olunmuş, onlar isə imza edib, qəbul etdikləri sənədlərin mahiyyətini dərk etməmiş, bu barədə iddiaçıya məlumat verməmişlər. Göstərilən səbəblərdən, iddiaçı, hərracda iştirak edə bilməmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvəyə minmiş qətnamə üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar təyin edilmiş hərraclar barədə iddiaçıya məlumat verilmişdir. Bundan başqa hərracların keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində və hərracı keçirən MMC-nin rəsmi internet saytında müvafiq elanlar dərc edilmişdir. İpoteka predmeti hərracdan satılmadığ üçün son nəticədə MMC tərəfindən tələbkar Banka təklif olunmuş və Bank, iddiaçının ona olan borcunun ödənilməsi məqsədi ilə əmlakın qəbul etmişdir. Bununla bağlı olaraq MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 31/16 saylı "xxxx" tərtib edilmiş və MMC ilə Bank arasında əmlakın Banka satılması barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Hərraclar qanunun tələblərinə uyğun qaydada təşkil edilmiş və keçirilmişdir. Qeyd edilən protokolun etibarsız hesab edilməsi, müqavilənin isə ləğv edilməsi üçün əsaslar yoxdur. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hərracların keçirilməsi barədə iddiaçının məlumatı olmamış, bu məlumat iddiaçıdan gizlədilmiş, buna baxmayaraq hərraclar keçirilmiş və hərracı keçirmiş MMC tələbkar Bankın maraqlarına uyğun hərəkət etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatlar barədə məlumat
7. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin xüsusən araşdırma apardığı məsələ ilə bağlı verdiyi suallara cavab olaraq bildirdi ki, hərrac barədə bildirişlər şəxsən ona deyil, ailə üzvlərinə təqdim olunmuş, lakin arvadı və oğlu qəbul etdikləri sənədlərin mahiyyətini dərk etmədikləri üçün bu barədə ona məlumat verməmişlər. Onda olan məlumata görə hərrac barədə heç Bankın da xəbəri olmamışdır.
8. Cavabdeh Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi.
9. Digər cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş № 2(043)-4416/2017) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Bankın cavabdeh (hazırki iş üzrə iddiaçıya) İddiaçı və hazırki iş üzrə tərəf olmayan şəxslərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 49.798,26 ABŞ dolları (qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - İddiaçı məxsus və ünvan 1 ünvanında yerləşən tikiliyə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi və sair məsələlər qət edilmişdir.
12. İşdə olan sənədlərdən görünür ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün hazırki iş üzrə cavabdehlərdən biri olan İcra Şöbəsinə göndərilmiş, İcra Şöbəsinin sifarişi ilə cavabdeh MMC tərəfindən hərrac keçirilməsi ilə bağlı hərəkətlər həyata keçirilmişdir. Birinci hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00 təyin edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilmişdir. Həmin hərracda əmlak satılmadığından növbəti hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00 təyin edilmişdir. Təkrar hərracdan satılması üçün ipoteka predmetinin satış qiyməti 15 faiz aşağı salınmış və (140.000-15%=) 119.000 manat müəyyən edilmişdir. İpoteka predmeti xx.xx.2021-ci il tarixə təyin edilmiş hərracda da satılmamışdır.
13. İşdə olan sənədlərdən görünür ki, icra sənədinin icrası ilə əlaqədar təyin edilmiş hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş və hərracların keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində və hərracı keçirən MMC-nin rəsmi internet saytında müvafiq elanlar dərc edilmişdir.
14. İşdə olan sənədlərdən, iddia ərizəsinin məzmundan və iddiaçının Məhkəməyə verdiyi izahatdan görünür ki, hərraclarla bağlı bildirişlər iddiaçıya deyil, iddiaçının arvadına və oğluna təqdim edilmişdir.
15. İşdə olan sənədlərdən görünür ki, ipoteka predmeti xx.xx.2021-ci il tarixə təyin edilmiş hərracda da satılmadığından, MMC, ipoteka predmetinin qiymətini təkrar hərracdakı qiymətindən 25 faiz aşağı qiymətə, yəni (119.000-25%=) 89.250 manata almağı tələbkar olan Banka təklif etmiş və Bank əmlakı almağa razılıq vermişdir. Bununla bağlı olaraq MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 31/16 saylı "xxxx" tərtib edilmiş və MMC ilə Bank arasında elə həmin tarixdə müqavilə bağlanmışdır. Bankın ipoteka predmeti üzərindəki mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2021-ci il tarixdə **********32-10302 nömrə altında qeydiyyata alınmış və bununla bağlı olaraq cavabdeh DƏDRX Əİ tərəfindən Banka “Reyestrdən çıxarış” verilmişdir.
16. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı hesab edir ki, hərrac qanunsuz keçirilib. Keçirilmiş hərraclar barədə ona məlumat verilməyib. Hərraclar barədə bildirişlər ona təqdim olunmayıb. Buna gör də, MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 31/16 saylı “Hərracın yekunları barədə protokolun” etibarsız hesab edilməli və əmlakın cavabdeh Banka satılması barədə xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməlidir.
17. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, işdə olan sənədlərdən və işin hallarından müəyyən edilir ki. mübahisəli ipoteka predmeti ilə bağlı keçirilmiş ilkin, təkrara hərracların, habelə hərraclarda satılmayan həmin əmlakın tələbkara Banka təklif olunmasının proseduru və qaydası “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 61.2-ci maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42 və 43-cü maddələrinin tələblərinə uyğun həyata keçirilmiş, qanun pozuntusuna yol verilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir (maddə 42.1.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.7.).İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8.). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44.). Mülki Məcəllənin 416-cı maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
18. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “İpoteka haqqında” Qanunun tələblərini səhv tətbiq etməmiş, işin hallarına düzgün qiymət vermiş və qeyd edilən maddi hüquq normalarına əsaslanaraq iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
19. Məhkəmə həmçinin bildirir ki, yuxarıda qeyd edilən ipoteka predmetinin satılması ilə əlaqədar keçirilmiş hərraclar ilə bağlı bildirişlərin iddiaçı tərəfindən şəxsən alınmaması, həmin bildirişləri almış iddiaçının arvadının və övladının bu barədə iddiaçıya məlumat verməmələri iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.22-ci maddəsinə görə, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.
20. Qeyd edilən qaydaya görə, keçirilmiş hərraclar ilə bağlı bildirişlər iddiaçıya çatdırılmış hesab edilir.
21. Bununla da müəyyən edilir ki, iddiaçının göstərdiyi bu dəlil əsassızdır.
22. Apellyasiya baxışı iclasında iddiaçı bildirdi ki, onda olan məlumata görə hərrac barədə heç Bankın da xəbəri olmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır.
23. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyi bu xüsusat əsaslı hesab edilə bilməz. Çünki iddiaçı cavabdeh Bankın adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. f) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
28. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.