Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5191/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: istifadəyə maneələrin aradan qaldırılması) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “ümumi istifadədə olan anbarın boşaldılaraq, ondan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(004)-56/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, mən.29 X1 xüsusi mülkiyyətindədir.
2. MH 071564 seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, 27 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 267/2022 saylı qərarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ilə Cavabdeh1 iddiası qalan hissədə (çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2083/2021 nömrəli qərarı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2- 1(112)-1986/2021 saylı qərarı ləğv edilmiş iş üzrə yeni qərara qəbul edilərək, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin, 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində iddiaçı Cavabdeh1 məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi 30 kv.m yaşayış sahəsinə, 26,6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsinə və 4.0 kv.m olan mətbəx hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, Cavabdeh1 bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olduğundan həmin hissədə təmin olunmalıdır, iddia tələbi 11.6 kv.m olan anbar hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, X2 bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Anbar sahəsi ümumi istifadədə olduğundan tərəflərdən birinin adına dövlət qeydiyyatına alına bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərardan verilən kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarın 46-cı bəndində qeyd olunur ki, iddia tələbinin 11,6 kv.m (3-cü şəxsin texniki pasportuna görə 7,6 kv.m) sahəsi olan anbara dair hissəsi həmin mərtəbədə yerləşən birdən artıq mənzilə (otağa) xidmət üçün nəzərdə tutulmuş və kommunal mənzillərdə kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan əmlakla bağlıdır. Anbarın ümumi istifadədə olması iş üzrə materiallarında olan sənədlərlə təsdiq olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi istifadədə olan anbarın boşaldılaraq, ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbarın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ondan istifadəyə maneə aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazrrda yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2007-ci il təvəllüdlü qızı Failya Yusifliyə məxsusdur. Onun mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər onların qonşusu olmaqla 27 saylı mənzildə yaşayırlar. Hər iki mənzilin özünə məxsus yaşayış və köməkçi sahələri vardır. Həmçinin onların istifadəsində sahəsi 11,4 kvm olan dəhliz ve sahəsi 7,6 kvm olan anbar da vardır. Lakin dəhlizdən ümumi istifadə etsələr də, cavabdehlər sahəsi 7,6-kv.m olan anbarı otaq kimi düzəldib qapısını bağlayaraq onların həmin sahədən istifadə etmələrinə imkan vermirlər. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət etmişlər ki, qeyd edilen anbar hər ikisinin ümumi istifadəsində olduğu üçün ondan hər ikisi istifadə etməlidirlər. Lakin heç bir nəticəsi olmamışdır.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(004)- 56/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbarın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ondan istifadəyə maneənin aradan qaldırılması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, guya həmin sahə ümumi istifadədə olmuş və daima ümumi olaraq istifadə edilmişdir. Lakin bu heç də belə olmayıb. İddiaçının ümumi istifadə kimi qeyd etdiyi yer onun plan-sxemində mövcuddur. Həmin yer isə ümumi istifadə kimi deyil, onun evinin köməkçi sahəsi kimi qeyd edilmişdir. Həmçinin eynilə iddiaçının plan-sxemində onun da yardımçı sahələri eyni cavabdehdəki kimi yazılmışdır. Lakin bu şəxs həmin yerləri götürüb özünə özəlləşdirmişdir. Halbuki həmin sahələr eynilə cavabdehdəki kimi plan-sxemdə yardımçı sahələrdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
11. Apellyasiya baxışı zamanı iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 215.4 Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
15. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
16. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.
17. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
18. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
19. Maddə 36.4. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa, çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə hüququ yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Digər cavabdeh apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr təşkil edən ümumi istifadədə olan anbar həmin mərtəbədə yerləşən birdən artıq mənzilə (otağa) xidmət üçün nəzərdə tutulmuşdur və kommunal mənzillərdə kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Digər tərəfdən Cavabdeh1 həmin sahənin onun köməkçi sahəsinə daxil olduğunu iddia etsə də, bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-56/2022 saylı iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.