Məhkəmə qərarları › İş №2(103)-5191/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5191/2023

25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5191/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin yanvar ayından hazırki iş üzrə qətnamə qəbul ediləcək tarixədək olan dövr ərzində ona ödənilməli 48 manat müavinət hesablanaraq, mediasiya üçün ödənilmiş 55 manat xərclə birlikdə cavabdeh "xxxx" ASCdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hər ay 48 (qırx səkkiz) manat hesablanmaqla ümumilikdə 4752 (dörd min yeddi yüz əlli iki) manat (99 ay x 48 manat) və mediasiya xərci olaraq ödənilmiş 55 (əlli beş) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və cavabdeh X2 öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu da ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməli, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264-cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh "xxxx" ASC arasında 25 oktyabr 2023-cü il tarixdə aşağıdakı şərtlərlə Bakı şəhərində bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi " qaydalarına 16 may 2019-cu il tarixdən edilən dəyişiklikdən əvvəl iddiaçıya ödəyəcəyi 3552 manat müavinatı hissə-hissə 6 ay ərzidə ödəməyi üzərinə götürür.

2. Məhkəmə Kollegiyası barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edərsə, həmin qərardad qanuni qüvvəsini alandan sonra tərəflər barışıq sazişində göstərilənləri icra edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar