Məhkəmə qərarları › İş №2(103)-5192/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5192/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5192/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və məcburi qaydada evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə 14 iyun 2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş və birgə yaşadıqları müddətdə 22 avqust 2003-cü il tarixdə İlkin adlı və 08 may 2009-cu il tarixdə Hüseyn adlı iki oğulları dünyaya gəlmişlər. İlk dövrlərdə ailə münasibətlərinin normal olmasına baxmayaraq, son vaxtlar bu münasibətlər həyat yoldaşının müəyyən hərəkətləri üzündən kəskin şəkildə pisləşmiş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Nikahlarının məhkəmə qaydasında pozulmasına zərurət yarandığından Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmişdir və hazırda mübahisə üzrə iş məhkəmənin icraatındadır. Ailə qurduqları vaxtdan cavabdehin atası evinə, yəni Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamışdır. Münasibətləri gərginləşdiyindən bir neçə həftədir ki, övladlarında birgə valideyinlərinə məxsus evdə yaşayırlar. Lakin atası və anası qardaşının ailəsi birlikdə yaşadıqlarına görə həmin evdə yaşamaqları onların məişət şəraitlərində çətinliklər yaranmasına səbəb olmuşdur. Cavabdeh qeydiyyatda olduqları ünvandakı evdə yaşamaqlarına mane olur, onları evə buraxmır. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, istifadə hüquqlarının tanınması və məcburi qaydada mənzilə köçürülmələrinə zərurət yaranmışdır. Mübahisəli evə gəlin köçüb yaşadığı gündən, yəni 14 iyun 2002-ci il tarixdən kirayəçinin ailə üzvü kimi həmin evə istifadə hüququ yaranmışdır və bu səbəbdən də oraya məcburi qaydada köçürülməlidir. Evə aid sənədlər cavabdehdə olduğundan, həmin sənədləri məhkəməyə təqdim edə bilmir, yalnız evə qeydiyyatda olmaları barədə arayışı ərizəsinə əlavə edir. Sözügedən evdə 2002-ci ildən yaşadığından hüquqları 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi özünün əsasız və qanunsuz qətnaməsində yanlış olaraq qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi ilə bağlı yaranmış hüquq münasibətlərini birbaşa tənzimləyən norma olmadığından, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz anoloji hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir. Halbuki, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən bir başa hüquq norması mövcud olduğundan qanunun analogiyasına istinad etmək qanunsuz və əsasızdır. Belə ki, hazırki mülki işinin materiallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi 28.08.1993-cü il tarixli orderlə cavabdehin məhrum atası X4 (icarədar qismində) məxsusdur. İddiaçı isə həmin yaşayış sahəsinə 2002-ci il tarixdən gəlin köçmüş və həmin tarixdən pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri məhz 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri əsasında tənzimlənməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin müddəalarını tətbiq etmək əvəzinə, səhvən “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-ci maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarlarını əsas götürməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2. və 228.5-ci maddələrinin müddəalarının tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmiş, tətbiq etdiyi qanunun normalarını isə səhv təfsir etmişdir. Konstitusiya Məhkəməsinin bu qərarından göründüyü kimi Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmuş və dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə şamil edilməlidir. Hazırki mülki iş üzrə isə tərəflər arasında yaranmış mübahisəli yaşayış sahəsi Mülki Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada DƏDRX-də qeydiyyata alınmamışdır. Onu da qeyd etmək lazımdır ki, mübahisəli yaşayış sahəsinə dair orderin və digər sənədlərin cavabdehdə olduğunu və həmin sənədləri iddiaçıdan gizlətdiyindən və iddiaçı həmin sənədləri əldə edə bilmədiyini iddia ərizəsində göstərsə də cavabdeh həmin sənədləri məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə dair order və digər sənədlərin təqdim edilməsi barəsində Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 156 saylı MKİS-ə vəkil sorğusu göndərilsə də həmin idarə mübahisəli mənzilə dair yalnız forma 2 arayışı təqdim etməklə cavab məktubunda mənzilin orderinə istinad etməklə kifayətlənmiş, lakin mübahisəli mənzilin orderini iddiaçıya təqdim etməmişdir. İddiaçı tərəf məhkəmədə şifahi vəsatət qaldıraraq mübahisəli yaşayış sahəsinə dair orderin məhkəmə sorğusu əsasında əldə edilməsini xahiş etmiş, lakin məhkəmə həmin vəsatəti qərəzli olaraq rədd etmiş və obyektiv araşdırmanı təmin etmədən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən əsasız bir qətnamə qəbul etmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin Qardağ rayon MKTM-nə yenidən vəkil sorğusu göndərilmiş və mübahisəli mənzilə dair müvafiq order iddiaçı tərəfə təqdim edilmişdir. Həmin idarənin 323 saylı, 20.04.2021-ci il tarixli cavab məkubu əlavə edilmiş Orderin surətindən görünür ki, Cavabdeh məhrum atası ilə birlikdə mübahisəli mənzilin orderində eyni hüquqlu şəxslər olaraq adları qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etdi, izahatında qeyd etdi ki, tərəflərin 2002-ci ildə rəsmi nikaha daxil olmuş, mübahisə predmeti olan yaşayış sahəsi cavabdehin atasına məxsus olmuşdur. Cavabdehin iddiaçı ilə birlikdə ailə həyatı qurduqdan sonra 2002-ci ildə deyil, həmin evə 2013-cü ildə köçüblər, iddiaçı tərəf həmin evə 2002-ci ildə köçüb yaşamasına dair heç bir sübutu təqdim edə bilmir, iddiaçı cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayıblar lakin 2013-cü il tarixdən yaşayıblar, bundan əlavə uşaqlar iddiaçının yanında olmaqla, hazırda da onunla birgə yaşayırlar, tərəflər arasında nikahın pozulmasına dair başqa mülki iş var, lakin cavabdeh boşanmaq ailəsini dağıtmaq istəmir, iddiaçını uşaqları da həmin evdən heç kim məcbur çıxartmayıb, qovmayıb. İddiaçı uşaqları da özü götürüb, evdən könüllü çıxıb gedibdir, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmidşir ki, mübahisə predmeti olan yaşayış sahəsi order əsasında cavabdehin atası X5 məxsusdur. İddiaçı yaşayış sahəsinin sahibinin gəlinidir. Bu hal işin mübahisəsiz halıdır. Lakin iddiaçı tərəfindən həmin evə dair order məhkəməyə təqdim edilmədiyindən, həmin orderdə mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək hüququna malik olan şəxsləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı və cavabdehin uşaqları ilə birlikdə həmin evdə yaşaması halı da işin mübahisəsiz halı hesab edilir. İddiaçı tərəf həmin evdə 2002-ci il tarixdən yaşadığını, həmin tarixdən pasport qeydiyyatına düşdüyünü, cavabdeh isə iddiaçının həmin evdə 2013-cü il tarixdən yaşadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2013-cü il tarixdən yaşamasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf 2002-ci il tarixdə ailə həyatı quraraq həmin evə gəlin köçdüyünü bildirmişdir. Bu halda, məhkəmə tərəflərin 2002-ci il tarixdə evləndiklərini, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2002-ci il tarixdən daimi pasport qeydiyyatında olması halının aşkar olduğunu əsas götürməklə, hesab edir ki, iddiaçı məhz həmin tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başlamışdır. Qqanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlininin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predemeti olan yaşayış sahəsinin sahibinə (order əsasında) münasibətdə onun gəlini olduğundan, qanunvericiliyin tələbinə əsasən onun ailə üzvi statusuna mali olmamaqla, Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Mülki qnaunvericiliyin tələbinə əsasən digər ailə üzvi olan şəxslərin mənzilə dair istifadə hüququnun yaranması üçün mənzilin sahibi ilə həmin şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmalıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçının müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək, hesab edir ki, iddia tələbi iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə hissəsində əsassız olmaqla, təmin edilməməldir. Birinci instansiya məhkəməsi analogiya ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, Mülki Məcəlləsinin 11.1, 11.2-ci maddələrinə, həmçinin Mülki Məcəlləsinin 228-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2013-cü il tarixdən yaşamasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməməsi, iddiaçı tərəf 2002-ci il tarixdə ailə həyatı quraraq həmin evə gəlin köçdüyünü bildirməsi, bu halda, məhkəmə tərəflərin 2002-ci il tarixdə evləndiklərini, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2002-ci il tarixdən daimi pasport qeydiyyatında olması halının aşkar olduğunu əsas götürməklə, hesab edir ki, iddiaçı məhz həmin tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başlaması” ilə bağlı düzgün nəticəyə gəlsə də, hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 110 saylı, 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin icarədarı X7 26.08.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 176 nömrəli, 19.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzil özəlləşməyibdir. Həmin mənzil 002420 saylı 28.08.1993-cü il tarixli orderə əsasən Cavabdeh mərhum atası X2 icarəsində olubdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 121 nömrəli, 11.03.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 2002-ci ildən, Cavabdeh 2002-ci ildən, X9 2003-cü ildən və X1 2009-cu ildən daimi qeydiyyatdadırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 20.04.2021-ci il tarixli, 323 saylı məktubuna əlavə edilmiş 28.08.1993-cü il tarixli, 002420 saylı dəyişmə orderinin surətindən görünür ki, X7 icarədar olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə özü və oğlu Cavabdeh hüquqları vardır. Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh tərəf iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2013-cü il tarixdən yaşamasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı tərəf 2002-ci il tarixdə ailə həyatı quraraq həmin evə gəlin köçdüyünü bildirərək, tərəflərin 2002-ci il tarixdə evləndiyi, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2002-ci il tarixdən daimi pasport qeydiyyatında olması halı aşkardır. Buna görə də, kollegiya hesab edir ki, iddiaçı məhz 2002-ci il tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başlamışdır. Kollegiya işdə olan sübutlara əsasən qeyd edir ki, iddiaçının yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, iddiaçının istifadə hüququnun olmaması üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. İşin araşdırılmış halları ilə iddiaçının 2002-ci ildən həmin mənzildə yaşaması halı müəyyən olunmaqla, uzun müddətə başqa yerə getməsi halları müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə kollegiya qeyd olunanlara əsasən, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı övladları-22 avqust 2003-cü il təvəllüdlü X6 və 08 may 2009-cu il təvəllüdlü X1 ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınsın, onlar həmin evə köçürülsünlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar