Məhkəmə qərarları › İş №2(103)-5192/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5192/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5192/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınə qarşı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(005)-1863/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 mart 2023-ci il tarixə hesablanmış 4030 manat məbləğdə əsas borcun, 1200 manat məbləğdə cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının və ödənilmiş 70 manat məbləğdə mediasiya haqqının və 3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, yönəltmə borc məbləğini tam ödəməzsə qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(005)- 1863/2023 nömrəli qərardadı ilə iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Həmin qərardaddan İddiaçı MMC şikayət verərək, ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(005)- 1863/2023 nömrəli qərardadı ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(005)-1863/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2023-cü il, 2(103)- 3382/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e2(005)-1863/2023 nömrəli qərardadının ləğv edilməsi və İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(005)- 1863/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka dair ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.

7. Qərardadın əsaslarına görə, kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki iddia kommersiya mübahisəsi hesab edilmədiyindən, iddiaçı yanlış olaraq qanunvericilikdə tələb edilmədiyi halda mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinadı əsassızdır və məhkəmədə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməlidir. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə “məhkəməyə qədər nizamlama qaydasında” pretenziya məktubu göndərmiş və hazırki iddia tələbində qeyd edilənləri məktubda tələb etmişdir. Bu isə hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməsinə kifayət edirdi. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.

8. İddiaçı MMC qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2(005)-1863/2023 nömrəli qərardadının ləğv edilərək, iddia ərizəsinin mümkün hesab edilərək icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, hazırkı iddia ərizəsinin tərkibində konkret məbləğli pul tələbi olduğundan iddia qiymətləndirilən iddialara daxildir. Belə ki, 09 iyul 2021-ci il tarixli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin dərc etdiyi Ədliyyə Nazirliyinin 2021-ci il tarixli Metodik Vəsaitin (10-cu səhifəsində birbaşa göstərilmişdir ki, Qiymətləndirilməyən iddia ərizələrinə nikahın pozulması, uşaqla görüş, valideynin razılığı olmadan uşağın ölkədən çıxarılması, mənzilə köçürmə, istifadə hüququ ilə bağlı tələblər və s. iddia icraatı qaydasında olan tələblər daxildir. Göründüyü kimi hazırkı icraatda olan iddia ərizəsinin bu qəbildən olan iddialara hər hansı oxşarlığı, eyniliyi, aidliyi yoxdur. Məhkəmənin mediasiya sessiyasında ödənilmiş rüsum ilə bağlı arqumentinə gəldikdə isə bildirirlər ki, məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri; ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya buQanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Göründüyü kimi, qanunda “yalnız məcburi mediasiya sessiyası keçirilməli olan işlər üzrə sonradan məhkəməyə müraciət edilən zaman dövlət rüsumundan azad olunma” barədə olan hər hansı norma yoxdur. Azad olunma ümumi mediasiya sessiyası keçirilən bütün növ işlər üzrə tətbiq edilir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, e-2(005)- 1863/2023 nömrəli qərardadı ilə verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Maddə 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.1.2. iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi qiymətləndirilən iddia növündə olmaqla, cəmi 5360 manat məbləğdə pul, 70 manat məbləğdə mediasiya xərci və 3 manat məbləğdə dövlət rüsumunun tutulmasından ibarətdir.

13. “Dövlət rüsumu haqqında” Qanunda göstərilənlərə uyğun hesablama aparıldıqda məlum olur ki, iddiaçı 73,6 manat məbləğdə dövlət rüsumu ödəməli idi. Lakin, iddiaçı mediasiya xidmətinə ödədiyi 70 manatı nəzərə almaqla, cəmi 3 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

14. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmasa da mediasiya sessiyasında iştirak etmək, iddiaçını dövlət rüsumunu ödəməkdən azad edə bilməz.

15. İddiaçı “Dövlət rüsumu haqqında” Qanunun Maddə 9.1-1-ci maddəsinə istinad etsə də, həmin normadan və “Mediasiya haqqında” Qanundan müəyyən olunur ki, bu norma ilkin mediasiya sessisiyasının məcburi olduğu işlərə tətbiq olunur. Hazırkı iddia isə mediasiya sessisiyasının məcburi olduğu işlər kateqoriyasına aid deyildir, yəni, qanunvericilikdə mediasiya sessisiyasının məcburi olmadığı işlər üzrə könüllü olaraq mediasiya keçirildiyi halda dövlət rüsumundan azad olunma barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı MMC-nin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(005)-1863/2023 nömrəli qərardadı qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(005)- 1863/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar