Məhkəmə qərarları › İş №2(103)-5193/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5193/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5193/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi, İddiaçı və onun vəkili X3 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1288/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvləri: oğlu Cavabdeh2, qızı və ya gəlini Cavabdeh3, nəvələri Cavabdeh4 və X1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsindən çıxarılması, mənzilindən istifadə ilə bağlı olaraq ona vurulmuş 97.300 (doxsan yeddi min üç yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 1992-ci ildə Ağdam rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 və onun ailə üzvləri, oğlu Cavabdeh2, qızı və ya gəlini Cavabdeh3, nəvələri Cavabdeh4 və X2 iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış mənzilini zəbt edərək, orada bu günədək yaşamaqda davam edirlər. Bundan əlavə, cavabdeh həmin evdə rus millətindən olan şəxsin (və ya şəxslərin) yaşamış olduqları, hazırda sahibsiz olan 113-cü mənzilini də zəbt etmişlər. Cavabdeh hazırda şəxsən və təkbaşına həmin mənzildə yaşayır. Həmin şəxslərdən mənzilini tərk etməyi dəfələrlə tələb etsə də, buna nail ola bilməmişdir. Artıq 27 ildir ki, sahibi olduğu evə bütün hüquqlarından istifadə etməkdən məhrumdur. Mənzilinin adına rəsmiləşdirilməsinə Bakı 1 saylı İİM-də, Bakı Apellyasiya Məhkəmələrində mübahisələndirməklə nail olmuşdur. İddiaçının artıq 68 yaşı var və bu yaşında ailəsinin yaşayışını təmin etmək üçün Rusiyada işləməyə məcbur qalmışdır. Evində illərlə məcburi köçkünlər yaşadıqları üçün, iddiaçı da Rusiyada qaçqın həyatı yaşayır. O hər ay xeyli miqdarda (cəmi isə 12 ay x 27 il x 300 man=97.300 (doxsan yeddi min üç yüz man) maddi zərərə məruz qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1288/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 Təvəkkül qızı, Cavabdeh4 və X2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18 saylı evin, 99 saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin istifadə ilə bağlı olaraq iddiaçıya vürulmuş 97.300 (doxsan yeddi min üç yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsin üzərinə qoyulmasından imtina edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, bu gün dövlətimiz borc alan ölkədən, borc verən ölkəyə çevrilmiş, ölkənin ehtiyyatda çox böyük miqdarda pulu var. Dövlət çoxlu sayda bina və mənzillər tikib jurnalistlərə, alimlərə, dövlət qulluqçularına və digər insanlara paylamış, bu proses bu gün də davam etməkdədir. Məcburi köçkünlər onlar üçün salınmış qəsəbələrə köçürülüblər. Araşdırılsa, bir çox məcburi köçkünlərin bir neçə evi , maşınları var. Amma dövləti onun da qanuni hüquqlarına hörmətlə yanaşmalıdır. Dövlət öz öhdəliklərini vətəndaşının hesabına həll etməməlidir. 27 il müddətində o, əmlakından (mənzilindən) istifadə edə bilməməyi səbəbindən külli miqdarda zərərə məruz qalmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər, onların iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin maddi zərərin ödənilməsi tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı və onun vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1288/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3396/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Ağası oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə mənzilin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 470 saylı sərəncamı ilə ona verilmiş Bakı şəhəri, 4cü mikrorayon, Mir Cəlal küçəsi, 18 №-li evin, 99 №-li mənzilinin İddiaçı Ağası oğlunun adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 132/19 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Ağası oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2- 1(81)-3396/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3396/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 04/14153 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 18, mənzil 99 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi,118, M3, m3) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 18, mənzil 99 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi,118, M3, m3)tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3102 nömrəli reyestr kitabının 289691 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, məhkəmə mübahisələndirilən hissədə aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096, 1097.1, 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki halda zərərin baş verməsi halı müəyyən olunsa da, bunun cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükütəkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin vurulmuş maddi zərərə görə 97.300 manat pulun tutulmasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1288/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar