Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5194/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Məmmədli İrina Aleksandrovnanın, tərcüməçi X4 iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-651/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclas ında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, ev 23-ə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-651/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli mülk Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küç, ev 23, 3/4 hissədə İddiaçı, 1/4 hissədə isə mərhum X3 məxsusdur. Baxmayaraq ki, cavabdehlər qeyri qanuni mübahisəli evə qeydiyyata düşmüş, naməlum şəxsi mülkiyyətçinin razılığı olmadan qeydiyyata götürmüş, ona məxsus sahələri xarabalığa çevirmiş və dəfələrlə müxtəlif vaxtlarda saxta iddialar qaldıraraq onun mülkiyyətini ələ keçirmək və satmaq istəmişlər. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş subutları, cavabdehlərin iddiaçının ailə üzvləri olub olmamasım araşdırmamış və Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini düzgün tövsif etməmişdir. Praktikada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notariat qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanmasından sonra şəxsin müvafiq mənzildə qeydiyyata alınması da tələb olunur. Yəni, istifadə hüququ rəsmi qeydiyyata düşdükdən sonra yaranır. Mülkiyyətçi tərəfindən mənzillə bağlı sərəncamvermə hüquqları həyata keçirilərkən həmin mənzildə qeydiyyatda olan şəxslərin razılığı da tələb olunur.Cavabdehlərlə mülkiyyətçi arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə heç bir müqavilə yoxdur. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, 1986-cı ildən, yəni doğulandan, anası isə lap əvvəldən həmin evdə yaşayır. Anasının atasının - babasının evidir. İddiaçı xalası qızıdır. Ev köhnə tikilidir. Onun yaşadığı yerin iddiaçıya aidiyyəti yoxdur. Ev paylı mülkiyyətdə olsa da iddiaçının payı ayrılmayıb. İşə baxılması yeri və vaxtı haqqında İddiaçı və cavabdeh X2 məlumat verilməsinə baxmayaraq, cavabdeh X2 səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmiş, İddiaçı vəkili Yusif Abdullayev teleqramla müraciət edərək Səbail Rayon Məhkəməsində cinayət işi ilə əlaqədar məhkəmə prosesi olduğundan qeyd edilən mülki işin baxılmanın təxirə salınmasını xahiş etmiş, lakin müraciətinə sübut əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsi, (3-cü Mədən) 23 ünvanında yerləşən fərdi yaşayış evi 1/4 hissədə X3, 3/4 hissədə İddiaçı məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdehlərin mülki hüquqi münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq mülkiyyətci olan iddiacı ilə bu evdən bərabər istifadə hüquqları vardır. İddiaçıQriqoryevna cavabdehlərin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi tələb edərkən də, sonuncuların bu evdən istifadə hüquqlarının olmasını qəbul edir. İddiaçı cavabdehlərin öz mülkiyyətində olan evə dair istifadə hüquqlarına xitam verilməsi üçün sonuncuların bu hüquqlarına müvafiq əvəzləyici tədbirlərin həyata keçirilməsi, yəni kompensasiyanın verilməsi hüququna malikdir. Məhkəmə onu da nəzərə alır ki, kompensasiyanın verilməsi mülkiyyətçinin vəzifəsi yox, hüququdur. Yaşayış sahəsində istifadə hüquqlarına malik olan cavabdehlərin isə heç bir əsas olmadan bu subyektiv hüquqlardan mərhum edilməsi və onların yaşadığı sahədən çıxarılmaları da yolverilməzdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə, onların bu evdən çıxarılmalarına dair iddia tələbi təmin oluna bilməz. İddia tələbini cavabdehlərin evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları hissəsində də əsassız hesab edir. Belə ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və iddiaçıya məxsus deyildir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. ... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehlərin mübahisəli evdən istifadəsi ilə bağlı münasibətlər xx xxxxxxxx 2000-ci il tarixədək yarandığından Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən həmin evdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlərin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı yaxud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. Cavabdehlərin mübahisəli evdə yaşamaları və mülkiyyətçi ilə birgə təsərrüfat aparmaları təsdiq olunur. Ona görə də, iddianın faktiki əsası, qanuni əsasının şərtlərinə uyğun deyil, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə də tətbiqinin mümkünlüyünün qaçılmaz olduğunu nəzərə alır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Çünki, cavabdehlərin istifadə hüququ oduğu mübahisəli evdən başqa, adlarına hər hansı bir yaşayış sahəsi (ev,mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyacları aradan qalxmamışdır. Göründüyü kimi, iddiaçının, cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, ev 23-ə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə iddiası təmin oluna bilməz. Çünki, iddiaçı yalnız kompensasiya vermə yolu ilə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia ilə müraciət edə bilərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 651/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5194/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5194/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver