Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5195/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC-nin və "xxxx" BOKT MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi, X9 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız edilməsi) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi X12, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC-yə və "xxxx" BOKT MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi, X9 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1228/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1303/2018 nömrəli qətnaməsi ilə BAKUO-327-3902 saylı, xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə cəmi 35.185,48 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası manatının Əyyubov Dilqəm Vəli oğlundan və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, "xxxx" BOKT MMC ilə X18 arasında bağlanmış BAKUO ***-**** saylı, xx.xx.2015-ci il tarixli razılaşmaya xilam verilməsi, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə cəmi 35.815,55 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası manatının cavabdehlər Əyyubov Dilqəm Vəli oğlundan və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Əyyubov Dilqəm Vəli oğlundan və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evinə və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60.000 manat məbləğində olmaqla, açıq hərracdan satılması və həmin əmlakın satışından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan borcun ödənilməsi, fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdehlər Əyyubov Dilqəm Vəli oğlu və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, tərəllər arasında bağlanmış BAKUO- 327-3902 saylı, xx.xx.2014-cü il tarixli razılaşmaya xitam verilməsi və sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 manatın tutulması, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKUO327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 ABŞ dolları, xx.xx.2015-ci il tarixli razılaşmaya görə isə 500 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğn məzənnə ilə) tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməməsinin Mülki Kollegiyasının 2(102)-2326/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Əyyubov Dilqəm Vəli oğlunun kassasiya şikayəti təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon İcra şöbəsi tərəfindən hərracın keçirilməsi xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC-yə həvalə edilmişdir. Bununla bağlı mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş, hərracın keçirilməsinin tarixi və yeri barədə “Birja yenilikləri” qəzetinin 7-xx.xx.2020-ci il tarixli nömrəsində elan verilmiş, həmçinin, bu barədə İddiaçı, Əyyubov Dilqəm Vəli oğluna, Abşeron rayon İcra şöbəsinə və "xxxx" BOKT MMC-yə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Həmin hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmiş, ipoteka predmetinin satış qiyməti 15 % azaldılaraq, 93.500 manat müəyyən edilmiş, bu barədə Abşeron rayon İcra şöbəsinə, "xxxx" BOKT MMC-yə, İddiaçı və Əyyubov Dilqəm Vəli oğluna xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş, habelə “Birja yenilikləri” qəzetinin 21-xx.xx.2020-ci il tarixli buraxılışında bu barədə elan verilmişdir. Təkrar hərrac da baş tutmamış və “Birja yenilikləri” qəzetinin 06-xx.xx.2024-cü il tarixli buraxılışında bu barədə elan yerləşdirilmişdir. Bundan sonra hərrac təşkilatı tərəflərə və icra məmuruna xx.xx.2020-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş və “İpotek haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 70.125 manata almağı təklif etmişdir. Bununla bağlı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında xx.xx.2020-ci il tarixdə “X17 barədə” protokol imzalanmışdır. Fərdi yaşayış evinə və torpaq sahəsinə dair "xxxx" BOKT MMCnin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. "xxxx" BOKT MMC həmin fərdi yaşayış evini və torpaq sahəsinin onun fəaliyyətini təmin edən 0,048 ha hissəsini xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X11, torpaq sahəsinin 0, 0375 ha hissəsini isə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Bu əmlaklar hazırda qeyd edilən şəxslərin mülkiyyətindədir.
4. İddiaçının əri Əyyubov Dilqəm Vəli oğlunun hazırki iş üzrə cavabdehlərə qarşı eyni məzmunlu iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3998/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İşə apellyasiya və kassasiya qaydasında bir dəfə baxıldıqdan sonra apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış 2(103)-402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Həmin qətnamədən "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1911/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar çıxarılmaqla, iddia təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC-yə və "xxxx" BOKT MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə dair cavabdeh Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetini əldə edilməsi üçün Hərracın yekunları barədə protokolun” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin faktiki hallarına və tərəflər arasında olan məhkəmə mübahisələri zamanı çıxarılmış yekun məhkəmə aktlarına istinad edərək əsaslandırmış, eyni zamanda, qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli bildiriş xəbərnamədə “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmış, yəni, ona çatdırılmamış, xx.xx.2020-ci il tarixli bildiriş isə təkrar hərracın keçirilməsinə ən geci 20 gün qalmış göndərilməli olduğu halda, 13 gün qalmış göndərilmişdir. Sonuncu bildiriş xəbərnaməsinə “Əyyubov” soyadı qeyd edilərək, imza edilsə də, nə o, nə də ki, D.V.Əyyubov heç bir bildiriş almamışdır. Bu hallar mübahisələndirilən hərracın tam qanunsuz olaraq keçirildiyini təsdiq edir. Nəticədə hərracın keçirilməsindən onun qətiyən xəbəri və məlumatı olmamışdır. Həmçinin, hərracın keçirilməsi vaxtı pandemiya (covid-19) dövrünə təsadüf etmiş və bu səbəbdən də vətəndaşların küçəyə çıxmasına ciddi məhdudiyyətlər qoyulmuşdur.
7. Cavabdeh "xxxx" BOKT MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qararına əsasən - Koronovirus (COVİD-19) İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədiİə Azarbaycan Respublikasının arazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci ilin 31 mart - 20 aprel) ölkə ərazisində xüsusi iş (əmək) rejimi tadbiq edilmişdir. Protokolun tərtib edilmə tarixi isə daha öncəki tarixə təsadüf etmişdir. Digər tərəfdən, iddiaçının özünün da qeyd etdiyi kimi hərracın keçirilməsi barədə bildiriş onun ünvanına göndərilmiş, lakin "ünvan bağlıdır” qeydi ila geri qaytarılmışdır. Belə olan halda hərrac təşkilatı vətəndaşın qeydiyyatda olduğu ünvana bildiriş göndərməklə öz üzərinə düşən vəzifəni düzgün yerine yetirmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X8)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı hərracın yekunları barədə protokolun COVİD-19 vurusla əlaqədar pandemiya vaxtı, yəni ölkə ərazisində izolyasiya olan zaman aparıldığını və bunun qanunsuz olduğunu qeyd etmiş, lakin iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublkikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsin sorğuya cavab məktubunda hərrac mərkəzlərinə fəaliyyətləri ilə əlaqədar hər hansı qadağa qoyulmadığı müəyyən edilmişdir. Hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmadığlndan məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, 416cı maddələrinə, Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41-43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə, habelə Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X20 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmənin təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X14 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, lakin həmin məhkəmə iclası onun iddia ərizəsi və apellyasiya şikayəti ilə tanış olmasına şəraitin yaradılması, habelə işə üçüncü şəxs kimi cəlb edilmiş X4 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə təxirə salınmışdır. Lakin məhkəmə iclasının yeri va vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, bundan sonra məhkəmə iclaslarında iştirak etməmişdir.
17. Eyni zamanda, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmənin təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 da məhkəmə iclasına gəlməmiş, cavabdeh Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Abşeron rayon İcra və Probasiya şöbəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə qeyd edilən, o cümlədən üçüncü şəxs X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.
22. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən onların arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında iddiaçı və onun ərindən "xxxx" BOKT MMC-nin xeyrinə kredit borcu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında müvafiq icra şöbəsi tərəfindən verilmiş sifariş üzrə cavabdeh Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2020-ci il tarixdə “X17 barədə” protokol imzalanmış və əmlak xx.xx.2021-ci il tarixdə dövlət reyestrində "xxxx" BOKT MMC-nin adına rəsmiləşdirilmişdir. Bundan sonra "xxxx" BOKT MMC həmin fərdi yaşayış evini və torpaq sahəsinin onun fəaliyyətini təmin edən 0,048 ha hissəsini xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X11, torpaq sahəsinin 0, 0375 ha hissəsini isə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Bu əmlaklar hazırda qeyd edilən şəxslərin mülkiyyətindədir. Bu səbəbdən həmin şəxslər məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
28. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, hərracın təşkilatçısında onun xəbərdar edilməsi ilə bağlı heç bir mötəbər sübutun olmadığını, ümumiyyətlə hərracın keçirilməsi vaxtı pandemiya (covid-19) dövrünə təsadüf etdiyini və bu səbəbdən də vətəndaşların küçəyə çıxmasına ciddi məhdudiyyətlər qoyulduğunu iddia edir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi yeri və vaxtı barədə xəbərdar olunmaması və bunun nəticəsi olaraq hərracda iştirak etməməsi səbəbindən “X17 barədə” xx.xx.2020-ci il tarixli protokolun etibarsız hesab edilməsini tələb edir.
29. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilikdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarışları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.
31. Qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onların, xüsusilə də ipoteka qoyanın (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsi səbəbindən müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif üsullarının (mediada məlumatın dərc edilməsi, bildirişin göndərilməsi və s) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir.
32. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2020-ci il tarixdə keçirilmiş ilkin, həm də (20 təqvim günündən gec olmayaraq, yəni 16-cı gün) xx.xx.2020-ci il tarixdə keçirilmiş təkrar hərraclar barədə iddiaçıya müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 17-xx.xx.2020-ci il tarixli və 21-xx.xx.2020-ci il tarixli buraxılışlarında ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Birinci bildirişin olduğu zərəf “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmış, ikinci bildirişin olduğu zərf “Əyyubova” qeydi ilə təhvil alınmışdır. Bu zərflərin (onların çatdırılması barədə qaimələrin) mövcudluğu və onların üzərində olan qeydlər hərrac təşkilatı tərəfindən sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin həm real olaraq, həm də məhz iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2 saylı evin, 30 saylı mənzilinə göndərilməsini təsdiq edir. Təkrar hərrac da baş tutmadıqdan sonra bu barədə “Birja yenilikləri” qəzetinin 06-12 mart 2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, bundan sonra hərrac təşkilatı tərəfindən "xxxx" BOKT MMC-yə (surəti iddiaçıya) xx.xx.2020-ci il tarixdə təklif göndərilmiş və sonuncu ilə qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət çərçivəsində, yəni xx.xx.2020-ci il tarixdə protokol imzalanmışdır.
33. Bununla belə, cavabdeh Respublika Xammal və X24 Mərkəzi "xxxx" MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, o cümlədən həm hərracın keçirilməsi müddətlərini pozmamış, həm də bu barədə lazımi qaydada (müəyyən edilmiş üsullara uyğun olaraq) məlumatlandırmanı həyata keçirmişdir. Göndərilən bildirişlərdə əks olunmuş məlumatlar tamlığı baxımından da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə olan halda, həmin bildirişlərin hər hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməsinin mümkün olmaması, habelə onun “Birja yenilikləri” qəzetinin buraxılışları barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dəlalət etmir və iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir.
34. Nəzərə alınmalıdır ki, hər iki (ilkin və təkrar) hərrac Koronovirus (COVİD-19) İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədiİə Azərbaycan Respublikasının arazisində xüsusi karantin rejiminin elan edilməsindən əvvəl keçirilmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1228/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.