Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5196/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-440/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin 14.11.2008-ci il tarixli, ******* nömrəli çıxarış əsasında ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir, gəlini ilə oğlu arasında qeydə alınmış rəsmi nikahları Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı 18.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mərhum həyat yoldaşı X1 onun fəaliyyət qabiliyyəti olmamasından istifadə edərək, onun razılığı ilə sözügedən mənzilə pasport qeydiyyatına düşmüşdür. Həyat yoldaşı 1-ci qrup əlil olmuş, 2004-cü ildən ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh hazırda faktiki olaraq qeyd etdiyi ünvanda yaşamır. O, sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdehin faktiki olaraq harda yaşaması barədə isə heç bir məlumatı yoxdur. Cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməyinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Cavabdehin formal olaraq onun mülkiyyəti olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh faktiki olaraq könüllü olaraq köçüb başqa ünvanda yaşamağa başladığı andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-440/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ididaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə sübutlara hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Cavabdeh gəlin köçdükdən sonra 3 ay mübahisəli ünvanda yaşamış, sonra könüllü olaraq evi tərk etmiş, onun oğlu ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 2007-ci il tarixli qətnamə üzrə heç bir icra hərəkəti aparılmamış, cavabdeh həmin mənzilə köçürülməmişdir, yəni onun mənzilə olan ehtiyacı aradan qalxmış və uzun müddətdir başqa ünvanda yaşamağa başlamışdır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh zorla həmin mənzilə girərək orada yaşayan kirayəşinləri çıxartmış və məcburi olaraq məskunlaşmışdır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 5 mərtəbəli binada, 37.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 861 nömrəli reyestr kitabının 80092 nömrəli vərəqində14.11.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X5 26.12.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə X6 30 mart 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 18.08.2020-ci il tarixli müvafiq məhkəmə qətnaməsi əsasında onlar arasında olan rəsmi nikah pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi ilə X7 Bakı şəhəri Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 17 saylı evin 19 saylı mənzilinə yaşamaq hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir (iddianın təmin edilməsi Mülki Məcəllənin 228.5-ci maddəsi ilə əsaslandırılmışdır). İş materiallarında olan 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 27.06.2013-cü il tarixli arayışnın məzmunundan aydın olur ki, Qurbanova X9 qəsəbəsi B.Niftəliyev küçəsi ev 17 mənzil 19 da yaşayır və ailə tərkibi Qurbanov Əhməd-həyat yoldaşı, Qurbanova Aylin-qızı, Qurbanova Nərgiz qızı, İddiaçı qaynana, Qurbanov Məhəmməd qaynata, Hacıyeva Emiliya baldız və onun uşaları (bu ünvanda qeydiyyatdadır, yaşamır) ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu hüquq 14.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, mənzilin əvvəlki mülkiyyətçisi (2007ci il tarixdə) iddiaçının həyat yoldaşı (cavabdehin qayınatası) X5 olmuş və o, 26.12.2019cu il tarixdə vəfat etmişdir. Cavabdeh mübahisəli mənzilə gəlin köçmüş, 3-4 ay həmin mənzildə yaşamışdır. 09 noyabr 2007-ci il tarixli müvafiq məhkəmə qətnaməsi əsasında cavabdehin mübahisəli mənzilə dair yaşamaq hüququ tanınaraq, mənzilə köçürülməsi qərara alınmışdır. Cavabdeh 2007-ci il tarixdən həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin istifadə hüququna xitam verilməsini və onun evdən çıxarılmasını tələb edir. Cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsi üçün onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qaxlmadığı müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qəraraına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlması halı müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlmasının müəyyən edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından, cavabdehin özünün məhkəməyə verdiyi etirazdan görünür ki, o, 2007-ci ildə mübahisəli mənzilə gəlin köçərək, qısa müddət orada yaşasa da, başqa mənzilə köçərək kirayədə yaşamışlar, 2007-ci il tarixdə mübahisəli mənzilə istifadə hüququ tanınaraq, köçürülmüş, lakin əri və uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Daha sonra Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi 50 ünvanında olan evə köçmüşlər, birgə nikah dövründə Abşeron rayonu Hövsan qəsəbəsi Südçülük sovxozu ərazisində fərdi yaşayış evi inşa etmişlər, bunun üçün 25000 manat xərcləmişlər. Hazırda iddiaçının oğlu onu həmin evə, iddiaçı isə mübahisəli mənzilə köçməyə imkan vermir, ona görə də məcburiyyət qarşısında qalaraq mübahisəli mənzilə köçmüşdür. İş materiallarında olan 06.12.2010-cu il tarixli arayışın məzmunundan aydın olur ki, 2007-ci il təvəllüdlü X2 rayonu 19 saylı BŞX-nin X15 müayinədən keçmişdir. İş materiallarından görünür ki, X10 həqiqətən 3-cü sinifdən Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 7d sinfində oxuyur, X8 1-ci sinifdən Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 3ç sinfində oxuyur. İş materiallarından görünür ki, ünvan 3 ünvanı üzrə qaz sayğacına dair abonent Cavabdehdır, sayğacın quraşdırılması tarixi 14.12.2012-ci il qeyd edilmiş, 2012-2021-ci il üzrə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Göründüyü kimi cavabdeh ailəsi ilə birlikdə 2007-ci ildə Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi 50 ünvanında olan evə köçmüşlər, uşaqlar Sumqayıt şəhərində orta məktəbdə təhsil alırlar. İş materillarında olan iddia ərizəsinin surətindən müəyyən olunur ki, X6 (iddiaçının oğlu) Cavabdeh Qulu qızına qarşı iddia qaldıraraq, birgə nikah dövründə cavabdehin adına «xxxx» ASC-yə qoyulmuş 15.000 manat pul vəsaitinin 50 faizinin, ünvan 5 ünvanında tikilən ev üçün çəkdiyi 20.000 manat xərcin yarısının və verdiyi 4.500 manat borc məbləğinin, ümumilikdə 22.000 manat məbləğində pulun tutulması tələb etmişdir. İddiaçı 08.12.2020-ci il tarixdə hazırki iddianı qaldırmış, cavabdeh bundan sonra 12.01.2021-ci il tarixdə mübahisəli mənzilə zorla daxil olaraq orada kirayə yaşayan ailəni məcburən evdən çıxarmışdır, bu barədə 09.02.2021-ci il tarixli akt tərtib edilmişdir (i.v 40). Beləliklə, aydın olur ki, cavabdeh 2007-ci ildən mübahisəli mənzildən çıxmışdır, başqa ünvanda (ünvan 6r qaz sayğacının abonent kodu cavabdehin adına olmaqla, 2021ci il də daxil olmaq ödənişlər edilmiş, cavabdeh hazırki iddia qaldırıldıqdan sonra mübahisəli evə girmişdir. Bundan başqa aydın olur ki, iddiaçının oğlu ilə cavabdeh birgə nikah dövründə Tağıyev qəsəbəsi və Hövsan qəsəbəsi Südçülük sovxozunun ərazisində ev tikmişlər, hazırda birinci evin tikilməsinə çəkilmiş xərcin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə vardır. Həmçinin cavabdehin depozit hesabında 15.000 manat pul vəsaiti də var ki, onun da bölünməsi həmin iş üzrə mübahisə predmetidir. Cavabdehin 2007-ci ildən 2021-ci ilə qədər olan dövrdə başqa ünvanda yaşaması, bundan başqa birgə nikah dövründə əldə edilmiş digər evin (evlərin) olması kimi hallar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır, yəni mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar aradan qalxmışdır. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(002)-440/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, 19 saylı mənzilə dair istifadə hüququna xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5196/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5196/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver