Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5198/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, tərcüməçi X1, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə, onun vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)-515/2023 nömrəli qətnaməsindən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi apellyasiya şikayətinəаçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 30 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ev 14/170, 42 saylı mənzili 02 iyun 2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanı Cavabdeh adına 233370 saylı, 28 fevral 1984-cü il tarixli orderə, Nümayəndə2 razılıq ərizəsinə əsasən 02 iyun 2015-ci il tarixdə ilkin qeydiyyata alınmışdır.
3. Nümayəndə2lə Qanuni nümayəndə birgə nikahından xx xxxxx 2013-cu il tarixdə İddiaçı1, xx xxxxxxx 2015-ci il tarixdə İddiaçı2 doğulmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(001)- 165/2023 nömrəli qətnaməsinə əsasən Nümayəndə2 ilə Qanuni nümayəndə arasında 18 dekabr 2012-ci il tarixdə bağlanmış nikahın ləğv olunması, İddiaçı1 və İddiaçı2 analarının yanında saxlanılması, hər ay hər bir uşağa görə 193 manat alimentin Nümayəndə2 tutularaq Qanuni nümayəndə ödənilməsi qət edilmişdir.
5. 09 sentyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı1 Oleq qızı 276 nömrəli tam orta məktəbin 4d sinfində təhsil alır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 və İddiaçı2 qanuni nümayəndələri Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2013-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxxx 2015-ci il təvəllüdlü İddiaçı2 anaları və qanuni nümayəndələri Qanuni nümayəndə ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ilə cavabdehin oğlu olan Nümayəndə2 arasında 18 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasında nikah bağlanmış, birgə nikahdan xx xxxxx 2013-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxxx 2015-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Lakin Qanuni nümayəndə nikahın pozulması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsindən sonra cavabdehin oğlu ona və övladlarına yaşadıqları ünvan 3 ünvanınf daxil olmağa imkan verməmişdir. Belə ki, Qanuni nümayəndə 17 avqust 2022-ci il tarixində məktəblərin açılması ilə əlaqədar İddiaçı1 Azərbaycan Respublikasına gətirmək üçün Dağıstana öz ana və atasının yanına getmiş və 23 avqust 2022-ci il tarixində qayıdanda ailə həyatı qurduqdan bəri yaşadığı mənzilə öz uşaqları ilə birlikdə daxil ola bilməmişdir. Onun tərəfindən bununla bağlı polis orqanları və İcra Hakimiyyətinə müraciət edilsə də, nəticə əldə olunmamışdır. Qanuni nümayəndə uşaqları ilə bir müddət qonşularda qalmış, 26 avqust 2022-ci il tarixdə kirayə ev tapmışdır. Yetkinlik yaşına çatmayanların hər ikisi də Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli məktəbdə təhsil alır və onların tibbi poliklinika qeydiyyatı da həmin mənzil üzrədir. Beləliklə, onlar mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 515/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçıların qanuni nümayəndəsi cavabdehin gəlini olmuş və həmin mənzilə 2012-ci ildə köçmüşdür və hazırda sonuncunun ailə üzvü sırasına daxil deyildir. Qanuni nümayəndə Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən onun digər qohumu hesab edilmir. Odur ki, Qanuni nümayəndə mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Mənzilin mülkiyyətçisi olan T.S.Arşınova ilə Qanuni nümayəndə arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mənzildən istifadə hüququ yaranmamışdır. Bundan başqa AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. İddiaçı1 və İddiaçı2 yaşayış yerləri onların valideyinlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 165/2023 saylı 15 fevral 2023-cü tarixli qətnaməsinə əsasən isə uşaqların yaşayış analarının yanında qalması qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarları, Mənzil Məcəlləsinin 30cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçıların qanuni nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, mənzilə köçürülmə tələbi qoyulan yetkinlik yaşına çatmayan şəxslər mülkiyyətçi olan nənənin doğma nəvələridir. Həmin uşaqlar Azərbaycan Respublikasının vətəndaşları deyillər və ölkədə qalma əsaslarını digər tərəfdən analarının iş yeri zərurəti meydana gətirir. Məhkəmə tərəfindən Mənzil Məcəlləsinn 30.4-cü maddəsində ehtiva olunan “diqqətə layiq digər hallar” və “müəyyən müddətə istifadə hüququnu saxlanması” ifadələr bir başa hazırki mülki işin təbiətinə uyğun gəlməkdədir. Ona görə də uşaqların Azərbaycan Respublikasının hüdudları daxilində olduqları müddət ərzində sözügedən mənzildə yaşamalarına hazırki maddənin məzmunu tam şəkildə icazə verir. Azyaşlılar qardaş bacıdırlar və onların birini digərindən ayırmaq məqsədə müvafiq olmayacaqdır, həmçinin, uşaqların yaşlarının az olmasını nə zə rə alaraq, mənzilə köçürülmələrinin məhz onların qanuni nümayəndələrinin iştirakı ilə aparılması məqsədə müvafiq olacaqdır. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanların Azərbaycan Respublikasının vətəndaşları olmadıqları, onların bu ölkədə hər hansı digər qohumlarının olmadığını və analarının ölkə ərazisində diplomatik statusla yaşamalarını, həmçinin onların öz nənələrinə məxsus evdə yaşamaq istədiklərini, Qəyyumluq və Himayəçilik Komissiyasının iş üzrə uşaqların yaşayış sahəsi ilə əlaqədar vermiş olduğu rəyi nəzərə almamışdır. Məhkəmə qətnamədə iddiaçının mövqeyini elə qələmə vermişdir ki, guya ki, mənzilə köçürülmə tələbi məhz Mirzəxanovanın məqsədidir. Halbuki, istər iddia ərizəsində, istərsə də məhkəmə prosesləri zamanı Mirzəxanova tərəfindən dəfələrlə məhkəmənin nəzərinə çatdırılmışdır ki, hazırki iddia məhz azyaşlı uşaqların yaşayış yerinin təmin olunması məqsədilə verilmişdir. Məhkəmənin elektron sisteminə tərəflər arasında nikahın pozulması, uşaqların himayəsi və aliment tələbinə dair Binəqədi rayon məhkəməsində gedən digər mülki iş üzrə əldə edilmiş sübutu - Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2022-ci il tarixli rəyinə heç bir qiymət verməmiş və ümumiyyətlə bu sübuta münasibət bildirməmişdir. Halbuki həmin rəydə qeyd edilmişdir ki, “ uşaqların həyat şəraitinin müayinə edilməsinin nəticələrini və AR Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq və uşaqların birlikdə öyrəşdikləri mühitdə böyümələri baxımından xx.xx.2013-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 iddiaçı Nümayəndə2 himayəsində qalması məqsədə müvafiq hesab edilmişdir”. Sözügedən rəy o səbəbdən belə verilmişdir ki, Nümayəndə2 həmin mənzildə yaşayırdı və uşaqların onun himayəsinə verilməsi barədə iddia irəli sürmüşdü. Əgər uşaqların müqəddəratı həll olunduğu bir işdə bu rəy nəzərə alınmırsa o zaman ümumiyyətlə Qəyyumluq və Himayəçilik Komissiyasının bu institutunun mahiyyəti nədir?! Məhkəmə iddia tələbini İddiaçı1Oleqovna və İddiaçı2 münasibətdə rədd edərkən mövqeyini AR Mülki Məcəlləsinin 27.2-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Halbuki, birincisi, AR KM-in qərarına əsasən nəvələr öz nənə vəbabalarına münasibətdə özlərinin saxlanmasını tələb edən şəxslər sırasına daxildirlər, ikincisi, Mirzəxanova əcnəbidir, onun Azərbaycan Respublikasında daimi yaşadığı yer yoxdur. Cavabdeh isə yetkinlik yaşına çatmayan uşaqların qan qohumu - doğma nənələridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiası tərəfindən vahid məhkəmə təcrübəsi hazırda tam olaraq formalaşmışdır. Hazırki mübahisə ilə bağlı olaraq fikir ayrılığının olması formalaşmış məhkəmə praktikasından kənara çıxılması və nəticə etibari ilə birinci instansiya məhkəməsi Binəqədi Rayon Məhkəməsinin e-2(001)-515/2023 saylı qətnaməsinin ləğvi üçün əsas olmamalıdır. Mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Belə ki, hazırda Qanuni nümayəndə Cavabdeh ailə üzvü sırasına daxil deyildir. Qanuni nümayəndə Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən sonuncunun digər qohumu hesab edilmir. Nəticə etibari ilə Mirzəxanovanın mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2- ci maddəsinə riayət edilməsi tələb olunur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə və onun vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.
15. Cavabdehin nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin dəlilləri ilə razı olmağını bildirərək, şikayətə etirazla eyni məzmunlu izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Hazırkı iddia tələbi yetkinlik yaşına çatmayan uşaqların - İddiaçı1 və İddiaçı2 anaları və qanuni nümayəndələri Qanuni nümayəndə ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülməsindən ibarətdir və iddianın əsası kimi ona istinad olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşaqlar mülkiyyətçinin nəvələri olduğundan yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdir.
25. İlkin olaraq onu qeyd etmək lazımdır ki, hazırkı tələb Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən nəzərdə tutulduğu kimi “mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması” ilə bağlı deyildir, yetkinlik yaşına çatmayan uşaqların anaları ilə birlikdə mənzilə köçürülməsi ilə bağlıdır. Uşaqların qanuni nümayəndələrinin evdən istifadə hüququnun yaranmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır və bu halın özü iddia ərizəsinin və apellyasiya şikayətinin əsasını təşkil etmir.
26. Digər tərəfdən məhkəmə qətnaməsinə əsasən uşaqların anaları ilə qalması qərara alındığından Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onların yaşayış yeri anasının yaşayış yeri hesab olunur və iddianın təmin olunması yalnız uşaqların iddia tələbində qeyd olunduğu kimi anaları ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi Qanuni nümayəndə həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir.
27. MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yəni, Konstitusiya Məhkəməsinin qərarının nəinki nəticəvi, əsaslandırıcı hissəsində qeyd olunanlar da məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırkı iddianın əsası kimi istinad edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.”
28. Qeyd olunan qərarın məzmunudan belə nəticəyə gəlinir ki, şəxsin “ailə üzvü” anlayışının əhatə dairəsinə daxil olması üçün 3 şərtin hər biri mövcud olmalıdır: yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olması və mülkiyyətçi ilə birlikdə yaşayırsa. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar yetkinlik yaşına çatmayan şəxslərdir və Ailə Məcəlləsinin 89-cu maddəsində nəvələrin zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququ yalnız öz valideynlərindən maddi yardım ala bilmədikdə yaranır. Qərarın məzmunundan və işin hallarından belə nəticəyə gəlinir ki, 2-ci şərt – iddiaçıların hazırda “yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ” yaranmamışdır. Başqa cür ifadə etsək, əgər mənzilin mülkiyyətçisi iddiaçıların atası olsa idi, bu zaman iddianın məhz yetkinlik yaşına çatmayan uşaqlara aid hissədə təmin olunması üçün əsaslar mövcud olardı, çünki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması üçün ailə qanunvericiliyində heç biri qeyd – şərt nəzərdə tutulmur, baba və nənəyə münasibətdə isə qanunvericilik “öz valideynlərindən maddi yardım ala bilmədikdə” qeyd – şərtini nəzərdə tutur.
29. Apellyasiya şikayətinin dəillərindən birini o təşkil edir ki, tərəflər arasında nikahın pozulması, uşaqların himayəsi və aliment tələbinə dair Binəqədi rayon məhkəməsində gedən digər mülki iş üzrə əldə edilmiş sübutu - Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2022-ci il tarixli rəyinə heç bir qiymət verməmiş və ümumiyyətlə bu sübuta münasibət bildirməmişdir. Halbuki həmin rəydə qeyd edilmişdir ki, “uşaqların həyat şəraitinin müayinə edilməsinin nəticələrini və AR Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq və uşaqların birlikdə öyrəşdikləri mühitdə böyümələri baxımından xx.xx.2013-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 iddiaçı Nümayəndə2 himayəsində qalması məqsədə müvafiq hesab edilmişdir”.
30. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin hazırkı iş üzrə sübut kimi qiymətləndirilməməsi hazırkı iş üçün heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin rəyə nikahın pozulması barədə işə baxılarkən qiymət verilmiş və məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, “... rəydə qeyd olunanlar məhkəmə araşdırması zamanı tədqiq olunan digər sübutlarla öz təsdiqini tapmadığından qeyd olunan rəy mötəbər sübut kimi qəbul edilə bilməz”. Həmçinin, rəydə uşaqların ataları ilə qalması məqsədə müvafiq hesab olunsa da, məhkəmə qətnaməsinə əsasın uşaqların anaları ilə birlikdə qalması qət olunmuşdur. Əgər qətnamə çıxarılarkən həmin rəy əsas götürülərək uşaqların ataları ilə birlikdə qalması qərara alınsa idi, hazırda bu iddianın qaldırılmasına zərurət olmazdı.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 515/2023 nömrəli qətnaməsindən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 515/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev