Məhkəmə qərarları › İş №2(103)-5202/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5202/2023

24.10.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5202/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün məlumat vermə öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin bağlanmamış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün məlumat vermə öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)-2130/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 sentyabr 2010-cu il tarixli, 222/S nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X4 12 ay müddətinə 2200 manat məbləğdə kredit verilmişdir.

2. “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamədən görünür ki, X1 “İqrarsoy”a dəyişdirmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan imza, ekspertizaya təqdim olunmuş "xxxx" ASC-nin “Biznes” filialı ilə X7 arasında bağlanmış 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinin arxa tərəfində “Borc alan” hissəsində “Məlikov İ.İ” yazılarının qarşısındakı imza-X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

4. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanan 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İqrarsoy (Məlikov) İqbal İqrar oğlu arasında bağlanmış 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli kredit müqaviləsi üzrə 12 ay müddətinə 2200 manat məbləğdə kredit verilmişdir. 21 fevral 2023-cü il tarixə, bank əməliyyat sistemində ümumilikdə 5694,91 manat məbləğdə borc öhdəliyi mövcuddur. 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspertizanın rəyi İqrarsoy (Məlikov) İqbal İqrar oğlunun adına olan kredit məlumatlarının "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi üçün əsas deyildir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2010-cu tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və iddiaçı İqrarsoy (Məlikov) İqbal İqrar oğluna dair kredit tarixçəsinə aid olan məlumatlara düzəliş edilməsi, yəni 21 fevral 2023-cü il tarixinə olan 5694,91 manat borc məbləğinin silinməsi üçün "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, onun tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, hazırda ləğvetmə prosesində olan "xxxx" ASC İqrarsoy (Məlikov) İqbal İqrar oğlu və qeyrilərinə qarşı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 01 sentyabr 2010-cu tarixli, 222/S nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli, 2(047)-73/2013 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 01 sentyabr 2010-cu tarixli kredit müqaviləsinin arxa tərəfində “Borcalan” qrafasında olan imza İqrarsoy (Məlikov) İqbal İqrar oğluna aid deyil. Daha sonra tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iş məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Bugünədək qeyd edilən borc məbləği kredit reyestri məlumatlarında iddiaçının adında borc öhdəliyi və neqativ məlumat olaraq qalmaqdadır ki, bu da iddiaçının haqlı mənfəətinə ziddir. Yuxarıda qeyd edilən borc öhdəliyinə dair məlumatlara düzəliş edilməsiylə bağlı iddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna müraciət edilsə də kredit məbləğinin guya iddiaçıya verildiyi və 21 fevral 2023-cü il tarixə 5694,91 manat borc məbləği olduğundan iddiaçıya aid kredit məlumatlarının "xxxx" MMC-dən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsinin mümkün olmamasına dair həqiqəti əks etdirməyən 28 fevral 2023-cü il tarixli məktub təqdim edilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən kreditlə bağlı hazırda ləğv prosesində olan "xxxx" ASC-yə hər hansı müraciət edilməmiş və kredit məbləğinin iddiaçı tərəfindən hazırda ləğv prosesində olan "xxxx" ASC-dən məxaric edilməsinə dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Digər tərəfdən yuxarıda qeyd edilən ekspertiza rəyinin də iddiaçının imzasının olmadığını müəyyən etməsi həqiqətən də iddiaçı tərəfindən kredit götürülmədiyini deməyə əsas verir. İddiaçı tərəfindən hazırda məlumat təchizatçısı hesab edilən cavabdehə kredit tarixçəsi barədə məlumatlara düzəliş edilməsi üçün cavabdehə tərəflərindən müraciət edilsə də, cavabdeh əsassız olaraq borcun olmasına istinad edərək müvafiq iddiaçının kredit tarixçəsi subyekti olaraq kredit tarixçəsinə düzəliş edilməsi üçün bu günədək "xxxx" MMCyə məlumat təqdim etməkdən yayınmaqdadır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)- 2130/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən, yəni 01 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinin həqiqətən də onun tərəfindən bağlanılmadığını və yaxud banka borcunun olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də bu hallar aşkar edilməmişdir. Məhkəmə həmçinin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 22 may 2013-cü il tarixli, 7573 saylı ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, həmin rəy tələbin əsaslı olmasını sübut etmir. Belə ki, iş materiallarından göründüyü kimi ləğv prosesində olan "xxxx" ASC 2010-cu il tarixdə borcun geri qaytarılması tələbi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qərardadı ilə xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilən ekspert rəyi ilə kredit müqaviləsində çəkilən imzanın İddiaçı məxsus olmadığı müəyyən edilmişdir. Lakin, sonradan Laçın Rayon Məhkəməsinin qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Yəni, göründüyü kimi Laçın Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılmadığından və bununla da hazırkı iş üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə borcunun olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktı nəticəsində öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, sübut olaraq təqim edilmiş 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspert rəyi hazırkı iddianın təmin edilməsi əsası kimi çıxış edə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının iddiasının qanuni əsasının olmamasına istinad etmişdir. Halbuki, məhkəmə özü qətnamədə iddiaçı tərəfindən təqdim edilmiş 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspert rəyinə istinadən qeyd etmişdir ki, 01 sentyabr 2010-cü il tarixli kredit müqaviləsinin “Borcalan” hissəsində “Məlikov İ.İ” yazılarının qarşısındakı imza “X7” tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda iddiaçının iddiasının qanuni əsası əmələ gəlmiş olur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Konkret halda iddiaçının kredit götürülməsiylə bağlı iradə ifadəsi bu və ya digər formada mövcud olmamışdır. İddiaçının müqavilənin bağlanmasında iştirakının - imzasının olmaması mübahisələndirilməyən ekspert rəyi ilə təsdiq edilmişdir. Həmçinin, məhkəməyə müraciət etməzdən əvvəl pulun kassadan iddiaçı tərəfindən məxaric edilməsinə dair kassa məxaric orderinin təqdim edilməsinə dair sorğularına iddiaçıya kredit müqaviləsi bağlandığı vaxt kassa məxaric orderinin verilməsi bəhanəsiylə cavab verilməkdən dolayı yolla imtina edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətində göstərilən xüsusatları təsdiq etdiklərini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirib, təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir; Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır; Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir; Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “.... Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspert rəyi ilə hazırkı iddianın əsasını təşkil edən 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinin arxa tərəfində “Borc alan” hissəsində “Məlikov İ.İ” yazılarının qarşısındakı imzanın X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Sözügedən ekspert rəyi "xxxx" ASC-nin İqrarsoy (Məlikov) İqbal İqrar oğlu və qeyrilərinə qarşı 01 sentyabr 2010-cu tarixli, 222/S nömrəli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə Laçın Rayon Məhkəməsinə baxılarkən alınmış, lakin, sonradan həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır.

21. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi tələbi barədə hazırkı iddia ərizəsini onunla əsaslandırır ki, bu günədək qeyd edilən borc məbləğinin kredit reyestri məlumatlarında qalması iddiaçının borc öhdəliyi və neqativ məlumat olaraq onun haqlı mənafeyinə zərər vurur.

22. Laçın Rayon Məhkəməsinin icraatında olan "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanıldığından, iddiaçının istinad etdiyi ekspert rəyinə sübut kimi qiymət verilməmişdir. Lakin, həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı əsas da mövcud olmadığından, kollegiya bu rəyi sübut kimi qəbul edərək, 01 sentyabr 2010-cu tarixli, 222/S nömrəli kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanmamasını mübahisə edilməyən fakt kimi qəbul edir.

23. Kollegiya qeyd edir ki, bir halda ki, sözügedən müqavilə iddiaçı tərəfindən imzalanmamışdır, deməli bu əqd mövcud deyildir, əhəmiyyətsizdir.

24. Belə ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

25. Əhəmiyyətsiz əqdlər mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

26. Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.

27. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər.

28. Hazırkı işin hallarından isə sözügedən əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması barədə əqdin tərəfləri arasında hər hansı mübahisənin olduğu (qarşı tərəfin bunu mübahisə etməsi, məsələn, borcu tələb etməsi) müəyyən olunmur.

29. İddiaçının özünün də göstərdiyi kimi, hazırkı iddianın məqsədi onun haqlı mənafelərini qorumaq, yəni əqdin əhəmiyyətsizliyinin nəticələrini aradan qaldırmaq olmuşdur. Əqdin əhəmiyyətsizliyinin nəticələrini aradan qaldırmaq barədə iddia isə hazırkı cavabdehə qarşı qaldırıla bilməzdi.

30. Belə ki, Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmış və bankların ləğv prosesində ləğvedici funksiyasını həyata keçirən hüquqi şəxsdir. Qanunvericiliyə əsasən, Fondun ləğv edilən bankın işlərini idarə etmək, onun adından məhkəmələrdə çıxış etmək səlahiyyəti mövcuddur. Lakin, fond ləğv prosesində olan banklara qarşı qaldırılmış iddialara müstəqil olaraq cavabdehlik daşıya bilməz, fondun iddiaçı qarşısında heç bir öhdəliyi olmaması baxımından hazırkı iddia təmin oluna bilməz. Yəni, hazırkı iddia Əmanətlərin Sığortalanması Fonduna qarşı deyil, ləğv prosesində olan banka qarşı yönəlməli idi, fond isə həmin bankın ləğvedicisi kimi təmsil oluna bilərdi və iddia məhz iddiaya cavab verməli olan şəxsə yönəlməməsi əsası ilə rədd olunmalıdır.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qətnamədə göstərilən əsaslarla rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalı, şikayət qismən təmin olunmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)- 2130/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)- 2130/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün məlumat vermə öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar