Məhkəmə qərarları › İş №2(103)-5202/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5202/2025

20.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5202/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.20285-ci il tarixli, 2(009)-1322/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin X13 Müştəri Xidmətləri şöbəsinə müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona xx.xx.2024, xx.xx.2024 və xx.xx.2025-ci il tarixli məktublar ünvanlanmış, qeyd edilmişdir ki, araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir) xəbərdarlıq müddətinin tələbi gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı yenidən işə bərpa edilib və nəticəsi barədə X10 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədi ilə Cavabdeh MMC-nin rəbhərinə göstəriş xarakterli məktub göndərilmişdir.

3. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-27/3-2-47/2023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin fəaliyyətində səmərəliyin və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Cavabdeh MMC-nin X24 Filialı, X19 Filialı, X25 Filialı, X20 Filialı, X21 Filialı, X15 Filialının strukturları təsdiq edilməsi, Cavabdeh MMC-nin bu əmrin 1-ci hissəsində qeyd edilən regional bölmələrinin ştat cədvəlləri təsdiq edilməsi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin 2020-ci il 19 oktyabr tarixli 132/20 nömrəli Əmrinin 1-ci hissəsi ilə təsdiq edilmiş X21 Filialının, Ucar, Kürdəmir, Zərdab, X11 strukturları ləğv edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 3-27-109/9/2/3-1- 11481/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-27-109/9/2/3-1-11474/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-27- 109/9/2/3-1-11476/2023 nömrəli xidməti məktubları göstərilmişdir.

4. Qazax 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞQ/1-00118 saylı arayışından görünür ki, İddiaçı işə bərpa tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2025-ci il tarixi, İMS üçün müraciət tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir.

5. İddiaçı tərəfindən ilkin olaraq Ağstafa rayon Məhkəməsinə müraciət edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli ixtisaslı rabitə işçisi olaraq xx.xx.2009-cu il tarixdən X1 6 saylı poçt filialının 113 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müəssisədə müvafiq vəzifələrdə xx.xx.2023-cü il tarixədək işləmişdir, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməklə tutduğu vəzifəsindən azad olunması barədə əmr verilmişdir. Onun həmin əmrdən xəbəri olmamışdır. Çünki əmri ona rəsmi qaydada təqdim etməmişlər, amma ki, işdən çıxmasını və işə gəlməməsini bildirmişlər. Belə olan halda o, rəhbərliyinə oğlu X18 vətən müharibəsinin qazisi olduğunu və həyat yoldaşı X5 Birinci Qarabağ müharibəsinin veteranı olduğunu bildirməsinə və qanunvericliyin norma və prinsiplərinə uyğun olaraq ştat cədvəlində ixtisar gedəcəyi təqdirdə onun məhz digər işçilərdən sonra ixtisara düşməsini vurğulamasına baxmayaraq bir tək onu ixtisar etmişlər. Belə olan halda o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti idarəsinə şikayətlər etmiş, həmin şikayətlərinə əsasən onu əsassız olaraq işdən azad etdikləri üçün yenidən işinə bərpa olunması üçün göstəriş verdiklərini bildirmişlər. Lakin cavabdeh tərəf haqlı olduğunu iddia etməklə onu işinə bərpa etmək istəmir. xx.xx.2023-cü il tarixdən onu aldatmaqla nə onun rəsmi qaydada işdən çıxma əmrini vermək istəməmişlər, nə də ki, onu işinə bərpa etmirlər, ancaq və ancaq onu yalan vədlərlə aldatmaqla yola verirlər. O, dəfələrlə Əmək Müfəttişliyinə müraciətlər etmiş, qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməmiş və işdən çıxma əmri ona verilmədiyi üçün müddəti ötürmüşdür. Odur ki, həmin ötürülmüş olan müddəti bərpa edərək işə mahiyyəti üzrə baxılmasını həyata keçirməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun işdən çıxarılması barədə iş üzrə Cavabdeh MMC-nin Milli Operatoru tərəfindən tətbiq edilmiş olan xx.xx.2023-cü il tarixli 3-27-109/3-2-2533/2023 nömrəli əmrinin ləğv edilməsi, onun həmin işə bərpa edilməsi, məcburi buraxılmış olan iş günlərinə görə məvacibin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək iddia tələblərinin həm iddia müddətinin keçməsi, həm də əsassız olması ilə əlaqədar rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərmişdir ki, Cavabdeh MMC-nin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-27/3-2-47/2023 saylı əmr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 4 təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, 3- 27-109-2/1687 saylı rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Lakin iddiaçı həmin xəbərdarlıq məktubunu imzalamaqdan imtina etmişdir. Daha sonra Cavabdeh MMC-nin idarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev tərəfindən X25 Filialının yeni strukturunun yaradılması və filialın struktur bölmələrində müvafiq ixtisarların keçirilməsi ilə əlaqədar, filialın Ağstafa müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmalarına münasibət bildirilməsi üçün "xxxx" MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinə xx.xx.2023-cü il tarixində məktub ünvanlanmışdır. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmasına etiraz edilməmişdir. Nəticədə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2533/2023 nömrəli əmr imzalanmışdır. İddiaçının X10 Xidmətinə ünvanladığı müraciətlə bağlı bildirir ki, bununla bağlı X10 Xidmətinə “Azərpoçt" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 3-27-109/2- 2147/2024 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilir ki, Cavabdeh MMCnin təşkilatı strukturunda həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar X22 ləğv edilmiş və filialın şöbələri X25 Filialına birləşdirilmişdir. Buna görə də yeni strukturda İddiaçı vəzifəsi (ştatdankənar əməliyyatçı) nəzərdə tutulmamışdır. Belə ki, X25 Filialında İddiaçı təklif olunacaq müvafiq vakant yer olmadığına görə, vəzifəsinin ixtisara düşməsi barədə ona edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmiş və ona orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının ştatı ixtisara düşərkən işəgötürən tərəfindən işçinin maraqlarının qorunması üçün bütün tədbirlər görülmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində qəbula gəlmiş və işəgötürən tərəfindən ona başqa vəzifə təklif edilmiş, həmçinin işçinin peşə biliklərinin və bacarıqlarının təklif edilən yeni vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə imtahan təşkil edilmişdir. Lakin işçi işəgötürən tərəfindən təşkil edilən imtahan zamanı uğurlu nəticə göstərməmiş, bu səbəbdən onun təklif edilən yeni vəzifə üzrə işə götürülməsi mümkün olmamışdır. Hətta 2025-ci ilin may ayında da təkrar müraciət olunmuş, bildirmişdir ki, “məhkəmədə görüşərik”. İddiaçının işdən çıxarılması proseduru zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin bütün tələbləri gözlənilmişdir.

9. Eyni zamanda cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürməklə məhkəməyə müraciət etmişdir. O? Əmək Müfəttişliyinə dəfələrlə müraciət etmiş, lakin məhkəməyə vaxtında müraciət etməmişdir.

10. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, 2009-cu ildən poçt daşıma mərkəzində mühəndis vəzifəsində işləmiş, sonra onu əsassız olaraq 2019-cu ildə işdən çıxarmışlar, onun şikayətinə məhkəmədə baxılmamışdır. 2019-cu ilin iyul ayında müddətsiz X16 əməliyyatçı vəzifəsində işləmiş, lakin ona hər hansı bir iş verilməmiş, iş görməmişdir, 2023-cü ildə əsassız olaraq işdən azad edilmişdir. Bununla bağlı, Əfqan müəllimin qəbulunda olmuş, ona bildirmişdir ki, səhv ediblər, DOST Mərkəzinə müraciət edəcəklər, o, işə götürüləcək. Bir neçə gündən sonra DOST Mərkəzinə sənədlər göndərmiş, lakin onu çağırmamışlar. X8 müraciət etmiş, demişlər ki, hüquqları pozulmuşdur. O, Nazirliyə müraciət etmiş, ona bildirmişlər ki, müqavilə üzrə məhkəməyə 3 il müddətində müraciət edə bilər, ona görə də müddəti ötürməmişdir. O, heç bir yerə imtahan verməmişdir. Cavabdeh düzgün olmayaraq guya onun imtahan verə bilmədiyini qeyd edir.

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.20285-ci il tarixli, 2(009)- 1322/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilməmişdir.

12. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının tutduğu ştat işəgötürən tərəfindən ixtisar olunmuş və işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən ona bu barədə qanunda nəzərdə tutulmuş qaydada dörd təqvim həftəsi qabaqcadan rəsmi xəbərdarlıq verilmiş, onun işdən azad olunması ilə əlaqədar Həmkarlar Təşkilatına təqdimat verilmiş, X2 tərəfindən iddiaçının işdən azad olunasına razılıq verilmişdir.

13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə birlikdə əməliyyatçı vəzifəsində daha 6 şəxs işləmiş, iddiaçının əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanılmışdır. Digər işçilərin əmək müqaviləsi iddiaçı ilə bağlanan əmək müqaviləsindən əvvəl bağlanılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olduğundan, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanıldığından, iş keyfiyyəti nəzərə alınmaqla işəgötürən digər əməliyyatçılara münasibətdə iddiaçının işdən azad olunması qənaətinə gəlmiş və onun bu təklifinə Həmkarlar Təşkilatı tərəfindən razılıq verilmişdir. Məhkəmə iclasında iddiaçı özü də etiraf etmişdir ki, əmək müqaviləsi bağlandığı vaxtdan və işdən çıxdığı vaxtadək heç bir iş görməmişdir.

15. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, işəgötürən cavabdeh tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılaraq ona başqa işə qəbul olunması üçün imtahandan keçməsi təklif olunmuş, lakin iddiaçı həmin imtahandan keçə bilməmiş, bununla da təklif olunan işə qəbul oluna bilməmişdir. İkinci dəfə təklif olunan işlə əlaqədar imtahandan keçməkdən iimtina etmişdir. Məhkəmə iclasında iddiaçının ştat vahidinin ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən qanunvericiyin yuxarıda qeyd edilən normaların tələbləri baxımından bütün prosedur qaydalara düzgün riayət edildiyini müəyyən edilmişdir.

16. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır.

17. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir.

18. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər.

19. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, məhkəməyə 2025-ci ilin may ayında müraciət etmişdir. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Əmək Müfəttişliyinə müraciət etməsi, qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməməsi və işdən çıxma əmri ona verilməməsi ilə bağlı olduğunu qeyd etmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı gətirdiyi dəlillər məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, onun xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir.

23. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissədə də əsassızdır və təmin edilməməlidir.

24. Beləliklə? məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 42, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 71, 77-ci maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərinə, 77, 78, 80.1, 80.2, 296-cı maddəsinin 2-ci, 3-cü, 6-cı bəndlərinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi müəssisədə onunla yanaşı daha 6 nəfər qadın cinsindən olan şəxslər eyni əmək funksiyasınıəməliyyatçı vəzifəsini icra etmişdir. Həmin işçilərin içərisində yalnız o, poçt rabitəsi sahəsində ali təhsilli ixtisas sahibi olmuş və 2009-cu ildən bu sahədə müxtəlif vəzifələrdə çalışmışdır. Buna baxmayaraq işəgötürən müəssisədə struktur dəyişikliyi adı altında yalnız onu işdən azad etmişdir. Həm də işdə saxlanılan şəxslərin heç birinin nəinki poçt sahəsi üzrə, ümumiyyətlə ali təhsili olmamışdır. Lakin həmin işçilər yaş baxımından ondan cavan olmaqla, iş stajları da olduqca az olmuşdur. Hesab edir ki, kifayət qədər üstünlükləri olmasına baxmayaraq işdən azad edilməsi ona qarşı ayrı-seçkiliyin aləmətidir, ƏM-in 16.1ci normasının ona münasibətdə kobud şəkildə pozulmasıdır. Məhkəmə iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlandığını və 3 aylıq sınaq müddəti ilə bağlandığını göstərərkən 51.1-ci normasının tələblərinə də əhəmiyyət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış Əmək müqaviləsində onunla müqavilənin 3 aylıq sınaq müddətinə bağlandığı öz əksini tapsa da, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 4 ildən artıq müddətə həmin müəssisədə işləmişdir. İddiaçının yerinə yetirdiyi əmək funksiyasının şərtləri və əməliyyatçının göstərdiyi xidmətin daimi xarakteri əvvəlcədən bəlli olduğundan cavabdeh tərəfin onunla əmək müqaviləsini 3 ay müddətinə-müddətli bağlaması barədə məhkəməyə söylədikləri və məhkəmənin bunla razılaşması ƏM-in 45-ci normasının tələblərinə zidd olmuşdur. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndində də onunla bağlanmış müqavilənin müddətsiz olması göstərilməsi, sübutlara qiymət verilərkən hakimin diqqətindən qaçmışdır. Azərbaycan Respublikası ƏƏSMN-in X10 Xidmətinin iddiaçıya ünvanladığı 3-17- 5/2-T-47159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 11 oktyabr 2024-cü il tarixli, 3-17-5/2-T-71648/2024 nömrəli məktublardan da görünür ki, adıçəkilən səlahiyyətli qurumun araşdırmasına əsasən iddiaçıya münasibətdə cavabdehin ƏM-in 77-ci normasının tələblərini pozması göstərilir. Məhkəmə isə nədənsə sübutlara qiymət verərkən X10 Xidmətinin həmin məktublarında göstərdiyi, yəni cavabdehin iddiaçıya münasibətdə ƏM-in 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmasına əhəmiyyət verməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün iddiaçının əmək müqaviləsinin müddətli, yəni 3 ay müddətinə bağlandığını və adıçəkilən poçt filialında olan işçilərin İddiaçı əvvəl həmin müəssisədə işlədiyini göstərsə də, iş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu ildə doldurulmuş, İddiaçı məxsus Əmək kitabçasından da görünür ki, iddiaçı xx.xx.1990xx.xx.2008-ci illər tarixlərində Ağstafa Rayon Mərkəzi Xəstəxanasında kadrlar üzrə müfəttiş vəzifəsində əmək fəaliyyətinə başlamış, daha sonra xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixədək “X6”nin 113 saylı poçt şöbəsində, həmin qurumun 6 saylı filialının 130 saylı və 108 saylı poçt şöbələrində əməliyyatçı vəzifələrində işləmiş, daha sonra xx.xx.2014-ci il tarixdən başlayaraq “Poçt Daşıma” Mərkəzinin çeşidləmə sexinə çeşidləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-ci il tarixdə həmin mərkəzin çeşidləyici sexinə əməliyyatçı vəzifəsinə, xx.xx.2015-ci il tarixdən keyfiyyətə nəzarət və sorğular şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2015-ci ildən 11-ci dərəcəli mühəndis vəzifələrində çalışmışdır. Əmək kitabçasından həmçinin o da görünür ki, xx.xx.2019-cu il tarixində o, işdən azad edilmiş, xx.xx.2019-cu il tarixində Cavabdeh MMCin X23 Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmiş, və şöbə müdürinin xx.xx.2023-cü il tarixli Əmrilə adıçəkilən poşt şöbəsində struktur dəyişikliyini əsas gətirərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə - “işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən” göstərişinə əsasən tutduğu vəzifədən çıxarılmışdır. Göründüyü kimi, iddiaçı ali təhsilli rabitə mütəxəssisi olmaqla 1990-cı ildən əmək fəaliyyətinə başlamış, sonuncu iş yerindən azad edilənədək onun ümumi olaraq ən azı 33 il iş stajı olmuş, həmin 33 ilin 14 ilini poçt və rabitə sənayesi sahəsində, yəni 2009-2023-cü illər ərzində əməliyyatçı, çeşidləyici, müxtəlif dərəcəli mühəndis, son olaraq yenidən əməliyyatçı vəzifələrində çalışmışdır. İddiaçının çalışdığı poçt şöbəsində ondan başqa çalışan 6 nəfər əməliyyatçının heç birinin poçt sahəsində əmək stajı onunki kimi uzunmüddətli olmamaqla yanaşı, həmin 6 nəfər işçinin heç birinin ali təhsili belə olmamışdır. Məhkəmə iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqavilsinin müddətli - 3 ay müddətinə bağlandığını göstərsə də, həmin Əmək müqaviləsinin 2.1-ci bəndində müqavilənin müddətsiz bağlanması barədə təsbit edilmiş bəndə əhəmiyyət verməmiş və bununla da müqavilənin 2.1-ci bəndi ilə 2.3-cü bəndi arasındakı ziddiyyəti İddiaçı xeyrinə qətnamədə şərh etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, iddiaçı ilə bağlanmış müqavilənin müddətli olduğunu qətnamədə qeyd edən məhkəmə nəyə görə işəgötürən tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 3 ay müddət bitdikdən sonra, yəni xx.xx.2019-cu il tarixində deyil, 4 il, 3 ay sonra (51 ay sonra ), yəni xx.xx.2023-cü il tarixində xitam verilməsinə aydınlıq gətirməmişdir. Göründüyü kimi, müvafiq poçt şöbəsində struktur dəyişikliyi adı altında 7 əməliyyatçıdan yalnız iddiaçının işçilərin sayının ixtisar edilməsi adı altından işdən azad edilməsinə məhkəmə qiymət verərkən məhkəmə müəyyən etməmişdir ki, cavabdeh- Cavabdeh MMC-in 6 saylı poçt filialının 113 saylı poçt şöbəsində aparılan struktur dəyişikliyi yalnız əməliyyatçı vəzifəsində işləyən İddiaçı işdən çıxarılması ilə əlaqədar olmuşdurmu? Məhkəmə həm də müəyyən etməmişdir ki, nəyə görə struktur dəyişikliyi adı altında 7 əməliyyatçıdan yalnız poçt sahəsi üzrə uzun müddət iş təcrübəsi olan iddiaçı işdən azad edilmiş, digər əməliyyatçıların isə həmin sahədə işləmə üçün müvafiq peşə təhsili olmamasına baxmayaraq həmin 6 nəfərin işdə saxlanılmasına üstünlük verilmişdir? İddiaçı yalnız onun işdən azad edilməsini məhkəmə baxışı zamanı onunla əlaqələndirmişdir ki, əməliyyatçı vəzifəsində işləyənlərin hamısı qadın olmaqla, onunla həmyerlidir, onların hamısını yaxından tanıyır, biri istisna olmaqla digərləri yaş baxımından ondan cavan olmuşdur. O, işdən azad edildikdən sonra əməliyyatçılardan biri - X3 adlı yeni əməliyyatçı da işə qəbul edilmişdir. Baxmayaraq ki, Cavabdeh MMC tərəfindən məhkəməyə göndərilmiş məktubda adıçəkilən şəxsin –işə başladığı tarix– xx.xx.2018-ci il, əmək müqaviləsinin müddəti –müddətsiz olaraq göstərilmişdir. Məhkəmə həmin məktubun həqiqiliyini müəyyən etmək üçün iddiaçı tərəfindən verilmiş vəsatəti təmin etməmiş və adıçəkilən quruma müvafiq sorğu göndərməmişdir. Məhkəmə qətnamədə qarşı tərəfin məktubuna və izahatına istinad edərək, guya ki, iddiaçının-işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanın araşdırılaraq onun başqa işə qəbul olunması üçün cavabdeh tərəfindən imtahandan keçməsi təklif olunduğunu, lakin iddiaçının həmin imtahandan keçə bilmədiyini, bununla da təklif olunan işə qəbul oluna bilmədiyini və ikinci dəfə təklif olunan işlə əlaqədar imtahandan keçməkdən iimtina etdiyini göstərməsi də tamamilə əsassızdır. Belə ki, iddiaçı onun digər vəzifəyə keçirilməsi ilə bağlı hər hansı imtahan keçirilmədiyini, cavabdeh tərəfin ona imtahan keçirilməsini təklif etdiyini, o isə bundan məhkəməyə müraciət edəcəyini bildirərək imtahan vermək təklifindən imtina etdiyini, Ağstafa Müştəri Xidmətləri Mərkəzində ən aşağı vəzifənin əməliyyatçı vəzifəsi olduğunu bildirməklə yanaşı, imtahanın kimlər tərəfindən, hansı tarixdə keçirilməsi və nəticələrinə dair yazılı sənədlərin cavabdehdən tələb edilərək məhkəməyə təqdim edilməsi barədə vəsatət versə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Məhkəmə qətnamədə həmçinin iddiaçının işdən azad edildikdən sonra, işəgötürənin qanunsuz əməlindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə dəfələrlə şikayət etməsinə və həmin qurumun iddiaçının şikayətini araşdıraraq onun qanunsuz olaraq işdən azad edilməsi nəticəsinə gəlməsinə və onun yenidən işə bərpa edilməsi məqsədilə Cavabdeh MMC-yə göstəriş xarakterli məktublar göndərməsinə də əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin3-17-5/2-T47159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya aid sənədlərin araşdırılması üçün tam şəkildə onlara təqdim edilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə məktub ünvanlasa da, həmin məktuba heç bir cavab verilməmişdir. Eyni zamanda, iş materiallarında olan X4 xx.xx.2024-cü il tarixli, 3-17-5/2-T-71648/2024 nömrəli məktubunda iddiaçının işdən azad olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu qeyd edilməklə, onun yenidən işə bərpa edilib nəticələri barədə X10 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh MMC rəhbərliyinə göstəriş xarakterli məktublar göndərildiyi göstərilmişdir. Məhkəmə həmçinin iddiaçının həyat yoldaşının Birinci Qarbağ müharibəsi veteranı olduğunu və 20 ildən artıqdır ki, vəfat etdiyini, yeganə oğlunun isə İİ Qarabağ müharibəsi veteranı olduğunu və döyüşlər zamanı bədən xəsarəti aldığını, psixikasının pozulduğunu və buna görə İİİ qrup əlillik dərəcəsi aldığını, hal-hazırda da xəstəliyi ilə əlaqədar işləmədiyini və onun himayəsində yaşadığını və buna görə də ona güzəşt edilmədiyini iddia ərizəsində və izahatında göstərməsinə baxmayaraq məhkəmə göstərilən hallara da münasibət bildirməmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə də tamamilə əsassızdır. Belə ki, qətnamədən bilmək olmur ki, məhkəmə iddia tələbini iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd etmiş yoxsa, onun işdən çıxarılmasını ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən düzgün hesab etmişdir. İş materillarından da görünür ki, iddiaçı müddətin bərpası barədə vəsatət verərək, həmin vəsatəti onunla əsaslandırıb ki, işdən azad edilməsi haqqında işəgötürənin müvafiq Əmrini indiyədək ala bilməmiş (cavabdehin nümayəndəsi də həmin Əmrin iddiaçıya verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir), ona yalnız işdən çıxarılması haqqında şifahi olaraq məlumat verildiyini, bu barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. X10 Xidmətinin iddiaçıya ünvanladığı 3-17-5/2-T-47159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 3- 17-5/2-T-71648/2024 nömrəli və 3-17-5/2- T-1177/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli məktublarında bu barədə araşdırılma aparıldığını və onun işdən azad edilməsinin qanuni olması və yenidən işə bərpa olunması məqsədilə Cavabdeh MMC-yə göstəriş xarakterli məktublar ünvanlandığı göstərildiyinə, o da həmin qurumun göstərişlərinin cavabdeh tərəfindən icra ediləcəyini və işinə bərpa ediləcəyinə ümid etdiyindən hazırkı iddia tələbi ilə göstərilən müddətdə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, əgər məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmışsa, bu onun təqsiri üzündən baş verməmişdir. Yuxarıda qeyd edilən üzürlü səbəblərdən müddət buraxılmışdır. Ona görə də məhkəmənin müddətin buraxılması barədə qətnamədə göstərdikləri də əsassız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək iddia ərizəsinə qarşı verilmiş etirazın mətninə uyğun olmaqla əsaslandırmış, həmçinin qeyd etmişdir ki, iddiaçının fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müracət etməsi ilə əlaqədar nəinki 1 aydan çox, hətta 1 ildən daha çox vaxt keçdiyi üçün iddia müddəti ötürülmüşdür.Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüş və məhkəməyə iddia müddətinin bərpa edilməsi üçün əsaslı və üzürlü səbəb təqdim edə bilməmişdir. Məhz bu səbəbdən iddia məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddənin tələbinin imperativ göstərişli olmadığına baxmayaraq, iddiaçının ştatı ixtisara düşərkən işəgötürən tərəfindən işçinin maraqlarının qorunması üçün bütün tədbirlər görülmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində qəbula gəlmiş və işəgötürən tərəfindən ona başqa vəzifə təklif edilmiş, həmçinin, işçinin peşə biliklərinin və bacarıqlarının təklif edilən yeni vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə imtahan təşkil edilmişdir. Lakin işçi işəgötürən tərəfindən təşkil edilən imtahan zamanı uğurlu nəticə göstərməmiş, bu səbəbdən onun təklif edilən yeni vəzifə üzrə işə götürülməsi mümkün olmamışdır. AR Əmək Məcəlləsinin 78.1-ci maddəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Maddənin tələbindən göründüyü kimi, ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin ixtisar zamanı işdə saxlanılmasında üstünlük hüququ vardır. Lakin elə həmin maddədə müəyyən edilmişdir ki, müvafiq peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənə aiddir və onun müstəsna səlahiyyətidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdilər və şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçıya verilmiş suallara cavab olaraq bildirdi ki, oktyabrın 15-də Əfqan müəllimin qəbulunda oldu, bildirdilər ki, səhv olub, DOST mərkəzinə müraciət olunsun, ondan bir ay sonra sənədləri ona göndərdilər. Məhkəməyə gec müraciət etməsi Cavabdeh MMC-nin işə düzələcəyi barədə vədləri ilə bağlı olmuşdur.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70,“b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 296. İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296. İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: - İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

35. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: - İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

36. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: - Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. - Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə cavabdeh - işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür.

43. Belə ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2025-ci il tarixdə mediasiya təşikilatına müraciət etmiş, Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli arayışından sonra xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir.

44. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Əmək Müfəttişliyinə müraciət etməsi, işdən çıxma əmrinin ona verilməməsi və qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməməsi ilə əsaslandırmışdır.

45. İddiaçının məhkəmə iclasında bildirdiklərindən belə qənaətə gəlmək olur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə sənədlər 2023-cü ilin sonunadək ona təqdim edilmişdir. Bundan başqa, X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçıya son haqq-hesab cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir.

46. Əmək qanunvericiliyin tələblərinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

47. İşdən görünür ki, iddiaçı məhkəməyə deyil, bir neçə dəfə X12 Xidmətinə müraciət etmiş, mediasiya təşkilatına və məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən bir ildən çox müdət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar iddia müddətinin ötürülməsinin üzrlü sayılması üçün əsas sayıla bilməz.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, bu hal da iddianın rədd olunması üçün əsasdır.

49. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1322/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar