Məhkəmə qərarları › İş №2(103)-5206/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5206/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5206/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: dövlət mənzil fondu evlərində yaşayış sahəsindən istifadə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, sübutetmə yükü.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, (iş üzrə 3-cü şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti cəlb edilməklə), iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-731/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 08 sentyabr 2000-ci il tarixli, 866 saylı sərəncamına əsasən X5 (bundan sonra – icarədar) ayrılmış və mənzilə dair verilmiş 033062 saylı orderdə icarədarın ailə üzvləri kimi arvadı İddiaçı (bundan sonra – iddiaçı) və nəvəsi Cavabdeh (bundan sonra - cavabdeh) adları qeyd olunmuşdur.

2. İcarədar 17 avqust 2003-cü il tarixdə ölmüş, lakin mübahisəli mənzilə dair ailə üzvlərindən heç biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır.

3. İlk iddia üzrə cavabdeh 29 oktyabr 2016-cı il tarixdən mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.

4. İlk iddia üzrə cavabdehin on ildən artıq mübahisəli mənzildə yaşamadığı, iddiaçının isə tək yaşadığı barədə qonşular X4, X2 və X1 tərəfindən akt tərtib edilmişdir.

5. Cavabdeh ünvan 3 ünvanda yaşayır. Həmin mənzil 83 nömrəli müqavilə ilə Cavabdeh adınadır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı və faktiki kirayəçisi olduğu mübahisəli mənzilə cavabdehin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilə dair verilmiş 2000-ci il tarixli orderdə adı qeyd olunsa da, anası ilə birlikdə uzun müddət başqa ünvanda qeydiyyatda olmaqla yaşamış, anasının ikinci nikahından sonra qısa müddət ərizində iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamış, daha sonra isə atasının "xxxx" MTK-dan onun üçün aldığı mənzilə köçərək, hal-hazıra kimi daimi olaraq orada yaşayır. Göründüyü kimi, cavabdeh uzun müddət (10 ildən artıq) və daimi olaraq mənzili tərk etdiyindən onun mənzilə dair istifadə hüququ itirilmişdir. İddiaçı isə, 2000-ci ildən mübahisəli mənzildə yaşamaqla, icarədarın ölümündən sonra da oraya faktiki sahiblik etmiş və mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Buna baxmayaraq, 2016-cı ildə cavabdeh onun razılığı olmadan mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Hesab edir ki, hazırda cavabdehin mənzilə dair hüququ yalnız həmin qeydiyyatla bağlıdır ki, bu da formal xarakter daşıyır.

8. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilə köçürülməsi, mənzildən istifadə hüququna iddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, cavabdeh 2000-ci ildən icarədarla birlikdə onun ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və 2003-cü ildə icarədarın ölümündən sonra mənzili öz hesabına təmir etdirməklə anası və qardaşı ilə birlikdə orada yaşamışdır. İcarədarın ölümündən sonra nə onunla, nə də iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamış, 2016-cı ildə mənzilə qeydiyyata düşdükdən sonra iddiaçı ilə münasibətləri pozulmuş, sonuncu, xalasının təsiri ilə onu və anasını mənzildən çıxararaq, kilidi dəyişdirmişdir. Bununla bağlı polisə və müvafiq orqanlara etdiyi müraciətlərə cavab olaraq, aralarında mübahisə olduğundan onun razılığı olmadan mənzilin iddiaçının adına özəlləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Ümumiyyətlə, mənzil hazırda dövlət mülkiyyətində olduğundan iddiaçının onun mübahisəli mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur, mənzilin icarədarları olaraq, onların hüquqları bərabərdir. Belə ki, mənzilə hüququ, iddiaçının dediyi kimi, qeydiyyat əsasında deyil, mənzilə dair verilmiş orderdə adı qeyd olunmaqla icarədarın ailə üzvü kimi yaranmış və iddiaçı tərəfindən mənzildən çıxarılanadək həmin mənzildə yaşamışdır. Eyni zamanda, iddiaçının xüsusi mülkiyyətində başqa mənzili olmaqla, o, dövlət mənzil fonduna məxsus mənzili özəlləşdirmək hüququndan artıq istifadə etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-731/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, mübahisəli mənzil order əsasında 2000-ci il tarixdə icarədara və onunla birlikdə yaşayan ailə üzvləri kimi iddiaçı və cavabdehə verilmişdir. İcarədar xx.xx.2003-cü ildə vəfat etdikdən sonra mənzilin icarədarları olaraq hazırkı iş üzrə mübahisə tərəfləri qalmışdır. Həmin şəxslərin mübahisəli mənzilə olan hüquqları bərabərdir və onlardan heç biri mənzilin mülkiyyətçisi deyildir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ yoxdur.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən mübahisəli məsələyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq olunsa da, tərəflərin mübahisəli mənzilə istifadə hüquqları icarədarın adına verilmiş xx.xx.2000-ci il tarixli sərəncam və order əsasında yarandığından mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəri əsasında həll edilməli idi. İddiaçı 2000-ci ildən mənzilə köçüb orada yaşamaqla və icarədarın ölümündən sonra faktiki sahiblik və idarə etməklə mirası qəbul edərək, icarədar kimi icarə müqaviləsindən irəli gələn vəzifələri hal-hazıradək tək yerinə yetirdiyindən icarə müqaviləsindən irəli gələn hüquqlara da yalnız o malikdir. Cavabdeh isə mənzilə dair verilmiş orderdə adı qeyd olunsa da, iddiaçı ilə birlikdə köçüb mənzildə yaşamamış, ümumiyyətlə, mənzildən istifadə etməmişdir. 15.Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir. 16.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-6174/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbinin faktiki əsası icarədarın adına verilmiş xx.xx.2000-ci il tarixli orderdir. O, məhz həmin orderə istinad edərək, yaşayış sahəsinə köçmək və ondan istifadə etmək hüququ olduğunu bildirir. Belə ki, orderdə iddiaçı ilə yanaşı, onun da mənzilə köçmək və yaşamaq hüququnun olduğu qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması isə nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə birbaşa təsdiq olunmur. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, irəli sürdüyü faktiki hallar tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamış, lakin cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübuta yetirmişdir. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə qənaəti ilə razılaşmamış, lakin bu hal məhkəmənin gəldiyi qanuni və əsaslı nəticəyə təsir etmədiyindən və işdə ilk iddianın əsassızlığını təsdiq edən kifayət qədər sübutlar olduğundan onu qətnamədən xaric etməklə kifayətlənmişdir. Kollegiyanın qənaətinə görə, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur.

Kassasiya instansiyası məhkəməsindəki icraat

18.AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2709/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6174/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya icraatına qaytarılmışdır. 19.Ali Məhkəmənin Mülki Kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamaqla iddianın rədd olunması barədə gəldiyi qənaətini tərəflərin sübutetmə yükünun öhdəsindən gələ bilmələri baxımından əsaslandırmış və birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissəsini qətnamədən çıxarmaqla kifayətləndiyini qeyd etmişdir. Halbuki, həmin hissə çıxarıldıqda birinci instansiya məhkəməsinın iddianın rədd olunması barədə qənaətini əsaslı edə biləcək başqa hissə qalmır. Nə qədər ki, 1-ci instansiya məhkəməsi iddianı yalnız iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı rədd etmişdi və apelyasiya məhkəməsi həmin mövqeyi qəbul etmirdi, onda apellyasiya məhkəməsinə lazım gəlirdi ki, qətnaməni ləğv etməklə idddiaçının təqdim etdiyi sübutlara qiymət verərək, həmin sübutlarla bağlı araşdırma aparmaqla məsələyə MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət versin. Çünki, işə mahiyəti üzrə baxan 1-ci instansiya məhkəməsi təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, onları tədqiq etmədən, sübutların tədqiqində çəkişmə prinspinə riayət etmədən yekun nəticəyə gəlmişdi. 20.Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddiaçının təqdim etdiyi sübutlara hüquq qiymət verilməklə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin tətbiqi imkanları yoxlanılmalı idi. 21.Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddiası ilə bağlı onun izahatlarından başqa, heç bir sübutu olmadığı halda, məhkəmə bu iddianı sübuta yetirilmiş hesab etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasına yönəldiyindən və Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6174/2021 nömrəli qətnaməsi tamamilə ləğv edildiyindən hazırda apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 28.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 29.Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.Maddə 48. Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 31.Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 32.Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 33.Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 34.Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 35.Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı 36.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

37. ...mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. 39.Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli mənzildə qısa müddət ərzində müvəqqəti yaşadığını, sonradan daimi olaraq atası tərəfindən alınmış mənzilə köçdüyünü bildirməklə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. 40.İddiaçının mövqeyindən belə aydın olur ki, o, cavabdehin mübahisəli mənzildə ailə üzvü kimi yaşamaqla istifadə hüququnun yarandığını qəbul edir, lakin sonradan daimi olaraq başqa yaşayış sahəsinə köçməsini əsas gətirməklə bu hüququn itirildiyinə istinad edir. 41.İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində məhkəməyə "xxxx" MTK-nın, "xxxx" ASC-nin arayışlarını, qonşuların aktını təqdim etmişdir. 42."xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdeh ünvan 3 ünvanda 2015-ci ildən yaşayır. Həmin mənzil 83 nömrəli müqavilə ilə Cavabdeh adınadır və kommunal xərclər özü tərəfindən ödənilir. 43."xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 83 saylı mənzilin hesabatı "xxxx" ASC-nin elektron bazasında xx.xx.2014-cü il tarixindən cavabdehin adına aparılmaqdadır. 44.İddiaçı qonşuluqda yaşayan şəxslərin iştirakı ilə tərtib edilərək imzalanmış akt təqdim etmişdir. Aktı üç nəfər (X4, X2 və X1) imzalamışdır. Onlar cavabdehin 10 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamadığını təsdiq etmişlər. 45.Cavabdeh başqa yerdə yaşamasını və özünün mənzili olmasını özü də mübahisələndirməmişdir. 46.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 47.Baxılan iş üzrə cavabdehin mübahisəli mənzildə yaşamaqla ailə üzvü kimi həmin mənzildən istifadə etmək hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 48.Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələri çıxış edir. 49.xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54). Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar (maddə 123). 50.Sadalanan maddi hüquq normalarının mənasına görə icarədarın (yaşayış evi mülkiyyətçisinin) arvadı (əri), onların uşaqları və valideynləri onun ailə üzvləri hesab olunur. İcarədar (mülkiyyətçi) və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 51.01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. 53.Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. 54.Cavabdeh özü qarşılıqlı iddiasında 2016-cı ildə mənzilə qeydiyyata düşdükdən sonra iddiaçı ilə münasibətlərinin pozulduğunu, bundan sonra onun tərəfindən evdən qovulduğunu bildirməklə, həmin tarixdən sonra mübahisəli mənzildə yaşamadığını etiraf etmiş olur. Bununla yanaşı, cavabdeh həmin mənzildən iddiaçı tərəfindən qovulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, hansı əsaslarla, nə vaxt mənzildən pasport qeydiyatından çıxması, sonradan öz mənzili ola-ola mənzilə pasport qeydiyyatına düşməsinin səbəbləri ilə bağlı məsələlərə aydınlıq gətirməmişdir. Eyni zamanda, cavabdeh bu müddət ərzində mənzildən məcburi çıxarılması, mənzilə köçürülməsi barədə hər hansı orqana və ya məhkəməyə müraciət etməmiş, işə əlavə etdiyi 2020-ci il tarixli ərizələrin məzmunundan isə görünür ki, onun əsas narazılığı mənzilə köçməklə yox, mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, 2016-cı ildən evdən çıxarıldığını bildirən cavabdehin 4 il ərzində heç bir hərəkət etməməsi, yalnız iddiaçının mənzili özəlləşdirmək niyyəti barədə xəbər tutduqdan sonra 2020-ci ildə müvafiq orqanlara ərizə verməsi onun mənzildən qovulmasını barədə qənaətə gəlməyə kifayət etmir. 55.Əksinə işdə olan yazılı sübutlar və tərəflərin izahatları əsasında müəyyən olunur ki, cavabdeh 2015-ci ildən özünə məxsus olan mənzildə yaşayır və həmin mənzilə görə kommunal xərcləri ödəyir. 56.Qeyd olunan hallar cavabdehin 2015-ci ildən mübahisəli mənzildən daimi yaşamaq üçün başqa ünvana köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. 57.Cavabdehin mübahisəli mənzildən istifadə hüququnu itirməsi isə onun həmin mənzilə hüquqi bağlılığını aradan qaldırmaqla, mənzilə köçürülmə və mənzildən istifadə ilə bağlı yaradılan maneələrin aradan qaldırılmasına dair qarşılıqlı iddianın əsassız olmasını şərtləndirir. 58.Kollegiya birinci instansiya məhkəməsinin ilk iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququnun olmamasına dair gəldiyi nəticəni də düzgün hesab etmir. 59.Belə ki, İlk iddiaçı mübahisəli mənzilin mərhum icarədarının arvadı olmaqla, onun ölümündən sonra bu mənzilə dair səlahiyyətli orqanla yeni icarə müqaviləsi bağlamağa hüququ olan şəxsdir. İş materialları ilə də müəyyən edilir ki, ilk iddiaçı bununla bağlı, habelə mənzilin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli orqanlara müraciətlər etmiş, həmin orqanlar tərəfindən verilmiş cavablarda isə mənzilin icarə müqaviləsində digər ailə üzvünün (qarşılıqlı iddiaçının) də olduğu, sözü gedən mənzilin yalnız həmin şəxsin razılığı olmadan özələşdirilməsinin qeyri-mümkün olması göstərilmişdir. 60.Göründüyü kimi, qarşılıqlı iddiaçı mübahisəli mənzili daimi yaşamaq üçün tərk edib getsə də, onun qeyd edilən mənzildə istifadə hüququnun qalması ilk iddiaçının bu mənzillə bağlı gözlənilən hüquqlarını həyata keçirməsinə mane olur. 61.Belə olan təqdirdə, ilk iddiaçının öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olmuşdur. 62.Yuxarıda göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən işin qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. 63.Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia təmin olunmalı, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. 64.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 65.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-731/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı və faktiki kirayəçisi olduğu ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar