Məhkəmə qərarları › İş №2(103)-5208/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5208/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5208/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Yaqubova Könül Rafiq qızının iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinədair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlərtərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2015-ci ildə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra Zaur oğlu İslam ilə iddiaçının mülkiyyətind olanünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə köçmüşdürlər. İddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra iddiaçı cavabdehlərdən dəfələrlə mənzili tərk etməyi tələb etsə də, cavabdehlər onun bu tələbinə əməl etməmişdirlər. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər, apellyasiya şikayətlərində məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, tətbiq olunmalı qanunvericiliyi tətbiq etməməsi, məhkəmə iclasında cavabdehlərin iştirakını təmin etməməsi arqumentlərini irəli sürməklə, şikayətlərini eyni məzmunda olmaqla onunla əsaslandırmışlar ki, iddiaçı ilə Cavabdeh1 2015-ci il dekabr ayında faktiki nikaha daxil olaraq ailə qumuşlar. Onların nikahları rəsmiləşənədək Cavabdeh1, iddiaçının mənzilini əsaslı təmir etmişdir. Çünki həmin vaxt mübahisəli mənzildə yaşamaq mümkün deyildir. Mənzilin təmirində Cavabdeh2 da iştirak etmiş və bu işə böyük əmək sərf etmişdir. Buna görə də iddiaçı Cavabdeh1 da mənzildən isitifadə etməsinə razılıq vermiş və onu həmin mənzilə qeydiyyata aldırmışdır. Lakin bir müddət sonra iddiaçı Cavabdeh1 qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdır. Bildirirlərki, iddiaçı Cavabdeh1la nikaha girərəkən səmimi olmamış və məqsədi onların vəsaiti hesabına evinə təmir etdirmək olmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 52 saylı mənzil MA seriyalı ******* nömrəli çıxarış əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçı ilə xx.xx.2015-ci il tarixdə nikaha girdikdən sonra həmin mənzilə qeydiyyata düşmüşdürlər.İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə pozulsa da, həmin vaxtdan müddət keçməsinə baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlərin İddiaçı ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq sonradan mübahisəsi gedən mənzilə pasport qeydiyyatına alındığı işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan İddiaçı arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xx.xx.2019cu il tarixdə xitam verilmiş və beləliklə də cavabdehlərlə mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə cavabdehlər arasında, sonuncuların mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, keçmiş ailə üzvü olan cavabdehlərin mübahisəsi gedən yaşayış sahəsindən istifadə hüququ həmin dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehləri mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərınin saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuş, məhkəmə haqlı olaraq iddia tələbini təmin edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehlər apellyasiya şikayətlərini ayrı-ayrılıqda versələr də, onların şikayətlərinin məzmunu eyni olduğundan şikayətlərə birlikdə münasibət bildirilməlidir. Məhkəmə iclasında iştiraklarının təmin edilməməsi ilə bağlı apellyatorların arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onların məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdehlər özləri daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kollegiya apellyatorların iddiaçıya məxsus mənzilin olan tərəfindən təmir edilməsi ilə bağlı arqumentina dair onu qeyd edir ki, cavabdehlərin iddiaçıya qarşı məhkəməyə müstəqil iddia tələbi ilə müraciət edərək mənzilin təmirinə sərf etdikləri vəsaiti geri tələb etmək hüquqları vardır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellayatorların özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar