Məhkəmə qərarları › İş №2(103)-5208/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5208/2022

26.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5208/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Paşa Sığorta” ASC-dən 21.000 manat məbləğində sığorta ödənişinin və 14.112 manat dəbbə pulunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-127/2022) iddia qismən təmin edilərək cavabdehdən 14.750 manat məbləğində sığorta ödənişi, 2.289 manat dəbbə pulu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən tərəflər apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali” DRES 1/4045 saylı bağ evi onun mülkiyyətindədir. Bağ evi BB 239297 saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi əsasında, daşınmaz əmlakın icbari sığortası qaydasında "xxxx" ASC-də sığortalanmışdır. Sığorta müqaviləsinin müddəti 1 il təşkil edir və xx.xx.2021-ci il tarixdə qüvvədən düşür. 21 iyul 2020-ci il tarixdən 22-iyul 2020-ci il tarixə keçən gecə və səhərə yaxın əsən fırtına küləyi nəticəsində ona məxsus bağ evinin darvazası (düralüminium materiallı) yararsız vəziyyətə düşmüşdür. Şirkətə sığorta hadisəsi barəsində məlumat verdikdə müraciəti qeydiyyata alınmışdır. Bundan şirkətin mütəxəssisi bağ evinə gələrək sığorta hadisəsini qeydə almış, müvafiq foto-şəkillər çəkilmiş, onun izahatı və ərizəsi alınmışdır. Daha sonra bağ evinə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan ekspert gəlmiş və müvafiq qiymətləndirmə işi aparmışdır. Bir müddət keçdikdən sonra həmin ekspert, şirkətin Sahib adlı əməkdaşı ilə təkrarən bağ evinə gəlmişdir. Sahib adlı əməkdaş ekspertin təqdim etdiyi rəylə razı olmadıqlarını bildirərək, özünün də darvazaya baxmaq istədiyini bildirmişdir. O, darvazaya baxış keçirməyə başlamışdır. Bu zaman qapıya nə qədər ziyan dəydiyini soruşmuş, ekspert isə 11.000 manata yaxın məbləğin müəyyən edildiyini bildirmişdir. Həmin halı sığorta şirkətinin Sahib adlı əməkdaşı da təsdiq etmişdir və həmin məbləğlə razı olmadıqlarından təkrar baxışa gəldiyini bildirmişlər. Halbuki, iddiaçı bir neçə mağaza ilə maraqlanmış və hamısı bildiriblər ki, darvaza təmirə yaramadığı üçün yeni darvaza quraşdırılmalıdır. Yeni darvazanın dəyəri isə 17.000 - 21.000 manat arasında dəyişir. Şirkətin əməkdaşı tərəfindən baxış keçirilərkən darvaza sökülərək yerə qoyulmuş və darvazanın deformasiya olub-olmamasının müəyyən edilməsi üçün lazer cihazdan istifadə olunmuşdur. Yoxlama zamanı darvazanın diaqonal üzrə deformasiyaya uğradığı müəyyən olunmuşdur. Sonradan darvaza yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə şirkətə etdiyi müraciətdən 20 gün keçdikdən sonra ona məxsus ***-***-**-** saylı mobil nömrəyə SMS gələrək darvazanın 2800 manat məbləğində qiymətləndirildiyi qeyd olunmuşdur. Xüsusi ilə nəzərə alınmalıdır ki, darvazanın materialı dür-alüminiumdur və bu cür darvazaların qiyməti yüksəkdir. Ekspertin baxış zamanı darvazanın 11.000 manat civarında dəyərləndirdiyini bildirməsinə, şirkətin əməkdaşının həmin halı təsdiqləməsinə və məhz buna görə onun baxış keçirməsini bildirməsinə baxmayaraq hazırda şirkət sığorta məbləğinin 2800 manat olduğunu bildirir. İddiaçı bu məbləğə etiraz etmişdir və qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirmə fəaliyyətinin aparılması üçün müstəqil ekspertin cəlb edilməsini xahiş etmişdir və "Əmlak Ekspert Mərkəzi” MMC-nin hüquqi şəxs olan müstəqil ekspert kimi cəlb edilməsini təklif etmişdir. Şirkət həmin ekspertin cəlb edilməyəcəyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, şirkətin həmin ekspertlə müqaviləsi yoxdur. Bundan sonra sığorta şirkəti ona 2800 manat məbləğində sığorta ödənişi təklif etməsinə baxmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, xx.xx.2020-ci il tarixdə sığorta obyektinə aid ərazidə fırtına küləyi olmadığından sığorta hadisəsi baş verməmişdir. Bununla da ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı etiraz edərək bildirmişdir ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə baş vermişdir. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təkrar sorğu verilməlidir, çünki sorğu düzgün verilməmişdir. Sığorta şirkəti tərəfindən təkrar sorğu verilmiş və daxil olmuş məktubda sığorta predmetinə dair ərazidə fırtına küləyinin əsməsi bildirilmişdir. Bundan sonra iddiaçı şirkətlə əlaqə saxlamış və təkrarən müstəqil ekspertin cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən arayışa əsasən, ona məxsus bağ evinin darvazası təmirə yaramadığından, yenisi ilə əvəz edilməlidir. Yeni qapının dəyəri isə 21.000 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin məbləği 25.000 manat müəyyən edilmiş, darvazanın dəyəri isə 21.000 manat təşkil etmişdir. Göründüyü kimi, hesablanmış məbləğ müəyyən edilmiş sığorta ödənişi məbləğini aşmır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı qanunvericiliyə dəyişikliyin hazırlıq iclasının keçirilməsindən 2 ay 10 gün keçdikdən sonra qəbul edildiyini və 5 ay 01 gündən sonra qüvvəsini almasını bildirirək iddia tələbinin həcminin artırılmasına dair ərizənin iddia ərizəsinə məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsa da, məhkəmə bu halı əsaslı qəbul etməmişdir. Halbuki, qanunvericiliyə dəyişikliklər məhkəmə baxışı zamanı tətbiq edilmiş və qüvvəsini almışdır. Məhkəmənin hazırlıq iclası keçirilən zaman qeyd olunan dəyişiklik mövcud olmamış və belə bir dəyişikliyin ediləcəyini təxmin edə bilməzdi. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərkən MPM-in 53-cü maddəsi yeni redaksiyada qəbul edilməmiş, dərc edilməmiş və qüvvəsini almamışdır. Məhkəmə qətnamədə texniki səhvə yol verilərək, iş materiallarında olan sənədləri sadalayarkən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə Binə hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatı qeyd etməmişdir. İddiaçı qətnamənin dəbbə pulunun tutulması hissəsində qismən ləğv edilməsi və iddianın həmin hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zədələnmiş əmlakın – həyətyanı sahədə quraşdırılmış darvazanın sığorta predmetini təşkil etməməsinə və sığorta təminatına daxil edilməməsinə ümumiyyətlə diqqət yetirməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış evlərinin hansı hissələrinə təminat verilməsi birbaşa göstərilmişdir və yaşayış evinin həyətyanı sahəsində yerləşən darvaza bu təminata daxil edilmir. Halbuki, məhkəmə sığorta təminatına daxil edilməyən darvazanın zədələnməsini sığorta hadisəsi hesab etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Yəni, həyətyanı sahədə yerləşən darvaza yaşayış evi anlayışı ilə əhatə olunmur və sığorta predmeti hesab olunmur. Eyni zamanda sığorta şəhadətnaməsi ilə konkret olaraq 553.23 kv/m sahəyə təminat verildiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin təqdim etdiyi sənədin “Əsas quruluşlar” bölməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/4045 ünvanında yerləşən evin 553.23 kv/m sahəsinə yaşamalı otaqlar, mətbəx kimi sahələr daxil edilmişdir. Darvaza (3,60x3,0) isə “Tikinti yekuna daxil olmayan sahə” bölməsində öz əksini tapmışdır, yəni 553.23 kv/m sahəyə daxil deyil. İddiaçı apellyasiya baxışı zamanı sonuncu, yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasına gəlməsə də, əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnaməni apellyasiya qaydasında hər iki tərəf mübahisələndirmişdir. Bu səbəbdən də qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalı, iddiaçının apellyasiya şikayəti isə təmin olunmamalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evi iddiaçının mülkiyyətindədir. Sözügedən bağ evi xx.xx.2020-ci il tarixdə sığorta olunmuşdur. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, sığorta haqqı 50 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə Maştağa Hidrometeoroloji stansiyasında 8 ballıq çox möhkəm külək müşahidə olunmuş, bağ evinin giriş-çıxış darvazası yararsız vəziyyətə düşmüşdür. Bağ evinə dair təmir xərci qiymətləndirici ekspert tərəfindən 2800 manat müəyyən edilmişdir. Qiymətləndirilmənin nəticələrinə əsasən, hazırda bağ evində quraşdırılmış və baxış keçirilmiş darvazanın yenisinin bazar dəyəri 21.000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli 10/212-9/155 saylı rəyi ilə bağ evinin giriş-çıxış darvazasının istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən 15.000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının tələbi cavabdehdən 21.000 manat məbləğində sığorta ödənişinin və 14.112 manat dəbbə pulunun tutulması barədədir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 135.4. 135.10, 922.2, 926.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13, 35.1, 36.1.8, 40.1-ci maddələri ilə əsaslandırmış və işdə olan sübutları və ekspert rəyini nəzərə alaraq dəymiş zərəri 14.750 manat, dəbbə pulunu 2.289 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İşdən göründüyü kimi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı 553,23 kvm ümumi sahəsi olan bağ evi üzərində mülkiyyət hüququ və həmin evin yerləşdiyi 0,037079 ha torpaq sahəsi üzərində istifadə hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin çıxarışa əsasən bağ evi iddiaçının, onun yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətdədir. İddiaçının sığorta predmetinə aid etdiyi darvaza istifadədə olan torpaq sahəsində yerləşir. Mülki Məcəlləyə görə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır (maddə 886.3). Baxılan iş üzrə Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsində sığorta predmeti kimi Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40-45 ünvanında yerləşən bağ evi göstərilmişdir. Sığorta şəhadətnaməsində sığorta predmetinə bağ evinin giriş-çıxış qapısına dəyən ziyanla bağlı risklərin sığortalandığı, ona dəyən ziyan və zərərlərə təminat verildiyi qeyd olunmamışdır. Sığorta şəhadətnaməsində konkret olaraq 553.23 kv.m sahəyə malik evə təminat verildiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin təqdim etdiyi sənədin “Əsas quruluşlar” bölməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/4045 ünvanında yerləşən evin 553.23 kv/m sahəsinə yaşayış otaqları, mətbəx kimi sahələr daxil edilmişdir. Darvaza (3,60x3,0) isə “Tikinti yekuna daxil olmayan sahə” bölməsində öz əksini tapmışdır, yəni 553.23 kv/m sahəyə aid edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir (maddə 1.0.1). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir (maddə 35.4). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun daşınmaz əmlakın anlayışını verərkən bura üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektləri aid etmişdir. Göründüyü kimi mübahisə predmeti olan bağ evinin giriş-çıxış qapısı (darvaza) bu kateqoriyaya aid deyildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsində isə daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış evlərinin hansı hissələrinə təminat verilməsi birbaşa göstərilmişdir. 35.4-cü maddənin məzmunundan da göründüyü kimi, yaşayış evinin həyətyanı sahəsində yerləşən darvaza təminata daxil edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Yəni, həyətyanı sahədə yerləşən darvaza yaşayış evi anlayışı ilə əhatə olunmur və sığorta predmeti hesab edilmir. İşin apellyasiya baxışı zamanı bağ evinə dair texniki pasportu, tərtib olunmadığı halda bağ sahəsinin texniki göstəriciləri, həmçinin darvazanın texniki göstəricilərə və evin tərkib hissəsinə daxil olub-olmaması barədə Daşınmaz əmlakın dövlət kadastr və reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazı İdarəsinə sorğu verilmiş, lakin həmin orqan tədqiqat obyektinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından həmin məlumatları işə baxan məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Daşınmaz əmlakın dövlət kadastr və reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən sorğuya cavab verilməməsi iş üzrə yekun qərar qəbul etməyə mane olmur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün yetərlidir. Həm də mübahisələndirdiyi darvazanın sığorta predmetinə aid olmasını və sığorta şəhadətnaməsi ilə ona təminat verilməsini sübut etmək MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının vəzifəsidir. İddiaçı isə həmin darvazanın sığorta predmetinə aid olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhz bu əsasla sığorta ödənişini verməkdən imtina etmişdir. Mülki Məcəlləyə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır (maddə 935.1). Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, cavabdehin sığorta ödənişi ödəməkdən imtinası qanunidir və ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar