Məhkəmə qərarları › İş №2(103)-5209/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5209/2022

26.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5209/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5493/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı 18 dekabr 1997-ci il tarixdən 19 avqust 1998-ci il tarixədək Goranboy rayonu ərazisində döyüş bölgəsində həqiqi hərbi xidmət keçmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 02 may 2018- ci il tarixli, 878 nömrəli qərarına əsasən Ağdaş RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 03 may 1998-ci ildə aldığı və 03 may 1998-ci ildən 23 may 1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının massiv zədələnməsi ilə dəlib-keçən güllə yaralanması nəticəsində sağ aşağı ətraf funksiyasının cüzi dərəcədə pozulması. Sağ əlin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı dəri çapığı" Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon ƏSMM tərəfindən 20 oktyabr 2006-ci il tarixdə verilmiş 050730 nömrəli vəsiqənin surətinə əsasən, İddiaçı ikinci qrup müharibə əlilidir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 0218003AACMQ nömrəli arayışın surətinə əsasən, xx xxx 1977-ci il təvəllüdlü İddiaçı müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Diaqnoz: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Stasionar müalicə. Qiymətləndirmə 27 iyul 2015-ci ildə keçirilmişdir.

5. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyi tərəfindən verilən 29 yanvar 2016-cı il tarixli vəsiqəyə əsasən İddiaçı 2-ci qrup müharibə əlili statusu verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və travma almışdır. Bu səbəbdən ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Hərbi qulluqçu kimi 2-ci qrup təyin edildikdən sonra ona Dövlət Sığorta Şirkəti tərəfindən sığorta pulu ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şırkətinə müraciət edərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh ona rəsmi olaraq cavab verməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5493/2021 saylı, 30 avqust 2021ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi təmin olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və qanunvericiliyin tələblərində də öz əksini tapmışdır.

11. Məhkəmə mövqeyini "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 1, 2, 4-cü maddələri, 5-ci maddəsinin "ç" bəndi ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

12. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Emin Mehdiye) 2(103)- 11445/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5493/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 1, 2, 4-cü maddələri, 5-ci maddəsinin "ç" bəndinin birinci abzasına əsasən ona ümumi sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi verilməlidir.

15. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur. c) Kassasiya instansiyası məhkəməsində icraat:

16. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2406/2022 saylı, 16 may 2022-ci il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7091/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

19. Belə ki, iş materialları ilə iddiaçının hərbi xidmət dövründə 03 may 1998-ci ildə xəsarət alması və 19 avqust 1998-ci ildə tərxis olunması mübahisəsiz müəyyən olunmuşdur. Lakin onun əlillik dərəcəsini hansı tarixdə almasını dəqiq müəyyən etmək mümkün olmasa da, azı 2006-cı ildə buna dair iddiaçıya vəsiqə verilmişdir.

20. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı 02 may 2018-ci ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun aldığı xəsarətin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq olunmuşdur. Hərbi həkim komissiyasının həmin qərarında qeyd olunmuşdur ki, iddiaçının barəsində qəbul edilmiş komissiyanın 16 oktyabr 2002-ci il tarixli, 258 nömrəli qərarı ləğv edilmişdir. Lakin ləğv olunmuş qərarın surəti işə əlavə olunmamışdır.

21. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinin "c" bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına (xəstələnməsinə) görə sığorta olunanın əlilliyi ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən olunduqda sığorta ödənişi verilməlidir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir.

23. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tam əsassız olmamışdır.

24. Apellyasiya məhkəməsinin "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanununun 5-ci maddəsinin "c" bəndində nəzərdə tutulmuş müddətin hazırki qərarın 15-ci bəndində qeyd olunmuş formada şərh edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən qanunun bu tələbi baxımından mübahisəyə düzgün qiymət verilməmişdir.

26. İşin düzgün həlli üçün iddiaçıya alınan travmaya görə əlillik dərəcəsinin hansı tarixdə müəyyən edilməsi, göstərilən müddət ötürüldüyü halda müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmamış və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

28. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

30. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

31. Kassasiya instansiya məhkəməsi hüquqi mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4,5,7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

32. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1998-ci il tarixdə travma almış, əlillik dərəcəsi isə ona xx.xx.2006-cı il tarixində təyin edilmişdir. Yəni, adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəlki abzasda altından xətt çəkilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

33. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

34. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

35. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 12. İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. İ hissə. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ hissə. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... İV hissə. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Vİ hissə. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. İİİ hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

36. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda: - İİ qrup əlilliyə görə — 60 faiz;

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarında göstərilir ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

40. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

43. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

44. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

45. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

46. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 4.1-ci maddəsi və 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci və üçüncü abzası nəzərdə tutula bilər. Faktiki hallar həmin maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığına görə birinci və apellyasiya instansiya məhkəmələri iddianı haqlı saymışlar, lakin kassasiya instansiya məhkəməsi bu nəticə ilə yuxarıda göstərilən səbəblərdən razılaşmamışdır.

47. İddiaçının hərbi xidmət dövründə xəsarət alması və bunun nəticəsi olaraq İİ dərəcə əlil olması işin mübahisəsiz halıdır. Çünki, bu faktı cavabdeh də mübahisələndirmir.

48. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən hesab edir ki,... iddiaçının əlilliyi ehtiyata buraxıldığı gündən 3 il sonra müəyyən edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki, əlilliyin 3 il müddətində müəyyən olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün əlillik bu müddətdə müəyyən edilməlidir.

49. Məhkəmə təcrübəsində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin hazırki və analoji xarakterli iddialar işlər üzrə demək olar ki, heç vaxt fikir ayrılıqları olmamışdır. Başqa sözlə bu iş üzrə kassasiya instansiyası məhkəməsinin sonuncu mövqeyi nəzərə alınmasa, bu cür iddialar əksər hallarda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasında göstərilən üç illik müddət nəzərə alınmadan təmin olunmuşdur. Yəni, hərbi qulluqçu ehtiyata buraxıldığı gündən üç il sonra da əlilliyin müəyyən edilməsi və bunun səbəblərinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu təsdiq olunduğuna görə bu cür iddiaların təmin olunması barədə yüzlərlə qətnamələr qəbul edilərək qanuni qüvvəsini almışdır.

50. Məhkəmələrin “mübahisəli normaya” yanaşması ondan ibarət olurdu ki, hərbi qulluqçuya hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç il müddətində əlillik müəyyən olunmaması onun təqsirindən deyil, iradəsindən asılı olmayan səbəblərdən baş verir. Bu səbəblər həm şəxsin sağlamlığında gedən proseslərlə əlaqədar ola (hərbi xidmət zamanı alınmış travmanın sonradan ağırlaşması və.s), həm də digər hallarla bağlı, məsələn əlillik dərəcəsi müəyyən edilməsində bu və ya digər səbəbdən marağın və istəyin olmaması və.s ola bilərdi. Buna görə də qeyd olunan müddətin də üzrlü, yaxud üzrsüz səbəblərdən ötürülməsinin iddianın əsaslılığına heç bir təsiri olmadığı qənaətinə gəlinirdi. Çünki, əlilliyin gec rəsmiləşdirilməsi həmin vaxtadək faktiki olaraq əlilliyin olmadığını yaxud hərbi xidmət dövründə alınmış travmanın(xəstəliyin) sığorta hadisəsi sayılmasını istisna etmirdi.

51. Qeyd olunduğu kimi iddiaçının əlil olmasına səbəb olmuş xəsarətin (travmanın) hərbi xidmət dövründə alınması mübahisələndirilməyən faktdır. Əlillik səbəbinin bilavasitə həmin travma ilə əlaqədar olması təqdim olunmuş mötəbər sübutlarla mübahisəsiz təsdiq olunur. Buna görə də, gec müəyyən olunmuş əlilliyə görə iddiaçının sığorta ödənişini almaq hüququndan məhrum edilməsi onun Konstiusiyada nəzərdə tutulmuş bərabərlik və sosial təminat hüquqlarını pozubpozmamasının yenidən şərh edilməsinə zərurət yaradır.

52. Tutaq ki, bir hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç ilin tamam olmasından bir gün əvvəl əlilliyi müəyyən edilir, digərinin isə bir gün sonra, demək ki, kassasiya instansiyası məhkəməsinin sonuncu mövqeyinə görə birinci şəxs üçün hərbi xidmət dövründə aldığı travma sığorta hadisəsi sayılır və buna görə sığorta ödənişi verilməlidir, ikinci şəxsin əlilliyinin müəyyən edilməsi bir gün gec baş verdiyinə görə onun hərbi xidmət dövründə aldığı travma sığorta hadisəsi sayılmır və buna görə sığorta ödənişi verilməsini yumşaq desək Qanun qadağan edir, yaxud mümkün hesab etmir. Əlbətdə ki, bu yanaşmanın açıq-aşkar bərabərlik prinsipinə zidd olmasının əlavə izahına ehtiyac qalmır.

53. Düzdü, Konstitusiya Məhkəməsi Plenumu 28 yanvar 2014-cü il tarixli qərarında göstərmişdir ki,... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı seçkiliyin tətbiq olunmasını qadağan edir. Əslində bu cür şərhin bilavasitə olmasa da hazırki xarakterili iddialar üzrə işlərə baxan məhkəmələr üçün dolayı da olsa məcburiliyi nəzərə alınmalıdır. Çünki, şərhin mahiyyətindən də bəlli olur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilməmişdən xeyli əvvəl, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddət keçdikdən sonra, Qanunun sonradan qüvvəyə minməsi ilə əlaqədar sığortaolunanın əlilliyi müəyyən edilmiş olsa da onlara sığorta məbləğinin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, üç il müddət keçməmiş yaxud üç il keçdikdən sonra əlilliyi müəyyən olunan hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Başqa sözlə bərabərlik prinsipi eyni kateqoriyaya aid şəxslərə ayrı seçkiliyin tətbiq olunmasını qadağan edir.

54. Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında həmçinin vurğulanır ki,... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Göründüyü kimi, əlilliyin müəyyən edilmə tarixinin sığorta hadisəsinin baş vermə faktını inkar etməməsini və bu sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün müstəqil əsas ola bilməməsini artıq Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında müəyyən etmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hüququn bütün prinsipləri, o cümlədən bərabərlik prinsipi həqiqətin müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki iş üzrə iddiaçı xüsusi statuslu kateqoriyaya malik hərbi qulluqçu olmuş və hərbi xidmət dövründə, hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar aldığı xəsarət ilə əlaqədar ehtiyata buraxıldıqdan üç il müddət keçdikdən sonra sığortaolunan kimi əlilliyi müəyyən edilib hadisənin sığorta hadisəsi hesab olunması müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etsə də, yuxarıda şərh olunan səbəblərə görə ona sığorta ödəniş verilməsindən imtina edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə mövqeyi bu kateqoriya şəxslər arasında haqlı narazılıq yaradacağını istisna etmədiyindən bu yeni müraciətin edilməsi zərurətini bir az da artırmış oldu və qaçılmaz etdi.

56. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.6-cı maddəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-3114/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasında nəzərdə tutulan... “üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ,İV,Vİ hissələri və 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğunluğu baxımından və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasının... həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar “üç il müddətindən sonra sığortaolunanın əlilliyi müəyyən edildikdə” bunun sığorta hadisəsi hesab edilməsi və ona görə sığorta ödənişinin bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilməsinin mümkünlüyü konstitusion hüquq olan bərabərlik və sosial təminat hüququ baxımından şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edildi.

57. Müraciətlə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apelllyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.

58. Həmin qərarda qeyd edilir ki, əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən 3 il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilmişdir.

59. Nəzərə alınmalıdır ki, bu müddətin eyni kateqoriyaya aid olan hərbçilərin bir qisminə (Qanun qüvvəyə mindkdən sonra yaranan münasibətlərə) tətbiq edilməsi, digər qisminə isə ümumiyyətlə tətbiq edilməməsi Konstitusiyanınn 25-ci madddəsinin tələbləri və bu maddə ilə bağlı Konstittiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından problemli görünür.

60. Bu səbəbdən hər bir konkret iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyinin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir.

61. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılması zərurətdən irəli gəlmir.

62. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan eyni məzmunlu iş üzrə də bütün hüquqi cəhdlərinə baxmayaraq Konstitusiya Məhkəməsinin Palatası da müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasının zərurətdən irəli gəlmədiyini öz qərardadında təsdiqlədi. Demək, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan kassasiya instansiyası məhkəməsinin qərarında və Konstitusiya Məhkəməsi Palatasının qərardadındakı məcburi göstərişləri nəzərə almaması üçün hüquqi imkanları tükənmiş vəziyyətə gəlmişdir.

63. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5493/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.

64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5493/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar