Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5209/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: vindikasiya iddiası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Nurlan Firudin oğlunun vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1372/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 2388/2021 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə Əliyev Nurlan Firudin oğlunun mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə görə "Kapital Bank” ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlu ilə "X7” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "ATLANT İNŞAAT” MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 2) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə Əliyev Nurlan Firudin oğlunun pay hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə "X7” MMc-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlunun ünvan 3 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi qət edilmişdir.
2. Həmin qətnamədə “Kapital Bank" ASC (ipoteka saxlayan), Əliyev Nurlan Firudin oğlu (alıcı-ipoteka qoyan) və Cavabdeh2 (satıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixdə 48 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə istinad olunmuşdur. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83, 9 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi, 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 120000 manatdır, mənzilin dəyərinin 70000 manatı alıcı-ipoteka qoyan, 50000 manatı isə kreditor-ipoteka saxlayan xx.xx.2011-ci il tarixli 48 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödəməyi, 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipotekaya verməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 83, mənzil 9 xüsusi mülkiyyət hüququ əsasında ½ hissə payı üzrə İddiaçı, ½ hissə payı üzrə Əliyev Nurlan Firudin oğluna məxsusdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaları, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda onun qeyd olunan mənzilə köçürülməyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı cavabdеh Əliyev Nurlan Firudin оğluna qarşı 2021-ci ildə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayоn Məhkəməsinə müraciət еdərək, cavabdeh ilə 17 oktyabr 2008-ci il tarixində qeydə alınmış nikahlarına xitam verilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-468/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əliyev Nurlan Firudin oğlu ilə aralarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2008-ci il tarixdə bağlanmış və 1097 №-si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bu qətnamə artıq qanuni qüvvəsini almışdır. Nikah məhkəmə qaydasında pozulduqdan sonra, o, cavabdehlər Əliyev Nurlan Firudin oğluna, X1 və Əliyev Firudin Məmməd oğluna qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Əliyev Nurlan Firudin oğlu ilə birgə nikahları dövründə əldə edilmiş əmlakların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq ona ödənilməsi, həmçinin ünvan 3 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 manat pulməbləğinin 1/2 hissəsinə onun pay hüququ tanınmaqla, 50.450 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq ona ödənilməsi, eyni zamanda ünvan 3 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38.559,10 manat pul vəsaitinin 1/2 hissəsinə onun pay hüququ tanınmaqla, 19.279,55 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq ona ödənilməsi və ünvan 3 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) onun 1/2 hissədə payı müəyyən edilmiş, əşyalar mövcud olmadığı təqdirdə 8085 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq ona ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə yalnız onun ünvan 3 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və Əliyev Nurlan Firudin oğlunun həmin mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2388/2021 saylı saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən onun ilkin iddia tələbləri qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə onun, ½ hissədə Əliyev Nurlan Firudin oğlunun mülkiyyət hüquqları tanınmışdır. Həmçinin ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə görə "xxxx" ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər onun və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlu ilə “X7” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 2) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə 1/2 hissədə onun, 1/2 hissədə Əliyev Nurlan Firudin oğlunun pay hüququ tanınması və ünvan 2 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə “X7” MMC-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər onun və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi qət edilmişdir. Əliyev Nurlan Firudin oğlunun ona qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilərək iddia Əliyev Nurlan Firudin oğlu ünvan 3 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. X4 Firudin oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 904/2022 saylı Qərarı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Nurlan Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Ha-hazırda ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində 1/2 hissədə onun, 1/2 hissədə Əliyev Nurlan Firudin oğlunun mülkiyyət hüquqlarının tanınması hissəsində Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qanuni qüvvəsini aldığından mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyi şəxsin adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda 1/2 hissədə onun mülkiyyət hüququ tanınmış mənzildə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qanunsuz olaraq yaşayırlar. Bu şəxsləri onun keçmiş həyat yoldaşı həmin mənzilə yerləşdirmişdir. O, mülkiyyət hüququ tanınmış mənzilə bu şəxslər və keçmiş həyat yoldaşının üzündən daxil ola bilmir. Onun tərəfindən keçmiş həyat yoldaşı Əliyev Nurlana cavabdehlərin mənzildən çıxarılmasını, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin satılıb aramızda 1/2 hissədə bölünməsininin vacibliyini bildirmişdir. O, isə onun burada heç bir payın və haqqının olmadığını deyərək ona süni əngəllər yaratmaqla məşğuldur. Bu səbəbdən hüquqların məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil ümumi paylı mülkiyyətdir. Cavabdeh tərəflə paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gəlməsi qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə cavabdehlərin həmin mənzilə hər-hansı hüquqlarının olmadığı tam sübuta yetirilmişdir. Qeyd olunan qətnamənin 9-cu səhifəsində iş üzrə üçüncü şəxs statusunda qəbul edilmiş Cavabdeh2 və onun şahid kimi dəvət etdiyi şəxsin arqumentləri əsassız hesab edilmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdehlərin qeyd olunan mənzilə istifadə hüquqlarının olub-olmaması tam, obyektiv və ətraflı araşdırılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 saylı evin 9 saylı mənzilindən çıxarılmaları; İddiaçı ünvan 1 saylı evin 9 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə hüquqları artıq mövcud deyildir. Cavabdehlərin mənzildə qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz.
8. Həmçinin qeyd etmişdir ki, iş üzrə cavabdehlər mənzilin alqı-satqısından sonra hələ də həmin daşınmaz əmlakı tərk etməmişlər və qanuni əsasla əldə edilmiş əmlak onun mülkiyyətçisinə təhvil verilməmişdir. Mülkiyyətçinin razılığı olmadan cavabdehlərin hazırda həmin daşınmaz əmlakda yaşamaqla istifadə etmələri qanuni hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən cavabdehlər həmin evə dair hüquqlarını itirmişlər.
9. Məhkəmə iddianın iddiaçının “ünvan 4 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1, 152.1, 203.1, 215.1, 215.2-maddələrinə; “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 saylı iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsinə əsasən həmin mənzilin ½ hissəsində Əliyev Nurlan Firudin oğluna məxsus olduğu qeyd edilmişdir. Əliyev Nurlan Firudin oğlu tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı binanın 9 nömrəli mənzil 2011-ci il tarixdə ipoteka alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Hal-hazırda həmin mənzil "xxxx" ASC-də ipoteka ilə yüklü edilibdir. Bundan başqa bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 saylı, 21 iyun 2023cü il tarixli qətnaməsinin ləğv olunma əsaslardan biri də ondan ibarətdir ki, həmin mənzilin ½ payı Əliyev Nurlan Firudin oğluna məxsusdur və Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Əliyev Nurlan Firudin oğluna məxsus olan hissədə qeydiyyatdadırlar və yaşayırlar. Halbuki, Nəsimi Rayon Məhkəməsi tərəfindən bu kimi fakt heç araşdırılmamışdır. Bunu da qeyd etmişdir ki, tərəfindən Əliyev Nurlan Firudin oğlunun hüquqları müdafiə olunaraq, İddiaçı tərəfindən ünvan 4 üzrə alınmış çıxarışın ləğv olunmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunubdur.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat vermiş, şikayətin təmin olunmasını, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iş üzrə İddiaçı yoldaşı üçüncü şəxs qismində cəlb edilməyibdir. İddiaçı və Nurlan müəllim boşandıqdan sonra kredit üzrə onların payları qətnamə üzrə müəyyən olunmuşdur. Kredit tam ödənilməmişdir. Hazırda çıxarış Nurlan müəllimin adınadır. Nurlan müəllim Rüfət və onun ailəsinin orada qeydiyyatda olmasına etiraz etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Çıxarışın ləğvi ilə bağlı İnzibati Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin qərarına əsasən paylar müəyyən olunmuşdur, lakin qərara əsasən mülkiyyətçinin Aysel xanım olması, yaxud çıxarış ala bilməsi müəyyən olunmamışdır. Ev hazırda kreditdədir, üçüncü tərəf "xxxx" ASC-dir. Cavabdeh2 həmin mənzildə 1989-cu ildən orada yaşayır. 2011-ci ildə ipoteka müqaviləsi bağlanmışdır. Mübahisəli mənzil faktiki olaraq bölünə bilməz. Alğı-satqı müqaviləsi bağlanarkən cavabdehlərin orada qalmasına razılıq verilmişdir. Əliyev Nurlan Firudin oğlu da eyni fikirdədir, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
20.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 23.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 24.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27.213.1-ci və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 28.215.1-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 29.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 30.568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 31.646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
32.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
36. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
38. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
40. İddiaçının əmlakın paylı mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüquqlarının olmaması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, keçmiş mülkiyyətçisi olan Cavabdeh2 ilə iddiaçının keçmiş əri Əliyev Nurlan Firudin oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil satıcı tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçının mübahisəli mənzilin ½ hissəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdehlər həmin mənzildə qalmaqda davam edirlər.
41. Kollegiya hesab edir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olan cavabdehlərin mənzildən çıxmamaları bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin MM-nin 572.1ci maddəsinə müvafiq olaraq alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
42. Beləliklə iş materiallarından göründüyü kimi cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, mənzilin mülkiyyətçiləri ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamış, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onların evdə yaşamalarına əsas verən, iddiaçı və onun keçmiş əri ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan mülkiyyətçiyə məxsus evdə yaşama hüququ yaradan) münasibətlərinin, həmçinin alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi halının mövcudluğu müəyyən edilməmişdir, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaranmasına əsas deyildir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən (alqı-satqı müqaviləsinin bağlanması ilə itirildiyindən), mövcud olmayan hüquqa isə xitam verilməsi mümkün olmadığından, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan evdən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlməklə haqlı olmuşdur.
43. Beləliklə məhkəmə kollegiya hesab edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə hər hansı bağlılıqları müəyyən edilmədiyindən onların həmin sahədən çıxarılmaları tələbi də əsaslı olmuşdur. Kollegiya həmçinin “iddiaçının mənzilə köçürülməsi”nə dair tələbə işin yuxarıda müəyyən olunmuş hallarına görə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə köçürülməlidir.
44. Kollegiya cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır.
45. Belə ki, cavabdeh qətnamənin ləğv edilməsi əsasları kimi ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi, həmçinin həmin mənzilin ½ payı Əliyev Nurlan Firudin oğluna məxsus olduğu və Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Əliyev Nurlan Firudin oğluna məxsus olan hissədə qeydiyyatda olmaları və yaşamaları göstərilmişdir.
46. İlk öncə qeyd edilməlidir ki, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan Əliyev Nurlan Firudin oğlunun özünə məxsus hissədə cavabdehlərin qalmalarına razılıq verməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına, mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törədirsə, iddiaçı, paylı mülkiyyətçi olaraq həmin maneçiliyin aradan qaldırılması məqsədilə müvafiq tədbirləri görə bilər. Belə ki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.
47. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi halda İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünsüz olması ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi bu hal onun hər hansı mənafeinin pozulması üçün şərait yarada bilən hallardan deyildir, ona görə də mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova