Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5209/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X7, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X8 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X7, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X8 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)-1131/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüqüların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 mülkiyyət hüququ ilə ½ hissədə X13 və ½ hissədə X5 məxsus olmuşdur.
2. X10 04 dekabr 2023-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 dekabr 2023-cü il tarixdə qeydiyyat aparılmışdır.
3. İddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində verilən ərizəyə əsaəsn o, 04 dekabr 2023-cü il tarixdə vəfat etmiş anası X1 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir.
4. X11 əvəzinə Şahid tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisində verilmiş 27 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, X6 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhaadətnaməsi verilməsini xahiş etmişdir.
5. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 27 yanvar 2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak ünvan 1 ünvanındakı mənzilin mərhuma məxsus ½ hissəsindən ibarətdir.
6. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı nümayəndəsi Vəkil2 göndərdiyi 10 fevral 2024-cü il tarixli, 286 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixində 8İ-56202 reyestr nömrəsi ilə qeyd edilmiş ərizə elektron notariat informasiya sistemi vasitəsilə ilə “mirasdan imtina” ilə bağlı tərtib olunmuş və çap edilərək notarius tərəfindən vərəsəyə izah olunaraq razılığı ifadə olunduqdan (həm şifahi, həm də imzalayaraq) sonra təsdiqlənmiş ərizədir. Mülki Məcəllənin 1268-ci maddəsinin 1-ci bəndinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ərizənin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir.
7. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı 26 aprel 2024-cü il tarixli 996 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin ərizə tərtib edilərkən vətəndaş X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri, ərizənin məzmunu izah edilmişdir. İddiaçı Ramazonoviç öz iradə ifadəsini bildirdikdən sonra həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı tərəfindən X1 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsi etibarsız hesab edilməsi, eyni zamanda Bakı şəhəri 18 saylı notariat ofisinin 27 yanvar 2024-cü il tarixdə Cavabdeh2 adına verilmiş V- 11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında DƏDK və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, son iki ildə X9 Belaevin Moskva vilayəti Podolsk şəhərində yerləşən evində yaşamış və tam onun himayəsində olmuşdur. 04 dekabr 2023-cü il tarixdə X9 Belaevin evində ölmüşdür. İddiaçı anasının meyitini təyarrə ilə Bakı şəhərinə çatdıraraq onu ölən yaxın qohumlarının yanında şəhər qəbirstanlığında dəfn etmişdir. 08 dekabr 2023-cü il tarixində İddiaçı 5 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək, anasının ölümündən sonra qalan əmlakın vərəsə kimi onun qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman İddiaçı yanında qardaşı Cavabdeh2 və vətəndaş Şahid olmuşdur. İddiaçı Azərbaycan dilini bilmədiyi üçün Şahid vasitəsilə notariusla söhbət etmişdir. Notariat ofisində texiniki işçi tərəfindən ərizə tərtib edilmişdir və bu ərizə Rafael Belayev tərəfindən imzalanmışdır. Notariusda ərizəni imza edərkən Rafael Belayev anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün bir ərizə imzaladığına əmin idi. İddiaçı Podolsk şəhərindəki evinə gəldikdən sonra cavabdeh Ruslan Balayev onunla əlaqə saxlamağı dayandırmışdır. Qardaşının nəsə gizlətdiyini hiss edən İddiaçı yenidən Bakıya uçmuşdur. Vərəsəlik şəhadətnaməsini nə zaman alacağını öyrənmək üçün 5 saylı “ASAN xidmət”in notariat ofisinə gələn Rafael Belayev burada vərəsəlik payından imtina barədə ərizəyə imza atdığını öyrənmişdir. Bu zaman o qardaşı Cavabdeh2 və Ruslanın qohumu Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Miras payından imtina ərizəsini ləğv etmək üçün İddiaçı vəkillə müqavilə bağlayaraq 5 saylı “ASAN xidməti” mərkəzinin notariat ofisində İddiaçı nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan ərizənin ləğvi ilə bağlı ərizə vermişdir. Sonra məlum olmuşdur ki, Cavabdeh2 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda İddiaçı ərizədən istifadə edərək, anası Nasima Belaevanın ölümündən sonra qalan əmlakın yeganə vərəsəsi kimi özünü elan etmişdir və həmin gün vərəsəlik haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, Cavabdeh2 nümayəndəsi DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə çıxarış almışdır. İddiaçı 08 dekabr 2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmişdir.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Rafael və Ruslanın doğma kiçik bibisinin həyat yoldaşıdır. O, 30 ildir ki, onların xeyir-şər mərasimlərinə başçılıq edir. Ruslanda, Rafaeldə onun üçün qardaş oğludurlar. Ruslan və Rəfael ayın 4-ü və yaxud 5-i ona zəng edib bildirdilər ki, anaları vəfat edib, Bakıya gəlirlər. O, aeroporta onları qarşılamışdır. İddiaçının anasını Suraxanı qəbristanlığnda dəfn ediblər. Yas mərasimindən sonra onun yoldaşı gətirib stolun üstün içərisində qızıl və pul olan bükmə qoyub bildirdi ki, analarından qalmışdır. Rafael yol xərci çəkdiyi üçün puldan özünə götürmüş, 1000 dollar pulu Ruslana vermiş və bir hissəsini isə 40 mərasimini vermək ayırmışdır. Qızılları isə Rusiyada bölüşdürmək üçün çantasına qoymuşdur. Rafsel həmçinin qeyd etmişdir ki, Bakıda analarından qalan əmlak var, onu Bakıya bağlayan anası olduğundan, o da vəfat etdiyindən satmaq istədiyini bildirmişdir. Ruslan isə ata evini satmaq istəmirdi. Rafael həmin əmlakdan pay istəmədiyini, Bakıya gəlib-gedə bilmədiyini, vaxtı olmadığını bildirərək indidən əmlak ilə bağlı məsələni həll etmək istədiyini bildirdi. O isə iddiaçıya bildirmişdir ki, bunun üçün notarial ərizə yazmaq lazımdır. Onlar səhəri günü Asan Xidmətə getmişlər. "Asan Xidmət" mərkəzinin əməkdaşı iddiaçının Azərbyacan dilini bilmədiyini başa düşmüş, digər əməkdaşa nə isə demişdir. Bundan sonra digər əməkdaş iddiaçı ilə rus dilində danışmağa başlamışdır. O tərcüməni özü etməsini təklif etmişdir. Onlar isə buna icazə verməmişlər. Əməkdaş Rafaeldən soruşdu “kimin xeyrinə payından imtina edirsən?- deyə soruşmuş, o isə qardaşının adına keçirtmək istədiyini bildirmişdir. Əməkdaş bu sənədin geriyə qüvvəsinin olmayacağını rus dilində başa salmışdır. Bundan sonra iddiaçı oturmuş, onun şəklini çəkmişlər. Notarius onun rus dilli olmasını görüb onunla rus dilində danışmağa başlamışdır. Ondan nə üçün imtina ərizəsi yazmasının səbəbi soruşanda o, demişdir ki, Moskvada işləyir, yaşayır, evi və maşını var, Bakı da heç bir işi yoxdur. Notarius bu ərizənin geriyə qüvvəsi olmadığını bildirdikdən sonra ərizə imzalanmış və sonra notariat ofisindən çıxmışlar. Sənədləri topladıqdan sonra o, 18 saylı notariat ofisinə getmişdir və Ruslan ona etibarnamə vermişdir ki, şəhadətnamə ala bilsin. 1 həftə onun evində qaldıqdan sonra Rafael və Ruslan Moskvaya getmişlər. 1 ay sonra Rafaelə həyat yoldaşı nə isə dedikdən sonra o Bakıya gəlmişdir. Özünə vəkil tutmuş iddia qaldırmışdır. İddiaçı onun yalan danışdığını bildirir. Halbuki, o bir qohum kimi onların bütün işlərində köməklik etmişdir. O, etibarnamə aldıqdan sonra notariusa yaxınlaşmış və vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Notarius əvvəlcə 6 aylıq vaxt lazım olduğunu bildirsə də, sonra imtina ərizəsinin olduğunu görüb işin qısa müddətə həll ediləcəyinin mümkün olduğunu söyləmişdir. Şəhadətnamə hazır olduqdan sonra çıxarış alınmaq üçün DƏDRX-nə sənədlər göndərilmişdir. Həmçinin qeyd etmişdir ki, Rafael ancaq rus dilində başa düşüb, danışa bilsə də, Ruslan isə həm tatar dilini, həm də Azərbaycan dilini bilir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)- 1131/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbini onun mirasdan imtina barədə ərizəni verərkən aldadılması, onun miras əmlakın qəbuluna dair ərizə vermək üçün notariat ofisinə getməsinə baxmayaraq, onun rus dilli olması ilə əlaqədar tərcümə zamanı iradə ifadəsinin bilərəkdən səhv təfsir edilməsi, mirasdan imtina barədə ərizənin tərtib edilməsi, azərbaycan dilini bilməməsi ilə əlaqədar ərizənin məzmununundan xəbərsiz olaraq həmin ərizəni imzalaması ilə əsaslandırmışdır. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Mülki qanunvericiliyə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (MM1268.1m). İddiaçının nümayəndəsi məhkəmə iclasında veridiyi izahatda qeyd etmişdir ki, iddiaçının notariat ofisinə müraciət etməkdə əsl niyyəti miras əmlakı qəbul etmək olmuşdur. Lakin o, rus dilli olduğu və Azərbayca dilini bilmədiyi üçün onların yanında olmuş Şahid vasitəsilə notariusla söhbət etmişdir. Şahid tərəfindən isə onun iradə ifadəsi səhv təfsir edilmişdir. Həmçinin qeyd etmişdir ki, 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən ərizə təsdiq edilərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçı notarius tərəfindən tərcüməçi ilə təmin edilməmişdir. Bu səbəbdən ərizənin məzmununundan xəbərsiz (məlumatsız) olaraq həmin ərizəni imzalamışdır. İddiaçı əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırki halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Göründüyü kimi əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının 08 dekabr 2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Belə ki, cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti etdiyi, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı notariat ofisinə müraciət edərkən tərcüməçi tələb etməmişdir. Belə ki, o Şahid inanmışdır. Həmçinin qeyd etmişdir ki, notaius rus dilini bilmir və tərcümə onun tərfindən yox, Şahid tərəfindən həyata keçirilmişdir. Lakin işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. İddiaçı Belayev Rafaelin nümayəndəsi və vəkili öz iddia tələbinin əsası kimi tərcümənin Şahid tərəfindən aparılmasına, notariusun rus dilini bilməməsinə, notarius tərəfindən iddiaçının tərcüməçi ilə təmin edilməməsinə (halbuki özü qeyd edir ki, iddiaçı tərcüməçi tələb etməmişdir), notarius tərəfindən iddiaçıya ərizənin mahiyyətinin izah edilməməsinə istinad etmiş, lakin istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlar ilə 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən iddiaçının imzaladığı ərizənin məzmunu barədə məlumatı olub-olmadığını aydınlaşdırmadan, ona hüquq və vəzifələrini izah etmədən, aparılan notariat hərəkətinin nəticəsini izah etmədən ərizəni təsdiq etməsini iddia etməklə, bununla da o, notarius tərəfindən öz vəzifələrini pozmasını, layiqincə yerinə yetirməməsini iddia etmiş olur. Bu isə notariat orqanlarına, notariuslar tərəfindən təsdiq edilən notariat hərəkətlərinə olan etimadı sübhə altına almağa yönəldiyindən iddiaçının həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutları mövcud olmalıdır. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Başqa sözlə, tərəf yazılı əqdi imzalamaqla orada göstərilən şərtin özünün iradə ifadəsini əks etdirdiyini qəbul edir. İddiaçı isə mübahisələndirilən “mirasdan imtina” ərizəsinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübutlar təqdim etməmişdir. İddiaçının nümayəndəsi yalnız 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən aparılan notariat hərəkətini deyil, həmçinin Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılan notariat hərəkətini də şübhə altına almağa çalışmışdır. Belə ki, o qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq necə olur ki mübahisəli miras əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (MM-1322). Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələbinə də qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, həmin normanın tələbinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Hazırki iş üzrə Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddət ötürülməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, miras əmlaka dair cavabdeh xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4. 339.2, 339.3, 339.4, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, maddi və prosessul hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq normaları iddiaçı Belayev Rafael ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini tənzimləmir və bu hüquq normalarının yaranmış hüquq münasibətlərinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi öz qanunsuz qətnaməsi ilə X3 ilə nəzərdə tutulmuş vərəsəlik hüququnu, habelə ana dilindən istifadə hüququnu pozmuşdur. Notariat ofisinin notariusu vərəsəlikdən imtina ilə bağlı ərizə rəsmiləşdirilərkən qanun pozuntularına yol verib. X16 Rusiya Federasiyasının vətəndaşıdır. O, 1990-cı ildə 17 yaşında Bakı şəhərini tərk edib və həmin dövrdən Rusiya Federasiyasının ərazisində daimi yaşayır. Rafael Belayev azərbaycan dilində yazıb-oxumağı bacarmır. Eyni zamanda latın qrafikasını da bilmir. Məhkəmə iclasında 5 saylı “ASAN xidmət”in notariat ofisinin nümayəndəsi iş üzrə cavabdeh qismində izahat vermişdir. O, izahatlarında bildirib ki, imzaladığı ərizənin mahiyyəti vətəndaş Rafael Belayevə izah edilib. X18 tərcüməçinin verilib-verilməməsi ilə bağlı suala o, mənfi cavab vermişdir. Yaranmış notariat təcrübəsinə görə, dövlət dilini kifayət qədər bilməyən şəxs öz ana dilində tərtib edilən sənədin nüsxələrindən birində imzaladığı sənədin mahiyyətini başa düşdüyü barədə yazılı qeyd edir. Lakin notarius Rusiya Federasiyasının vətəndaşı olan Rafael Belayevdən notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını vətəndaşı olan Rafael Belayevdən notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını tələb etməyib. İddiaçı Rafael Belayevin milliyyətcə tatar olduğunu qeyd etməyi vacib hesab edirəm. 30 ildən artıqdır ki, o, Rusiya Federasiyasında daimi yaşamaq üçün Bakı şəhərini tərk edib. Və buna görə də, Rafael Belayevin latın qrafikası ilə yazıb-oxumağı, ümumiyyətlə, Azərbaycan dilində yazıboxumağı bilməməsi ilə bağlı dediyi həqiqətdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid təsdiqləyib ki, həqiqətən də 2024-cü il dekabrın 8-də Belayev qardaşları ilə birlikdə ASAN 5 xidmətinin notariat ofisində olub. Lakin o, kənarda dayanıb və Rafael Belayevin ərizəni imzalaması zamanı heç bir iştirak etməyib, X19 Belayevdən fərqli olaraq rus dilindən başqa heç bir dildə danışmır, nə Azərbaycan dilini, nə də öz doğma tatar dilini bilmir. Bu, bir daha vurğulayır ki, iddiaçı Rafael Belayev Azərbaycan dilini bilmədən, milliyyətcə tatar və Rusiya vətəndaşı olmaqla, mahiyyətini bilmədiyi sənədə əslində imza ata bilərdi. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq necə olur ki mübahisəli miras əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Bundan sonra, qısa müddət ərzində vərəsəlik haqqında şəhadətnamənin əsasında miras qalmış mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Bakı şəhər ərazi İdarəsindən Çıxarış almışdır. Lakin məhkəmə bu hal da nəzərə almamışdır. Bununla belə, cavabdeh Ruslan Belayevin 6 ay müddətindən əvvəl vərəsəlik şəhadətnaməsi alması bir daha təsdiq edirki, cavabdeh Ruslan Belayev qohumu Şahid vasitəsilə qardaşı Rafael Belayevi aldadaraq bütün miras əmlakı əldə edib. Lakin məhkəmə cavabdehin bütün miras əmlakı əldə etməsi üçün bu halı aldatma sübutu kimi qəbul etməyib. İddiaçı bütün sübutları təqdim edib ki, ərizəyə imza atarkən vərəsəlikdən imtina ilə bağlı ərizəyə imza atdığını bilmir. Bundan əlavə, iddiaçının azərbaycan dilini bilməməsi, ərizə tərtib edilərkən tərcüməçinin təqdim edilməməsi, ərizənin azərbaycan dilindən rus dilinə tərcümə edilməməsi, imzaladığı ərizənin mənasının ona aydın olduğu barədə iddiaçının qeydi olmaması halları məhkəmədə tam sübuta yetirmişdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş sübutlara heç qiymətləndirmə verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, mirasdan imtinaya dair ərizə verilməsini iddiaçı özü təklif etmişdir. Şahid təkcə Ruslanın deyil, həm də Rafaelin bibisinin həyat yoldaşıdır. Yəni hər iki qardaşa eyni münasibətdə olan şəxsdir. Məhkəmə qətnaməsində Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 339, 1256, 1268.1, 1272, 1273, 1321.1 və 1322-ci maddələrinə, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası qanununa istinad edilmişdir ki, bu da mübahisə edilən məsələ ilə bağlı tətbiq edilməli olan hüquq normalarıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.
21. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: 9-cu bənd. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır. 134-cü bənd. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. 135-ci bənd. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.
25. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ona əsaslanmış və qətnamənin əsaslandırıcı hissəsində dəfələrlə vurğulamışdır ki, iddiaçı əsaslandığı halları sübuta yetirə bilməmiş, mübahisələndirilən “mirasdan imtina” ərizəsinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübutlar təqdim etməmişdir.
26. İddianın əsaslandığı hal ondan ibarətdir ki, İddiaçı azərbaycan dilini bilmədiyindən notariat kontorunda imzaladığı ərizənin məzmunundan xəbərsiz olmuş, mirası qəbul etmək niyyətində olduğu halda mirasdan imtina barədə ərizəni imzalamışdır.
27. İddiaçı azərbaycan dilini bilməməsi, Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən halları olduğu halda iddiaçının əaaslandığı hallara dair hansı sübutlar təqdim etməli olduğu anlaşılan deyildir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq qiymətləndirilməli məsələ notarius tərəfindən qanunvericilik normalarına riayət olunub – olunmaması idi.
28. Bu baxımdan qiymətləndirmə aparan birinci instansiya məhkəməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndlərinə istinad etsə də, düzgün qiymətləndirmə aparmamışdır.
29. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.
30. Normanın məzmunundan görünür ki, rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən ona tərcümə edilməsi üçün normada “və” deyil, “və ya” bağlayıcısı istifadə olunduğundan aşağıdakı şərtlərdən hər ikisi deyil, birinin mövcud olması kifayətdir: - müraciət etmiş şəxsin kargüzarlığın aparıldığı dili bilməməsi; - notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş etməsi.
31. İşin hallarından görünür ki, iddiaçının kargüzarlığın aparıldığı dili bilməməsi notariusa məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində də qeyd olunmuşdur ki, “Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, notarius özü rus dilini bilir, iddiaçıya hansı hərəkəti etdiyi notariusun özü tərəfindən izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb olunmamışdır.”
32. Bu halda artıq notarius tərəfindən aparılmış hərəkətlərin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olub – olmaması araşdırılmalıdır.
33. Təlimatın 9, 134 və 135-ci bəndinə əsasən əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
34. Bu normaların məzmununa görə belə nəticəyə gəlinir ki, tərcüməçi tərəfindən tərcümə olunmalı halı mövcud olmasa da, sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü təsdiq olunmalıdır. Lakin işin hallarından görünür ki, notarius tərəfindən bu normaların tələblərinə riayət olunmamışdır. Yəni, sənədin məzmunun iddiaçıya tərcümə olunması, onun sənədin məzmunu barədə məlumatlı olması təsdiqini tapmır və bu hal ərizənin etibarsız hesab olunması üçün əsasdır.
35. İddianın və apellyasiya şikayətinin digər dəlilini o təşkil edir ki, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq mübahisəli miras əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir.
36. Məhkəmə kollegiyası bu əsasla vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi bu əsasla bağlı düzgün olaraq Mülki Məcəllənin 1322-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Lakin digər əsas, yəni, mirasdan imtina ərizəsinin etibarsızlığı həm şəhadətnamənin, həm də bu şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin ləğvi üçün üçün əsasdır.
37. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)- 1131/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)- 1131/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X7, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X8 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X1 miras qalmış əmlakın ona çatası hissəsindən imtinası barədə ərizəsi etibarsız hesab edilsin. 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində Cavabdeh2 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bu şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilin 1/2 hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev