Məhkəmə qərarları › İş №2(103)-521/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-521/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-521/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) X1 və onun nümayəndəsi (vəkili) Vəkil2 Cabir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140000 məbləğində manat borcun və 430 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayının sonlarında oğlu olan cavabdeh bildirmişdir ki, yeni tikilən binadan ev almaq istəyir və bunun üçün pulu həmin evi almağa kifayət etmir. O, cavabdehdən həmin evin harada yerləşdiyini və nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu almaq istədiyi mənzilin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 17 ünvanında yerləşən dört otaqlı mənzil olduğunu bildirmiş və ondan 140.000 manat məbləğində borc pul istəmişdir. Eyni zamanda, demişdir ki, mülkiyyətindəki iki mənzili dəyər-dəyməzə, ucuz qiymətə satmaq istəmir, həmin mənzilləri ən qısa zamanda satdıqdan sonra götürəcəyi borcunu qaytaracağına söz vermişdir. Həqiqətən də, cavabdehin mülkiyyətində iki ədəd iki otaqlı mənzillərin olduğunu və onları satıb daha böyük mənzil almaq istədiyini bildiyi üçün razılaşmışdır. Beləliklə, cavabdeh xx.xx.2019-cu il tarixdə ondan 140000 manat məbləğində borc pul almış, bununla bağlı öz əlyazması ilə qəbz yazaraq ona təqdim etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş, özünə məxsus evi satsa da, ona borclu olduğu puldan heç bir ödəniş etməmişdir. Göründüyü kimi, 2019-ci ilin yanvar ayından xeyli müddət ötməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamaqla, özgənin vəsaitini qanunsuz özündə saxlamaqla ona maddi ziyan vurmuşdur. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1709/2023 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin olunmuşdur. Həmin qətnamədən maraqlarına toxunan şəxs kimi X2 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(008)- 1709/2023 saylı qərardadı ilə qətnamənin X1 maraqlarına toxunan hesab edilməsi qərara alınmış, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı X2 üçüncü şəxs kimi (bundan sonra, üçüncü şəxs) icraata cəlb edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehlə aralarında birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, hazırki borc məsələsinin formal olması, məqsədin onu borclandırmaq olması, məhkəmə tərəfindən 140000 manat pulu iddiaçının hansı mənbədən qazanmasının araşdırılmaması, məhkəmənin hətta borcun qaytarılması barədə cavabdehin dəlillərinə hüquqi qiymət verməməsi, razılaşmada qəsdən ünvan 2 ünvanında yerləşən mənzilin alınması üçün borcun verilməsinin göstərilməsi, hansı ki, həmin mənzilin onunla Cavabdeh arasında olan pay bölgüsü aparılmalı olan mənzil olması, hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, həmçinin evin alınması üçün cavabdehin həqiqətən iddiaçıdan borca pul götürməsini, bunu üçüncü şəxsin də bilməsini, iddiaçının həmin pulu əmanət hesabından çıxararaq verməsini, bu barədə işdə sübutların olmasını və s. göstərmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın yeni əsaslarla təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 387.2 və 387.2.4-cü maddəsinin tələbinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı – məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, işdə iştirak edən şəxslər qohum olmaqla, iddiaçı cavabdehin anası, üçüncü şəxs isə cavabdehin arvadı olmuşdur. Eyni zamanda işdən görünür ki, cavabdehlə üçüncü şəxs arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı mübahisə vardır. Birinci instansiya məhkəməsi isə prosessual hüquq normalarının tələblərini pozaraq onu icraata cəlb etməmişdir. Belə olan halda isə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi cavabdehlə borc münasibətlərinin mövcudluğuna söykənməklə, 25 yanvar 2019-cu il tarixdə verilmiş 140000 manat borcun cavabdehdən tutulması ilə bağlıdır. Cavabdeh iddianı etiraf edərək, həqiqətən iddiaçıdan qeyd edilən tarixdə 140000 manat borc almasını bildirir. Üçüncü şəxs qətnamənin onun maraqlarına toxunmasını əsası ilə apellyasiya şikayəti vermişdir. Üçüncü şəxsin mövqeyinə görə cavabdehin məqsədi birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən mənzilin məhz qeyd edilən borc pul vəsaiti hesabına alınması görüntüsünü yaratmaq, bununla da sonradan borcun aralarında bölünməsinə nail olmaq, dolayısı ilə onu süni borclandırmaqdır. Cavabdeh hətta, onun əmlak böldüsü barədə Sabunçu Rayon Məhkəməsində qaldırdığı iddiaya qarşılıqlı iddia verərək, 140000 manat borcun aralarında bölünməsini tələb etmiş, Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə həmin tələb təmin olunmuş, məhkəmə məhz hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə preyudisial hal kimi istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış yazılı razılaşmadan görünür ki, iddiaçı cavabdehə 140000 manat məbləğində borc pul vermişdir. İş materiallarına əlavə olunmuş bank hesab çıxarışlarından, eləcə də ləğv prosesində olan “”Atabank” ASC-nin təqdim etdiyi bank əmanət hesabları üzrə çıxarışlardan görünür ki, iddiaçının bankda əmanət hesabı olmuş, həmin hesabdan məhz 2018-ci ilin sonları, yəni oktyabr-noyabr ayları ərzində 142100 ABŞ dolları həddində pul vəsaitləri məxaric etmişdir. Göründüyü kimi, borc verilən dövrdə iddiaçının mülkiyyətində həqiqətən müvafiq pul vəsaiti olmuşdur. Belə olan halda, 140000 manat pulu iddiaçının hansı mənbədən qazanmasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olmaqla, işdə olan sübutlarla uzlaşmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının borcu cavabdehdən tələb etməsi, özü özlüyündə həmin borcun ailənin (cavabdehlə üçüncü şəxsin) ümumi birgə borcu kimi qiymətləndirilməsi anlamına gələ bilməz. Eyni zamanda, iddiaçının özü də kreditor kimi borcu yalnız cavabdehdən tələb etmiş, üçüncü şəxsi cavabdeh kimi göstərməmiş, dolayısı ilə borcun ər-arvadın ümumi öhdəliyi olaraq hər ikisindən tutulmalı olmasını iddia etməmişdir. Məhkəmə kollegiyası qəbul edir ki, hazırki mübahisənin predmetini ər-arvadın ümumi borclarının bölünməsi məsələsi təşkil etmir. Lakin bu istiqamətdə olan apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunverici ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının müəyyən edilməsi qaydasını tənzimləmişdir. Ər-arvadın yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilə bilər. Yəni, iddia edən tərəf ilk öncə ər-arvadın ümumi öhdəliklərinin mövcudluğunu, sonra isə onun tərəfindən alınmış borc vəsaitinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə mötəbər sübutlar təqdim etmək vəzifəsini daşıyır. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Beləliklə, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən - ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Göründüyü kimi, ər və ya arvadın digər şəxslər qarşısında borclanması faktı özüözlüyündə, həmin öhdəliyin ər-arvadın ümumi öhdəliyi olması prezumpsiyasından çıxış etmir. Bu fakt yalnız ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işə baxılarkən ümumi qaydada müvafiq sübutetmə yükünə uyğun olaraq müəyyən edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi, hazırki mübahisə yalnız tərəflər arasında şəxsi borcun mövcudluğu ilə bağlıdır və işdə olan sübutlarla (iddiaçı tərəfindən həmin dövrdə əmanət hesabından pul vəsaitlərini məxaric etməsi, cavabdehin pulu borc alması barədə yazılı qəbzi, tərəflərin izahatları və s.) iddiaçının həqiqətən cavabdehə 140000 manat borc pul verməsi müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Eyni zamanda, iddiaçının həmin dövrdə zərurət olmadan əmanət hesabından külli miqdarda pulu məxaric etməsi ağlabatan olmamaqla, işin halları ilə də uzlaşmır. Tərəflərin də izahatlarından açıq-aşkar görünür ki, iddiaçı məhz cavabdehin müraciəti üzrə müvafiq pul vəsaitini borc verməsi üçün hesabından məxaric etmiş, bundan dərhal sonra isə müvafiq pul vəsaitini cavabdehə təqdim etmişdir. Üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaçının əmanətindən pulların çıxarılmasının səbəbini həmin vaxtı "xxxx" ASC-nin ləğv olunması ilə əlaqələndirsə də, hamıya bəlli olan hal odur ki, Atabank” ASC-nin lisenziyası X8 Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmış, eyni zamanda Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Göründüyü kimi, bankın ləğv proseduru iddiaçının əmanət hesabından pulları məxaric etdiyi vaxtıdan (2018-ci ilin sonları) ən azı 1 il 6 ay sonra başlanmışdır ki, bu hal da üçüncü şəxsin nümayəndəsinin qeyd edilən dəlilləri ilə uzlaşmır. Qeyd edilməlidir ki, cavabdehin həmin borcu aldıqdan sonra, onu ailə ehtiyaclarına xərcləyib xərcləməməsi (birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın dəyərinin məhz alınmış borc vəsaiti hesabına ödənilməsi və s.) məsələsi isə hazırki mübahisənin predmeti deyildir. Eyni zamanda, üçüncü şəxsin istinad etdiyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh qarşılıqlı iddiası üzrə ondan həmin pulun yarısının tutulması halı da vəziyyəti dəyişdirmir. Yuxarıda da qeyd edildiyi kimi, hazırki qətnamə yalnız cavabdeh tərəfindən iddiaçıdan 140000 manat borc pulun alınması, lakin onun qaytarılmaması ilə bağlı halları müəyyən etməklə, ər-arvadın ümumi birgə öhdəliyi (borcu) olması istiqamətində preyudisial əhəmiyyətə malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şikayətin dəlilləri hazırki iddia tələbinin rədd olunması üçün qanuni əsas təşkil etmir. Beləliklə, Kollegiya, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında ******* manat icra edilməmiş borc öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia yuxarıda qeyd edilən əsaslarla təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 140000 manat məbləğində ödənilməmiş borc və dövlət rüsumuna görə ödənilmiş 430 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunsun. Cavabdeh 140000 (bir yüz qırx min) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar