Məhkəmə qərarları › İş №2(103)-5210/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5210/2023

26.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5210/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi – uşaq bağçasına qarşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları, Xətai Rayon Məhkəməsinin 2(011)-3431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi uşaq bağçasına qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7Ş1 saylı əmrin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, 250 manat hüquqi xərclərə çəkdiyi vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün xx.xx.2023-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa olunana kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-3431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Samirə Eyvazova) iddia tələbi təmin edilmiş, Xətai Rayon 251 saylı uşaq bağçasının xx.xx.2023-cü il tarixli, №7 Ş1 saylı əmri ləğv edilmiş və İddiaçı 0,5 ştat vahidi ilə tibb bacısı vəzifəsinə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi, iddiaçının çəkdiyi hüquqi xərclərə görə 250 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Göründüyü kimi iddiaçını əməllərində hər iki hal mövcudur. Birinci hal onunla sübut olunur ki, iddiaçını qanunsuz hüquq pozuntuları törətməsi barədə işçilərin çoxsaylı akt, ərizə və izahatları, həmçinin valideynlərin çoxsaylı müraciətləri mövcuddur. İkinci hal üzrə iddiaçı tərəfindən X2 pozulmasına görə barəsində xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri ilə intizam tənbehi tətbiq edilərək töhmət, xx.xx.2022-ci il tarixli, 20 saylı əmri ilə barəsində intizam tənbehi tətbiq edilərək şiddətli töhmət verilmişdir. Hər iki qərar mübahisələndirilməmişdir. AR ƏM-nin 10-cu maddəsinin ç) bəndinə əsasən işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə, belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edilir ki, işçilər ayrı-ayrı vaxtlarda 251 saylı körpələr evinin müdriyyətinə çox saylı müraciətlər edərək bildirilir ki, İddiaçı tərəfindən onlara psixoloji təsir edilir və onun tərəfindən körpələr evində əsassız söz-söhbətlər yaradılır və onlar tərəfindən işin normal ahəngi təmin edilə bilmir. İşçilər tərəfindən bu barədə tədbir görülməsi rəhbərlikdən xahiş edilmişdir. Xətai Rayonu, 251 saylı körpələr evi- uşaq baxçasının X2 3.1-ci bəndinə əsasən işçilərin aşağıdakı vəzifələri vardır. 3.1. Rəhbərin göstərişlərini,habelə onunla bağlanmış Əmək müqaviləsinin müəyyən etdiyi xidmət vəzifələrini vaxtında,dəqiq və vicdanla yerinə yetirmək: 3.6. İş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq,onların qanuni maraqlarını pozmamaq: 6.1. Müəssisənin imicinə zərər vurmamaq,yəni qeyri etik (yalan)məlumatların işçilər tərəfindən yayılması,işçilər və ictimayyət arasında çaşqınlıq yaradan məlumatların yayılması: 7.1 İşçilər müəssisənin müəyyən etdiyi xüsusi geyimləri geyunməlidir 10.1. Öz xidməti vəzifəsini yerinə yetirərkən hər bir işçi dərk etməlidir ki, baxçanın mənafeləri işçinin hər hansı şəxsi mənafelərindən həmişə üstündür və işçi qeyd edilən mənafelər arasında ziddiyyət yaratmaqdan şərtsiz vaz keçməlidir.

4. Rayon məhkəməsi qərar qəbul edərkən o qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan hallar Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən,habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə mütanasib olmadığından cavabdehin xx.xx.2023-cü il tarixli,7 Ş1 saylı əmri ləğv edilməlidir. Məhkəmə bu qərar gələrkən öz qətnaməsində (bax 5-ci səhifə 2-ci abz.) AR ƏM 70-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud çəkildə pozduqda ləğv edilə bilər.

5. Məhkəmə öz qərarında ona istinad etmişdir ki, işəgötürən işçi tərəfindən əmək funksiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübuta yetirə bilməmiş və əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyini göstərə bilməmişdir. Hesab edir ki, bu hissədə məhkəmə ya qanunları bilmir, ya da ki, sübutların saxtalaşdırılmasına cəhd edir. Birincisi, məhkəmə bilərəkdən nəzərdən qaçırır ki, müəssisə istehsal xarakterli deyil, təlim, təhsil və tərbiyə xarakterlidir. Yəni, müəssisənin istehsal xarakteli olması kimi göstərilərək dəymiş zərərin maddi formada olmasına istinad edilməsi yolverilməzdir. Bu kimi müəssisələrdə yalnız işin ahənginin pozulması və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi özünü büruzə verə bilər. Göründüyü kimi bu tipli müəssisələrdə qanunverici ziyanın hər hansı formada olmasını əsas tutmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı uşaqlara verilən yeməyin keyfiyyətinə məsul olmasına baxmayaraq, tərtib edilmiş menyulara qərəzli olaraq qol çəkməmiş və nəticədə davamlı olaraq uşaqlara yeməyin verilməsində mütəmadi olaraq gecikmələr baş vermişdir ki, bu da iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur.

6. AR ƏM-nin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə sübutların qiymətləndirilməsinə dair hissədə də qanunu tələblərini pozub. Belə ki, məhkəmə qanunsuz olaraq, 252 saylı uşaq baxçasının 7Ş1 saylı əmrinin əsası kimi çıxış edən, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri, şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 saylı əmri, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı, xx.xx.2023-cü il tarixli Protokoldan Çıxarışı sübut kimi qəbul edilməmişdır.

7. Mülki işin materialları ilə müəyyən edilir ki, işçinin əsas vəzifələrinə daxil olan yuxarıda göstərilən hallar işçi tərəfindən pozulmuşdur. Belə ki, işçi hər dəfə müxtəlif bəhanələrlə iş vaxtı müəssisədə dava-dalaş salaraq işin normal ahəngini pozmuşdur. Bu halların baş verməsi işçilər tərəfindən, işəgötürənə edilmiş şifahi müraciətlərlə və digər işçilər tərəfindən ayrı-ayrı vaxtlarda verilmiş ərizələrdə ifadə olunmaqla öz təsdiqini tapmışdır.

8. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, bildirdi ki, işçi tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur, buna görə də, işçi barəsində ayrı-ayrı vaxtlarda 11 akt tərtib edilmiş, 3 işçinin hər biri ayrı-ayrı ərizə ilə müraciət edərək iddiaçıdan şikayət etmişdir. İddiaçı barəsində 2 dəfə intizam tənbehi verilmişdir. Bunlardan sonra şəxs işdən azad edilmişdir. İşdən azad edilərkən Həmkarlar İttifaqının razılığı alınmışdır. Son 1 ildə yeməklərə nəzarəti tibb bacısı yox, həkim həyata keçirir. Aktlardan da görünür ki, iddiaçı son vaxtlarda gündəlik menyüyə imza atmaqdan imtina etmişdir ki, valideynlər şikayət etsin. Mübahisənin səbəbi iddaçının müəllim diplomu alandan sonra tərbiyəçi keçmək istəməsi olmuşdur, bu isə Elm və Təhsil Nazirliyinin səlahiyyəti olduğundan bağçanın müdiri işəgötürənlə aralarında mübahisə yaranmışdır. Həmçinin bildirdi ki, bağçada ali təhsilli 1 nəfər var, o da Həmkarlar İttifaqının sədridir. Sənədlərin tərtibində texniki vasitələrdən istifadə edilməməsinin səbəbi də elə budur. İşdən çıxarılma barədə əmr qanuni olduğundan, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, 1990-cı ildən bağçada işləyir, direktor isə 2009-dan orada işləyir, direktorla münasibətləri yaxşı olmuş, son il yarımda münasibətləri pozulmuş, o, uşaqlara yemək tələb etmişdir, uşaqların qidalanması və bağçadakı sair pozuntular barədə dövlət orqanlarına məlumatlar ötürmüş, yoxlamalar olsa da, hamısı direktorun xeyrinə olmuşdur, ona görə də, direktor işçilərə məcburi qaydada akt yazdırmış, onlara qol çəkdirmişdir. Bu barədə dəfələrlə müvafiq orqanlara müraciət etsə də, bir nəticəsi olmamışdır. Direktorun həmin əməllərini sübut etmək üçün videolar çəkib, həmin video görüntüləri sadəcə olaraq Dövlət Təhsil İdarəsinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, X1 göndərmişdir. Bu mübahisələrdən sonra onu işdən azad ediblər, bildirdi ki, 2022-ci ildə tərbiyəçi keçmək üçün imtahan vermişdir, 3 diplomu var, lakin onu tərbiyəçi keçirmək istəmirlər, lakin yaranmış ixtilaf bununla bağlı olmamışdır, əvəllər ona töhmət və şiddətli töhmət verilməsindən məlumatı var, lakin həmin əmrlərin mübahisələndirilə bilən olmasını bilməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, tərəfin məhkəməyə təqdim etdiyi 50- 60 sənəd vardır, onların hamısı etibarsızdır. Qeydiyyat kitabçasında heç biri qeyd edilməmişdir, aktların nömrəsi, tarixi yoxdur, iddiaçı tibb bacısıdır, o, yuxarı orqanlara direktorun uşaqların qidalanması ilə bağlı tədbir görmədiyindən şikayət vermişdir. Bundan sonra direktor xanıma qərəzli münasibət bəsləmişdir. İddiaçı çəkiliş etsə də, onu kütləvi informasiya vasitələrində yaymamış, sadəcə olaraq müvafiq orqanlara təqdim etmişdir. Əvəllər heç bir töhməti, xəbərdarlığı olmamış, heç bir valideyndən də onunla bağlı şikayət daxil olmamışdır, iddiaçı tərəfindən müəssisənin fəaliyyətinə hər hansı ziyan da vurulmamışdır. Sübutların tədqiqi:

12. 10.04.2023-cü il tarixli, MŞB/16-00685 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir;

13. xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022- ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktlarda İddiaçı Əllədin qızı tərəfindən müəssisədə nizam intizam qaydalarının pozulduğu qeyd edilmiş, eyni üç nəfər tərəfindən izalanmışdır;

14. xx.xx.2022-ci il tarixli Əmr №17Ş1-ə əsasən, İddiaçı Əllədin qızına əmək funksiyasını tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada uşaqların psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə və menyuya imza atmadığına görə töhmət verilmişdir;

15. xx.xx.2022-ci il tarixli Əmr № 28-ə əsasən, İddiaçı Əllədin qızına əmək funksiyalarını tam yerinə yetirmədiyinə, müəssisədə nizam-intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyinə, baxçada sağlam psixoloji rejimi pozduğuna, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyinə, müdiri təhqir etdiyinə və menyuya qol çəkmədiyinə görə şiddətli töhmət verilmişdir;

16. 17.11.2022-ci il tarixli Bakı şəhəri Təhsil idarəsinin müdiri X3 ünvan 1 ünvanlanmış təqdimatdan görünür ki, tibb bacısının işdən xaric olunmasına köməklik göstərilməsi xahiş edilir;

17. xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan məlum olur ki, 251 saylı uşaq bağçasında araşdırma aparılmış və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülmüşdür.

18. xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının №2 protokolundan çıxarış;

19. xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1 çıxarışa əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi Tibb bacısı 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1, xx.xx.2022-ci il tarixli əmr №20 Ş1, xx.xx.2023-cü il Həmkarlar Təşkilatının 2№ li protokolundan çıxarış qeyd edilmişdir;

20. AT-İV №1761327 saylı əmək kitabçasının surətinə əsasən, İddiaçı əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə dair qeyd aparılmışdır;

21. Xətai Rayon 251 saylı körpələr evi – uşaq bağçası üzrə keçirilən xx.xx.2023cü il tarixli protokol №2-ə əsasən 251 saylı uşaq bağçasının 7 nəfər əməkdaşı İddiaçı lehinə səs verərək onun barəsində müəssisə tərəfindən daha ciddi tədbir görülməsini xahiş etmişdirlər;

22. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 251 saylı uşaq bağçasının müdiri Aygül Qurbanovaya ünvanlanmış xx.xx.2023- cü il tarixli, № 3-29-59/2-345/20 saylı, xx.xx.2023-cü il tarixli, № H-6756- 01/00 saylı məktublardan müəyyən edilir ki, İddiaçı barəsində tədbir görülməsi bağçanın müdiri Aygül Qurbanovaya həvalə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

23. Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

26. Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

27. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

28. Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

29. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

30. Maddə 70. (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

31. Maddə 70.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

34. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

35. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

36. Maddə 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

37. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

38. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə.

39. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

40. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları:

41. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

56. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri təmin edilməməlidir.

59. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı 1990-cı ildən həmin müəssisədə işləmiş, əvəllərə bağça rəhbəri ilə münasibətləri yaxşı olmuş, son illər münasibətlər korlanmış, iddiaçı tibb bacısı vəzifəsindən tərbiyəçi vəzifəsinə keçirilməsini istəmiş, ona bunun mümkün olmadığı, daha doğrusu bu məsələnin bağça müdirinin səlahiyyətinə aid olmadığı bildirilmiş, bu zəmində iddiaçı davamlı olaraq iş yerində əmək və daxili intizam qaydalarını pozmuş, öz vəzifələrini icra etməmiş, daima iş yerində münaqişə yaradaraq və video çəkilişlər edərək müxtəlif ünvanlara göndərmiş, bununla da bağçanın iş ahəngini pozmuş, eləcə də müəssisənin qanuni mənafeyinə xələl gətirmiş, bu hərəkətlərinə görə ona birinci dəfə töhmət verilmiş, eyni pozuntulara yenidən yol verdiyinə görə bundan sonra ona şiddətli töhmət verilmiş, bu intizam tənbehlərindən nəticə çıxarmadığından sonuncu dəfə yol verdiyi pozuntuya görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

60. Xətai Rayon 251 saylı uşaq bağçasının xx.xx.2023-cü il tarixli №7 Ş1 əmrinə əsasən, iddiaçı 0,5 ştat vahidi ilə işlədiyi tibb bacısı kimi 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1, xx.xx.2022-ci il tarixli əmr №20 Ş1, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının №2 saylı protokolundan çıxarış qeyd edilmişdir. Əmrin əsası kimi çıxış edən töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolu qeyd edilmişdir.

61. Rayon məhkəməsinin qətnaməsindən məlum olur ki, iddia tələbini təmin edən rayon məhkəməsi həmin əmrə əlavə edilmiş və onun verilməsinə əsas olmuş daha əvvəl iddiaçıya intizam tənbehi kimi verilmiş töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolunu sübut kimi qəbul etməmişdir.

62. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arasında yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış edən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlir.

63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, MPM-in 190.1-ci maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məcəllənin 190.3-cü maddəsinə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

64. Hazırkı halda iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmr iddiaçı tərəfindən Əmək Məcəlləsinin 190.3-cü maddəsinə uyğun olaraq mübahisələndirilməmişdir. İddiaçı özü də məhkəmə kollegiyasının iclasında intizam tənbehləri barədə həmin əmrlərdən məlumatı olduğunu, lakin onları mübahisələndirmədiyini təsdiq etmişdir.

65. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsinin iddiaçıya töhmət və şiddətli töhmət növündə inzibati tənbeh verilməsi barədə qüvvədə olan və iddiaçının da mübahisələndirmədiyi əmrlərə münasibətdə onların mötəbər sübut hesab edilməməsi və nəzərə alınmaması ilə bağlı gəldiyi qənaət aşkar əsassız olmuşdur. Bu isə son nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, rayon məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən sonuncu dəfə intizam tənbehinin verilməsinə əsas olan pozuntuya yol verildiyini müəyyən etmişdir, lakin rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi onun törətdiyi pozuntuya adekvat olmamışdır (bax, qətnamənin 6-cı vərəqi, sonuncu abzas).

66. Demək ki, iddianı təmin edən rayon məhkəsi də iddiaçının sonuncu dəfə intizam tənbehi verilməsinə əsas olan pozuntuya yol verdiyini təsbit etmiş, lakin iddiaçı barəsində əvvəlki intizam tənbehi barədə qüvvədə olan əmrlərə münasibətdə qiymətləndirmədə səhvə yol verdiyindən, işəgötürən tərəfindən sonuncu pozuntuya görə ƏM 70-ci maddəsinin “ç” bəndinin tətbiqini adekvat- mütənasib hesab etməmişdir. Halbuki ƏM 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də ƏM-in 72-ci maddəsində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Həmin normada sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da aid edilmişdir (maddə 72 “ə” bəndi.) Bununla da məlum olur ki, işəgötürənin mübahisələndirilən əmri iddiaçının törətdiyi pozuntuya tam uyğun (adekvat) və mütənasib olmuşdur.

67. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunu da birinci instansiya məhkəməsi mötəbər sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, iclasda iştirak edənlərin sayı 10 (on) nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir, (iddiaçının izahatı, şahid ifadəsi, müdir Aygün Qurbanovanın izahatı) Həmkarlar Təşkilatının sədri Xətai Rayon Cavabdeh müdiri Aygün Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı protokolunu da mötəbər sübut kimi qəbul etmir.

68. Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

69. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

70. Kollegiya qeyd edir ki, qanunvericilik işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini tələb etmişdir. Hazırkı iddiaçının əmək müqaviləsinə xitam verilən zaman işəgötürən tərəfindən, qanunun həmin tələblərinə əməl edilmişdir. Buna baxmayaraq, rayon məhkəməsinin yuxarıda qeyd edilən əsasla (Həmkarlar təkilatının sədrinin işəgötürənlə yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən) həmin protokolu mötəbər sübut kimi qəbul etməməsi də əsassız olmuşdur.

71. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

72. Beləliklə, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmr qüvvədə olduğundan, cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi, əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

73. Beləliklə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar və istinad olunan maddi və prossesual hüquq normalarına əsasən müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi işin yuxarıda qeyd olunan hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

75. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.

76. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-3431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, İddiaçı cavabdeh 251 saylı uşaq bağçasına qarşı “işə bərpa və buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar