Məhkəmə qərarları › İş №2(103)-5214/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5214/2024

22.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5214/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh nümayəndəsi Nümayəndə və apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi haqqında cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 1192/23İr nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa edilməsi, ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli 129081 nömrəli əmrə əsasən iddiaçı, cavabdeh MMC-də kran operatoru vəzifəsinə işə qəbul olunmuş, bununla bağlı iddiaçı ilə MMC arasında “Əmək müqaviləsi” bağlanmışdır. Həmin "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və iddiaçı işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz hesab edir. Belə ki, iddiaçının MMC-də əmək stajı ümumilikdə 10 ildən artıq olduğundan onun işdən azad edilməsi üçün ona 9 təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Lakin MMC tərəfindən iddiaçıya lazımi qaydada belə bir xəbərdarlıq edilməmişdir. İddiaçıya 1 il əvvəl 2022-ci ilin dekabr ayında ixtisara düşəcəyi barədə xəbərdarlıq edilsə də, daha sonra MMC tərəfindən xəbərdarlığın qüvvədən düşdüyü, onun işdə qalıb işləyəcəyi bildirilmiş, o da arxayın şəkildə işinə davam etmiş, başqa yerdə iş axtarmamış, işsiz qalacağı halda yeni iş yeri taparaq ailəsinin və özünün maddi təminatı, qayğısına qalmaq imkanından cavabdeh tərəfindən faktiki olaraq məhrum edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə, iddiaçını çağırıb "xxxx" xitam veriləcəyini, bu barədə Həmkarlar İttifaqının da bir il əvvəldən razılığının alındığını bildirmişlər. Heç bir razılığı olmadığı halda əmrdə onun razılığı ilə 9 təqvim həftəsi xəbərdarlıq həftəsi əvəzinə orta əmək haqqının 2 misli məbləğində ödəniş edilməsinin, əlavə olaraq orta əmək haqqının 2 misli məbləğində işdənçıxarma müavinətinin hesablanması barədə xəbərdarlıqla xx.xx.2022-ci il tarixdə tanış edildiyi (təsadüfi deyildir ki, “rəsmi göndərilməsi” deyil, “tanış edilməsi” sözündən istifadə edilmişdir) qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 1192/23İr nömrəli əmrlə iddiaçının işlədiyi peşədən azad edilməsi və əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, Əmək Məcəlləsinin 77-ci və 83-cü maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, son haqq-hesabının uyğun şəkildə hesablanaraq ödənilməsinin mühasibatlığa həvalə edilməsi, son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, işçinin təminatları və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi əmr edilmişdir. Tərəflər arasındakı əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Lakin qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi iddiaçı ilə müzakirə edilməmiş və gəlinən nəticə əsaslandırılmamış, cavabdeh tərəfindən ona ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarıq edilməmiş, əmək funksiyasının icrasından tam azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmamışdır. Ştatların ixtisar edilməsi haqqında əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılmalı olduğu halda əmək müqaviləsinə xitam verilməsinə dair belə bir əmr olmamışdır. Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır. İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər. Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı da iddiaçıya məlum deyildir. İddiaçı, həmkarlar komitəsinə dəvət olunmamışdır, onunla heç bir söhbət aparılmamışdır. Bununla da, onun ixtisarın zəruriliyini məhkəmə qaydasında mübahisələndirilə bilmək imkanı məhdudlaşdırılmamışdır. İxtisar barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd də mövcud deyildir. Halbuki, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verilməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. İddiaçıya ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən, imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə yazılı razılığını da təsdiq edən sənəd yoxdur. Həmçinin xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmasına imkan yaradılması məqsədi ilə ona hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və ya Dövlət Məşğulluq xidmətinə müraciət etməsi barədə tövsiyyənin əks olunduğu barədə əmr (və ya digər rəsmi sənəd) də olmamış və ona rəsmi qaydada çatdırılmamışdır. Bundan başqa qeyd edilməlidir ki, son haqq-hesab aparılan zaman istifadə edilməmiş məzuniyyətə görə ödəniş də cavabdeh tərəfindən düzgün hesablanaraq ödənilməmişdir. Əvvəla zərərli iş şəraitində işləməsinə baxmayaraq iddiaçıya illərlə cəmi 27 gün əmək məzuniyyəti hesablanmış, ötən dövrlərdən istifadə olunmamış məzuniyyət günlərinə və sonuncu iş ili üçün verilməli olan əmək məzuniyyətinə görə də hesablama düzgün aparılmamışdır b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin iddiaya etirazı və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” etirazı onunla əsaslandırılmışdır ki, MMC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. Belə ki, MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 184 nömrəli əmri ilə iş həcminin azalması, müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar olaraq MMC-nin 35 vəzifə (peşə) üzrə 130 ştat vahidi, xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ixtisar edilmişdir. Həmin əmrlə iddiaçının ştat vahidi də ixtisara düşmüşdür. xx.xx.2022-ci il tarixdə iddiaçıya onunla bağlanmış "xxxx" xitam verilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Bu xəbərdarlıqla iddiaçıya onun işlədiyi kran operatoru ştat vahidinin ixtisar edildiyi, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 9 təqvim həftəsi sonra, yəni xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıqda işəgötürənin işçiyə onun razılığı ilə 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli məbləğində əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilməsi onun nəzərinə çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə xəbərdarlığın nüsxəsini almış və bu barədə xəbərdarlığa imza atmışdır. Lakin o, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli məbləğində əmək haqqı almaqla müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı barədə xəbərdarlıq məktubunda heç bir qeyd aparmamış, ümumiyyətlə belə bir istəyinin olması barədə işəgötürənə heç vaxt deməmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə xəbərdarlığın nüsxəsini aldıqdan sonra MMC-nin rəhbərliyinə maddi durumunun yaxşı olmadığını, ailəsinin yeganə qazanc gətirəni olduğunu, bu səbəbdən onun əmək müqaviləsinə 9 təqvim həftəsi bitdikdən sonra yox, mümkün olduğu qədər daha uzun müddət sonra xitam verilməsini xahiş etmişdir. MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya göstərdiyi səbəblər və MMC-də uzun müddət işləməsi nəzərə alınaraq humanistlik göstərilib onun əmək müqaviləsinə 9 təqvim həftəsi bitdikdən bir müddət sonra xitam verilməsi qərara alınmışdır. 2023-cü ilin axırlarında MMC-də iş həcminin kəskin azalması səbəbindən iddiaçının "xxxx" xitam verilməsini təxirə salmaq artıq mümkün olmamışdır. Buna görə də, MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2022-ci il tarixli əmrə istinad edilərək ştat vahidi ixtisar edilən kran operatoru vəzifəsində işləyən iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir (on ildən çox əmək stajı olduğu üçün orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilməklə). İddiaçının iddia ərizəsində MMC tərəfindən 2022-ci ilin dekabr ayında ona ixtisara düşəcəyi barədə xəbərdarlıq edildikdən sonra guya xəbərdarlığın qüvvədən düşməsinin deyildiyi haqda bildirdikləri yalandır. Bu yalanı əsassız qazanc əldə etmək üçün uydurmuşdur. İddiaçıya həmin xəbərdarlığın qüvvədən düşməsi barədə MMC tərəfindən heç bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Bundan başqa, iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun istifadə edilməmiş 21,54 məzuniyyət gününün olması müəyyən edilmişdir. Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci bəndinə əsasən ona həmin məzuniyyət günlərinə görə pul əvəzi (21,54 məzuniyyət gününün təzminatı) ödənilmişdir. MMC-nin son haqq-hesab sənədlərindən də görünür ki, iddiaçıya 21,54 məzuniyyət gününün təzminatı olaraq 1.673,85 manat ödəniş olunmuşdur. Həmçinin iddiaçının MMC-də işlədiyi kran operatoru vəzifəsi MMC-nin fəaliyyət növünə aid olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası) və 35-ci hissədə (Ümumi peşələr) mövcud deyil. Bu səbəbdən, onun MMC-də güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmamışdır. İddiaçı, onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilməzdən əvvəl o, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən MMC tərəfindən azı 9 təqvim həftəsi müddətində rəsmi xəbərdar edilmişdir. Onun əmək müqaviləsinə doqquz təqvim həftəsi keçdikdən sonra xitam verilmişdir. Göründüyü kimi, MMC tərəfindən iddiaçının əmək müqaviləsinə əmək qanunvericiliyinə tam və düzgün şəkildə əməl olunaraq xitam verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də üzürsüz səbəblərdən ötürülmüşdür. Bu səbəbdən, iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 129081 saylı "xxxx" görünür ki, iddiaçı cavabdeh MMC-yə kran operatoru vəzifəsinə işə qəbul edilmişdir.

12. MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli qərarından (07 nömrəli protokol) görünür ki, Komitə, ilə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə MMC-nin təqdimatına baxılaraq, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinə etiraz etməmişdir.

13. MMC, bir sıra ştatların, o cümlədən iddiaçının tutduğu kran operatoru ştatının ixtisar edilməsi barədə iddiaçıya 2022-ci ilin dekabr ayında müvafiq qaydada məlumat verilmiş, bu barədə xəbərdar edilmişdir.

14. İşin hallarından məlum olur ki, iddiaçı ona bu barədə məlumat verildiyini təkzib etmir.

15. MMC, iddiaçının ailə vəziyyəti ilə bağlı müraciətini nəzərə alaraq, iddiaçı ilə bağlanmış "xxxx" işəgötürənin iş həcmi kəskin azaldıqdan sonra – xx.xx.2023-cü il tarixli əmrlə xitam vermişdir.

16. İşdə olan sənədlərdən görünür ki, MMC tərəfindən iddiaçının son haqq-hesabı müvafiq şəkildə hesablanılmış və iddiaçıya ödənilmişdir.

17. İddiaçı hazırda işdən azad olunarkən qanunvericiliyin tələblərinin işəgötürən tərəfindən pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, işəgötürən tərəfindən ştatın ixtisarı ilə əlaqədar olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilsə də, sonradan həmin xəbərdarlığın qüvvədən düşdüyü barədə işəgötürən tərəfindən ona məlumat verilmişdir.

18. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi həmin hala dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

19. İşin faktiki hallarından isə göründüyü kimi, işəgötürən tərəfindən həmin xəbərdarlığın qüvvədən düşməsi, geri çağırılması və s. barədə heç bir məlumat verilməmiş, hər hansı qərar qəbul olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

21. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsindən görünür ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

22. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

23. Göründüyü kimi, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur.

24. Bundan başqa, cavabdeh MMC, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. İş materiallarından müəyyən edilir ki, iddiaçı iddia müddətini heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Hər bir halda o, bunun əksini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

28. Beləliklə, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. İddia tələbi əsassızdır. Rayon Məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmuşdur. g) apelyasiyanın nəticəsi

29. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

33. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən isə iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar