Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5215/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Maraqlı şəxs, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və 33 saylı Uşaq Musiqi Məktəbi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və ödəncin verilməsi X2 (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 33 saylı Uşaq Musiqi Məktəbinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Maraqlı şəxs, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və 33 saylı Uşaq Musiqi Məktəbi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1490/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.1999-cu il tarixdə 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 33 nömrəli Uşaq Musiqi Məktəbinin (bundan sonra məktəb) direktoru Maraqlı şəxs xx.xx.2024-cü il tarixli əmri ilə məktəbin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyası yaradılmış və tərkibi təsdiq edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmiş və onunla keçirilmiş attestasiya zamanı qoyulmuş suallar, verilmiş cavablar, attestasiyanın nəticələrinə dair komissiyanın üzvlərinin səsverməsi və buna uyğun olaraq iddiaçının fəaliyyətinə verilmiş qiymət tərtib edilmiş attestasiya vərəqəsində əks olunmuş (Komissiya iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmişdir), iddiaçı həmin vərəqəni imzalamışdır. Attestasiyanın nəticələri üzrə Məktəbin Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda iddiaçının ona verilmiş 14 sualdan 7 sualına cavab verə bilmədiyi, 4 suala qismən cavab verdiyi, yalnız 3 suala tam cavab verdiyi, bununla yanaşı, ona praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində üzdən oxunun ifa olunması təklif edildiyi, lakin iddiaçının həmin əsəri zəif ifa etdiyi qeyd edilmiş və iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilmədiyi qərara alınmışdır. Həmin qərara uyğun olaraq məktəb tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə dair materiallar təhlil edildikdə məlum olur ki, onun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr qanunvericilikdə göstərilən tələblərə cavab vermir. Belə ki, əmrdə işəgötürənin adı, faktiki fəaliyyət göstərdiyi ünvan barədə məlumatlar qeyd edilməmiş, əmək müqaviləsinə xitam verilməsinin əsasları hüquqi baxımdan əsaslandırılmamışdır. Əmrin mətni əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Qeyd olunan hüquqi arqumentlər kontekstində belə qənaətə gəlmək olar ki, xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr formaca və məzmunca Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun gəlmir. Hazırkı mübahisədə onun əmək müqaviləsi üzrə rəsmi işəgötürəni Bakı şəhər Mədəniyyət Baş İdarəsidir. Bu, fakt onun əmək müqaviləsi ilə də təsdiqlənir. Lakin xx.xx.2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsi birbaşa 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Maraqlı şəxs tərəfindən imzalanmış əmr əsasında həyata keçirilmişdir. Halbuki, adıçəkilən məktəb işəgötürən statusuna malik olmayıb, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən struktur bölmədir və onun direktorunun əmək müqaviləsinə xitam vermək səlahiyyəti mövcud deyildir və Maraqlı şəxs belə bir səlahiyyətini təsdiq edən müvafiq sənədlər ona təqdim edilməmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilməsi səlahiyyətsiz orqan, yəni 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən həyata keçirildiyindən, bu əməl hüquqi baxımdan etibarsız hesab olunmalı və əmək münasibətlərinin xitamı qanunsuz sayılmalıdır. İş materiallarına əlavə edilmiş attestasiya vərəqəsinə nəzər salındıqda, ona attestasiyası zamanı attestasiya komissiyası tərəfindən aşağıdakı tapşırıqların verildiyi müəyyən edilmişdir: 1) Y.Haydn Sonata D dur ifa edilməsi; 2) Qamma E dur cis moll ifası; 3) Musiqi əsərini üzdən oxuma bacarığının nümayiş etdirilməsi. Göründüyü kimi yuxarıdakı punktlarda qeyd edilən tapşırıqların heç biri sual olmamaqla yanaşı tapşırıq xarakteri daşıyır və bununla da, qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən attestasiya proqramında praktik ifaçılığın da qiymətləndirilməsi nəzərdə tutulmuş olsa da, Qaydalara və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tapşırıqlar, icra hərəkətləri attestasiyanın keçirilməsi zamanı nəzərdə tutulmayaraq, yalnız sual verilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Buradakı “əsaslandırmaq” anlayışı yalnız formallıq xatirinə ümumi bir istinad deyil, işçinin konkret fəaliyyətinə, peşə keyfiyyətlərinə, iş prosesində göstərdiyi nəticələrə dair konkret və məzmunlu arqumentlərlə dəstəklənmiş açıqlama deməkdir. Hazırkı mübahisədə təqdim olunmuş xx.xx.2025-ci il tarixli əmrdə isə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi haqqında heç bir əsaslandırmaya yer verilməmiş, sadəcə olaraq Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına istinad edilərək, işçinin tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. Halbuki, bu təkbaşına yetərli deyildir və işəgötürən tərəfindən konkret olaraq attestasiya nəticələrinin hüquqi nəticə doğuracaq dərəcədə əsaslı olub-olmadığı, işçinin əmək funksiyalarını hansı məqamda yerinə yetirə bilmədiyi, onun fəaliyyətinin müəssisənin işinə necə mənfi təsir göstərdiyi, alternativ tədbirlərin mümkünlüyü (işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi, işçinin razılığı ilə onun başqa müvafiq vəzifəyə keçirilməsi) və bunların niyə tətbiq edilmədiyi barədə dəqiq və əsaslı məlumatlar göstərilməli idi. Beləliklə, əmr yalnız attestasiya qərarına istinad etməklə, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinə dair konkret və hüquqi əsaslı izahat təqdim etmədiyindən, bu sənəd AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə ziddir və nəticə etibarilə, hüquqi baxımdan əsassız hesab edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və ya işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilərdi. Bu normanın əsası əmək münasibətlərinin sabitliyinin qorunması, işçinin əmək hüququnun təmin edilməsi və işəgötürən tərəfindən sosial məsuliyyət prinsiplərinə əməl olunması məqsədi daşıyır. Yəni, əmək qanunvericiliyi işçiyə qarşı işdən azad edilmə tədbirini sonuncu variant olaraq nəzərdə tutur və alternativ tədbirlər qeyri-mümkün və ya qeyri-effektiv olduqda əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun ola bilər. Bu isə onun qanunvericiliklə qorunan maraqlarına zidd olmaqla yanaşı, həm də ona qarşı subyektiv, qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirir. Digər tərəfdən, onun sağlamlıq vəziyyəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. xx.xx.2023-cü il tarixində ona “bilək kanalı sindromu” (biateral kapral tunel sindromu) diaqnozu qoyulmuş və hər iki biləyindən cərrahi əməliyyat keçirmişdir. Karpal tunel sindromu (KTS) - biləkdə yerləşən medial sinirin sıxılması nəticəsində yaranan sinir sıxılması sindromudur. Bu sinir baş barmaq, şəhadət, orta və adsız barmağın bir hissəsinin hissiyyatını və bəzi əzələlərin motor funksiyalarını təmin edir. Qeyd edilən xəstəlik - karpal tunel sindromu - biləkdə yerləşən medial sinirin sıxılması nəticəsində yaranır və sinirin qidalandırdığı barmaqlarda keyləşmə, ağrı, əzələ zəifliyi və motor funksiyalarda pozulma ilə müşayiət olunur. Onun fortepiano müəllimi kimi uzunmüddətli peşəkar fəaliyyəti bu xəstəliyin yaranmasına birbaşa səbəb olmuşdur. Fortepiano ifası zamanı əllər və biləklər davamlı olaraq uzunmüddətli təkrarlanan hərəkətlərə, biləyin əyilmiş vəziyyətdə saxlanmasına, vibrasiya və mexaniki gərginlik vəziyyətlərinə məruz qaldığından sözügedən xəstəlik, bu peşənin tələblərindən qaynaqlanan peşəvi risk faktoru sayılır və bu hal attestasiya və işdən azad edilmə prosesində nəzərə alınmalı mühüm tibbi amil idi. Hazırda da o, xəstəliyi ilə bağlı mütəmadi müalicə alır. Belə ki, xx.xx.2025-ci il tarixində "xxxx" MMC (Saf Hospital) tərəfindən verilmiş arayışa əsasən “pasiyent İddiaçı sağ və sol əldə olan ağrı şikayəti ilə müraciət etmişdir, pasiyent xx.xx.2023-cü il tarixində “ikitərəfli ağır dərəcəli karpal tunel sindromu" diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Pasiyent təkrar həkim neyrocərrah qəbulunda olmuşdur. Hazırda pasiyentdə hər iki əlində nevroloji defisit qalmaqdadır. Məsləhət: “Pasiyentə konservativ və fizioterapevtik müalicə təyin edildi, uzunmüddətli reabilitasiyaya ehtiyac var. Yaşayış yeri üzrə nevroloqun nəzarətinə göndərilir”. Bu vəziyyət birbaşa olaraq onun ifaçılıq qabiliyyətinə təsir etsə də, metodik tədris və şagirdlərə musiqi biliklərinin səmərəli şəkildə ötürülməsi fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Həmçinin, attestasiya vərəqəsində göstərilən 2 sual ümumiyyətlə Attestasiya Komissiyası tərəfindən ona ünvanlanmamışdır, habelə attestasiya prosesində üzvlər tərəfindən verilmiş sualların bir qismi onun əsas əmək funksiyası ilə birbaşa əlaqəli olmamışdır. Əmək müqaviləsi üzrə onun əmək funksiyaları aşağıdakılardır: Proqrama uyğun olaraq uşaqların musiqi tərbiyəsini həyata keçirmək, uşaqlarda musiqiyə maraq və məhəbbət hissinin yaranmasına, inkişafına, musiqi qabiliyyətinin formalaşdırılmasına xidmət etmək, pedaqoji kollektivlərlə və ailə ilə birlikdə uşaqların estetik tərbiyəsinin inkişafı üzrə işlər aparmaq, onlarda ümumi musiqi mədəniyyətinin, yaradıcılıq qabiliyyətinin formalaşdırılması ilə məşğul olmaq, musiqi məşğələləri, ədəbi-musiqili konsertlər, bayramlar təşkil edir, müxtəlif növ əyləncələrin hazırlanması və aparılmasında iştirak etmək, uşaqlara musiqi alətində çalmağı öyrətmək və onları bir orkestrdə birləşdirmək, musiqi fəaliyyətinin müxtəlif növləri üzrə uşaqlarla müntəzəm olaraq fərdi iş aparmaq, musiqi qabiliyyətinə malik istedadlı uşaqları aşkara çıxarmaq və onların inkişafına hərtərəfli təsir göstərmək, tərbiyəçiləri uşaqlarla musiqi məşğələləri aparmağa hazırlamaq, səhər idmanının keçirilməsində, kostyumların hazırlanmasında və zalın bayramsayağı tərtibində onlara köməklik göstərmək, uşaq və yaşlılarla apardığı işdə xalq musiqi alətlərindən və eləcə də müasir texniki vasitələrdən istifadə etmək, tərbiyə prosesində incəsənət ustalarının ifasında lentə yazılan klassik musiqili ədəbi əsərlərə geniş yer vermək, işçilərin musiqi mədəniyyətinin yüksəlməsinə kömək etmək. Attestasiya vərəqəsində qeyd edilmiş sualların bir qismi onun əmək funksiyasına aid olmayan suallardır: a) 5-ci sualda öz əksini tapan “Y. Haydnın sonataları haqqında danışın" sualı ensiklopedik bilik sayılır. b) 6-cı sualda öz əksini tapan “Y.Haydnın neçə konserti var? " sualı konsert sayını əzbər bilmək heç bir pedoqoji məqsədə xidmət etmir. c) 8-ci sualda öz əksini tapan “Vyana klassiklərindən daha kimlərin adını çəkə bilərsiniz? " sualı ümumi klassik musiqi biliklərinə aid sualdır. Fortepiano ixtisası üzrə müəllimin pedaqoji qabiliyyətini ölçmür. d) 9-cu sualda öz əksini tapan “Ay sonatasında hissələr klassik sonataya uyğun şəkildəmi verilib?" sualı formal musiqi nəzəriyyəsinə aid olmaqla, ümumiyyətlə, tədris proqramında öz əksini tapmamışdır və bu sual formalar nəzəriyyəsi fənninə aiddir. e) 13-cü sualda öz əksini tapan “Musa Mirzəyevin uşaq pyesləri" sualı Azərbaycan musiqi ədəbiyyatına aiddir. Uşaq pyeslərinin müəllifi haqqında konkret ad çəkmək tələb olunur - bu da konkret repertuar və ensiklopedik bilik sahəsidir, pedaqoji bacarıqdan çox xatırlama yaddaşı ilə bağlıdır. Əgər onun ixtisas və pedaqoji hazırlığı qeyri-kafi və ya savad səviyyəsi aşağı olsaydı, bu qədər uzun müddət - 38 il ərzində fortepiano müəllimi kimi fasiləsiz çalışmaq, onlarla şagirdin musiqi inkişafına töhfə vermək və müxtəlif festivallarda uğurlu nəticələr əldə etmək mümkün olmazdı. Bu fakt özü sübut edir ki, pedaqoji fəaliyyəti yalnız təcrübə ilə deyil, həm də yüksək ixtisas hazırlığı və peşəkar savadla müşayiət olunmuşdur. Bu səbəbdən də, onun hazırda tutduğu vəzifəyə guya uyğun olmaması barədə verilmiş qərar illərlə aparılmış səmərəli pedaqoji fəaliyyətin və əldə edilmiş real nəticələrin hüquqi və məntiqi baxımdan inkarı deməkdir. Bu cür yanaşma isə qanunvericiliyin obyektivlik və ədalətlilik prinsipləri ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, xx.xx.2014-cü il tarixində iddiaçı Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi məqsədilə keçirilən imtahanda iştirak edərək, qənaətbəxş qiymətləndirmə nəticəsi əldə etmişdir. Bu qiymətləndirmə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilmiş və onun məqsədi pedaqoji heyətin bilik səviyyəsinin və peşə hazırlığının obyektiv şəkildə müəyyən edilməsindən ibarət olmuşdur. Belə imtahanlar dövlət səviyyəsində təşkil olunan formal qiymətləndirmə vasitələri olmaqla müəllimlərin ixtisas uyğunluğunun və eləcə də pedaqoji fəaliyyətə yararlılığının müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb edən sübut vasitələrindən sayılır. Onun bu imtahanda iştirak etməsi və qənaətbəxş nəticə əldə etməsi onun peşəkar hazırlığının, nəzəri biliklərinin və pedaqoji səriştəsinin dövlət tərəfindən təsdiqləndiyini göstərir. Bu isə, öz növbəsində, onun tutduğu vəzifəyə uyğunluğu barədə sonrakı tarixdə - xüsusilə 2025-ci ildə - qəbul olunmuş mənfi məzmunlu attestasiya qərarının obyektivlikdən uzaq, şübhə doğuran və əvvəlki qiymətləndirmələrlə ziddiyyət təşkil edən bir yanaşma olduğunu sübut edir.
4. Bundan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və 33 saylı Uşaq Musiqi Məktəbi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 1490/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X6)
6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur. İddiaçının sağ və sol əlində aparılmış cərrahi əməliyyat ilə əlaqədar piano alətində ifa zamanı çətinliyi bununla əlaqədar olması bildirilsə də, videogörüntüdə iddiaçının etdiyi ifa zaman belə çətinlik müşahidə olunmamışdır. Komissiya tərəfindən təqdim olunan əsərin zəif ifa edilməsi müşahidə olunmuş və bu hal komissiya üzvləri tərəfindən dəyərləndirilmişdir. Eyni zamanda, məhkəməyə təqdim olunan komissiya üzvlərinin tutduğu vəzifələr kifayət qədər peşəkarların komissiya üzvlüyünə cəlb edilməsini təsdiq edir. İddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və işburaxma müddətinin hər gün üçün ona əmək haqqının 1% məbləğində pul vəsaitinin verilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 11-12-ci, 65-ci, 67-ci, 70-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, attestasiyanın keçirilməsi prosesi Əmək Məcəlləsinə və Nazirlər kabinetinin müvafiq qərarına uyğun olmamışdır. Məhkəmə tərəfindən attestasiya zamanı çəkilmiş CD-diskə baxış keçirilərkən attestasiya vərəqəsindəki qeydlərlə işin faktiki halları arasındakı ziddiyyət araşdırılmamış və onlara düzgün qiymət verilməmişdir. Belə ki, attestasiya vərəqəsində 13-cü suala cavab verilmədiyi göstərilsə də video görüntülərdən bəlli olmuşdur ki, İddiaçı 13-cü suala “lirik vals” cavabı vermişdir. Əlavə olaraq 14-cü sual (üzdən oxu) son sual kimi göstərilsə də videodan görünür ki, “üzdən oxu” sonrası attestasiya vərəqəsində qeyd edilməyən əlavə suallar da verilmişdir. Bundan başqa komissiyanın qərarında düzgün cavabların sayı 3 ədəd qeyd edilmişdir. Attestasiya vərəqəsində də 3-cü, 8-ci və 10-cu suallara düzgün cavab verildiyi bildirilir. Ancaq 13-cü suala cavab verilməsinə baxmayaraq vərəqədə yanlış qeyd aparılmışdır, 11-ci suala verilmiş cavab göstərilsə də, həmin cavabın düzgün olub-olmadığı qeyd edilməmişdir, 4-cü və 5-ci suallar hər biri özlüyündə faktiki 2 sualı ehtiva edir və o iki sualdan bir ədədinə yanlış cavab verildiyi qeyd edilmiş, digər suallara verilmiş düzgün cavablar nəzərə alınmamışdır. İşə baxan hakimin fortepiano ixtisası üzrə mütəxəssis olmadığı nəzərə alındığı təqdirdə attestasiya vərəqəsində yazılanların videogörüntüdə də təsdiq olunduğunu müəyyən edə bilməyəcəyini rahatlıqla demək olar. Elə məhkəmənin diskə baxış keçirmək üçün mütəxəssis cəlb etməməsi də işin hərtərəfli araşdırılmadığının digər sübutudur. Sonuncu məhkəmə iclasında iş materiallarına əlavə edilməsi üçün mülahizə və digər proses iştirakçılarına suallar təqdim edildi. Məhkəmə qətnamədə həmin mülahizəyə və suallara verilmiş cavablar əsasındakı çıxışa da heç bir münasibət bildirməmişdir. Bundan əlavə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. İddiaçının attestasiyasının keçirilməsi üçün digər məktəblərdən 4 nəfər komissiyaya daxil edilmişdir. X17 Xidməti tərəfindən attestasiya komissiyasının sədri və üzvlərinin əmək məlumatları təqdim edilmişdir. Komissiyanın sədri X3 33 nömrəli uşaq musiqi məktəbinin əmri ilə təsdiq edilmiş siyahıya əsasən 3 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin müdiri kimi göstərilsə də, Müfəttişliyin cavab məktubuna əsasən o, 2001-ci ildən 2018-ci ilədək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2 saylı Maliyyə və X12 müəllim vəzifəsində işləmişdir. 2018-ci ildən hal-hazıradək isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləyir. Deməli komissiya sədri fortepiano şöbəsinin müdiri deyil, adi müəllimdir. Bundan əlavə daha yüksək ixtisasa malik olmalı olan Gültəkin Məmmədovanın iş stajı ondan daha azdır. Üstəlik o, 1987-ci ildən fortepiano müəllimi kimi işləməsinə baxmayaraq Gültəkin Məmmədova 2018-ci ildən fortepiano müəllimi kimi işləyir. Komissiyanın üzvü X8 33 nömrəli uşaq musiqi məktəbinin əmri ilə təsdiq edilmiş siyahıya əsasən 35 saylı musiqi məktəbinin fortepiano şöbəsinin müdiri kimi göstərilsə də Müfəttişliyin cavab məktubuna əsasən o, 1992-ci ildən 2018-ci ilədək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 saylı Maliyyə və X12 müəllim vəzifəsində işləmişdir. 2018-ci ildən hazıradək isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləyir. Komissiyanın üzvü X1 cavab məktubuna əsasən 2018-ci ildən hazıradək Bakı Şəhər Mədəniyyət Baş İdarəsində nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində işləyir. Ondan əvvəl isə sadəcə müəllim kimi işləmişdir. Komissiyanın digər üzvü X9 2018-ci ildən hazıradək Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləyir. Göründüyü kimi, komissiyanın sədri və bütün üzvləri Əmək Məcəlləsinin tələblərinə əsasən təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən seçilməli olduğu halda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən daha yüksək ixtisasa malik şəxslər sırasından seçilməli olduğu halda onların hamısının əmək stajı istisnasız olaraq onun əmək stajından çox daha azdır. Üstəlik 33 nömrəli uşaq musiqi məktəbi tərəfindən təqdim edilən siyahı üzrə komissiya sədrinin və üzv Nuridə Süleymanovanın vəzifələri də həqiqəti əks etdirmir. Onların yüksək peşəkarlıq qabiliyyəti, qərəzsizliyi ilə seçilmələri və nüfuzlu şəxslər olmaları da heç bir sənəd sübuta yetirilmir. O, fortopiano ixtisası üzrə müəllimi kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə əmək müqaviləsi bağlamışdır. Beləliklə, işəgötürən qismində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi çıxış edir. Həmin məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən attestasiya komissiyası işəgötürənin əmri ilə yaradılır. Halbuki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 76 nömrəli əmrdən göründüyü kimi attestasiya komissiyası 33 nömrəli uşaq musiqi məktəbinin direktoru Maraqlı şəxs əmri ilə yaradılmışdır. Əmək müqaviləsindən göründüyü kimi, 33 nömrəli uşaq musiqi məktəbi struktur bölmə qismində çıxış edir. Ona görə də xx.xx.2024-cü il tarixli əmr heç bir hüquqi yaratmamaqdadır və həmin komissiyanın qərarı əsasında da hər hansı əmr verilə bilməz. Musiqi məktəbinin 76 nömrəli əmrində Əmək Məcəlləsinin 65-ci maddəsinin rəhbər tutulduğu göstərilsə də, həmin maddənin tələbi ciddi şəkildə pozulmuşdur. Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli qərarı 33 nömrəli uşaq musiqi məktəbinin 76 nömrəli əmrinə əsaslandığı üçün etibarsızdır və heç bir hüquqi nəticə yaratmamalıdır. Komissiya 33 nömrəli uşaq musiqi məktəbinin direktoru tərəfindən yaradılmışdır. Komissiya üzvlərindən sadəcə 1 nəfər – X10 ona tanışdır. Digərləri – sədr və digər üzvlər başqa məktəblərdə fəaliyyət göstərirlər. Belə olan halda, məktəb direktoru Nəzifə xanım Əliyevanın onların təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslər olduğunu müəyyən etməsi məcəllənin birmənalı imperativ tələbidir. Ancaq Nəzifə xanım Əliyevanın nəinki bu sadalanan şəxsi keyfiyyətlərə bələd olması, heç onları tanıdığına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Xüsusilə obyektivlik, qərəzsizlik və nüfuzlu olma əlamətləri insana xas elə xüsusiyyətlərdir ki, onların müəyyən edilməsi üçün insanın şəxsiyyətinin doğru xarakterizə edilməsi və buna dair ciddi sübutların olması labüddür. Həmin şəxslərin göstərilən keyfiyyətlərə malik olduğunu təsdiq etmək cavabdehin və məktəb direktorunun vəzifəsidir. Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli qərarında və attestasiya vərəqəsində ona piano alətində üzdən oxunun ifa olunmasının təklif olunduğu göstərilmişdir. Ancaq ifanın təklif edilməsinin (praktiki biliklərin icra edilməklə yoxlanılmasının) normativ əsasları mövcud deyildir. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yalnız suallar verilir. Yenə Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarının 2.4-cü bəndinə əsasən işçiyə yalnız suallar verilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə yazılır. 33 nömrəli uşaq musiqi məktəbinin xx.xx.2024-cü il tarixli, 76 nömrəli əmrinin 4.4-cü bəndinə əsasən attestasiyadan keçən işçilərə yalnız suallar verilməsinin təmin edilməsi komissiyaya tapşırılmışdır. Həmin əmrin 5-ci bəndinə əsasən əmrin tələblərinin pozulması müəssisədaxili intizam qaydalarının ciddi pozulması hesab edilir və təqsirli işçilərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas sayılır. xx.xx.2024-cü il tarixli, 76 nömrəli əmrlə təsdiq edilmiş 33 nömrəli uşaq musiqi məktəbinin attestasiya komissiyasının əsasnaməsinin 7.5.1-ci bəndinə əsasən attestasiya zamanı verilən suallar və cavablar bir nüsxədə tərtib edilən attestasiya vərəqəsinə yazılır. Bu səbəbdən də ona piano alətində ifa etmənin təklif edilməsinin, onun praktiki biliklərinin icra etməklə yoxlanılmasının normativ əsası olmadığından attestasiya komissiyasının qərarı etibarsızdır. Üstəlik məktəbin əmrinə əsasən komissiya attestasiyadan keçənlərə suallar verə bilər, ifa etməyi təklif edə bilməz. Hətta əmrin tələbinin pozulması müəssisədaxili intizam qaydalarının ciddi pozulması hesab edilir. Təqsirli işçilərə intizam məsuliyyətinə gəldikdə isə 33 nömrəli uşaq musiqi məktəbinin direktoru Nəzifə xanım Əliyeva unutmuşdur ki, attestasiya komissiyasının 5 üzvündən heç biri məktəbin işçisi deyildir və intizam tənbehi yalnız işəgötürən tərəfindən tətbiq edilə bilər. Həmin 5 üzvdən 4-ü isə ümumiyyətlə əmək funksiyalarını 33 nömrəli məktəbdə icra etmir. Belə olan halda, attestasiya vərəqəsində və attestasiya komissiyasının qərarında suallardan əlavə ifa edilməyə münasibət bildirilməsi və ondan ifa tələb edilməsi tamamilə qanunsuz olmuşdur. Məktəb direktorunun 76 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş 33 nömrəli uşaq musiqi məktəbinin attestasiya komissiyasının əsasnaməsinin 7.6-cı bəndinə əsasən məktəb direktoru tərəfindən qərar qəbul edilərkən nəzərə alınan meyarlardan biri də attestasiya komissiyasının verdiyi qiymətdir. Halbuki attestasiya komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsində iddiaçıya hər hansı qiymət verilməmişdir. Əksinə attestasiya vərəqəsinin “səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi” başlıqlı 10-cu bəndində “iş fəaliyyətinə uyğun deyil” qeyd edilməklə faktiki olaraq xüsusiyyətinə görə komissiyanın “tutduğu vəzifəyə uyğun hesab edilməsin” qərarından heç nəyi ilə fərqlənməyən, abstrakt ifadəyə yer verilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarının 1.8-ci maddəsinə əsasən komissiyaların tərkibi attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir. “iş fəaliyyətinə uyğun deyil” kimi mücərrəd, heç bir obyektivliyi təmin etməyən ifadənin yazılması həm NK qərarının 1.8-ci maddəsinin tələblərinə uyğun deyildir, həm də attestasiya komissiyasının qərarından, səslərin miqdarından faktiki olaraq heç nə ilə fərqlənmir. Əmək Məcəlləsinin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddələrdən çıxan nəticəyə əsasən deyə bilərik ki, attestasiya komissiyasının tutduğu vəzifəyə uyğun olmadığı barəsində qərar qəbul etdiyi işçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən həmin xitamın zəruriliyini əsaslandırmalıdır. Zəruriliyi əsaslandırmaq dedikdə işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onun təlimlərə cəlb edilməsi, yaxud razılığı ilə onun başqa müvafiq vəzifəyə (peşəyə) keçirilməsi kimi halların nəzərdən keçirilməyərək onun müqaviləsinə xitam verilməsinin əsaslandırılmasından söhbət gedir. Bu zaman işəgötürən sadəcə komissiyanın qərarına istinad etməklə kifayətlənə bilməz. Çünki əgər komissiyanın qərarına istinad kifayət etsəydi əmək məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsində “tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin” ifadəsinə yer verilməzdi. Deməli tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar çıxarılmış işçinin müqaviləsinə 70-ci maddənin “c” bəndi əsasında xitam verilərkən xitamın zəruriliyi əsaslandırılmalıdır və bu tələb əmək məcəlləsinin imperativ normasına əsaslanır. Məktəb direktorunun 76 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş attestasiya komissiyasının əsasnaməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8.11.2018-ci il tarixli, 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə istinad olunmuşdur. Həmin əsasnamədə məktəb direktorunun vəzifələri və səlahiyyətləri də göstərilmişdir. Lakin həmin vəzifə və səlahiyyətlər siyahısında da məktəb direktorunun attestasiya komissiyası yaratmaq səlahiyyəti və ya vəzifəsi müəyyən edilməmişdir. Bu səbəbə görə də attestasiya komissiyasının yaradılması barədə əmr və komissiyanın qərarı etibarsızdır. Onun işəgötürəni Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, faktiki fəaliyyət göstərdiyi ünvanı isə ünvan 2rdə faktiki fəaliyyət ünvanı ümumiyyətlə göstərilməmiş, işəgötürən qismində isə 33 nömrəli uşaq musiqi məktəbi qeyd edilmişdir. Bundan əlavə, “uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndi Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə ziddir. Konstitusiyanın 148-ci maddəsinə və Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 2-ci maddəsinə əsasən Məcəllə mərkəzi icra hakimiyyəti orqanının normativ aktından üstündür və ziddiyyət halında məcəllə tətbiq edilməlidir. Xitam əmri birincisi, işəgötürən tərəfindən imzalanmalı, ikincisi, işəgötürənin xitam əmri gücləndirilmiş elektron imza ilə imzalanmalıdır. Hazırkı mübahisə baxımından isə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr işəgötürən tərəfindən imzalanmamışdır, çünki 33 nömrəli uşaq musiqi məktəbi iddiaçının işəgötürəni deyildir. Eyni zamanda 25 nömrəli əmr gücləndirilmiş elektron imza ilə imzalanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 33 saylı Uşaq Musiqi Məktəbi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi attestasiya prosesinin videoyazısına baxarkən attestasiya vərəqəsindəki qeydlərlə işin faktiki halları arasında heç bir ziddiyyət müəyyən etməmiş, əksinə attestasiya vərəqəsində qeyd edilənlərin videoyazıda təsdiq olunduğunu müəyyən etmişdir. İddiaçı attestasiya vərəqəsi ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı attestasiya vərəqəsi ilə tanış olarkən hər hansı ziddiyyət, uyğunsuzluq barədə etirazını bildirməmiş, həmçinin bu barədə attestasiya vərəqəsinə qeyd yazmamış və ya buna təşəbbüs göstərməmişdir. İddiaçının vəkili mülki işin birinci instansiya məhkəməsində baxışı zamanı mütəxəssis dəvət edilməsi barədə vəsatət verməmişdir. Apellyasiya şikayətində mütəxəssisin dəvət edilməməsi pozuntu kimi təqdim edilsə də, mütəxəssisin mülki iş üçün hansı halları müəyyən etməyə köməklik edəcəyi əsaslandırılmamışdır. Videoyazıya baxış keçirmək üçün mütəxəssis dəvət edilməsinə gərək yoxdur. Attestasiya prosesi zamanı verilən sualları və cavabları qavramaq üçün hər hansı xüsusi biliyə ehtiyac yoxdur. Həmçinin ifanın düzgün yerinə yetirilməsi və ya ifada xətalara yol verilməsini qiymətləndirmək üçün bir az musiqi biliyi və məntiq yetərlidir. Attestasiya komissiyasının üzvləri həqiqətən də musiqi təhsili sahəsində sayılıb-seçilən müəllim və mütəxəssislərdən, komissiyanın tərkibi haqqında sənəddə göstərildiyi kimi fortepiano şöbələrinin müdirləri və müəllimlərdən ibarət olmuşdur. X17 Xidmətinin attestasiya komissiyasının üzvləri barədə təqdim etdiyİ məlumatların – vəzifə adlarının attestasiya komissiyasının tərkibi haqqında sənəddə göstərilən vəzifə adlarına uyğun gəlməməsi musiqi məktəblərinin daxili quruluşunun (struktur bölmələrin) əmək portalında onlayn analoqunun yaradılmaması və müəllimlərin həmin struktur üzrə vəzifələrdə göstərilməməsi, yəni rəqəmsallaşma prosesinin müəyyən əmək və resurs alması ilə əlaqədardır. Bu məsələnin attestasiya prosesinin keçirilməsində sanki pozuntuya yol verilməsi kimi təqdim edilməsi yolverilməzdir və məhkəmə araşdırmasını başqa istiqamətə yönəltməyə cəhd kimi qiymətləndirilməlidir. İddiaçının 37 il iş stajına və ya attestasiya komissiyasının üzvlərindən daha çox iş stajına malik olması hələ onun öz ixtisası üzrə yaxşı mütəxəssis olması demək deyildir. İş stajı peşəkarlığı müəyyən edə bilməz. Əgər həqiqətən də iş stajı attestasiya prosesində həlledici meyar idisə, o zaman iddiaçı ondan daha az iş stajına malik olan mütəxəssislərin bütün suallarına cavab verməli idi. Halbuki, nə attestasiya vərəqəsində, nə də attestasiya prosesinin videoyazısında bunu görmək olmur. 37 il ərzində musiqi təhsilində yeni yanaşmalar meydana çıxmış, yeni metodologiyalar tətbiq edilməyə başlanılmışdır. Hər dəfə musiqi təhsilinə yenilik gəldikcə müəllimlərdən həmin yenilikləri mənimsəmək və öz fəaliyətlərində onları tətbiq etmək gözlənilir. Qısası, iddiaçının vəkilinin iddiaçının 37 il iş stajına malik olmasını onu toxunulmaz etməsi və ya ona hər hansı imtiyaz verməsi kimi təqdim etməsi yolverilməzdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8.11.2018-ci il tarixli, 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.1-ci bəndinə əsasən məktəbin direktoru Mədəniyyət Nazirliyinin razılığı əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi tərəfindən işə təyin və işdən azad edilir. Həmçinin həmin Əsasnamənin 7.2-ci bəndinin istinad edilən abzaslarına əsasən direktor aşağıdakı vəzifələri icra edir: 1. Tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirir; 2. Məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görür; 3. Müəllimləri qanuna müvafiq qaydada işdən azad edir. 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru kimi Maraqlı şəxs Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin verdiyi göstərişlərə əsasən və onun adından səlahiyyətli nümayəndə kimi çıxış edərək, məktəbin ixtisaslı müəllim kadrları ilə komplektləşdirilməsi üçün görülməli tədbir çərçivəsində işçilərin attestasiyasını keçirmiş və bununla əlaqədar attestasiya komissiyasının yaradılması, əsasnaməsinin və tərkibinin təsdiq edilməsi barədə müvafiq əmrlər vermişdir. Bir sözlə, 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Maraqlı şəxs attestasiya prosesinin keçirilməsi zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin ona ötürdüyü səlahiyyət çərçivəsində davranmış və onun verdiyi bütün əmrlər qanunvericiliyə tam uyğun olmuşdur. İddiaçının vəkili attestasiya komissiyasının üzvlərinin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən olmamasını iddia edir, lakin öz iddiasını təsdiq edə biləcək heç bir dəlil və sübut gətirmir, hətta sübutetmə yükünü cavabdeh və məktəb direktorunun üzərinə qoymağa çalışır. İndiki halda iddiaçı və onun vəkili attestasiya komissiyasının üzvlərinin lazımi şəxsi keyfiyyətləri ilə seçilən nüfuzlu şəxslərdən olmaması tələbinin əsası kimi istinad etdiyi halı sübut etməmiş və beləliklə də sübutetmə vəzifəsini yerinə yetirməmişlər. İddiaçı özü birinci instansiya məhkəməsində baxış zamanı attestasiya komissiyası üzvlərindən təkcə Lalə Ahnəzərovanı tanıdığını, digər üzvləri tanımadığını və daha əvvəl aralarında heç bir təmas olmadığını etiraf etmişdir. Belə olan halda, komissiya üzvlərinin iddiaçıya qarşı qərəzli olmaları üçün heç bir motiv olmamışdır. Attestasiya zamanı musiqi alətində ifa etmək barədə tapşırıq verilməsi iddiaçı üçün gözlənilməz olmamış və iddiaçı ifa barədə ona tapşırıq veriləcəyini öncədən bilmişdir. Nə iddiaçı, nə də attestasiya olunan digər işçilər attestasiya proqramını aldıqdan sonra əsərləri ifa etmək bacarığının yoxlanılmasının attestasiyaya zidd olmasını bildirməmiş, buna dair heç bir etiraz etməmişlər. Attestasiya prosesi zamanı işçinin biliyinin yoxlanılması baxımından sual və tapşırıq yaxın mənalı, hətta üst-üstə düşən anlayışlardır. Belə ki, tarix, ədəbiyyat müəllimlərindən fərqli olaraq, musiqi (fortepiano) müəllimi idman, kimya müəllimləri kimi nəzərə biliklərlə yanaşı şagirdlərə təcrübi biliklər də aşılayır və bu səbəbdən də musiqi (fortepiano) müəlliminin təcrübi bilikləri də tələb edilən səviyyədə olmalıdır. İddiaçının vəkili apelyasiya şikayətində attestasiya komissiyası tərəfindən tərtib edilmiş attestasiya vərəqəsində iddiaçıya hər hansı qiymət verilməməsini bildirmiş, lakin qiymət verilməməsi dedikdə nəyi nəzərdə tutduğunu açıqlamamışdır. Bu səbəbdən iddiaçı tərəfin mövqeyini anlamaq mümkün olmamışdır. Attestasiya komissiyası işçilərin biliklərini səsvermə yolu ilə qiymətləndirmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq onlara iki qiymətdən birini - ya tutduğu vəzifəyə uyğun olduğu, ya da uyğun olmadığı qiymətini vermişdir, o cümlədən iddiaçıya da səslərin sayına müvafiq olaraq (lehinə 1, əleyhinə 4 səs) tutduğu vəzifəyə uyğun olmadığı qiymətini vermişdir. Nə əmək qanunvericiliyində, nə də attestasiya keçirilməsinə dair sənədlərdə attestasiya komissiyasının qiymətləndirməni başqa meyarlarla aparması nəzərdə tutulmamışdır. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması ilə sadalananlar arasında əlaqə yoxdur. Belə ki, Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, attestasiyadan keçməyən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onun təlimlərə cəlb edilməsi, yaxud razılığı ilə başqa vəzifəyə (peşəyə) keçirilməsi işəgötürənin hüququdur, diskresion səlahiyyətidir, vəzifəsi deyil. İddiaçıya münasibətdə attestasiya komissiyası hər hansı tövsiyə verməmiş və işəgötürən də həmin hüququndan istifadə etməmiş, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinn “c” bəndi ilə ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Əmrdə attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarına istinad edilmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinə uyğun olaraq iddiaçıya müvafiq halların olub-olmamasını bildirmək təklifinin verildiyi və iddiaçının məlumat verməkdən imtina etdiyi göstərilmiş, müvafiq hüquq normaları düzgün formada rəhbər tutulmuşdur. İddiaçının vəkili özü həm iddia ərizəsində, həm də apelyasiya şikayətində etiraf etmişdir ki, iddiaçı bilavasitə pianoda ifaya təsir edən cərrahi əməliyyat keçirmiş, hər iki əlində nevroloji defisit qalmışdır və uzunmüddətli reabilitasiyaya ehtiyacı var. Belə sağlamlıq vəziyyətində olan fortepiano müəllimini tutduğu vəzifədə saxlamaq musiqi məktəbin təhsil almaq, öyrənmək üçün gələn şagirdlərə qarşı haqsızlıqdır, onların hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də sağlamlıq vəziyyəti uyğun olmayan işçiyə fortepiano müəllimi kimi əmək fəaliyyətini davam etdirməyə imkan verilməməsi ədalətlidir. İddiaçının vəkili apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin məzmunu pozulmuş, əmrd işəgötürənin adı və faktiki fəaliyyət göstərdiyi ünvan göstərilməmişdir. Həmçinin, sözügedən əmr elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməmişdir. Birinci qeyd edilən firma blankının düzgün tərtib edilməməsi, ikincini isə rəqəmsallaşma prosesinin tam başa çatmaması ilə əlaqədardır. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
13. Məhkəmə iclasında cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verildiyini, bununla bağlı rəsmiləşdirmənin də əmək qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyini, Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən attestasiya komissiyasının yaradılması, habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətlərinin məktəbin direktoruna ötürüldüyünü, nəticə etibarı ilə məktəbin direktorunun bu səlahiyyətlər çərçivəsində hərəkət etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 33 saylı Uşaq Musiqi Məktəbinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Maraqlı şəxs isə məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasında konsertmeystr vəzifəsində çalışan X7 bildirmişdir ki, attestasiyanın görüntüləri və attestasiya vərəqəsi ona təqdim edilmiş və tərəfindən tam tədqiq edilmişdir. Y.Haydn sonatalarını bilməyin ensklopedik biliklərə aid olması fikri ilə razı deyil. Attestasiya komissiyası iddiaçıdan ensklopedik məlumatlar tələb etməmiş, verilmiş suala cavab olaraq iddiaçı sadəcə Y.Haydnın novator olması cavabını verməli idi. Belə ki, Y.Haydn klassik sonataların formalaşmasının banisidir. Həmçinin, onun bu sahədə müəyyən sonatalarının adını çəkmək olardı. Lakin iddiaçı susmuş və heç bir cavab verməmişdir. Video görüntülərə baxarkən iddiaçının fortepianoda ifası zamanı onun əllərində xəstəliklə bağlı müəyyən problemlərin olduğunu da hiss etməmişdir. Belə ki, əllərdə problem olarkən ifa edən zaman insan avtomatik olaraq çiyin nahiyəsini yuxarı qaldırır, lakin iddiaçıya münasibətdə bu halı müşahidə etməmişdir. Onun əlləri yaxşı vəziyyətdə olmuşdur. Əllərində plastika olmuşdur. Lakin ifanın mətnində, ritmdə səhvlər müşahidə etmişdir. Həmin ifa ümumilikdə qənaətbəxş sayıla bilməz. Lakin sıfır dərəcə də deyildir. Mütəxəssis həmçinin, qeyd etmişdir ki, iddiaçının ifa etdiyi əsərin komissiyanın üzvlərinin sonacan dinləməsinə də hər hansı ehtiyac yoxdur (iddiaçı əsərin 5 vərəqdən ibarət olduğunu, kifayət qədər çətin əsər olduğunu, onun əsas hissələrinin orta hissələr olmasına baxmayaraq, komissiyanın sadəcə onun ilk səhifəsinə qulaq asdığını vurğulamışdır). Müəyyən bir ifa bəs edir ki, şəxsin bilik və bacarığının nədən ibarət olması müəyyən olunsun. Əsərin çətinliyinə gəlincə isə hər hansı işçiyə hansısa əsərin ifa edilməsi məcburi olaraq təqdim edilməmişdir. Həmin əsərlər bilavasitə müəllimlərin özləri tərəfindən seçilmişdir. Belə olan halda, əsərin çətinliyini səbəb kimi göstərmək düzgün deyil. İddiaçı daha asan və ifa edilməsi rahat olan əsər də seçə bilərdi. Yekunda attestasiya vərəqəsində ifanın zəif ifa edilməsi qeyd edilmişdir ki, o, komissiyanın bu nəticəsi ilə razıdır. Lakin müsbət hal odur ki, iddiaçının əllərində plastika yaxşı vəziyyətdədir ki, bu yaxşı haldır. Attestasiya vərəqində aparılmış “Qamma E dur cis moll - zəif ifa edildi” qeydi ilə də razıdır. Belə ki, iddiaçı ifa edərkən applikatura səhvinə yol vermişdir. Xüsusən də uzun arpeciolarda, dominant septakkordda. İddiaçı qayıdarkən dominant septakordla qurtarmamış, dominant 3 səsiylə qurtarmışdır. Bundan başqa uzun arpeciolarda birinci barmağı işlətmə qaydasına riayət edilməmişdir. Hətta o videonu yaxınlaşdıraraq, iddiaçının applikaturanı necə götürməsini incələmiş və müəyyən etmişdir ki, iddiaçı tərəfindən qısa arpeciolarda harada 3-3, harada 4-4 olmalıdır qaydalarına riayət edilməmişdir. Attestasiya vərəqəsində aparılmış “cis moll qammasında arpecioları ifa edin - vurğular düz qeyd edildi” qeydi ilə razıdır. Belə ki, orada sinifdən asılı olaraq 3-də, 4-də zərbə vurmaq olardı. “İfa edilən əsərin təhlili - əsas mövzu, köməkçi partiya və bağlayıcı hissələr göstərildi, ümumi təhlil edildi. Bağlayıcı hissələr hansı tonallıqdadır sualına - minor tonallığı yanlış cavabı verildi” qeydinin əvvəlki hissələri ilə razı olsa da, son hissəsi ilə razı deyil. Belə ki, iddiaçı bağlayıcı hissəni deyə və demiyə bilərdi. Bu şərt deyil. Əsas olan əsas və köməkçi hissələrdir ki, buna da cavab verilmişdir. Bundan başqa, iddiaçı bağlayıcı hissəni göstərmiş, lakin açıqlamasını verməmişdir. Bu cavabı da komissiya qəbul edə və ya etməyə bilərdi. Ümumilikdə iddiaçının bütün suallara vermiş olduğu cavablar bu səpkidə olmuşdur. Yəni verilən suallara cavablar onun tərəfindən tam açıqlanmamışdır. “Y.Haydnın sonataları haqqında danışın - 52 sonatası var - ən məşhurları - cavab verə bilmədi” qeydi ilə bağlı mübahisəli məqam əsərlərin məşhurluğu ilə bağlıdır. Belə ki, məşhurluq nisbi anlayışdır və hər kəsə və ya hər musiqi məktəbinə görə fərqli əsərləri məşhur ola bilər. Buna görə iddiaçı öz düşüncəsinə görə məşhur saydığı əsərləri bildirə bilərdi, lakin o ümumiyyətlə heç bir əsərin adını çəkməmişdir. Halbuki onun ifa etmiş olduğu əsər belə, Y.Haydnın əsəri olmuşdur. “Y.Haydnın neçə konserti var – qeyri - dəqiq cavablandırıldı, 30 və 50 ədədləri arasında düzgün cavab seçməyi düşündü” sualı da biraz mübahisəlidir. Belə ki, bununla bağlı dəqiq məlumat yoxdur, əlyazmalardan cəmi 11 dənəsi çatmış, qalanları itmişdir. İddiaçı bu cür cavab verə bilərdi. Attestasiya vərəqində iddiaçıya verilmiş “Haydın hansı yenilikləri gətirmişdir?” sualı ilə bağlı “cavab verə bilmədi” qeydi aparılmışdır. İddiaçı bu sual cavab olaraq Haydnın reformator, klassik sonatanın yaradıcısı olduğunu qeyd etməli idi, lakin iddiaçı susmuşdur. “Vyana klassiklərindən daha kimlərin adını çəkə bilərsiniz?” sualı ilə bağlı “Motsart və Bethoven adları düzgün olaraq qeyd edildi” qeydi aparılmışdır. İddiaçı vu sual verilən kimi ona cavab vermir. Müəyyən vaxtdan sonra cavab verir, lakin açıqlama gətirir və düzgün şəxsləri qeyd edir. İddiaçı “Ay sonatasında hissələr klassik sonataya uyğun şəkildəmi verilib, yoxsa hansısa dəyişiklikmi edilib sualına cavab verməmişdir. Halbuki, bu suala bir musiqi müəllimi cavab verməli idi. Bir musiqi müəllimi vyana klassikləri barəsində yetəri qədər məlumata malik olmalıdır. Belə bir sualın soruşulmasına komissiyanın ixtiyarı var. Belə ki, Bethoven ilk belə şəxs idi ki, sonatada birinci hissəni ağır tempdən başlamışdır. Məhz buna görə iddiaçıdan forma soruşulmuşdur, çunki bu musiqi aləmində, pianoçularda bir yenilik idi. “Azərbaycanlı pianistlər sualı ilə bağlı aparılmış “F.Bədəlbəyli, M.Adıgözəlzadə və s. adları düzgün qeyd edildi” qeydi ilə bağlı sadəcə bir iradım var. Orada iddiaçı pianoçuların sırasında Ülviyyə Həsənovanı qeyd edir. Lakin əslində Ülviyyə Hacıbəyli olmalı idi. On birinci, yəni “Akkordlarda applikaturanı uşaqlara necə öyrədirsiniz sualına “akkordlarda düzgün barmaqlar və əlin düzgün qoyuluşuna fikir verirəm” kimi çox gözəl cavab verilmiş, hətta göstərilmişdir. On ikinci suala (“Akkordların tədrisində tərkibindən danışırsınızmı?) bağlı “qeyri-dəqiq cavab verildi” qeydi aparılmışdır. Burada iddiaçı suala müəyyən qədər cavab vermiş, lakin sonradan həyəcandan və hansısa amillərdən sonacan cavab verə, cavabı açıqlaya bilməmişdir. On üçüncü (“Musa Mirzəyevin uşaq pyesləri) sualla bağlı “cavab verə bilmədi” qeydi aparılmışdır. O, bu sualla ümumiyyətlə razı deyil. Sual bu şəkildə verilməməli idi, belə ki, Musa Mirzəyevə gələnə qədər bu sahədə Azərbaycanda ondan qat-qat daha tanınmış şəxslər vardır. Hansı ki, onların uşaq pyesləri soruşulsa idi və cavab verilməsə idi bu böyük qəbahət olardı. Musa Mirzəyevin uşaq pyeslərinin olub-olmaması soruşulsa idi bununla razılaşardı, lakin pyeslərin adlarının soruşulması hesab edir ki, düzgün deyildir. Hətta, iddiaçı bununla bağlı sonradan komissiyaya açıqlama da gətirir və 5-ci sinif şagirdinə Musa Mirzəyevin lirik vals əsərini tapşırıq kimi verdiyini xatırladığını söyləyir. Üzdən oxunun zəif ifa etməsi problemi isə ümumiyyətlə əksər müəllimlərdə var. İddiaçı da üzdən oxunu zəif ifa etmişdir, amma sıfır deyil.
17. Verilmiş suallara cavab olaraq isə mütəxəssis vurğulamışdır ki, müsiqi müəllimi Y.Haydnın neçə konserti olduğunu bilməlidir. Belə ki, müəllim 11 konserti bilməlidir ki, onların hansılarının hansı sinifə uyğun tədris edilməli olduğunu bilsin. İddiaçı məhz Y.Haydın əsərini ifa etmişdir. Daha öncədən də müəllimlərə bildirilmişdir ki, ifa üçün seçilən əsərin müəllifi haqda müəllimin geniş məlumatı olmalıdır. Y.Haydnın bizə çatan konsertinin sayı 11-dir. Bəziləri isə itmişdir. İddiaçının cavablarını bütövlükdə qiymətləndirilməsi ilə bağlı qeyd etmişdir ki, onun tam və əhatəli cavab verdiyi sualların sayı çox azdır. Əksər cavabları 50-50-dir. Heç cavab vermədiyi suallar da vardır. O, səsvermə ilə razıdır. Belə ki, iddiaçının cavabları onu fortepiano üzrə fəaliyyətini davam etdirməsi üçün yetərli deyil, lakin ona ümumi fortepiano, aşağı dərəcəli fortepiano dərsləri üzrə şans verilə bilərdi. İddiaçını ümumi fortepiano müəllimi kimi dəyərləndirmək olardı.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər; 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz; 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir; 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 65-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır; 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər; 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər; 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən istər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilatihüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər; 288-ci maddəsinin “x” bəndinə əsasən bu Məcəllə ilə işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.3-ci maddəsinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri, habelə mütəxəssisi dinləyib, аpеllyаsiyа şikаyətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyində işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin mümkünlüyü təsbit edilmiş və onlar məqsədinə, keçirilmə qaydasına, bu işi həyata keçirən komissiyaların tərkibinə, habelə doğurduğu hüquqi nəticələrə və digər meyarlara görə biridigərindən fərqləndirilmişdir. Hətta bu proseslərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca qaydalar qəbul edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri və həmin tələblərə uyğun müəyyən edilmiş meyarlar baxımından cavabdeh təşkilatda mövcud olan hər hansı iş yerinin attestasiyası deyil, məhz peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olmasını aşkara çıxarmaq məqsədi ilə işçinin (iddiaçının) attestasiyası keçirilmişdir.
26. Bu da öz növbəsində həmin prosesin nəticəsindən asılı olaraq, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini hüquqi baxımdan mümkün edir. Belə ki, qanunvericilik işəgötürənin belə bir hüququnu tanımış, lakin həmin hüququn reallaşmasını işçi ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş attestasiyanın nəticələrindən asılı etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Həmin məktəbin direktoru Maraqlı şəxs xx.xx.2024-cü il tarixli əmri ilə məktəbin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyası yaradılmış və tərkibi təsdiq edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmiş və onunla keçirilmiş attestasiya zamanı qoyulmuş suallar, verilmiş cavablar, attestasiyanın nəticələrinə dair komissiyanın üzvlərinin səsverməsi və buna uyğun olaraq iddiaçının fəaliyyətinə verilmiş qiymət tərtib edilmiş attestasiya vərəqəsində əks olunmuş (Komissiya iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmişdir), iddiaçı həmin vərəqəni imzalamışdır. Attestasiyanın nəticələri üzrə Məktəbin Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda iddiaçının ona verilmiş 14 sualdan 7 sualına cavab verə bilmədiyi, 4 suala qismən cavab verdiyi, yalnız 3 suala tam cavab verdiyi, bununla yanaşı, ona praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində üzdən oxunun ifa olunması təklif edildiyi, lakin iddiaçının həmin əsəri zəif ifa etdiyi qeyd edilmiş və iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilmədiyi qərara alınmışdır. Həmin qərara uyğun olaraq məktəb tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
28. Hazırda iddiaçı attestasiyanın təşkil edilməsi, keçirilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edir və bu əsasla attestasiyanın nəticəsi olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin etibarsız hesab edilməsini, əvvəlki vəzifəsinə işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının, habelə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 33 nömrəli Uşaq Musiqi Məktəbinin “33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” xx.xx.2024-cü il tarixli, 76 saylı və bu əmrə dəyişiklik edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 08 saylı əmrlərinə əsasən 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları və digər bütün ixtisaslar üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədi ilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyası yaradılmış və onların tərkibləri təsdiq edilmiş, fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin 2025-ci ilin fevral ayının 05-dən iyun ayının 05-dək attestasiyadan keçirilməsi müəyyən edilmişdir. Həmin əmrlər məktəbin direktoru Maraqlı şəxs tərəfindən imzalanmışdır.
30. İddiaçıya münasibətdə işəgötürən qismində məktəbin direktoru Maraqlı şəxs deyil, Bakı şəhər Mədəniyyət Baş İdarəsi çıxış etsə də, bu əsasla həmin əmr etibarsız, əmr əsasında yaradılmış komissiya isə səlahiyyətsiz, onun qəbul etdiyi qərarlar isə etibarsız hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin” Nümunəvi Əsasnaməsinin 7.2-ci bəndinə əsasən məktəbin direktoru Mədəniyyət Nazirliyinin razılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi tərəfindən işə təyin və işdən azad edilir və bu baxımdan bilavasitə həmin qurumlara tabedir. Tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərinin yerinə yetirilməsi, habelə məktəbi ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlərin görülməsi isə direktorun vəzifəsi kimi müəyyən edilmişdir. Məktəbin direktoru da məhz qeyd edilən vəzifələrinin icrasını həyata keçirərək, tabe olduğu, eyni zamanda, iddiaçının işəgötürəni olan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin göstərişi və bu qurum tərəfindən ona ötürülmüş səlahiyyətlər çərçivəsində hərəkət edərək, qeyd edilən əmrləri qəbul etmişdir. Bu halı cavabdeh də təsdiq edir. İşəgötürən tərəfindən belə bir göstərişin verilməsini, habelə qeyd edilən səlahiyyətlərin məktəbin direktoruna ötürülməsini qadağa edən hər hansı norma da mövcud deyil. Hüquqi nəticə etibarı ilə məktəbin direktoru attestasiya komissiyasının yaradılması, onun tərkibinin formalaşdırılması, habelə Komissiyanın Əsasnaməsinin təsdiq edilməsində tam səlahiyyətli olmuşdur. Bu baxımdan Komissiya da attestasiyanın nəticələrinə dair qərarların qəbul edilməsində tam səlahiyyətli olmuşdur. Məktəbin müəllimlərinin qanuna müvafiq qaydada işdən azad edilməsi isə həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən (13cü yarımbənd) bilavasitə məktəbin direktorunun vəzifələrinə (səlahiyyətlərinə) aid edilmişdir. Bu da öz növbəsində məktəbin direktoru tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrin bu əsasla etibarsız hesab edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının bu qəbildən olan dəlillərini əsassız hesab edir.
31. Məhkəmə kollegiyası məktəbin direktoru tərəfindən yaradılmış attestasiya komissiyasının tərkibi (üzvləri) ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyinə əsasən attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla (bütün hallarda təkrəqəmli say tərkibində) təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət tərkibdə yaradılır. İddiaçı ilə attestasiyanı keçirən attestasiya komissiyası da məhz 5 nəfərdən ibarət tərkibdə yaradılmış və həmin tərkibə məhz iddiaçının çalışdığı 33 nömrəli Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinin üzvü olan X10 daxil edilmişdir. Əmək qanunvericiliyi komissiyanın tərkibinin yalnız attestasiyadan keçən işçi ilə bir müəssisədə (məktəbdə) işləyən şəxslərdən formalaşdırılmasını şərtləndirməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, komissiyanın üzvü olan şəxs həmin sahə üzrə iddiaçıdan daha az müddət fəaliyyət göstərməklə də göstərilən meyarlara cavab verə bilər, yəni təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olmaqla nüfuzlu ola bilər. İddiaçı komissiyanın digər 4 üzvünün (Gültəkin Məmmədova, Nuridə Süleymanova, İsmət Quliyeva və Elnarə Mirzəyeva) bu meyara cavab vermədiyini iddia etsə də, öz mövqeyini sübuta yetirə bilməmiş (iddiaçı bu halın cavabdeh tərəfindən sübuta yetiriməməsi mövqeyindən çıxış edir, halbuki, bu halın sübut edilməsi yükü məhz iddiaçının üzərindədir), həmin üzvlərin təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olmaqla nüfuzlu olmasını istisna edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
32. İddiaçı komissiyanın üzvlərindən olan Gültəkin Məmmədovanın, Nuridə Süleymanovanın və Elnarə Mirzəyevanın əmrə əlavədə göstərildiyi kimi, fəaliyyət göstərdikləri məkbəblərdə Fortepiano şöbəsinin müdiri olmadıqlarını, onların Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fortepiano ixtisası üzrə, İsmət Quliyevanın isə həmin İdarədə nəzəriyyə ixtisası üzrə adi müəllim vəzifəsində işlədiklərini iddia edir. Üçüncü şəxs 33 saylı Uşaq Musiqi Məktəbi isə onların şöbə müdiri vəzifəsində çalşımaqlarına baxmayaraq, adi müəllim kimi göstərilməsinin məktəbin strukturunun analoqunun əmək portalında yaradılmaması ilə bağlı olduğunu, daxili sənədləşmədə onların həqiqətən də attestasiya komissiyasının tərkibinin təsdiq edilməsi barədə əmrdə qeyd edilən vəzifələri tutduqlarını bildirir. Halbuki, onların şöbə müdiri vəzifəsini tutmamaqları təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olmaması anlamına gəlmir, eyni zamanda, onların nüfuzlu olmasını istisna etmir. Bu şəxslərin 3-nün aidiyyəti məktəblərdə eyni sahə üzrə şöbə müdiri vəzifəsində deyil, 4-nün də Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fortepiano və nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində çalışdıqları əsas götürüldükdə, habelə iddiaçının xüsusi bilik tələb edən vəzifədə çalışdığı nəzərə alındıqda, onlar yenə də iddiaçıya münasibətdə yuxarı qurumda (təşkilatda) çalışan mütəxəssis hesab olunurlar. Onların iddiaçıya münasibətdə obyektiv olmamasını, habelə ona qarşı qərəzli mövqe sərgiləməsini də təsdiq edən hər hansı sübut mövcud deyil. İddiaçının özü də qeyd edilən 4 üzvdən hər hansı birini tanımadığını etiraf edir ki, bu da qeyri obyektivliyi və qərəzi təsdiq edən deyil, istisna edən hal kimi qiymətləndirilməlidir. Başqa sözlə, Komissiyanın tərkibi formalaşdırılarkən Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinin pozulması halı müəyyən edilmir.
33. Attestasiyanın keçirilməsi barədə məlumat da iddiaçıya müəyyən edilmiş müddətlər çərçivəsində verilmiş, eyni zamanda, ona attestasiya proqramı təqdim edilmişdir. Attestasiya zamanı iddiaçıya həmin proqramdan kənar hər hansı sualın verilməsi də müəyyən edilmir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı attestasiya prosesində verilmiş sualların bir qisminin onun əsas əmək funksiyası ilə birbaşa əlaqəli olmadığını, tədris proqramında öz əksini tapmadığını, o cümlədən insklapedik bilik tələb etdiyini, ümumi klassik musiqi biliklərinə aid olduğunu, 2-ci sualın ona ümumiyyətlə ünvanlanmadığını, bəzi suallara cavab verməsinə baxmayaraq, attestasiya vərəqində cavablandırılmamış kimi qeyd edildiyini, qanunvericiliyin tələblərinə zidd olaraq attestasiya zamanı ona suallarla yanaşı, tapşırıqların da verildiyini və ondan ifanın tələb edildiyini iddia edir. Bu məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçı ilə keçirilmiş attestasiyanın nəticələrinə dair tərtib edilmiş attestasiya vərəqəsi və bu prosesin videogörüntüsü Azərbaycan Milli Konservatoriyasına göndərilərək, attestasiya zamanı iddiaçıya verilmiş sualların cavablandırılması və tapşırıqların icra edilməsi səviyyəsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
35. Bununla bağlı Azərbaycan Milli Konservatoriyasında konsertmeyster vəzifəsində çalışan X7 attestasiya vərəqəsinin məzmunu və iddiaçı ilə keçirilmiş attestasiyanın videogörüntüləri ilə tanış olaraq, mütəxəssis qismində işdə iştirak etmiş və attestasiya zamanı verilmiş suaların iddiaçı tərəfindən cavablandırılması səviyyəsinə uyğun olaraq qiymətləndirmənin komissiya tərəfindən nəticə etibarı ilə düzgün aparıldığını, attestasiya komissiyası tərəfindən iddiaçıdan hər hansı ensklopedik məlumat tələb edilmədiyini, iddiaçının Y.Haydının sonatasını həqiqətən də zəif ifa etdiyini, ifa olunan əsərin iddiaçının özü tərəfindən seçildiyini, iddiaçının daha asan və ifa edilməsi rahat olan əsər də seçmək imkanının olduğunu, onun tam əhatəli cavab verdiyi sualların sayının çox az olduğunu və cavablarının 50 faiz təşkil etdiyini, heç cavab vermədiyi sualların da olduğunu bildirmişdir. Eyni zamanda, 4-cü suala cavabın son hissəsində komissiyanın mövqeyi ilə razılaşmadığını, iddiaçının bağlayıcı hissəni deməməsinin nöqsan olmadığını, iddiaçının əsas və köməkçi, habelə bağlayıcı hissəni göstərdiyini, lakin açıqlamasını vermədiyini, bu cavabın da komissiya tərəfindən həm qəbul edilməsinin, həm də edilməməsinin mümkün olduğunu, 13-cü sualın məzmunu ilə ümumiyyətlə razı olmadığını, sualın bu şəkildə verilməli olmadığını, belə ki, Musa Mirzəyevədək Azərbaycanda bu sahə üzrə daha tanınmış şəxslərin olduğunu, həmin şəxslərin uşaq pyesləri ilə bağlı suala cavab verilməməsinin böyük qəbahət olduğunu, Musa Mirzəyevin uşaq pyeslərinin olub-olmaması barədə sualın verilməsinin məqbul hesab etdiyini, lakin pyeslərin adlarının soruşulmasını düzgün hesab etmədiyini qeyd etmişdir. Nəticədə komissiyanın səsverməsi ilə razııaşdığını (1 lehinə, 4 əlehinə), iddiaçının cavablarının həqiqətəndə onun fortepiano üzrə fəaliyyətini davam etdirməsi üçün yetərli olmadığını, lakin ona ümumi fortepiano, aşağı dərəcəli fortepiano dərsləri üzrə şans verilməsinin mümkün olduğunu vurğulamışdır. Bununla belə, bu sahədə ixtisaslaşan mütəxəssis də iddiaçı ilə keçirilmiş attestasiya nəticəsində komissiyanın üzvləri tərəfindən səslərin düzgün verildiyini, yəni 4 nəfər üzvün iddiaçının əleyhinə səs verməkdə haqlı olduqlarını göstərmişdir. Mütəxəssis cəmi bir halda verilən sualla, bir halda da verilən cavabın komissiya tərəfindən qiymətləndirilməsi ilə qismən razılaşmamış, lakin nəticə etibarı ilə bunu səsvermənin nəticəsinə təsir edən hal kimi dəyərləndirməmiş və nəticə ilə razılaşmışdır. Bu hal bir daha komissiya üzvlərinin obyektiv və qərəzsis olduqlarını, habelə onların təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olduqlarını təsdiq edir. Mütəxəssisin bildirdiklərindən də məhz bu qənaətə gəlmək olur.
36. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı Y.Haydnın sanatasını sərbəst şəkildə seçmiş, onun tələb olunan səviyyədə ifa etmək üçün kifayət qədər vaxtı və imkanı olmuş, hətta ifa üçün daha asan əsər seçmək imkanına da malik olmuşdur. Bütün bunlara baxmayaraq, nətcədə ifası zəif olmuşdur. Birinci və ikinci suallar üzrə ifaların zəif olması ilə bağlı mütəxəssisin verdiyi açıqlamadan belə qənaətə gəlmək olur ki, uzun illərin təcrübəsinə, o cümlədən 1987-ci ildən fortepiano üzrə ixtisaslaşmasına baxmayaraq, iddiaçı hələ də tutduğu vəzifəyə uyğun ifa qabiliyyətinə malik deyil. Halbuki, özünün istinad etdiyi staj qarşılığında onun belə bir çətinliyi olmamalı idi. Hər bir halda, iddiaçı fortepiano müəllimi olmuşdur. Digər tərəfdən iddiaçıya verilən bir neçə sual məhz Y.Haydnla bağlı olmuşdur. Lakin onun əsərini ifa etmək qərarına gəlmiş iddiaçı bu şəxslə bağlı sualları cavablandıra bilməmişdir. Bununla belə iddiaçının bu istiqamət üzrə dəlilləri də əsassızdır. Attestasiya komissiyasının üzvləri tərəfindən iddiaçıya məhz tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilmişdir.
37. İddiaçı attestasiya və işdən azad edilmə prosesində onun uzunmüddətli peşakar fəaliyyətinin nəticəsi olaraq “bilək kanalı sindromu” (biateral kapral tunel sindromu diaqnozu qoyulmuşdur) xəstəliyinin yaranmasının və hər iki biləyindən cərrahi əməliyyat keçirtməsinin nəzərə alınmadığını iddia etsə də, onun bu barədə atestasiya komissiyasına məlumat verməsi müəyyən edilmir. Mütəxəsis də videoya baxarkən iddiaçının əllərində hər hansı problemin olduğunu hiss etmədiyini, əllərdə problem olarkən ifa edən zaman insanın avtomatik olaraq çiyin nahiyəsini yuxarı qaldırdığını, lakin iddiaçıya münasibətdə bu halı müşahidə etmədiyini, onun əllərinin yaxşı vəziyyətdə olduğunu, əllərində plastikanı izlədiyini, lakin ifanın mətnində, ritmində səhvlər müşahidə etdiyini və ifanı ümumilikdə qənaətbəxş saymadığını söyləmişdir. Məktəbin nümayəndəsinin verdiyi məlumata əsasən iddiaçının istinad etdiyi xəstəliklə bağlı Səmayə Qasımova adlı müəllimə də əməliyyat keçirmiş, lakin o attestasiyadan çox uğurla keçmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının bu dəlillərini də əsassız hesab edir.
38. Məhkəmə kollegiyası attestasiyanın nəticələri üzrə iddiaçıya hər hansı qiymətin verilməməsi barədə dəlillərlə də razılaşmır və bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Attestasiya vərəqinin sonunda, yəni 10-cu bəndində komissiya tərəfindən iddiaçının iş fəaliyyətinə uyğun olmadığı göstərilmişdir ki, bu da özündə onun məhz tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı anlamına gəlir. Başqa sözlə, komissiya bu halda qəbul edilməsi mümkün olan iki qərardan birini, yəni iddiaçının tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı haqqında qərar qəbul etmişdir.
39. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi, habelə işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi barədə işəgötürənə tövsiyyə də verə bilər. Bu müddəanın məzmunundan da göründüyü kimi, tövsiyyə məcburi xarakter daşımır və attestasiya komissiyasının üzərinə bir vəzifə kimi qoyulmamışdır. Bu baxımdan komissiya tərəfindən bu məsələlərlə bağlı hər hansı tövsiyyənin verilməməsi pozuntu kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, məhkəməyə dəvət edilmiş mütəxəssis də iddiaçının cavablarının onun fortepiano üzrə fəaliyyətini davam etdirməsi üçün yetərli olmadığını, lakin ona ümumi fortepiano, aşağı dərəcəli fortepiano dərsləri üzrə şans verilməsinin mümkün olduğunu bildirmişdir. Lakin araşdırma zamanı iddiaçının işlədiyi məktəbdə belə bir vəzifənin olmadığı, yəni attestasiyadan keçməyən müəllimin məktəbdə hansısa digər bir vəzifəyə keçirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İddiaçıya başqa məktəbdə belə bir vəzifənin verilməsinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası proses iştirakçıları, xüsusilə də iddiaçı və cavabdehin nümayəndəsi ilə müzakirələr aparmış, hətta bunun mümkünlüyünün müəyyən edilməsi üçün işə baxılması təxirə də salınmışdır. Lakin bu bir nəticə verməmiş, ona hər hansı başqa, o cümlədən kitabxanaçı vəzifəsinin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Digər tərəfdən məktəbin nümayəndəsinin verdiyi məlumata əsasən iddiaçının peşə hazırlığına cəlb edilməsi məsələsi də müzakirə edilməmişdir. Belə ki, müəyyən edilmiş qaydaya əsasən attestasiya komissiyasının üzvlərindən 2 lehinə, 3 əlehinə səs toplamış işçilərə münasibətdə bu məsələ müzakirə olunur.
40. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin forma və məzmun etibarı ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olmaması, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmaması, sadəcə olaraq Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına istinad edilərək, işçinin tutduğu vəzifəyə uyğun olmadığının qeyd edilməsi ilə bağlı vurğulayır ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
41. Bundan başqa, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmununda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmiş və bunun səbəbləri müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokol göstərilmişdir. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir. Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarının məzmununda isə attestasiya zamanı iddiaçıya ümumilikdə verilən sualların ümumi sayı, eyni zamanda, onun cavablandıra bilmədiyi, tam və qismən cavablandırdığı sualların sayı ayrı-ayrılıqda göstərilmiş, habelə praktiki biliklərinin yoxlanılması məqsədi ilə ona piano alətində üzdən oxuyun ifa olunmasının təklif edildiyi, lakin onun həmin əsəri zəif ifa etdiyi qeyd edilmişdir. Attestasiya vərəqində isə verilən suallar və onların cavablandırılması ilə bağlı müfəssəl məlumat əks olunmuşdur.
42. Xüsusilə qeyd olunmalıdır ki, əmrin məzmununa riayət olunmaması, əmrin etibarsız sayılması üçün imperativ nəticə deyildir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə əmrin etibarsız sayılması mütləq nəticə deyil, mümkünlük kimi müəyyən edilmişdir. Başqa sözlə, bu cür əmrin etibarsız sayılması, məhkəmənin qiymətləndirməsindən asılıdır. Məhkəmə kollegiyası da hüquqi nəticə etibarı ilə xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən etmir. İddiaçının bu istiqamətdə dəlilləri isə heç bir halda həmin əmrin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlər öz növbəsində iddia tələbinin bu hissədə rədd edilməsini şərtləndirir. İddia üzrə irəli sürülmüş digər tələblərin də bu tələbə münasibətdə törəmə tələb olması onların da rədd edilməsi üçün əsas yaradır.
43. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, iddiaçı ilə attestasiya bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş, o cümlədən müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar və tapşırıqlar bilavasitə onun tutduğu vəzifəyə (peşəyə), əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu və barəsində məlumatlandırılmış məsələləri əhatə etmişdir. Bunun nəticəsi olaraq da iddiaçı düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1490/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.