Məhkəmə qərarları › İş №2(103)-5219/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5219/2020

21.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5219/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Ağatalıbova Nigar Ramiz qızının cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusa qarşı vərəsəlik hüququna daxil olması müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ağatalıbov Elşən Ramiz oğlunun nümayəndəsi-vəkili Pərvin Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Ağatalıbova Nigar Ramiz qızı cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müddət gecikdirilməsi üzürlü hesab edərək uzadılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Ağatalıbova Möhtərəm Ağanur qızının xx xxxxxx 2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın Ağatalıbova Nigar Ramiz qızı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilmiş və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmışdır. Həmin qətnamədən işdə iştirak etməyən Ağatalıbov Elşən Ramiz oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, həmin şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən Ağatalıbov Elşən Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Ağatalıbov Elşən Ramiz oğlu mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Həmçinin, Ağatalıbov Elşən Ramiz oğlunun iddiaçıAğatalıbova Nigar Ramiz qızı və mirasqoyan Ağatalıbova Möhtərəm Ağanur qızı ilə qohumluq əlaqəsinin olmasına dair hər hansı sənəd də apellyasiya şikayətinə əlavə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı sübut təqdim edilmədiyi və qətnamənin Ağatalıbov Elşən Ramiz oğlunun hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, onun öz adından verdiyi apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, Ağatalıbov Elşən Ramiz oğlunun qətnamədən apellyasiya şikayəti vermək hüququ olduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və birinci instansiya məhkəməsi onun qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə müvafiq qərardad qəbul etmədiyindən, adı çəkilən şəxsin apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ağatalıbov Elşən Ramiz oğlunun nümayəndəsi-vəkili Pərvin Məmmədovun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar