Məhkəmə qərarları › İş №2(103)-5219/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5219/2025

09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5219/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4399/2025 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X2 və X6 bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 21 nömrəli orderin Bakı Şəhər İcra Hakimiyyətinin 04 sentyabr 1990-ci il tarixli 6/265 nömrəli qərarı əsasında verilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmiş, ərizəçiyə, göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana (orderi vermiş İcra Hakimiyyətinə) müraciət etmək, müraciətinin təmin edilməsindən imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmişdir.

3. Ərizəçi həmin qərardaddan şikayət vermişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X1 istifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən «4189A» saylı 0,12 ha torpaq sahə olmuşdur. Həmin torpaq sahəsinə dair iddiaçının atasının adına 1991-ci ildə torpağın istifadəsinə dair order var. Sözügedən torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Həmin orderlə bağlı arxiv arayışını da əldə edilmişdir. Eyni zamanda iddiaçının mərhum atasının əmlakını sənədləşdirilməsi üçün iddiaçı notariat ofisə müraciət edərək vərəsəlik işi açdı. Torpaq sahəsinə dair orderi dövlət reyestrində qeydiyyatdan keçirmək və çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya imtina məktubu təqdim etdi. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağmassivi ünvanında yerləşən "4189A"saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin qərarı xx.xx.1990-cı il tarixli qeyd edilsə də, təqdim edilmiş 21 nömrəli orderdə istinad edilən qərarın tarixi xx.xx.1991-ci il kimi göstərilmişdir. Qeyd etmək lazımdır ki, arxivdən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 6/265 nömrəli qərar 04 sentyabr 1990-ci il tarixlidir, lakin orderdə həqiqətən 6/265 nömrəli 04 sentyabr 1991-ci il tarixli qərara istinad edilir. Lakin həm İcra Hakimiyyətinin qərarında, həm də 21 nömrəli orderdə eyni sahibkar - X5, 203 saylı bağsahəsi, 4189 a saylı bağ və 6/265 nömrəli qərar qeyd olunmuşdur. Qərarın ayı və günü eyni olmasına baxmayaraq, fərq yalnız ildədir. Həmçinin vurğulamaq lazımdır ki, həmin bağ sahəsinin sahiblərinin siyahısı mövcuddur və orada aydın şəkildə görünür ki, bu sahənin sahibi X4r. 04 sentyabr 1990-ci ildən İcra Hakimiyyətinin 6/265 nömrəli qərar qəbul edildikdən sonra bağ sahəsi iddiaçının atasına məxsus idi. O vaxtdan sonra atası heç bir müraciət etməyib. Həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Hal-hazırda X2 və X6 bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 21 nömrəli orderdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarının ilini 1990-ci il əvəzinə buraxılmış texniki və ya hüquqi xarakterli səhv nəticəsində 1991-ci il qeyd edilməsi iddiaçıya həmin torpaq sahəsinin özəlləşdirməsinə maneəçilik yaradır. Bu hal iddiaçının qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. Orderdə olan yanlışığı aradan qaldıran qurum mövcud olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin 30 iyul 2025-ci il tarixli qərardadına əsasən ərizənin icraata qəbulundan imtina edilmiş, ərizəçiyə, göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana (orderi vermiş İcra Hakimiyyətinə) müraciət etmək, müraciətinin təmin edilməsindən imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmişdir. Odur ki, məhkəmədən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-4399/2025 saylı qərardadı ləğv edərək, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin 2(006)-4399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət rayon məhkəməsi tərəfindən təmin olunmamış və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

10. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

11. Ərizəçi Bakı Şəhər İcra Hakimiyyətinin 04 sentyabr 1990-ci il tarixli 6/265 nömrəli qərarı əsasında verilməsi faktının müəyyən olunmasını xahiş etdiyi X2 və X6 bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verildiyi göstərilmiş orderin surəti, habelə müvafiq qərar ərizəyə əlavə edilmiş, ərizəçi orderi vermiş quruma müvafiq dəyişikliyin edilməsi ilə bağlı müraciət etməli olduğu halda bunu etməmiş, göstərilən uyğunsuzluğun hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilərək aradan qaldırılmasına nail olmaq istəyir ki, bu da Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı normalarının dispozisiya şərtlərinin ödənilməməsi qənaətinə gəlməyə əsas verir

12. Rayon məhkəməsi ərizəçinin şikayətinin “orderdə olan yanlışlığı aradan qaldıran qurumun mövcud olmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, 21 nömrəli orderi təqdim edən qurum kimi göstərilmiş Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin “X2 və İstismarı Birliyi” ləğv olunsa da, həmin Birliyin tabe olduğu İcraiyyə Komitəsinin səlahiyyətlərini hazırda müvafiq yerli icra hakimiyyəti orqanı (Bakı Şəhər İcra Hakimiyyəti) həyata keçirir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. Kollegiya qeyd edir ki, hazırkı işdə müəyyən edilməsi tələb olunan məsələnin məhkəmədən kənar həlli qaydası mövcud olduğundan, həmin ərizəyə hazırkı icraat çərçivəsində baxılması yolverilməzdir.

15. Rayon məhkəməsi tərəfindən ərizəçiyə göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana (orderi vermiş İcra Hakimiyyətinə) müraciət edə, müraciətinin təmin edilməsindən imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malik olması bildirilmişdir. Rayon məhkəməsinin bu izahı da əsaslıdır.

16. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4399/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar