Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-522/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nağıyeva Günel Edison qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-144/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 14.827 manat maddi zərər, 30 manat dövlət rüsumu, 160 manat vəkilə çəkilən xərc və 5000 manat mənəvi zərər olmaqla, ümumilikdə 20.017 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 812 kv.m sahəsi olan qeyriyaşayış sahəsi 07 may 2016-cı il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ünvanda iddiaçıya məxsus olan “103” çay evi fəaliyyət göstərir. ünvan 2 ünvanında yerləşən “103” çay evinin yerləşdiyi əmlak xx.xx.2021-ci il tarixindən – xx.xx.2022-ci il tarixinədək 1 il müddətinə iddiaçı tərəfindən icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, iddiaçıya BB seriyalı, 519259 saylı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədən görünür ki, sığortaçı "xxxx" ASC olmuş, sığortalı isə İddiaçı olmuşdur. Sığorta məbləği 108554 manat müəyyən edilmişdir. Azadolma məbləği isə 150 manatdır. Sığorta haqqı 300 manat, sığortanın qüvvədə olduğu ərazi Azərbaycan Respublikası, sığorta müqaviləsinin qüvvəyə minməsi xx.xx.2021-ci il tarixdən, qüvvədən düşməsi isə xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Çay evi əvvəkli illərdə də hər il iddiaçı tərəfindən "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan, sığortalanmış əmlakda qeyriyaşayış sahəsi “103” çay evində su basma hadisəsi baş vermiş və su basması nəticəsində iddiaçının əmlakına 12308 manat dəyərində ziyan dəymişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə dərhal hadisə ilə bağlı cavabdeh şirkətə iddiaçı tərəfindən məlumat verilmiş, növbəti gün şirkətin sığorta agenti obyektə gələrək, müəyyən sənədləşmə işlərini apararaq getmişdir. xx.xx.2021-ci il tarixdən sığorta şirkətinin qiymətləndirmə aparılması üçün İlqar adında nümayəndəsi növbəti dəfə bir sıra sənədləşmə işlərini davam etdirmişdir. Bir müddət keçdikdən sonra cavabdeh şirkətdən hər hansı bir məlumat daxil olmamışdır. İşlərin nə yerdə olması ilə əlaqədar iddiaçı dəfələrlə cavabdeh şirkətlə əlaqə yaratmağa çalışmış, lakin əlaqə yarada bilməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdeh şirkətə gedərək sığorta ödənişi ilə maraqlanmışdır. Ləman adlı işçi iddiaçıya bildirmişdir ki, hələ sənədləşmə işləri aparılır, iddiaçı ilə əlaqə yaradacaqlar. Lakin cavabdeh şirkət əlaqə yaratmamışdır. xx.xx.2021-ci il tarixdə növbəti dəfə iddiaçı şirkətə gedərək, öz narazılığını bildirmiş, bu zaman ona bildirmişlər ki, yaxın günlərdə ekspert tərəfindən obyektə baxış keçiriləcəkdir. xx.xx.2021ci il tarixdə ekspert baxış keçirtmiş və iddiaçının dəfələrlə edilən müraciətlərindən sonra cavabdeh şirkət xx.xx.2021-ci ildə rəsmi imtina məktubunu təqdim etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, müstəqil ekspertin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakın su borularının şaxta vurma nəticəsində sıradan çıxması müəyyən olunmuşdur. İddiaçı imtinanın əsassız və qanunsuz hesab edir. Hesab edir ki, cavabdeh şirkət sığorta ödənişini ödəməkdən ötrü bəhanələr edir. Belə ki, həmin tarixdə hava şəraitində boru partlaması baş verə bilməzdi. Kombi işləyəişləyə bu proses baş vermişdir. Cavabdeh qəsdən sığorta ödənişini etməməkdən ötrü, su basma hadisəsinə bu cür qiymət vermişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-144/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmə kollegiyasına ərizə verərək hazırki iş üzrə iddia tələbindən imtina etdiyini, ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nağıyeva Günel Edison qızı İddiaçı iddia imtina ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinasına dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-144/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş ərizəsindən görünür ki, mübahisə ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə razılığa gələrək 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirilməkdədir. Odur ki, mülki iş üzrə iddiadan imtina edilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinasına dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-144/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu İddiaçı aid edilməli, həmçinin işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı hazırki iş üzrə iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-144/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-522/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-522/2023
11.01.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver