Məhkəmə qərarları › İş №2(103)-5220/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5220/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5220/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 nömrəli evin, 4 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçı və onun ailəsinə məxsus idi, 1999-cu ildən qeyd olunan ünvanda yaşayırmışlar. Uzun müddətdir ki, onun ailəsinin və digər sakinlərin yaşadığı Bakı şəhər, Səbail rayonu, Nizami küşəsi ilə Rostropoviç qardaşları küçəsinin kəsişməsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən söküntü və tikinti işləri aparılır. O, rəsmi məktubla "xxxx" Mənzil Tikindi Kooperativinə daxil olmadığını bildirmişdir. Bunun cavabında "xxxx" Mənzil Tikinti Kooperativi onun evinin onların tikinti sahəsinə düşmədiyini bildirmişdilər. Qeyd olunan işlərin gecə saatlarında aparılması, səs-küy onların rahatlığını pozmuş, narazılığına səbəb olmuşdur. Bununla əlaqədar yaşadıqları ərazinin Mənzil İstismar Sahəsinə, Səbail Rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına, Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin Rəisinə, Azərbaycan Respubliksı Milli Məclisinin Sədrinə, Azərbaycan Respublikasının Baş Nazirinə, digər aidiyyatı üzrə dövlət orqanlarına yazılı olaraq müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Son dövrlərdə, xüsusən 2018- ci ilin əvvəlindən başlayaraq, o cümlədən də Novruz bayramları günlərində onun və ailəsinin yaşamaq və istirahət hüququ, su, elektrik və qaz təminatı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən dəfələrlə pozulmuşdur. Müəyyən fasilələrdən sonra kommunal xidmətlər bərpa olunsa da, tikinti və söküntü işlərinin aparılması ilə əlaqədar kommunal xidmətlərdə müntəzəm olaraq fasilələr yaranmışdır. 2018-ci ilin aprel ayından isə mənzillərinə gedən yol da "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış və mülkiyyət hüququ ilə onlara məxsus olan şəxsi mənzilə giriş-çıxış bağlanmışdır. Bu onun MTK-ya daxil olmağa təhrik etmək üçün aparılan məqsədyönlü təcavüzün bir hissəsi idi. Qeyd olunan narahatçılıq, səs küy, elektrik, qaz və su təchizatının kəsilməsi, yollarının bağlanması və digər hallar onları mülkiyyət hüququ ilə onlara məxsus olan mənzildən köçməyə məcbur etmiş və 2018-ci ilin fevral ayından isə kirayədə qalmağa başlamışlar. 2018-ci ilin iyul ayının 8-də evlərinə gəldikdə, mənzilin böyük bir hissəsinin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən sökldüyünü, ona məxsus ev əşyalarının həyətə atıldığını görmüşdür. Bununla əlaqədar polis sahə inspektoruna müraciət etmiş, o da bu qanunsuzluğun şahidi olsa da hər hansı bir tədbir görməmişdir, yalnız hadisə yerinə baxmaqla kifayətlənmişdir. Daha sonra o, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna baxmayaq Polis operativ tədbirlər həyata keçirməmiş və söküntü işlərini dayandırmamışdır. Hal hazırda ona məxsus olan ev onun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə sökülmüş, evdə olan əmlakı küçəyə atılmışdır. Məcbur olub 9-cu Polis Bölməsinin bu fəaliyyətsizliyi haqqında Polisin 102 Qaynar xəttinə, Səbail Rayon Prokurorluğuna və digər hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mənzil və Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara görə vətəndaşların mülkyyət və istirahət hüququ dövlət tərəfindən qorunur və təminat verilir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının Qanunlarını, X3 tələblərini pozmaqla onu mülkiyyət hüququndan məhrum etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri hər dəfə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016-cı il 86 saylı qərarını əsas kimi gətirərək evin hər bir halda söküləyəciyini bildirmişlər. Həmin qərarda 1.1 bəndində bütün işlərin "mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərin tələblərinə əməl etməklə..” yazılıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 nömrəli binanın yerində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binası yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 650 (altı yüz əlli) manat pul vəsaiti "xxxx" MTK-dan tutulub İddiaçı ödənilməsi, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «sökülmüş mənzilin cavabdeh tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması» barədə tələb hissəsində iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədən qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, etirazda və məhkəmə qətnaməsində "xxxx" Mənzil Tikinti Kooperativi və Səbail Rayon Məhkəməsinin əsaslandığı; “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016-cı il tarixli, 86 saylı Qərarında” alqı satqının hansı qaydalarda keçirilməsi təsbit olunsa da, söküntü və tikinti işləri aparan "xxxx" Mənzil Tikinti Kooperativi bu qərarın tələblərinə də əməl etməmiş, məhkəmə tərəfindən isə bu qanunu pozuntularına hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli 2(103)-1067/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(102)-2990/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli 2(103)-1067/2019 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(103)-9777/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi qismən, yəni “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizamiköçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, yəni 96.9 kv.m sahənin əvəzi olaraq cavabdehtərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumisahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuş, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə olaraq 3000 manat tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli 2(102)-95/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündür mərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)- 3133/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-355/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X4 bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-355/2021 nömrəli qərarındakı göstərişlər rəhbər tutularaq təmsil etdiyi MTK tərəfindən iddiaçıya binanın 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən sahəsi 145.34 m2 olan üç otaqlı mənzil təklif olunmuş və həmin mənzilin eskizini (sxemini) məhkəmə kollegiyasına təqdim etmişdir. Hazırki apellyasiya baxışı iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh tərəfindən ona təklif olunan, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145.34 m2 olan mənzil ölçüsünə görə onu qane edir, lakin onun ailəsi böyük olduğundan həmin mənzilin üç otaqlı olması ailə vəziyyətinə uyğun olmamaqla onu qane etmir və bu səbəbdən həmin ölçüdə dörd otaqlı mənzilin ona verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş üzrə Ali Məhkəmənin qərarlarında göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməklə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 145,34 kv.m olan üç otaqlı tam təmirli mənzilin iddiaçıya təhvil verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Bakı şəhəri, Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmin rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sökülərək, onların yerində yeni yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qərara alınmışdır. Bundan sonra “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamına əsasən, Səbail rayonu, Rastrapoviç küçəsi, 5, 7, 9, 11, 13 və ünvan 2 ünvanda yerləşən və uzun müddət istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış və qeyriyaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilmiş və həmin təşkilata sahəsi 0,6 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda, həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır; Cavabdeh "Pilot Residence” MTK adı çəkilən sərəncamda nəzərdə tutulan ərazidə, yəni 06.07.2018-ci il tarixdə müəssisə tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 4 ünvanında yerləşən mənzilin divarı cavabdehin işçilərinin iradəsindən asılı olmayaraq uçmuşdur. Həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün cavabdeh tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Mənzildə olan əşyaları mənzildən götürülərək "xxxx" MTK-nın anbarına təhvil verilmişdir. Sözügedən Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 4 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi şəxsi mülkiyyətdə olan evin Texniki Pasportundan müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr olmaqla cəmi 117,1 kvadrat metrdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(102)- 95/2020 saylı qərarında kassasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə iddiaçıya veriləcək mənzilin sahəsini müəyyən edərkən səhvə yol vermiş, bu barədə nəticəyə gələrkən iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, mənzil sahəsinə dair həm işdə olan sənədlərdə ziddiyətli məqamların olmasını, həm də tərəflərin fərqli mövqedə olmalarını diqqətdən qaçırmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-355/2021 nömrəli qərarında kassasiya instanbsiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, idiaçıya məxsus 117,1 kvadrat metr mənzilin əvəzində cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qənaətinə gəlsə də, cavabdeh tərəfindən inşa edilən həmin binada bu sahəyə uyğun olan mənzilin olub-olmaması, belə sahəyə uyğun mənzil olmadığı halda, qətnamənin hansı qaydada icra olunacağı məsələsinə diqqət yetirməmişdir. Halbukli sonuncu apellyasiya baxışı zamanı aparılmış araşdırma zamanı tərəflər arasında təhvil veriləcək olan mənzilin sahəsinin hansı qaydada hesablanmalı olması, iddiaçıya təklif edilən mənzillərin sahələrinin 140,52 kv.m-nə uyğun olmaması ilə bağlı fikir ayrılıqları mövcud olmuş, bununla bağlı iddiaçının müvafiq vəsatətləri, cavabdehin təklifləri olmuşdur. Lakin qətnamədə məhkəmə tərəfindən bu fikir ayrılıqları öz həllini tapmamış, yekunda məhkəmə aktının gələcəkdə icrasında yarana biləcək qeyri-müəyyənliklər qalmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə tərəflərin hüquqlarının real bərpasını təmin etmir. Cavabdeh tərəfin nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, cavabdeh MTK iddiaçıya ümumi sahəsi 120 m2 olan 1 və ya 2 ədəd tam təmirli mənzil verməyə hazır olduğunu bildirmişdir (cild 1, i.v 49-50). Lakin birinci instansiya məhkəməsi sökülmüş mənzilin cavabdeh tərəfindən bərpa edilməsi hissəsində iddianı rədd edərkən həmin xüsusata diqqət yetirməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ziddiyyətlidir. Belə ki, məhkəmə 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 nömrəli binanın yerində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binası yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 650 (altı yüz əlli) manat pul vəsaitinin "xxxx" MTK-dan tutulub İddiaçı ödənilməsini qət etməklə, faktiki olaraq İddiaçı həmin binadan mənzil verilməli olmasını qəbul etmiş, lakin mənzil məsələsi ilə bağlı tərəflər arasında mübahisə olduğu halda həmin mübahisəni həll etməmişdir. Beləliklə, Kollegiya iddiaçıya məxsus sökülmüş mənzilin sahəsinin (ölçüsünün) 117,1 kvadrat metr olduğunu, həmin mənzilin əvəzində cavabdeh "xxxx" MTK tərəfindən hal-hazırda İddiaçı sahəsi 145.34 m2 olan üç otaqlı mənzil təklif olunduğunu, lakin iddiaçı həmin ölçüdə dörd otaqlı mənzil istədiyini, MTK tərəfindən inşa olunan sözügedən binanın lahiyələndirməsində isə 145.34 m2 ölçüdə dörd otaqlı mənzil nəzərdə tutulmadığını, bu səbəbdən iddiaçı ilə cavabdeh arasında qismən razılıq əldə olunduğunu, bununla yanaşı təklif olunan mənzilin sahəsinin (ölçülərinin) iddiaçını qane etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin təqdim etdiyi sxem cizgilərinə uyğun olaraq həmin binanın 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 145.34 m2 olan üç otaqlı tam təmirli mənzillə təmin olunmalı və bu mübahisənin həlli üçün mümkün olan real nəticədir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın hazırda mübahisələndirilən hissəsində işə baxarkən, yəni “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin həmin hissədə əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)- 2742/2018 nömrəli qətnaməsi qismən, yəni İddiaçı “mənzilin və yaşayış sahəsinin bərpa edilməsi” barədə iddia tələbinin rədd edilməsinə aid hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145,34 kv.m olan tam təmirli üç otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Hazırki qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar