Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5224/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1139/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 olu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar arasındakı rəsmi nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə pozulmuş, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 nömrəli evin 2 nömrəli mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə X4 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanmasına dair” müqavilə etibarsız sayılmışdır. Həmin mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 47, 6 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, həmin qərardan verilmiş apelyasiya şikayəti təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra ümumi sahəsi 41,4 kv.metr olan Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 34, 2 nömrəli mənzilə xüsusi mülliyyət hüququ əsasında 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil onlara məxsusdur. Lakin sonradan onlara məlum olmuşdur ki, bağışlama müqaviləsi etibarsız hesab edilənə qədər Etibar Məmmədov qanunsuz olaraq Cavabdeh MMC ilə dərman və optik məhsullarının satışı (aptek) təyinatlı aylıq 400 manat icarə haqqı müəyyən edilmək şərti ilə sonuncu ilə xx xxxxxxx 2016-cı il tarixdə notarial qaydada təsdiq edilməklə icarə müqaviləsi bağlanmışdır. Hesab edirlər ki, sözü gedən icarə müqaviləsi etibarsızdır. Belə olan halda dəfələrlə onlara məxsus mənzildən cavabdeh müəssisəyə məxsus əşyaların çıxarılması və mənzilin boğaldılmasını bildirsələr də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1139/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı, sahəsi 41.4 kv.m olan mənzilin Cavabdeh MMC tərəfindən boşaldılması və mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Hazırda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, icarə müqaviləsi ləğv olunmuşdur və həmin mənzildə MMC-yə məxsus heç bir əmlak yoxdur, MMC-nin həmin sahə ilə hər hansı əlaqəsi yoxdur. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Etibar Məmmədov qeyd etdi ki, cavabdeh İddiaçı2 onun qardaşıdır, onun obyekti qardaşının, sonuncunun obyekti isə onun adına olmuşdur. 2015-ci ildə onlar bağışlama müqavilələri bağlayaraq, hər bir öz obyektini öz adına rəsmiləşdirmişdir. Hətta, hazırda mübahisəsi gedən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 34, 2 nömrəli mənzilin zirzəmisini o, hələ 2010-cu ildə Əmlak Komitəsindən almış və həmin zirzəmi üzərində xx.xx.2011-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarış verilmişdir. İddiaçıların adına qeydə alınmış mübahisəli mənzilin ümumi sahəsi 41,4 kv.m olduğu halda o, sahibkarlıq məqsədilə müəyyən artırmalar edərək, mənzilin ümumi sahəsini 69,79 kv.m-ə çatdırmış və Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 397 saylı sərancamı ilə mənzilin təyinatını dəyişdirərək ticarət obyektinə çevirmişdir. xx.xx.2016-cı il tarixli İcarə müqaviləsi ilə obyekti Cavabdeh MMC-yə icarəyə vermiş, lakin hazırki məhkəmə mübahisəsi başladıqda, xx.xx.2020-ci il tarixli Müqavilənin ləğvi barədə sazişlə qarşılıqlı olaraq icarə müqaviləsinə xitam verilmişdir. Lakin, hələ 2019-cu ilin dekabr ayında Cavabdeh MMC obyekti boşaldaraq ona təhvil vermişdir və hazırda mübahisəli obyekt onun faktiki sahibliyindədir. Hesab edir ki, obyektdə onun tərəfindən əsaslı artırmalar aparıldığından, obyektin tam və birmənalı olaraq iddiaçıdara məxsus olması barədə iddialar əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, 2016-cı ildən mübahisəli sahədə aptek kimi fəaliyyət göstərsələr də, hazırki mübahisə səbəbindən 2019-cu ilin dekabr ayında obyekti boşaldaraq Etibar Məmmədova təhvil vermişlər, xx.xx.2020-ci il tarixli Sazişlə isə İcarə müqaviləsinə xitam verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, artırma və yaxşılaşdırma işləri Etibar Məmmədov tərəfindən aparılmışdır. Hazırda həmin obyektdə Cavabdeh MMC fəaliyyət göstərməsə də həmin müəssisəyə məxsus avadanlıqlar hələ də obyektdə qalmaqdadır, buna görə də hesab edir ki, qətnamə qüvvəsində saxlanılmalı, Cavabdeh MMC mübahisəli obyektdən çıxarılmalıdır. Düzdür, obyektə faktiki sahibliyi Etibar Məmmədov etsə də, sonuncunun bunun heç bir hüquqi əsası yoxdur, buna görə də obyekt boşaldılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan yaşayış sahəsini X3 bağışlamışdır. xx xxxxxxx 2016-cı il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Cavabdeh MMC arasında həmin sahəyə dair icarə müqaviləsi bağlanmışdır. Elektron notariat X1 görünür ki, daşınmaz əmlakın bağışlanması müqaviləsinə xx xxx 2017-ci il tarixdə xitam verilib. xx xxxxxx 2020-ci il tarixli müqavilənin ləğvi barədə sazişin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Cavabdeh MMC arasında xx xxxxxxx 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. xx xxxxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 41,4 kv.metr olan, ünvan 2, 2 nömrəli mənzilin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. xx xxxx 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 41,4 kv.metr olan ünvan 2, 2 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 oluna məxsusdur. xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 43,7 kv.metr olan qeyri-yaşayış sahəsi – zirzəmi X3 məxsusdur. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının sərəncamlarından müəyyən edilir ki, X3 məxsus Ağa Nemətulla küçəsi 34 saylı ünvanda yerləşən ümumi sahəsi 69,79 kv.m. olan 2 nömrəli mənzilin təyinatının dəyişdirilməsinə icazə verilmiş və qeyri-yaşayış sahəsi kimi istifadəsinə icazə verilmişdir. Göründüyü kimi, mübahisəli yaşayış (qeyri-yaşayış) sahəsinin (ümumi sahəsi 41.4 kv.m olan) iddiaçılara məxsus olması mübahisə doğurmur. Bununla belə, mənzil X2 mülkiyyətində olduğu dövrdə sonuncu tərəfindən artırmalar edilmiş və ümumi sahəsi 69,79 kv.m-ə çatdırılmaqla, təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmişdir. İddiaçılar hazırda Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq onlara təhvil verilməsini tələb edirlər. Məhkəmə belə qəanətə gəlmişdir ki, mübahisəli mənzil iddiaçılara məxsusdur, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçılar həmin mənzili onların qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçılar hazırda həmin mənzildən istifadə edə bilmir, onlar, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişlər. Mübahisəli sahənin iddiaçılara məxsus olması mübahisə doğurmasa da, görünən odur ki, həmin sahə hazırki iş üzrə üçüncü şəxs olan X2 faktiki sahiblik və istifadəsindədir. Bununla belə, Cavabdeh MMC-yə məxsus avadanlıqların həmin obyektdə olması da birmənalı olaraq mübahisəsiz deyildir. Etibar Məmmədov birinci instansiya məhkəməsində izahatında da bildirmişdir ki, qardaşı İddiaçı2 ilə arasında Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 nömrəli evin 2 nömrəli mənzilinin bağışlanmasına dair bağışlanma müqaviləsi bağlanmış, bu müqavilədən sonra obyektin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı ərizə vermişdir. Obyekti o, almış və öz adına olan obyekti qardaşına bağışlamış və sonuncunun adına olan obyekt onun adına bağışlanmalı idi. Onunla Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmış, lakin həmin müqavilə 2020-ci ilin əvvəlində ləğv olunmuş, hazırda həmin mənzildə cavabdehə məxsus əmlak yoxdur. Cavabdeh əmlakı təhvil vermiş, açarları yalnız ondadır, iddiaçılara vermir. Mülkiyyətçilərlə münasibətləri gərgindir. Qardaşı yaxşı bilir ki, həmin əmlakı öz vəsaiti hesabına o, almışdır. Oradakı əmlaklar ona məxsusdur, MMC-yə məxsus heç bir əmlak yoxdur. Etibar Məmmədov həm birinci instansiya məhkəməsində, həm apellyasiya baxışında göstərmişdir ki, mübahisəli yaşayış (qeyri-yaşayış) sahəsi onun istifadə və sahibliyindədir, MMC tərəfindən ona təhvil verilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin həmin mənzilin «iddiaçılara təhvil verilməsi» barədə gəldiyi nəticə mücərrəddir, qətnamənin gələcəkdə icrasını absurd edəcək və çətinləşdirəcək bir hala gətirəcəkdir, belə ki, görünür ki, həmin sahə artıq MMC tərəfindən üçüncü şəxs İddiaçı2 təhvil verilmişdir, sonuncunun barəsində isə qətnamə yoxdur. İddiaçılar mülkiyyətçi olaraq üçüncü şəxs olan Etibar Məmmədova qarşı yaşayış (qeyriyaşayış) sahəsindən çıxarılma və s. barədə müstəqil iddia qaldıra bilərlər. Mübahisəli sahənin boşaldılmasına aid hissədə isə Kollegiya qeyd edir ki, hazırda həmin sahə Etibar Məmmədovun istifadəsində olsa da, yaxın dövrə qədər cavabdehin istifadəsində olduğunu nəzərə alaraq, həmin sahədə cavabdehə aid olan hər hansı əmlakın olub-olmaması müəyyən edilmədiyindən, bu hallar nəzərə alınaraq cavabdeh tərəfindən mənzilin boşaldılması hissəsində məhkəmənin qənaəti doğrudur. Cavabdeh MMC tərəfindən obyektin artıq boşaldılması və onlara məxsus hər hansı əmlakın olmadığı müəyyən edildiyi təqdirdə, onlar barəsində hər hansı məcburi icra hərəkətləri həyata keçirilməyəcəkdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1139/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı sahəsi 41.4 kv.m olan mənzilinin iddiaçılara təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5224/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5224/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver