Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5225/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil1 və üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-4168/2019 saylı 24 iyun 2019cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət edərək, iddiaçının 11.03.2011-ci il təvəllüdlü X3 və 23.07.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülərək, həmin evin cehizlər olan otağına yaşayış qaydasının müəyyən edilməsi və iddiaçının uşaqları ilə birlikdə həmin evə qeydə alınması barədə qətnamə qəbul edilməsini xahış etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 29.04.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuş, iddiaçının cehiz əşyaları gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən evə aparılmışdır. Həmin cehiz əşyaları da hazırda həmin evin mətbəxində, yemək otağında, 1 yataq və 1 qonaq otağındadır. İddiaçı ilə cavabdehin birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğu üçün cavabdeh iddiaçını evdən çıxmağa məcbur etmiş, iddiaçi isə müvəqqəti olaraq valideynlərinin evinə sığınmışdır. Mübahısə olunan ünvanda əvvəllər cavabdehin balaca evi olmuş, sonradan 2000-ci ilin əvvəlində cavabdeh Rusiya Federasiyasına işləməyə getmiş və orada qazandığı pul nəticəsındə əvvəlki balaca ev sökülərək 2002-ci ildə mübahisəli fərdi yaşayış evini 1 mətbəx, 3 yataq otağı, 2 qonaq otağı, 1 yemək otağı və bir böyük şüşəbənddən ibarət şəkildə tikdirmiş, lakın tərəflərin arasında nikah olduğu zaman hətta onların uşaqları doğulduqdan sonra ev tam hazır vəziyyyətə gəlmişdir. Həmin evə aid olan ******* telefon nömrəsi və digər kommunal xətlər Cavabdeh adına qeyd edilmişdir. Həmin vaxt cavabdehin qardaşı əsgərlikdə olmuşdur. Hazırda cavabdehin qardaşı evlənmiş, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar və oranın vətəndaşıdırlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinın 11.08.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arsında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı ünvan 2 ünvanında yerləşən evə gəlin köçdüyündən, 2010-cu ildə cavabdehlə birlikdə həmin evdən ailə üzvü kimi istifadə edərək yaşamağa başladığından və cavabdehlə birgə təsərrüfat apardığından cavabdeh tərəfindən mənzildən qovulmağı qanunsuz olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4168/2019 saylı 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona qarşı qərəzli olmuşdur. Dəfələrlə vəsatətlər təqdim etsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə öz qətnaməsində cavabdehlə iddiaçı arasında olan nikah münasibətlərinin hansı akta əsasən pozulmasını və ya məhkəmə qətnaməsinə əsasən pozulsa da, hansı əsasa görə məhkəmə qətnaməsinin nə vaxt qüvvəyə minməsi halını göstərməmişdir. Halbuki, tərəflər arasındakı münasibətlərə istinad edildiyi halda qeyd olunanlar çox mühüm əhəmiyyət təşkil edir. Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, M. Adil küçəsi, ev 26, döngə 4 olan fərdi yaşayış evi tərəflər birgə nikahda olduqları dövrdə onların faktiki istifadələrində olmuş, evə dair mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12369/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-849/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2020-ci il tarixli, 2(103)- 4641/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(008)-4168/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə, İddiaçı uşaqları 11 mart 2011-ci il tarixdə doğulmuş X3 və 23 iyul 2012-ci il tarixdə doğulmuş X6 ilə birlikdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 26, döngə 4 olan fərdi yaşayış evinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2020-ci il tarixli, 2(103)- 4641/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iddia ilə maraqlarına toxunan şəxslər işə cəlb olunmamış və işə onların iştirakı olmadan baxılmış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdehin 29 aprel 2010-cu ildə nikaha daxil olmaları və həmin vaxtdan ailə münasibətləri pozulduğu tarixədək mübahisəsi gedən yaşayış sahəsində birgə yaşamaları işin mübahisəsiz halıdır. Lakin apelyasiya instansiyası məhkəməsi həmin evin hüquqi statusunu ətraflı araşdırmayıb, yalnız onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas götürərək, onun özbaşına tikili olması qənaətinə gəlmiş və bu səbəbdən iddiaçının da cavabdehlə yanaşı həmin evdə yaşamaq hüququnun olmasını göstərmişdir. Halbuki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Həmçinin kasasiya şikayətinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 (yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Nabat Aşurbəyova, 4-cü döngə, 14) ünvanında yerləşən 207,30 kv.m. sahəsi olan fərdi yaşayış evi 12 may 2020-ci il tarixdə (apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi qəbu edildiyi tarixdən 8 gün əvvəl X1 mülkiyyəti kimi qeydə alınmışdır. Daha sonra iş materiallarında olan Cavabdeh nümayəndəsi, Vəkil1 apelyasiya məhkəməsinə ünvanladığı 19 may 2020-ci il tarixli ərizədə sonuncu 20 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində təyin olunmuş başqa işdə iştirak etdiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və vəsatətinin sübutu qismində Ali Məhkəmənin Cinayət Kollegiyasının bildirişini əlavə etmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi cavabdehin üzrsüz səbəblərdən məhkəmə iclasına gəlməməsini əsas götürərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə apelyasiya instansiyası məhkəməsində cavabdehin iştirakı olmadan baxılması, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsinin (hazırda isə evin) mülkiyyətçisinin işə cəlb edilməməsi ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasından ibarət prinsipinin, bununla da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 50.3, 88, 217.4-cü maddələrinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə mübahisələndirilən evin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, iddiaçının ərizəsi olduğu halda isə, cavabdeh qismində cəlb olunması üçün tədbirlər görməli, işə sonuncunun, habelə hazırki cavabdehin iştirakları ilə baxmaqla, tərəflərin nikaha daxil olarkən torpaq sahəsinin və evin hüquqi statusunu araşdırmalı, o cümlədən yaşayış sahəsi hazırda işə cəlb olunmamış şəxsin mülkiyyətində olsa da belə, onun iddiaçının hüquqları ilə yüklü olması məsələsinə hüquqi qiymət verməli və işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Musayeva Firəngiz Cümşüd qızının cavabdeh qismində işə cəlb edilməsini istəmir və buna etiraz edir. Çünki, uşaqlarının atası Cavabdeh mənzil tələb edir. Başqa heç kimə qarşı iddiası yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, iddia qaldırandan sonra ev Musayeva Firəngizin adına keçirilib. Burada məqsəd onun evə köçürülməyinə mane olmaqdır. Uşaqları həmin evə gedəcəksə, yalnız onunla gedə bilrlər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, aralarında barışıq mümkün deyil. Çünki, üç ildi uşaqlarını da görmür, görsəydi, bəlkə nəsə edə bilərdi. Ancaq özü də kirayədə yaşayır, özünün evi yoxdur. Mübahisəli ev onun deyil, idiaçını ora necə köçürdə bilər. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 da apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının əsas məqsədi yaşamaq üçün evə köçürülmək yox, övladları üçün evdən pay əldə etməkdir. Məhkəmə iclasında üçüncü şəxs X2 da apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qardaşının uşaqlarını neçə ildir ki, görmür. Qardaşının uşaqlarına evinin qapıları həmişə açıqdır. Nə vaxt istəsələr gələ bilərlər. Amma iddiaçı uşaqları onlara qarşı öyrədir, onlara gəlməyinə mane olur. Münasibətləri yaxşı deyil. Yalnız uşaqlara qapı açıqdır. Uşaqları nə vaxt istəsə onun evinə gələ bilərlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istfadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan kassasiya instansiya məhkəməsinin iş üzrə yuxarıda qeyd olunan sonuncu qərarının göstərişləri ilə əlaqədar mübahisəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi Musayeva Firəngiz Cümşüd qızı apellyasiya instansiyası cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edildi, lakin iddiaçıya dəfələrlə təklif olunmasına baxmayaraq Firəngiz Musayevanın cavabdeh kimi işə cəlb olunmasına razı olmadı və buna etiraz etdi, tələbinin ancaq cavabdeh olan uşaqlarının atasına qarşı olduğunu və onu da müdafiə etdiyini bildir. Bu cür vəziyyətdə iddiaçının razılığı olmadan hansısa şəxsi cavabdeh qismində məcburən işə cəlb etmək isə mülki qanunvericiliyin prinsiplərinə ziddir. İkincisi, kassasiya instansiya məhkəməsinin növbəti göstərişi ilə əlaqədar qərardad qəbul edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mübahisəli ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı mühəndis(mütəxəssis) rəyi alınmışdır. Qeyd olunan İdarənin 12.07.2021-ci il tarixli məlumatına görə ünvan 5 ünvanında yerləşən ev ilə X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu. Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, 1-ci döngə, 22B (yeni qaydalarla AZ1059,Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Nabat Aşurbəyovaya, 4-cü döngə,14) ünvanında yerləşən 207.30 kv.m sahəsi olan fərdi yaşayış evi eynidir;ünvan 5 ünvanında yerləşən evin torpaq sahəsi ilə X1 mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla AZ1059,Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Nabat Aşurbəyovaya, 4-cü döngə,14) ünvanında yerləşən 0.06 ha torpaq sahəsi eyni torpaq sahəsidir; ünvan 5 ünvanında yerləşən evin torpaq sahəsi ilə X1 mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla AZ1059,Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Nabat Aşurbəyovaya, 4-cü döngə,14) ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, mübahisəli ünvandakı evin və torpaq sahəsinin eyni olduğu, evin eyni torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və evin də, torpaq sahəsinin də mülkiyyətçisi X2 olduğu təsdiqlənmişdir. Üçüncüsü, kassasiya instansiya məhkəməsinin növbəti göstərişi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilərək mübahisəli ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı məlumatlar istənilmiş və həmin İdarənin 27 iyul 2021-ci il tarix məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, 22B saylı fərdi yaşayış evinin yerləşdiyi 0.06ha torpaq sahəsi 14.05.2019-cu il tarixdə Musayev Cümşüd Hacıbaba oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 17 saylı DNK-nın 22.05.2019-cu il tarixli 2V-146 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-96 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, 22B saylı fərdi yaşayış evi 12.05.2020-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, 22B saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.06ha torpaq sahəsi X1 mülkiyyətindədir. Sözügedən ev və onun yerləşdiyi torpaq sahəsinə dair İddiaçı hüquqlarının qeydiyyata alınması ilə bağlı İdarənin arxivində məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı 29.04.2010-cu ildə mübahisəli ünvandakı evə gəlin köçsə də, hazırki Firəngiz Musayevanın həmin ev və 0.06 ha. torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları yüklü edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə 29.04.2010-cu ildə nikah bağlayaraq mübahisəli fərdi yaşayış evinə köçsə də həmin vaxt bu ev dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli evin yerləşdiyi 0.06 ha torpaq sahəsi isə ilk dəfə 14.05.2019-cu ildə Musayev Cümşüd Hacıbaba oğlunun adına ilkin qeydiyyatdan keçmiş, 22.05.2019-cu ildə isə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə və bağışlama müqaviləsinə əsasən Firəngiz Musayevanın adına qeydə alınmış, 12.05.2020-ci ildə isə qeyd olunan ev sonuncunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda da torpaq sahəsi və ev X1 mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə hazırki mübahisəyə baxarkən X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmışdır. Belə ki, hazırki mübahisənin də həmin qərarda göstərilən mübahisə ilə analoji olmasını nəzərə alaraq məhkəmə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Çünki, iddiaçının 2010-cü ildə köçdüyü, dövlət qeydiyyatına alınmayan mübahisəli fərdi yaşayış evi və altındakı torpaq sahəsi yuxarıda göstərilən qaydada Firəngiz Musayevanın qızının adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Demək, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan yaxud yaşamış şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaxud həmin evdə yaşamış başqa şəxslərin yaşayış hüququnun yaranması Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. İddiaçının hazırda köçmək və istifadə qaydasının müəyyən edilməsini istədiyi fərdi yaşayış evi üçüncü şəxs X1 mülkiyyətindədir və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş Cavabdeh hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. İddiaçının Firəngiz Musayeva ilə yaxud hər hansı şəxslə mübahisəli evdən əvəzsiz istifadə, kirayə və.s. məsələrlə bağlı müqavilə bağlaması, mübahisəli evə hər hansı bir formada aidiyyəti, yəni həmin evin hansısa hüquqla ona və rəsmi nikahda olmuş Cavabdeha məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan evdə əvvəllər faktiki yaşasa belə, bu hallar iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının hazırda üçüncü şəxs Firəngiz Musayevanın mülkiyyətində olan evdə əvvələr müvəqqəti yaşaması onun hazırki iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan evin mülkiyyətçisi olan Firəngiz Musayevanın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi keçmiş baldızı olan Firəngiz Musayevanın bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə də düzgün olmuşdur. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan istər iddiaçı, istərsə də Cavabdeh yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı evə köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq tərəflərin övladları olan yetkinlik yaşına çatmayan şəxslər valideynlərinin yaşadıqları evdən istifadə etmək səlahiyyəti mövcuddur və bu onlara qadağan edilə bilməz.. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-4168/2019 saylı 24 iyun 2019-cu il nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5225/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5225/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver