Məhkəmə qərarları › İş №2(103)-5226/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5226/2020

12.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5226/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı tələbləri”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-899/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Gənclər və X13 Rəhimov tərəfindən verilmiş Şt-83 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməyinə və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatdadır və sözügedən kənddə yaşayır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2007-ci və 2008-ci illərdə AR Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı fərqləndiyinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubiley Medalı ilə təltif edilmişdir. xx xxxxx 2009-cu il tarixdən Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində “Heydər Əliyev” muzeyinə “Ekskursiyaçı” vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. xx xxxxxx 2009-cu il tarixdən “Heydər Əliyev” muzeyinə “Baş mühafizəçi” vəzifəsinə, xx xxxxxxxx 2011-ci il tarixdən “Heydər Əliyev” muzeyinə müvəqqəti olaraq “Direktor” vəzifəsinə təyin edilmişdir. xx xxxxx 2012-ci idən isə həmin mərkəzin “direktoru” vəzifəsinə təyin edilmişdir. xx xxxx 2016-cı il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, işdən azad edilmişdir. xx xxxx 2018-ci ildən “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh Respublika X6 Hazırlıq və İxtisasartırma Mərkəzində 2013-cü ildə və 2015-ci ildə kursda olmuşdur. Bundan əlavə olaraq həm də idmançıdır, Azərbaycan Döyüş Federasiyası Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikasında keçirilən prezident və parlament seçkilərində fəal iştirak etmişdir. 65 nömrəli Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 3 nömrəli X9 üzvüdür. Fəaliyyəti müddətində xx xxx 2013-cü il tarixdə Saatlı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən“Fəxri Fərman”la təltif edilmişdir. Saatlı rayon İcra Hakimiyyətinin və Saatlı rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə həyata keçirilən “Layihələrin yazılması və idarə olunması” və “Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları” adlı təlimlərdə iştirakına görə xx xxxx 2016-cı ildə “Şəhadətnamə” ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “sertifikat”la təltif edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Uşaq və X4 X5” İctimai Birliyi tərəfindən “sertifikat”la təltif edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə AR Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “diplom”la təltif edilmişdir. xx xxxxxxx 2019cu il tarixdə AR Gənclər və İdman Nazirliyinin mühasibatlıq uçotu sektorunun baş məsləhətçisi K.Veysov və sözügedən nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçisi V.Baxışov tərəflərindən Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin fəaliyyətinin və Saatlı rayonu sakinləri E.Əzizovun və H.Babayevin ərizələrinin yoxlanması barədə “arayış” tərtib edilmişdir. Sözügedən əməkdaşlar tərəfindən qərəzli arayış tərtib edilmiş və nəticədə AR Gənclər və X13 Rəhimovun Şt-83 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli əmri ilə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edir ki, onun barəsində toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında X10 idarəsinə göndərilmişdir. Orada şikayətçilər Saatlı rayonu sakinləri E.Əzizov və H.Babayev notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edərək, onunla bağlı şikayətlərinin olmadığını bildirmişlər. Həmin ərizələrin də surətlərini iddia ərizəsinə əlavə edir. Hal-hazırda Baş Prokurorluq yanında X1 barəsində toplanmış materialllar rədd edilmişdir. İşlədiyi illər ərzində öhdəsinə düşən vəzifə və tapşırıqları vicdanla, vaxtlı-vaxtında icra etmişdir. Həmişə digər işçilərdən irəlidə olmuşdur. Bildirir ki, işlədiyi müddətdə həmişə başqa işçilərə nümunə olmuşdur. Buna görə də müxtəlif fəxri fərmanlarla, diplomlarla və sertifikatlarla mükafatlandırılmışdır. Vəzifədən qeyri-qanuni azad edilməyi barədə Gənclər və İdman Nazirliyinin əməkdaşlarına bildirsə də, onlar heç bir əsaslı səbəb göstərə bilməmişdilər və məhkəməyə şikayət etməyini tövsiyyə etmişdilər. Ona aydın deyildir ki, işçiləri hansı prinsiplərlə işdən azad edirlər. Hesab edir ki, ona qarşı əsassız qərar verilibdir və o işə bərpa olmalıdır. Ona görə də, Gənclər və İdman Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Ailəlidir, himayəsində bir azyaşlı övladı, xəstə atası və xəstə anası vardır. Hal-hazırda işsiz olduğu üçün uşağının maddi təlabatı və xəstə valideyinlərinin dərmanlarını ala bilmir. Ailədə ondan başqa işləyən və gəlir gətirən yoxdur. Həyət yoldaşı da evdar qadındır. İşsiz halda ailəni dolandırmaq ona çox çətindir. Azərbaycan Respublikası Gənclər və X13 Rəhimov AR Əmək Məcəlləsinin 68-ci, 69-cu və 70-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Onun qanunsuz əmrinə məhkəmə orqanları tərəfindən hüquqi qiymət verilməlidir. Beləliklə, təsdiq olunur ki, Gənclər və X13 Rəhimov tərəfindən verilmiş Şt-83 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli əmr Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu, iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, məhkəməyə gec müraciət etməsinin Saatlı-X2 3 nömrəli Potubyli seçki məntəəqəsinin üzvü olması, xx.xx.2019-cu il tarixdə bələdiyyə seçkilərinin keçirilməsi və iddiaçı haqqında X10 İdarəsində araşdırmanın olması olduğunu nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını; cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı Şt-35 nömrəli, xx xxxx 2018-ci il tarixli əmrlə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan S-37-a nömrəli, xx xxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət növündə intizam tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şt-83 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində nazirliyin nüfuzuna, qanuni mənafeyinə və həyata keçirdiyi gənclər siyasətinə dair fəaliyyət istiqamətlərinə ciddi xələl gətirdiyini nəzərə alaraq və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2006-cı il tarixli, 392 nömrəli Fəmanı ilə təsdiq edilmiş Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin 14.4-cü maddəsi rəhbər tutularaq o, Əmək Məclləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikasının Gənclər və X13 Rəhimova ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, 02/-2-2651q19-2881 nömrəli məktubun surətindən görünür ki, İddiaçı qanunsuz hərəkətləri barədə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş məlumatı aidiyyəti üzrə baxılması üçün müvafiq nazirliyə göndərilmişdir; Saatlı rayon sakini Həmzə Qəhrəmanov tərəfindən Gənclər və X13 Rəhimova ünvanlanmış VM-Q/644-22 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, o 2018-ci ilin dekabr ayında Gənclər mərkəzinə işə qəbul olmuş, buna görə İddiaçı 3.000 manat vermiş, 4 aydan sonra nə ona kart vermiş, nə də əmək haqqı ala bilmir və verdiyi 3.000 manat pulun ona qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Saatlı rayonu, Mollavaizli kənd sakini Elman Əzizov tərəfindən Azərbaycan Respublikasının birinci vitse-prezidentinin katibliyinə daxil olmuş Ə/8172/3 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı vəzifəsindən sui-istifadə etdiyini bildirmiş və 8 ay işlədiyi halda əmək haqqı ala bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında X10 Baş İdarəsinin 02/2-1306xid-20/298 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin sabiq direktoru İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə edilmiş şikayət ərizələri əsasında Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılaraq göstərilənlər öz təsdiqini tapmadığından müraciət müəlliflərinə hüquq və vəzifələri izah edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxxx 2018-ci il tarixli əmrlə “Saatlı Gənclər evi” sosial-xidmət müəssisəsinə direktor vəzifəsinə təyin edilmişdir. Onun əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində nazirliyin nüfuzuna, qanuni mənafeyinə və həyata keçirdiyi gənclər siyasətinə dair fəaliyyət istiqamətlərinə ciddi xələl gətirdiyini nəzərə alaraq və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2006-cı il tarixli, 392 nömrəli Fəmanı ilə təsdiq edilmiş AR Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin 14.4-cü maddəsi rəhbər tutularaq o, xx xxxxxxx 2019-cu il tarixli əmrlə AR Əmək Məclləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında X10 Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin sabiq direktoru İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə edilmiş şikayət ərizələri əsasında Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılaraq göstərilənlər öz təsdiqini tapmadığından müraciət müəlliflərinə hüquq və vəzifələri izah edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Gənclər və X13 Rəhimov tərəfindən verilmiş Şt-83 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsinə, onun işə bərpa edilməyinə və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Kollegiya buna münasibətdə Əmək Məcəlləsinin 71-ci maddəsini nəzərə almaqla qeyd ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 2 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Bu səbəblə kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X12 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı 65 nömrəli Saatlı-X3 3 nömrəli Potubəyli seçki məntəqəsinin üzvü olmuş, xx xxxxxx 2019-cu il tarixdə bələdiyyə seçkilərin keçirilməsinə başlanılmış və İddiaçı haqqında X10 İdarəsində araşdırma olmuşdur. Kollegiya iddiaçının dəlilllərinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə işdən azad olması barədə əmrin surətini imzalayaraq almış, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Onun seçkilərdə iştirak etməsi və X1 barəsində araşdırma aparılması onun məhkəməyə müraciət etməsinə mane olan səbəb kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki-Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-899/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar