Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5227/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Süleymanova (Səfərli) Dürdanə Rasim qızının nümayəndəsi və vəkili Vəkil2 oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 isə vəkili olan Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızılzinət əşyalarının qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.11.2016-cı il tarixdə Cavabdeh2la nikaha daxil olduğunu, ailə qurduqdan sonra Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V22 ünvanında qayınatasının inşa etmiş olduğu və heç bir hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə gəlin köçdüyünü, bütün cehiz əşyalarını həmin evə yerləşdirdiyini, nikahlarından 09.04.2018-ci il tarixdə Zümrüd adını verdikləri uşaqlarının doğulduğunu, atasının tələbindən sonra qayınatasının onu ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilə pasport qeydiyyatına saldırdığını, lakin orada heç vaxt yaşamadığını, sonradan münasibətlərinin pozulduğunu və polis əməkdaşlarının iştirakı ilə cehiz əşyalarını gəlin köçüb yaşadığı mənzildən çıxardığını, bununla belə qızıl-zinyət əşyalarının qaytarılmadığını və orada qaldığını, hazırda atasının evində müvəqqəti yaşadığını, amma belə şəraitdə yaşamasının mümkünsüz olduğunu bildirmiş, buna görə də azyaşlı qızı Zümrüd Süleymanlı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, ona və qızına bağışlanmış üzərində 26 briliyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd boyunbağının və üzərində 26 briliyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd qolbağın (qiyməti 6000 manat), qiyməti 1300 manat olan ağ qızıldan ibarət briliyant qaşlı üzüyün və salxım formalı briliyant qaşlı sırğanın, həyat yoldaşının əmisi Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 600 manat olan 750 əyyarlı, kvadrat formalı, silikon qaşlı üzüyün, 24 noyabr 2017-ci il tarixdə ad günündə həyat yoldaşı tərəfindən bağışlanmış dəyəri 800 manat olan 750 əyyarlı, damla formasında, klonlu, xırda güllü qızıl sepin və yenə Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 150 manat olan 583 əyyarlı uşaq sırğasının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı 09.04.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən - iddianın rədd edilən hissəsində - ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, cehiz əşyalarının daşınması prossesində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrini təhrif etdiyini, dayısı Babaşov Tahir Allahverdi oğlunun “cehiz əşyaları çıxarılarkən bacım qızı Süleymanova Zümrüd qaynatası Cavabdeh1 bu mücrünün içindəki zinyət əşyaları hardadır?” deyə müraciət edərkən Yusif belə bir cavab verdi ki, bu zinyət əşyaları Dürdanənin xoşuna gəlmirdi və ona görə dəyişdirmək üçün götürmüşük” məzmunlu ifadəsini nəzərə almadığını, həmin ifadədə göstərilən halın əşyalar evdən çıxarılarkən orada olan polis baş-leytenantı Səttar Məhərrəmzadənin yanında baş verdiyi bildirildiyi halda adı çəkilən polis əməkdaşının şahid qismində dindirilməsi üçün çağırılması barədə verilmiş vəsatətə heç bir qiymət vermədiyini, qanunsuz və əsassız nəticəyə gəldiyini irəli sürmüşdür. Qətnamədən cavabdehlər də apellyasiya şikayəti verərək onun qismən – iddiaçının evə köçürülməsi tələbinin təmin olunması ilə bağlı hissədə - ləğv olunmasını xahiş etmiş, şikayətlərini belə əsaslandırmışlar ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi 2005-ci ildən Cavabdeh1 tərəfindən inşa olunmuş, o, 2008-ci ildən öz ailə üzvləri ilə həmin ünvanda yaşamış, lakin müxtəlif səbəblərdən həmin evə dair hüquqlarını daşınmaz əmkakın dövlət reyesterində qeydiyyata aldıra bilməmiş, buna baxmayaraq evin plan-ölçüsü Xətai rayon İcra Hakimiyyətinin 27 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən 2008-ci ildə təsdiq olunaraq Cavabdeh1 təqdim edilmişdir. Həmin sənəddə evdə yaşayan şəxslərin dairəsi də müəyyən edilmiş, iddiaçı isə oraya 2016-cı ilin sonlarında gəlin köçmüşdür. İddia ərizəsində də cavabdeh bunu etiraf etmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvanda yerləşən fərdi yaşayış evinin qayınatası Cavabdeh1 məxsus olduğunu, toydan sonra həmin mənzilə gəlin köçdüyünü, cehiz əşyalarını birbaşa həmin evə gətirdiyini göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı özü könüllü olaraq gəlin köçənədək yaşadığı atasına məxsus fərdi yaşayış evinə köçmüş və hal-hazıradək orada yaşayır. Həmin ev onlara məxsus evlə qapı qonşudur, hər iki ev eyni şəraitlidir və heç biri daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatına alınmamışdır. Digər tərəfdən, iddiaçı ilə Cavabdeh2 arasındakı nikah münasibətlərinə faktiki olaraq 2018-ci ilin sentyabr ayından son qoyulmuş, Xətai Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Hal-hazırda respublikanın ərazisində inşa edilmiş xeyli yaşayış sahələri vardır ki, onlar dövlət qeydiyyatına alınmamışdır. Mövcud qanunvericilikdə belə yaşayış sahələri ilə bağlı hazırkı mübahisənin predmetini təşkil edən mübahisələri birbaşa tənzimləyən normalar olmadığından, qanunun analogiyası tətbiq olunmaqla mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixdə imzaladığı “2006-cı ilədək vətəndaşların faktiki sahibliyində olan tikililərin dövlət qeydiyyatına alınmasına dair” Fərmanının tələbləri baxımından yaşadıqları mənzilə mülkiyyət hüquqları ilə bağlı gözləntiləri mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin qızıl-zinyət əşyalarına dair hissədə ləğv olunaraq işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, Ali Məhkəmənin 09 mart 2021-ci il tarixli qərarı ilə isə cavabdehlərin kassasiya şikayətləri təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin “İddiaçı azyaşlı övladı 09.04.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 5 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 oğlu, cavabdehlər Yusif və Cavabdeh2lar, habelə onların vəkilləri Vəkil1 hər biri öz şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 23.01.2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə göndərdiyi, “04.11.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V2/2 ünvanındakı evdən əşyalarını apararkən orada iştirak etdiyi bildirilən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşı Səttar Məhərrəmzadənin faktı sənədləşdiribsənədləşdirmədiyi, həmin vaxt tərəflərdən birinin hansısa əşyanın evdə qalması və götürə bilməməsinə dair şikayət edib-etməməsi, əgər edilmişsə bu şikayətin hansı formada sənədləşdirilməsi və nəticəsi barədə məhkəməyə ətraflı məlumat verilməsi və ya Səttar Məhərrəmzadənin şahid qismində dinlənilməsi üçün məhkəmə iclasında iştirakının təmin edilməsi” məzmunlu məktuba hər hansı cavab almadan qətnamə çıxarmışdır. Kassasiya instansiyasının 09 mart 2021-ci il tarixli qərarında isə aşağıdakılar göstərilmişdir: “...Tərəflər mübahisələndirmirlər ki, mübahisəli ev iddiaçının keçmiş qayınatası və Cavabdeh2 atası Cavabdeh1 məxsusdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçının yaşadığı müddətdə evin vəziyyətinin yaşamaq üçün daha əlverişli vəziyyətə gətirilməsi ilə bağlı təmir tikinti işləri aparılmamış və faktiki olaraq iddiaçı öz əmlakını götürərək iki ildən artıq müddətdir ki, daimi yaşamaq üçün başqa (əvvəllər yaşadığı və öz atasına məxsus, mübahisəli ünvanla qonşuluqda olan evə) ünvana köçmüşdür. Məhkəmələr faktiki olaraq iddiaçının mənzilə köçürülməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının mübahisəli evlə hər hansı bağlılğının qalıb-qalmaması, onun yaşamaq daimi yaşayış yerinin olub-olmaması, cavabdehlərlə birlikdə yaşayan zaman mübahisəli evdə əsaslı təmir işlərinin aparılması və həqiqətən mübahisəli evə ehtiyacının olub-olmamasını yoxlanmamışdır. İddiaçının mübahisəli evdə cavabdehlərlə müəyyən müddət yaşaması faktına istinad edilərək, bu faktın evə köçürülməsi üçün yetərli əsas olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaq mümkünsüzdür. Apellyasiya instansiya məhkəməsi faktiki olaraq cavabdehlərin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış və təqdim olunmuş sübutları qiymətləndirməmişdir”. Kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh olunanları da əsas götürməklə kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, cavabdehlərin şikayəti təmin olunaraq qətnamə iddiaçının evə köçürülməsi tələbinin təmin olunması ilə bağlı hissədə ləğv edilməklə, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Səfərli (Süleymanova) Dürdanə Rasim qızı 24.11.2016-cı il tarixdə Cavabdeh2la nikaha daxil olmuş, nikahdan sonra digər cavabdeh olan qayınatasının Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V22 ünvanında inşa etmiş olduğu fərdi yaşayış evinə gəlin köçmüş, Cavabdeh2la nikahlarından 09.04.2018-ci il tarixdə Zümrüd adını verdikləri uşaqları dünyaya gəlmiş, 2018-ci ilin sonlarında münasibətləri pozulduğundan iddiaçı uşağı ilə birlikdə evi tərk edib atası evinə getmiş, noyabr ayında isə cehiz əşyalarını həmin evdən çıxarıb aparmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V22 ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikilidir; bununla belə iş materiallarından görünür ki, həmin evə dair Xətai rayon İcra Hakimiyyətinin 27 saylı MKİS-də 08.08.2008ci il tarixdə şəxsi hesab vərəqəsi açılaraq həyətin və evin çizgiləri təsdiq edilmiş, Cavabdeh1 Nüsrət oğlu (iddiaçının qayınatası) və onun ailə üzvlərinin orada yaşadıqları göstərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş sözügedən hallarını sadalamaqla yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə münasibətdə tərəflərin hüquqlarının eyni olduğunu vurğulayaraq iddiaçının azyaşlı uşağı ilə birlikdə oraya köçürülməsi üçün əsasın mövcud olması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbilə gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Bu mənada qeyd olunmalıdır ki, üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Mülkiyyətçi və mülkiyyətçinin iradəsi olmadan hər hansı əşya üzərində digər şəxslərin istifadə hüququnun yaranması nəzəri baxımdan mümkün deyil, istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlıdır. Kollegiyanın qənaətinə görə, iddiaçının mübahisəsi gedən evdən istifadə hüququ mövcud olmadığından onun oraya köçürülməsi tələbi əsaslı hesab edilməməlidir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V22 ünvanında yerləşən evə köçdüyü zaman həmin evin hazır tikili olduğu, onun evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etmədiyi və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etmədiyi də müəyyən olunmuşdur; kollegiya onun evə köçürülmə barədə iddiasını bu baxımdan da əsaslı hesab etmir. Bununla belə kollegiya, iddiaçının “qızıl-zinət əşyalarının qaytarılması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır: Belə ki, iddiaçının həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir - bu maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı sözügedən iddiasını sübuta yetirmək üçün şahid ifadələrinə və cavabdeh tərəfin ziddiyyətli məlumatlar verməsinə istinad etmişdir – hansı ki, birinci instansiya məhkəməsində şahid qismində dinlənilmiş yükdaşıma təşkilatının işçisi Samir Qəhrəmanov, əşyaları evdən çıxarılarkən iddiaçının qutuda olan qızıllarının harada olması barədə sual verməsini eşitdiyini ifadə etmiş, digər şahidlər Zahir Babaşov və Tahir Babaşov əşyalar götürülərkən qızıl-zinət əşyalarına dair söhbət eşitmədiklərini bildirmişlər. X4 isə iddiaçının evdən digər əşyalarını apararkən qızıl əşyaları da götürdüyünü, bununla bağlı söhbət olmadığını söyləmişdir. Göründüyü kimi dinlənilmiş şahidlər qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını və onların həmin əşyaları iddiaçıya verməkdən imtina etdiklərini təsdiq etməmişlər. Hətta onların əksəriyyəti əşyaların daşınması zamanı qızıl-zinət əşyaları barədə söhbət olmadığını təsdiqləmişlər. Kollegiya qeyd edir ki, mübahisəli halla bağlı tərəflərin və ya onların şahid kimi dindirilən yaxınlarının öz xeyirlərinə, yaxud ziddiyyətli məlumat vermələri istina deyil. Belə olan halda, həmin ifadələrin tərəfsiz və dəqiq məlumat verən şahidlərin məlumatları, habelə başqa sübutlarla təsdiqlənməsi zəruridir. Baxılan işdə belə məlumat verə biləcək şəxsin – Xətai rayon Polis idarəsinin 36-cı polis bölməsinin sahə müvəkkilinin əşyaların götürülməsində iştirak etdiyi bildirilir. Bu baxımdan evdən bütün əşyalarını çıxaran iddiaçının kifayət qədər dəyəri olan qızıl-zinət əşyalarını götürə bilmədikdə orada iştirak edən və tərəfsizliyi şübhə doğurmayan hüquq mühafizə orqanı əməkdaşına şikayət etməsi lazım idi. Başqa sözlə, münasibətləri pozulmuş və bu səbəbdən evdən çıxarılan iddiaçının cavabdehlər tərəfindən dəyərli əşyalarından məhrum edildiyi halda bu barədə orada olan polis əməkdaşına şikayət etməməsi inandırıcı deyil. Şikayət şifahi olduqda polis əməkdaşı İddiaçı müraciətini şifahi ərizə protokolu ilə rəsmiləşdirməli, yazılı olduqda isə həmin ərizə müvafiq kitabda qeydə alınaraq araşdırma aparılmalı və nəticəsi barədə tərəflərə məlumət verilməli idi. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən, 04.11.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri Xətai rayonu Zığ yolu V2/2 ünvanındakı evdən əşyalarını apararkən orada iştirak etdiyi bildirilən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşı, polis baş-leytenantı Səttar Məhərrəmzadənin faktı sənədləşdirib-sənədləşdirmədiyi, həmin vaxt iddiaçının hansısa əşyanın evdə qalması və götürə bilməməsinə dair şikayət edib-etməməsi, əgər etmişdirsə bu şikayətin hansı formada sənədləşdirildiyi barədə məhkəməyə məlumat verilməsi, həmçinin Səttar Məhərrəmzadənin şahid qismində dinlənilməsi üçün məhkəmə iclasında iştirakının təmin edilməsi xahişi ilə Bakı şəhəri Xətai Rayon Polis idarəsinin 36cı polis bölməsinə müraciət olunmuş, müraciətə verilən cavabda bildirilmişdir ki, “...Səttar Məhərrəmzadə .... İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V22 ünvanında yaşadığı evdən əşyalarını aparması zamanı orada iştirak etmiş, lakin tərəflər arasında olan dialoqlar və söhbətlərə şahid olmamış, ....tərəflər öz aralarında razılaşdıqları və heç bir rəsmi şikayətləri olmadığı üçün PB-nə rəsmi müraciətləri olmamış və sənədləşmə işi aparılmamışdır”. Kollegiya göstərilən halları qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı, qızıl əşyalarının cavabdehlərin sahibliyində qalmasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1680/2019 saylı iş üzrə 05 aprel 2019-cu il tarixli qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətləri təmin edilsin. Qətnamə İddiaçı azyaşlı övladı 09.04.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv olunsun. İddiaçı həmin iddia tələbi təmin edilməsin. İddia ərizəsinin, habelə apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş rüsum məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5227/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5227/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver