Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5227/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Aydın Məhəmməd oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2022 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. 09 aprel 2018-ci il tarixli 316/K saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2022-ci il tarixli 360/K saylı əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 360/k saylı əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMCnin 360/k saylı əmrinə əsasən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. həmin əmr əsassızdır və ləğv edilməlidir. O, 4 ildən artıqdır ki, sözügedən yerdə satış məsləhətçisi vəzifəsində işləmişdir və öz əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmişdir. Son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncular onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmişlər. Əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən hər bir halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 70-ci maddənin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməlidir. Hansı ki, cavabdehin Məcəllənin bu normalarına əməl etmədiyi aydın olur. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndnin ikinci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasını işçinin əmək vəzifələrini kobud şəkildə pozması təşkil edir. Əmək Məcəlləsinin 71ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mübahisələndirilən əmrdə onun vəzifə borcunu yerinə yetirmədiyinə dair hər hansı ciddi sübut göstərilmir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2022 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş materiallarında olan sənədlərə əsasən mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz.
7. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14 və 217-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Kazımov) ilə apellyasiya şikayəti təmin olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 360/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı göstərmişdir ki, iddiaçının istinad etdiyi hallar sübut olunur. Bu barədə 2 sübut var: 1) səs yazısı; 2) işə davamiyyətin qeydiyyat jurnalı.
13. İşə davamiyyətin qeydiyyatı jurnalından görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının adının qarşısında işçinin imzası üçün nəzərdə tutulan yerdə “işə gəlməməsi tapşırıldı” yazılıb. Bu səbəbdən də iddiaçının həmin jurnalı imzalaması mümkünsüz olub.
14. İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməkdə təqsirləndirilə bilməz. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddənin “a” bəndində göstərilmiş əsaslar yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
16. Qətnamədən cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərilən hallar həqiqətə uyğun deyil. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi olmuşdur. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, o işlədiyi dövrdə iş yoldaşları ilə münasibətləri normal olmamış, lakin mağazanın inzibatçı gəldikdən sonra onunla yola getməmiş və onu işdən çıxarmaq qərarına gəlmişdir. İddiaçı ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiası əsassızdır. Belə ki, Beyləqan Mebel Mağazasının inzibatçısı Mirzəzadə Tural Novruz oğlu xx.xx.2020-ci ildən həmin mağazanın inzibatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı mütəmadı olaraq müxtəlif vaxtlarda işə vaxtında gəlməmiş və yaxud iş vaxtı bitməmiş heç kimə məlumat vermədən çıxıb getmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən, xx.xx.2022-ci il tarixinə qədər üzrsüz olaraq iş buraxmışdır. Üzrsüz iş buraxma halı ilə bağlı işçiyə xx.xx.2022-ci il tarixli, 1086/K saylı bildiriş məktubu göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı 10 fevral 2022ci il tarixli 1086/K saylı məktub ünvanlayaraq onun xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər işəgötürənə heç bir məlumat vermədən işlədiyi Beyləqan Mebel Mağazasına işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, etdiyi pozuntunun, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. İddiaçı tələb edilmişdir ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. İddiaçı üzrsüz iş günü buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmiş, "xxxx" MMC-nin direktoruna işə gəlməməsi ilə bağlı izahat yazmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzrsüz iş günləri buraxdığını etiraf edərək, buraxılmış həmin iş günlərinin üzrlü hesab edilməsini xahiş etmişdir. Bundan sonra işçi İddiaçı işinə qayıtmaması və bir daha belə hallara yol verməməsi barədə şifahi qaydada bildirilmişdir. Bundan sonra, İddiaçı işə gəlməməkdə davam etmiş və bu hal xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər olan müddət üzrə xəstəlik vərəqəsi təqdim etmişdir. ******* nömrəli xəstəlik vərəqəsinə əsasən, İddiaçı 22 fevral 2022-ci il işə başlama tarixi müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2022- ci il tarixdən, xx.xx.2022-ci il tarixinə qədər Beyləqan Mebel Mağazasına işə gəlməmişdir. İşçiyə qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmişdir. İddiaçı buraxma halı ilə bağlı izahat təqdim etməmiş, üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçi İddiaçı işəgötürənə məlumat vermədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzrsüz iş günü buraxmışdır. İşçiyə qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmişdir. İddiaçı üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsi yalnız iddiaçının xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər olan dövrlər üzrə işə gəlməməsinə münasibət bildirmiş, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixinə qədər olan dövr üzrə gəlməməsinə münasibət bildirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsiəsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişidirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2049/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Aydın Məhəmməd oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. Məhkəmənin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
22. Maddə 70, ç bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 72, a bəndi Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
24. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2022 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə gəlməməsinin səbəblərini araşdıraraq iddiaçının həmin dövr ərzində işə gəlməməsini üzrlü hesab etməklə əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndində və 72- ci maddənin “a” bəndində göstərilmiş əsasların olmadığını bildirərək iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə işin həqiqi hallarına və hərtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz.
37. Qərarda həmçinin qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrlər üzrə işə gəlməməsinə münasibət bildirmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə işə gəlməməsinə dair işin halına hüquqi qiymət verməmiş və öz qətnaməsində bu hala münasibət bildirməmişdir.
38. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini üzrə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
39. İşdən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə 18 mart 2022-ci il tarixli, 360/5 nömrəli əmrin verilməsinə əsas "xxxx" MMC-nin Pərakəndə Satış Şöbəsinin müdirinin 18.03 2022-ci il tarixli və həmin MMC-nin Beyləqan Mebel Mağazasının inzibatçısının xx.xx.2022-ci il tarixli təqdimatları olmuş, həmin təqdimatların verilməsinə əsas kimi iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzrsüz işə gəlməməsi göstərilmişdir.
40. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr aralığında işə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir.
41. Həmçinin, işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə xəstəlik vərəqəsi təqdim etmişdir. ******* nömrəli xəstəlik vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il işə başlama tarixi müəyyən edilmiş, lakin iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməmişdir. İddiaçıya qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmiş, iddiaçı iş buraxma halı ilə bağlı izahat təqdim etməmiş, üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
46. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
47. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
48. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə dəbirinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2022 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.