Məhkəmə qərarları › İş №2(103)-5228/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5228/2021

14.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5228/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allagverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunan pulun qaytarılması tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı ASC və Cavabdeh qarşı “əmanət və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2020 saylı 17 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 35234,56 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı ASC ilə bağladığı 650251 saylı Kompleks bank xidməti müqaviləsinə 10.01.2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla 20000 manat, həmin müqaviləyə 21.08.2019cu il tarixli 1 nömrəli Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 9 % olmaqla 15000 manat banka əmanət qoymuşdur. Cavabdeh 10.01.2020-ci ildə əmanətçi Tamilla Məmmədovanın 30 il müddətinə ona verdiyi 07.09.2018-ci il tarixli etibarnamənin əslini bankın “Neftçilər” filialına təqdim edərək təmsil etdiyi şəxsin bankda olan əmanətlərini vaxtından əvvəl götürmək istədiyini bildirmişdir. Cavabdehin şəxsiyyəti və etibarnaməyə əsasən belə bir səlahiyyətinin olduğu müəyyən edildikdən sonra elə həmin gün, yəni 10.01.2020-ci ildə kassa məxaric orderlərinə əsasən 20000 manat və 15234,56 manat olmaqla, cəmi 35234,56 manat cavabdehə verilmiş və o, həmin məbləğləri almasına dair kassa məxaric orderlərinə imza etmişdir. Əmanətçinin banka təqdim etdiyi sənədə əsasən müəyyən olunmuşdur ki, o, cavabdehə verdiyi 07.09.2018-ci il tarixli etibarnaməni 06.12.2018-ci ildə ləğv etmişdir. Cavabdeh etibarnamənin əslinin onda olmasından istifadə edərək və etibarnamənin ləğv olunduğunu gizlədərək özünü banka əmanətçinin səlahiyyətli nümayəndəsi kimi təqdim etmiş və etibarnamənin ləğv olunduğu 06.12.2018-ci ildən səlahiyyətinin olmamasına baxmayaraq əmanətçiyə məxsus 35234,56 manat pulu bankdan almışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı ASC və Cavabdeh qarşı iddia ərizəsi, daha sonra MPM-in 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 35234,56 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı ASC ilə Kompleks Bank Xidməti müqaviləsi bağlayaraq 21.08.2019-cu il tarixdə 15000 manat pul vəsaitini 12 ay müddətinə illik faiz dərəcəsi 9% olmaqla, həmçinin 10.01.2019-cu il tarixdə 20000 manat pul vəsaitini 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla ASC-yə əmanət qoymuşdur. 15000 manat pul vəsaiti Bankda AZE61BRES******************** saylı əmanət hesabına, 20000 manat pul vəsaiti isə AZ29BRES******************** saylı əmanət hesabına yerləşdirilib, 16.01.2020-ci il tarixdə Banka yaxınlaşaraq əmanətlərinin çıxarılmasını istədiyi zaman bankdan ona bildirmişlər ki, onun ASC-də olan hesablarındakı pul vəsaitləri Cavabdeh tərəfindən 10.01.2020-ci il tarixdə AR-İ663818 nömrəli 07.09.2018-ci il tarixli etibarnamə əsasında çıxarılmışdır. Həqiqətən də onun tərəfindən həyat yoldaşı Cavabdeh 07.09.2018-ci il tarixdə etibarnamə verilsə də 06.12.2018-ci il tarixdə həmin etibarnaməyə onun ərizəsi əsasında xitam verilmişdir. O etibarnaməyə xitam verməsi barədə dərhal Cavabdeh bildirmiş, həmçinin “xxxx” ASC-yə gələrək onları da məlumatlandırmışdır. Bankdan ona bildirdilər ki, etibarnaməyə xitam verilməsi haqda məlumat bankın elektron baza sisteminə yerləşdirilmişdir və onun bankda olan əmanət hesabları üzərində yalnız o sərəncam verə bilər. Lakin göründüyü kimi ASC qanunvericiliyin tələblərini pozaraq ona məxsus əmanəti heç bir qanuni əsas olmadan N. Mursaquliyevə vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(007)-976/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilmiş, Cavabdeh 35234,56 manat pul və ödənilmiş 30 manat dövlət rusumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının təmin edilməsi, İddiaçı ASC-dən 35234,56 manatın alınaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “Paşa Həyat” sığorta şirkəti tərəfindən 2018-ci ildə əldə olunmuş vəsaiti bölərək, həyat yoldaşı Tamilla Məmmədovanın adına və öz adına İddiaçı ASC-də hesab açaraq, hər birilərinə ayrıca 15000 və 20000 manat məbləğində əmanət qoymuşdur. 10.01.2020-ci il tarixdə İddiaçı ASC-yə müraciət edərək həyat yoldaşının 30 il müddətinə ona verdiyi 07.08.2018-ci il tarixli etibarnəminin əslini “Neftçilər” filialına təqdim edərək təmsil etdiyi şəxsin və öz hesabında olan əmanətləri götürmüşdür. O, ona verilmiş etibarnamənin ləğv edilməsindən xəbərsiz olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli 2(103)- 4930/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(007)-976/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli 2(102)-688/2021 saylı Qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4930/2020 nömrəli 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 06.08.2018-ci il tarixdə 80.400 manat sığorta pulunu bankdan çıxardaraq, Tamilla Məmmədova ilə öz aralarında bölmüşlər, belə ki, 35.000 özü götürmüş, 35.000 manat Tamillaya vermiş, qalan vəsiti isə başqa ehtiyaclarına sərf etmişlər. Elə həmin gün hər ikisi banka gedərək, hər biri bankla müstəqil müqavilə bağlayaraq öz adına 15.000 manat depozitə pul qoymuşlar. 10.01.2019-cu il tarixdə isə yenə birlikdə banka gedərək, yenə də hər biri mütsqil müqavilə bağlamaqla əlavə olaraq 20.000 manat depozitə pul qoymuşlar. Yəni, hər biri ayrıayrılıqda adlarına qoyduqları 35.000 manat vəsait sığorta pulunun aralarında bölünməsi nəticəsində paylarına düşən pul vəsaiti olmuşdur. Həmin vaxt şifahi şəkildə razılaşmışlar ki, əgər nə vaxtsa Tamilla Məmmədova ondan boşansa, onda həmin 35.000 manatı ona qaytaracaqdır. Tamilla Məmmədova 2019-cu il dekabrın 09-da evdən çıxıb getdikdən sonra isə bu razılaşmalarına uyğun olaraq o, 10.01.2020-ci il tarixdə depozitdən həmin pulu çıxartmışdır. Etibarnamənin ləğv edilməsi barədə məlumatı olmamışdır. 2019-cu ildən sonra münasibətləri tam kəsilmişdir, ona qədər isə birgə təsərrüfat aparmasalar da, münasibətləri olmuşdur. Tamilla Məmmədovanın adına depozitə pul qoyulması barədə müqavilələri Tamilla Məmmədova özü imzalamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Cavabdeh bankdan götürdüyü vəsaitin birgə nikah dövründə əldə edilməsini əsas göstərərək, həmin məbləğin yarısının onun özünə məxsus olduğunu göstərsə də, birinci instansiya məhkəməsi həmin dəlillə bağlı hər hansı araşdırma aparmamış, qeyd edilən həmin məbləğin həqiqətən də tərəflərin ümumi əmlakı olub-olmaması halı müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, cavabdehin həmin dəlili ilə bağlı araşdırma aparmadan, həmin dəlili rədd etmişdir (hazırki qərarın 24-cü bəndi). Halbuki mübahisənin qanuni və obyektiv həlli baxımından bunun mühüm əhəmiyyəti olmuşdur. Apelyasiya məhkəməsinin tətbiq etdiyi Mülki Prosessual Məcəllənin 52.2, 191.3 və 220.4cü maddələri hazırki işin müəyyən edilmiş halları ilə üstüstə düşmür. Çünki cavabdeh N.Mursaqulovun iddianı qismən etiraf etməsi barədə yazılı ərizəsi yoxdur.” Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10.01.2019-cu il tarixli 650251 saylı Kompleks bank xidməti müqaviləsindən görünür ki, X5 İddiaçı ASC ilə bağladığı kompleks bank xidməti müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla 20000 manat əmanət qoymuşdur. İş materiallarında olan 10.01.2019-cu il tarixli 650251 saylı Kompleks bank xidməti müqaviləsinə 21.08.2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən X5 İddiaçı ASC 12 ay müddətinə illik faiz dərəcəsi 9% olmaqla 15000 manat əmanət qoymuşdur. İş materiallarında olan 10.01.2019-cu il tarixli 073643 saylı Kompleks bank xidməti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı kompleks bank xidməti müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla 20000 manat əmanət qoymuşdur. İş materiallarında olan 10.01.2019-cu il tarixli 073643 saylı Kompleks bank xidməti müqaviləsinə 21.08.2018-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən Cavabdeh İddiaçı ASC 12 ay müddətinə illik faiz dərəcəsi 10% olmaqla 15000 manat əmanət qoymuşdur. İş materiallarında olan 10.01.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh X3 bank hesabından 20000 manat və 15234,56 manat olmaqla, cəmi 35234,56 manat kassa məxaric orderlərinə imza etməklə əldə etmişdir. İş materiallarında olan AR–İ seriyalı 663818 nömrəli etibarnamənin surətindən görünür ki, Tamilla Məmmədova Cavabdeh 07.09.2018-ci il tarixdən 30 il müddətinədək etibarnamə vermişdir. İş materiallarında olan ƏN 06.12.2018-ci il tarixli məktubundan görünür ki, 07.09.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 50/28 mənzil 6da qeydiyyatda olan X5 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh müvafiq idarələrdə nümayəndəlik hüquqlarına dair verilmiş reyestrdə 7E-9258 nömrə ilə qeyd edilmiş etibarnaməyə X3 06.12.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan HYS-00381/15 saylı Həyatın Yaşam Sığortası Şəhadətnaməsinə 07 nömrəli əlavədən görünür ki, ümumi şəhadətnamə üzrə aylıq ödənilən cəmi sığorta məbləği 92382,52 manat olmuşdur. Apelyasiya baxışı zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X1 Nazim Tahir oğluna qarşı nikah dövründə əldə edilmiş əmlak üzərində paylarının müəyyən edilməsi barədə iddia qaldırmış, daha sonra 14.05.2018-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, birgə nikah dövründə qazanılmış 09.10.2017ci il tarixdə “xxxx” ASC-də müddətli, AZ 43PAHA41010AZNFC********** saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 270.000 manat məbləğində pul vəsaitinin, 08.01.2018-ci il tarixdə “xxxx” ASC-də müddətli, AZ 43PAHA41010AZNFC********** saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 80.000 manat məbləğində pul vəsaitinin və cavabdehin “xxxx” ASC ilə bağladığı HYS-00381/15 saylı Həyatın Yaşam Sığortası Şəhadətnaməsinə əsasən yığılmış 85101 manat sığorta haqqının hər birinə münasibətdə bərabər hissədə payları müəyyən olunmaqla bərabər şəkildə bölünməsi və həmin paylar üzərində sərəncam hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra 30.05.2018-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 09.10.2017-ci il tarixdə “xxxx” ASC-də müddətli, AZ 43PAHA41010AZNFC********** saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 270.000 manat məbləğində pul vəsaitinin, 08.01.2018-ci il tarixdə “xxxx” ASC-də müddətli, AZ 43PAHA41010AZNFC********** saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 80.000 manat məbləğində pul vəsaitinin bölünməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(007)-2143/2018 saylı qərardadından görünür ki, X5 ilə Cavabdeh barışıq sazişi bağlayaraq, razılığa gəlmişlər ki, 09.10.2017-ci il tarixdə xxxx ASC-də Müddətli, AZ43PAHA4101OAZNFCO190057757 saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 270000 manat məbləğində pul vəsaitində, 08.01.2018-ci il tarixdə xxxx ASC-də Müddətli, AZ43PAHA41010AZNFC********** saylı cari, TSY10AZNFD********** saylı depozit hesabına qoyulmuş 80000 manat məbləğində pul vəsaitində (Əmlaklarda) tərəflərin payları bərabər şəkildə müəyyən olunmaqla onlar arasında bərabər şəkildə bölünür. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş Cavabdeh adına olan 01.08.2018-20.08.2018-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, 20.08.2018-ci il tarixdə sığorta məbləği olan 92382,52 manatdan 80400 manatı çıxarılmışdır. Cavabdehin apelyasiya şikayətindən, həmçinin apelyasiya baxışı zamanı verdiyi izahatından müəyyən edilir ki, cavabdehin “xxxx” ASC ilə bağladığı HYS-00381/15 saylı Həyatın Yaşam Sığortası Şəhadətnaməsinə əsasən yığılmış sığorta məbləğindən 80.400 manat çıxarılmış və həmin vəsatin 70.000 manatı tərəflər arasında bölünərək, hər birinin adına ümumilikdə 35.000 manat (15.000+20.000) əmanət qoyulmuşdur. Müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə əldə edilmiş həmin pul məbləğinin aralarında bölünməsi barədə razılığa gəlmişlər və həmin pul vəsaitindən hər bir tərəf öz payına düşən vəsaitdən əmanət qoymuşdur. Yəni, depozitə qoyulmuş 35.000 manat tərəflərin birgə vəsaiti yox, hər birinin şəxsi vəsaiti olmuşdur. Ona görə də Cavabdeh həmin hissədə dəlilləri əsassızdır. Cavabdeh Tamilla Məmmədovanın adına 15000 manat və 20000 manat əmanət qoyularkən, aralarında nə vaxtsa boşanacaqları halda Tamilla Məmmədovaya verdiyi həmin 35000 manatın ona geri qaytarılacağı barədə şifahi razılaşma olduğunu qeyd etsə də, belə bir razılaşmanın olduğunu sübuta yetirə bilməmişdir, iş materiallarından da belə bir hal müəyyən edilməmişdir. Cavabdeh 10.01.2020-ci ildə əmanətçi Tamilla Məmmədovanın 30 il müddətinə ona verdiyi 07.09.2018-ci il tarixli etibarnamədən istifadə edərək sonuncunun bankda olan əmanətlərini vaxtından əvvəl götürmüşdür. Lakin etibarnamə 06.12.2018-ci ildə ləğv etmişdir. Etibarnamənin ləğv edilməsindən məlumatının olmaması barədə cavabdehin dəlillərinə münasibətdə Kollegiya bildirir ki, cavabdehə etibarnamə 07.09.2018-ci il tarixdə verilmiş, 06.12.2018-ci il tarixdə ləğv edilmişdir. Tərəflər faktiki olaraq 09.12.2019-cu il tarixdə ayrılmışlar, cavabdeh isə Tamilla Məmmədovanın bankda olan əmanətlərini 10.01.2021-ci il tarixdə çıxarmışdır. Belə olan halda etibarnamənin ləğv edildiyi vaxtdan sonra bir il müddətində (faktiki ayrıldıqları vaxta qədər) cavabdehin etibarnamənin ləğv edilməsindən məlumatının olmaması barədə göstərdikləri inandırıcı hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Məcəllənin 366.3-cü maddəsinə görə etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Göründüyü kimi cavabdeh etibarnamənin əslinin onda olmasından istifadə edərək və etibarnamənin ləğv olunduğunu gizlədərək özünü banka əmanətçinin səlahiyyətli nümayəndəsi kimi təqdim etmiş və etibarnamənin ləğv olunduğu 06.12.2018-ci ildən səlahiyyətinin olmamasına baxmayaraq əmanətçiyə məxsus 35234,56 manat pulu bankdan almışdır. Bununla da Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tələbinin təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, öz təsdiqini tapmamışdır və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar