Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5229/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X6 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-657/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə ölmüş Əliyev Əli-Heydər Həsən oğlundan miras qalmış əmlaka dair vərəsəlik işinin açıldığı, mərhumun oğlu İddiaçı onun varisi olması barədə məlumat verilməklə, ünvan 2 ünvanda yerləşən evə və torpaq sahəsinə dair Çıxarışın verilməsi xahiş olunmuşdur. ünvan 2 ünvanda yerləşən 0.0590 ha torpaq sahəsi Əliyev Əli-Heydər Həsən oğlunun adınadır. A 743278 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0590 ha torpaq sahəsi Əliyev Əli-Heydər Həsən oğlunun mülkiyyətindədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli Şüvəlan qəsəbəsi Vidadi küçəsi döngə 2 ev 29-a aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsi barədə pasport X4 adınadır X9 ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Əliyev Əli-Heydər Həsən oğlu xx.xx.1993-cü il tarixdə ölmüşdür. İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X5, anası isə X1r. Birinci instansiya məhkəməsində icraat İddiaçı X10 Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, döngə 2, ev 29- saylı evdən Cavabdeh evdən çıxarılması və evi boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin baxılması zamanı iddiaçı X10 əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi X9 iddia tələbini dəqiqləşdirərək Cavabdeh ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından (1 mətbəx, 1 zal, 1 yataq otağı və sanitar qovşağından) ibarət tikilidən (evdən) çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından ibarət olan tikili iddiaçının atası Əliyev Əli-Heydər Həsən oğlundan qalmış tikilidir. Hazırda həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair Əliyev Əli-Heydər Həsən oğlunun adına müvafiq Dövlət reyestrindən verilmiş çıxarışda mövcüddur. İş üzrə Cavabdeh onun keçmiş gəlinidir. Onlar arasında bağlanmış nikaha 2019-cu ildə xitam verilmişdir. Cavabdeh 2014cü ildən həmin evdə yaşamağa başlamışdır. Hazırda da evi zəbt etmiş və evdən çıxmaq istəmir. İddiaçını isə həmin evə buraxmır. Cavabdehin həmin evə heç bir hüququnun olmasına baxmayaraq iddiaçını həmin evə buraxmır və oradan çıxmaq barədə iddiaçının tələblərini yerinə yetirmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-657/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından (1 mətbəx, 1 zal, 1 yataq otağı və sanitar qovşağından) ibarət tikilidən (evdən) çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 180.1, 180.3, 1133.1, 1151.1, 1243.2, 1243.3, 1255-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, ölmüş şəxsin əmlakı onun vərəsəsinə keçir və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə miras qalmış daşınmaz əmlak üzərində vərəsənin hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Odur ki, məhkəmə qeyd edir ki, atasının vərəsəsi olmaqla ondan miras qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcüddur. Cavabdehin çıxarılması tələb olan tikili özbaşına tikinti olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinə mülkiyyət hüququ olan iddiaçının adına rəsmiləşdirilməsi mümkün ola bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, iddiaçının qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. İddiaçı, mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikili, iddiaçının mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun vaxtında tikilmiş tikili olmaqla, həmin tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşaması qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehin həmin tikilidə yaşaması iddiaçının mülkiyyət hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə maneçilik törədir və iddiaçının iradəsinin əleyhinə cavabdehin həmin tikilidən istifadə etməsi qanuna ziddir. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh (vəkili-nümayəndəsi X2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, - sözü gedən yaşayış evi iddiaçının adına dövlət reyestrindən qeydiyyatdan keçmədiyi halda məhkəmə tərəfindən iddiaçı mülkiyyətçi kimi tanınmış və o cür hüquqi qiymət verilmişdir. - bundan əlavə cavabdeh 2014-cü ildən mübahisə predmeti olan yaşayış evinə orada olan ailə üzvilərinin razılığına əsasən gəlin köçmüş ona ayrılmış yaşayış otağında cehiz əşyalarını gətirərək yaşamışdır. Hazırda cavabdeh iki azyaşlı övladları ilə birlikdə başqa yaşayış yerləri olmadığı üçün həmin mənzildə yaşayırlar. Həmçinin qətnamədə İddiaçı vərəsə kimi qeyd olunmuş və o vərəsə olaraq mülkiyyətçi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüquqi fəslində qeyd olunan hüquqlardan istifadə etməmiş özü könüllü olaraq öz hüquqlarını məhdudlaşdırmişdir. Belə ki, məhkəmə iclasında verilən izahatlardan məlum olur ki, 2014-cü ildə cavabdeh mübahisəli evə gəlin köçdükdən sonra iddiaçı evi könüllü olaraq tərk etmiş digər yaşayış evinə köçmüş və cavabdehin keçmiş həyat yoldaşı isə 2015-ci ildən evi tərk edərək getmişdir. Həmin ildən başlayaraq cavabdeh evdən istifadə etmiş və yaşayış evinin bu günədək kommunal xərclərini ödəmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, cavabdeh heç faktiki olaraq mirası qəbul etməmişdir. Məhkəmə qətnaməsində cavabdeh mülkiyyət kimi və eyni zamanda sözü gedən yaşayış evinin dövlət reyestrindən qeydiyyatda keçməsi kimi göstərilsə də, buna dair hər hansı bir sübuta əsalanılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş apellyator məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: - 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: - 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: - 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, cavabdehin çıxarılması tələb olunan tikili özbaşına tikili olmaqla yerləşdiyi torpaq sahəsi İddiaçı mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun adına Dövlət reyestrindən qeydiyyatdan keçmiş, iddiaçı isə mərhumun varisidir. Tikili iddiaçının mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun vaxtında tikilmiş tikili olmaqla, iş üzrə Cavabdeh iddiaçının oğlu X9 ilə nikaha daxil olduqdan sonra həmin tikilidə yaşamağa başlamış, onlar arasında olan nikah 2019-cu ildə pozulmuşdur. Cavabdeh hal-hazırda ünvan 2 ünvanda olan həmin tikilidə yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, cavabdehin çıxarılması tələb olan tikili özbaşına tikinti olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinə mülkiyyət hüququ olan iddiaçının adına rəsmiləşdirilməsi mümkün ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində İddiaçı vərəsə kimi qeyd olunmaqla onun vərəsə olaraq mülkiyyətçi kimi qəbul edilməsində hər hansı qanun pozuntusu yoxdur. Belə ki, məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, iddiaçının qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axkverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının, mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlı olmasına dair qənaəti əsaslıdır. Belə ki, tikili, iddiaçının mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun vaxtında tikilmiş tikili olmaqla, həmin tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşaması qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilərinə qiymət verərək qeyd edir ki, qətnamədə mübahisəli yaşayış evinin dövlət reyestrindən qeydiyyatda keçməsi kimi göstərilməmiş və iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin həmin tikilidə (özbaşına tikili olsa da belə) yaşamasının iddiaçının mülkiyyət (torpaq və onun üzərindəki ev) hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə maneçilik törətməsi və iddiaçının iradəsinin əleyhinə cavabdehin həmin tikilidən istifadə etməsi qanuna zidd olmasına dair nəticələrini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-657/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5229/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5229/2022
20.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver