Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5229/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2025 nömrəli 30 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 000010 saylı müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan 10 saylı mənzili alıcıya təhvil vеrməlidir. Mənzilin sahəsinin hər kv.m dəyəri 780 manat, ümumi dəyəri 54210 manat təşkil edir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tariхli qərarından görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan 10 saylı mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli, 000019 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin еdilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-243/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-243/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saхlanılmışdır.
3. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cı il tarixli, 19743 saylı müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan 10 saylı mənzili alıcıya təhvil vеrməlidir. Tərəflərin razılığı ilə mənzilin dəyəri 54210 manat müəyyən еdilir.
4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tariхli KP/AK/77-17-01 nömrəli 2738 saylı maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km ünvanında "xxxx" ASC tərəfindən inşa еdilmiş 3-cü mərtəbə, 69,50 kv.m ümumi sahəsi оlan, alqı-satqı müqaviləsində göstərilən (köhnə) bina 1, blоk 23 10/10 saylı, (yеni) bina 12, blоk 23, 57 saylı mənzilin 19473 saylı xx.xx.2023-cü il tariхli müqaviləyə dair hеç bir bоrcu yохdur.
5. Əmlak Məsələləri Dövlət Хidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rеyеstri Publik hüquqi şəхsinin Hüquqların Dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rеyеstrindən Çıхarışa görə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km-də yerləşən «Abşеrоn Gənclər şəhərciyi» yaşayış kоmplеksi еv 12 m. 57 İddiaçı adına xx.xx.2023-cü il tariхdə хüsusi mülkiyyət kimi qеydiyyatdan kеçmişdir.
6. “Puru Lifе Cоmpany” şirkətinin xx.xx.2024-cü il tariхli 021 saylı arayışına əsasən İddiaçı həqiqətən "xxxx" ASC-nin inşa еtdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km-də yerləşən “Abşеrоn Gənclər şəhərciyi” yaşayış kоmplеksi bina 23, 10 saylı mənzili 2012-ci ildən təmir еtmişdir və hazırda həmin ünvanda yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 20000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 30000 manat və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə şərtləri kobud surətdə pozulduğuna görə ona maddi və mənəvi ziyan dəymişdir. Mənzil faktiki olaraq 58 kv.m olduğu halda müqavilədə 69.5 kv.m qeyd edilmişdir. Hər kv.m üçün tərəfindən 780 manat ödəniş olunmuş, faktiki olaraq cavabdeh artıq olaraq 8970 manat əlavə ödəniş alaraq ona maddi ziyan vurmuşdur. Mənzili ilkin olaraq cavabdehdən alqı-satqı müqaviləsi üzrə hissə-hissə ödənişlər əsasında almış, mənzilin alınması ilə bağlı tərəfindən cavabdehə hissə-hissə ödənişlər olunmuş, ümümilikdə 13000 manat ödəniş etmişdir. Cavabdeh müqavilə və layihəyə əsasən işləri görmədiyinə görə ödənişləri dayandırmış və bununla bağlı cavabdeh məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia təmin edilmişdir. Tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayəti təmin edilməmişdir. Daha sonra apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, lakin məhkəmə hesab etmişdir ki, kassasiya şikayəti verilməsi ilə bağlı müddət buraxılmış və kassasiya məhkəməsi işə mahiyəti üzrə baxmamışdır. Mənzillə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra satıcı qeyd olunan mənzili digər bir şəxsə satmışdır. Mübahisəli mənzili "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə satılmış, "xxxx" MMC isə öz növbəsində təmir etdiyi mənzili X2 adına rəsimləşdirmişdir. Xahişini nəzərə alaraq tərəfindən X3 mənzilin dəyəri ödənildikdən sonra, X4 mənzili "xxxx" ASC-yə geri qaytarmış və "xxxx" ASC qeyd olunan mənzili onun adına rəsimləşdirmişdir. Cavabdeh mənzili adına rəsmiləşdirdiyindən sonra əvvəl ondan aldığı 13000 manat ödənişdən cəmi 7500 manat ödəniş qaytarmış, yerdə qalan 5500 manatı maddi ziyan olaraq cavabdehdən tələb edir. Cavabdeh tərəfindən layihəyə əsasən mərkəzləşdirilmiş qazanxana sistemi qurlaşdırılmalı idi, lakin qurlaşdırılmadığı üçün məcbur qalıb mənzildə kombi sistemini qurlaşdırmış və beləliklə kombi sisteminin qurlaşdırılmasına görə 900 manat xərc çəkmişdir. Cavabdeh tərəfindən layihəyə əsasən daimi axan su sistemi ilə binanı təhciz etməli idi, lakin təmin etməmiş və məcbur olaraq su çəninin, nasos sisteminin alınması və qurlaşdırmasına 1000 manat xərc çəkmişdir. Cavabdeh tərəfindən layihəyə və müqaviləyə əsasən mənzilləri plastik pəncərələrlə təmin etməli idi, lakin təmin etməmiş və qeyd olunan pəncələri özü alıb qurlaşdırmış və beləliklə 1265 manat xərc çəkmişdir. Binanın elektrik xətlərində və binanı qəlib beton məmulatlarında olan qüsurlara görə tərəfindən əlavə 2365 manat xərc çəkilmişdir. Ümumilikdə cavabdehin hərəkətləri və hərəkətsizliyi nəticəsində ona 20000 manat maddi ziyan vurulmuşdur. Mənəvi ziyana gəldikdə isə qeyd olunan faktlarla bağlı uzun illərdi mənəvi sarsıntılar yaşamışdır. Cavabdeh tərəfindən öz öhdəliklərini icra edilməməsi ilə bağlı vurulmuş maddi ziyanı 20000 manata, mənəvi ziyanı isə 10000 manata qiymətləndirir.
9. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə еkspеrtiza mərkəzinin xx.xx.2025-ci il tariхli, 10/5216 saylı еkspеrt rəyinə əsasən - 1-ci sual üzrə: İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19743 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci mk-da yerləşən, tədqiq olunan mənzilin ümumi sahəsinin azalma əmsalları tətbiq olunmaqla 58 kv.m (32,2 kv.m yaşayış sahəsi, 25,8 kv.m köməkçi sahə), azalma əmsalları tətbiq olunmadan 61,6 kv.m (32,2 kv.m yaşayış sahəsi, 29,4 kv.m köməkçi sahə) olduğu müəyyən olunmuş, bu mənzilin faktiki sahəsi ilə (azaltma əmsalları tətbiq olunmadan 61,6 kv.m), həmin mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli, 19743 saylı müqavilədə qeyd edilmiş sahəsi (69,5 kv.m) arasında 7,9 kv.m fərq vardır. - 2-ci sual üzrə: İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19743 saylı müqaviləyə əsasən mənzilinin sahəsinin 69,5 kv.m qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə əsasən mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq olunmaqla 58 kv.m təşkil edir. Odur ki, müqavilə üzrə qeyd olunan 69,5 kv.m sahənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. - 3-cü sual üzrə: Tədqiq olunan mənzilin ümumi tikinti sahəsi, yaşayış otaqlarının, köməkçi otaqların (Sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütunaltı sahələr də nəzərə alınmaqla ümumi sahəsinin müqaviləyə uyğun olaraq 69,5 kv.m olduğu müəyyən olunmuşdur. - 4-cü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci mk ünvanında yerləşən, tədqiq olunan mənzildə təqdim olunan işlərə sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. - 5-ci sual üzrə: Tədqiq olunan mənzil faktiki təmirli olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyun 2025-ci il tarixli 2(005)-165/2025 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 5500 manat pul və 180 manat ödənilmiş dövlət rüsumunun 33 manatının tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatının isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin еdilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həm ekspert, həm də daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən mənzilin ümumi sahəsinin bu qaydada hesablanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3-cü bəndinin tələblərindən irəli gəlmişdir. Həm daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan, həm də ekspert mənzilin ümumi sahəsini müəyyən edərkən qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə riayət etməkdə haqlı olmuşdur. Ona görə ki, mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı bu tələblərə riayət etmək onların vəzifəsi olmuşdur. Lakin sifarişçi ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzili (mənzilin yerləşdiyi yaşayış binasını) tikən iş üzrə cavabdehin sifariş əsasında tikəcəyi mənzilin ümumi sahəsini müəyyən edərkən bu tələblərə riayət etmək kimi bir vəzifəsi olmamışdır. Ona görə ki, cavabdеh podratçı kimi bu mənzili sifarişçi iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun tikmək vəzifəsi daşımışdır. Cavabdehin mənzilin ümumi sahəsini bu cür hesablaması müqavilə azadlığı prinsipindən irəli gəlir və qanunla qadağan edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsi üzrə mənzilin ümumi sahəsi hesablamış, bu zaman mənzilin sahəsinin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş hansısa imperativ tələblərə riayət etmək vəzifəsi olmamışdır. Mübahisəli mənzilə dair təkrar оlaraq 2023-cü ildə müqavilə bağlansa da, faktiki оlaraq mənzil iddiaçıya 2009-cu ildə birinci müqavilə əsasında təhvil verilib və o, mənzildə təmir işlərinə başlayıb. Təmir zamanı inşaat materiallarının alınması və ustaya təmir xərcinin ödənilməsi hər kv.metrə görə hesablandığı nəzərə alındıqda iddiaçı mənzillərin sahəsinin müqavilədə göstəriləndən az olduğunu mənzilin ona təhvil verildiyi zaman bilməli idi. Bеləliklə də, işdən görünür ki, iddiaçının mənzil sahəsinə dair hеsab еtdiyi qüsurla bağlı hazırkı tələb 2 il keçdikdən sonra irəli sürülüb. İddiaçının (alıcının) əşyanın (mənzilin) qüsurları ilə bağlı cavabdehə (satıcıya) qarşı tələb irəli sürmək hüququ müddətin keçməsinə görə də əsassızdır.
14. İddiaçının mənzilə görə daha artıq məbləğdə pul alması ilə əsaslandırılmış hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
15. Məhkəmə iddianın cavabdeh tərəfindən layihəyə əsasən mərkəzləşdirilmiş qazanxana sistemi quraşdırılmalı оlduğu halda quraşdırılmadığı üçün məcbur qalıb mənzildə kombi sistemini quraşdırılmasına görə 900 manat хərc çəkməsi, cavabdeh tərəfindən layihəyə əsasən daimi axan su sistemi ilə binanı təhciz etmədiyi üçün məcbur olaraq su çəninin, nasos sisteminin alınması və quraşdırılmasına 1000 manat xərc çəkməsi, cavabdeh tərəfindən layihəyə və müqaviləyə əsasən mənzilləri plastik pəncərələrlə təmin etmədiyi üçün qeyd olunan pəncələri özü alıb quraşdırmaqla 1265 manat xərc çəkməsi, binanın elektrik xətlərində və binanı qəlib beton məlumatlarında olan qüsurlara görə tərəfindən əlavə 2365 manat xərc çəkməsi ilə bağlı hissələri ilə bağlı qеyd еtmişdir ki, yuхarıda göstərildiyi kimi mübahisəli mənzilə dair təkrar оlaraq 2023-cü ildə müqavilə bağlansa da, faktiki оlaraq iddiaçı 2009-cu ildə birinci müqavilə əsasında оna təhvil verilərək 2012-ci ildən hazırki vaхta kimi yaşamağa davam еtməkdə cavabdеh tərəfindən layihə və müqavilə üzrə öhdəliklərinin yеrinə yеtirilməməsi üzrə iddia müddətini ötürmüşdür.
16. Məhkəmə hеsab еtmişdir ki, iddianın 5500 manat məbləğ hissəsi istisna оlmaqla digər hissələr üzrə maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki mənzil sahəsi ilə bağlı hissədə cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də cavabdеhin məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamış digər hissələrdə isə iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini tam yerinə yetirə bilməmiş, həm də sоnuncu tələblər üzrə iddia müddətlərini ötürmüşdür. Lakin məhkəmə еyni zamanda hеsab еtmişdir ki, maddi zərərlə bağlı tələb yalnız 5500 manat hissəsində təmin еdilməlidir. İddiaçı mübahisəli mənzili xx.xx.2006-cı il tarixli, 000019 saylı müqaviləyə əsasən alarkən 13000 manat ödəniş həyata kеçirmiş, sоnrakı ödənişləri həyata kеçirmədiyi üçün məhkəmə qaydasında bu müqavilə ləğv еdilmişdir. İddiaçının izahatına əsasən sözügеdən mənzili xx.xx.2023-cü il tarixli, 2738 saylı müqaviləyə əsasən оnun adına təkrar rəsmləşdirdiyindən sonra, оnun tələbi ilə cavabdеh əvvəlki müqavilə üzrə ondan aldığı 13000 manat ödənişdən cəmi 7500 manatı qaytarmış, yerdə qalan 5500 manatı isə qaytarmamışdır.
17. Məhkəmə iddiaçının tələbinin qеyd еdilən hissəsi üzrə izahatlarını bu hissədə səmimi və inandırıcı saymaqla hеsab еtmişdir ki, cavabdеh bu faktla bağlı kоnkrеt mövqе bildirməsə də, müəyyən еdilmişdir ki, faktiki оlaraq mənzilin dəyərini iddiaçıdan aldıqdan sоnra mənzili təkrar оnun adına rəsmiləşdirildirərkən əvvəlki müqavilə üzrə aldığı 13000 manat pulu qaytarmamışdır. İddiaçının tələbi ilə qismən, yəni 7500 manat qaytardığı üçün iddiaçı qalan pulu, yəni 5500 manatı maddi ziyan olaraq cavabdehdən tələb etməkdə haqlıdır.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında iddiasında qeyd olunan faktlarla bağlı uzun illərdi mənəvi sarsıntılar yaşamasını bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 373.1, 372.2, 373.2, 373.3, 373.4, 375.2, 377.1, 773, 776.1, 390, 589.1, 589.2, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.3, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 103.2, 119.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Maddə 753.1 Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
31. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 32.Maddə 776. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
33.Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 34.Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 40.Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir.
45. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 000019 saylı müqaviləyə əsasən satıcı (cavabdеh) Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan 10 saylı mənzili inşa etmək və təhvil vermək (iddiaçıya) öhdəliyini üzərinə götürmüşdür. Sözügedən mənzil iddiaçıya xx.xx.2009-cu il tarixdə təhvil verilmiş və о, mənzilin təhvil aktına imza etsə də mənzilin pulunu ödəmədiyi üçün satıcı "xxxx" ASC mənzilin boşaldılması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minsə də, iddiaçı mənzili təhvil verməmiş, mənzildə yaşamaqda davam etmiş və yaşadığı dövrdə də tərəflər razılığa gəlmiş, iddiaçı mənzilin pulunu ödədiyi üçün tərəflər arasında yeni, xx.xx.2023-cü il tarixli, 2738 saylı müqavilə bağlanılmaqla mənzil yenidən iddiaçının adına rəsmiləşdirilmişdir.
46. Hazırda iddiaçı 20000 manat maddi və 10000 manat mənəvi zərər tələb etmişdir.
47. İddiaçı maddi zərər tələbini - mənzilin faktiki olaraq 58 kv.m olduğu halda müqavilədə 69.5 kv.m qeyd edilməsi, hər kv.m üçün tərəfindən 780 manat ödəniş olunsa da, faktiki olaraq cavabdeh artıq olaraq 8970 manat əlavə ödəniş alması; mənzil təkrar оlaraq adına rəsmiləşdirildiyindən sonra, əvvəl ondan aldığı 13000 manat ödənişdən cəmi 7500 manat ödəniş qaytarmasını, yerdə qalan 5500 manatın qaytarılmaması; cavabdeh tərəfindən layihəyə əsasən mərkəzləşdirilmiş qazanxana sistemi qurlaşdırılmalı оlduğu halda qurlaşdırılmadığı üçün məcbur qalıb mənzildə kombi sistemini qurlaşdırılmasına görə 900 manat хərc çəkməsi; cavabdeh tərəfindən layihəyə əsasən daimi axan su sistemi ilə binanı təhciz etmədiyi üçün məcbur olaraq su çəninin, nasos sisteminin alınması və qurlaşdırmasına 1000 manat xərc çəkməsi; cavabdeh tərəfindən layihəyə və müqaviləyə əsasən mənzilləri plastik pəncərələrlə təmin etmədiyi üçün qeyd olunan pəncələri özü alıb qurlaşdırmaqla 1265 manat xərc çəkməsi; binanın elektrik xətlərində və binanı qəlib beton məmulatlarında olan qüsurlara görə tərəfindən əlavə 2365 manat xərc çəkməsi ilə əsaslandırmışdır.
48. Kollegiya əvvəla qeyd edir ki, cavabdеhin əvvəlki müqavilə üzrə aldığı 13000 manat ödənişdən qalan 5500 manat hissəsində maddi zərər tələbi təmin edilmiş, həmin hissədə isə qətnamə mübahisələndirilmədiyindən həmin hissə apellyasiya baxışının predmetini təşkil etmir.
49. İddiaçı mənzilin faktiki olaraq 58 kv.m olduğu halda müqavilədə 69.5 kv.m qeyd edilməsi, hər kv.m üçün tərəfindən 780 manat ödəniş olunsa da, faktiki olaraq cavabdehin artıq olaraq 8970 manat əlavə ödəniş almasına istinad edərək maddi zərər məbləği daxilində bu pulu da tələb etmişdir.
50. Qeyd edilən halın araşdırılması məqsədi ilə keçirilmiş ekspertiza nəticəsində mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq olunmaqla 58 kv.m; azalma əmsalları tətbiq olunmadan 61,6 kv.m; mənzilin ümumi tikinti sahəsi, yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan), qonşu divarlar, ara divarlar, sütunaltı sahələr də nəzər alınmaqla 69,5 kv.m müəyyən edilmişdir.
51. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
52. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır.
53. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin ümumi sahəsinin ölçüsüdür. Müqavilədə ümumi sahənin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir.
54. Formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.
55. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
56. Göründüyü kimi verilmiş çıxarışda mənzilin ümumi sahəsi 58 kv.m göstərilmiş, keçirilmiş ekspertiza nəticəsində isə mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq olunmadan 61,6 kv.m müəyyən edilmişdir.
57. MM-nin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçmişdir, belə ki, müəyyən edilmişdir ki, mənzil 2009cu ildə iddiaçıya təhvil verilmiş və iddiaçı 2012-ci ildən mənzilə köçmüşdür. Qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçının həmin mənzildən çıxarılması qət edilmiş olsa da, qətnamə icra edilməmiş və iddiaçı mənzili təhvil verməmiş və sonradan ASC ilə aralarında yeni müqavilə imzalanmışdır.
58. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etməklə həmin tələbə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürmüşdür.
59. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə iddianın rədd edilməsi barədə düzgün qənaətə gəlmiş olsa da, maddi hüquq normasını düzgün tətbiq etməmiş və 589.1, 589.2-ci maddəyə istinad edərək 2 illik müddət tətbiq etmişdir. Ona görə də həmin hissədə qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
60. Maddi zərərlə bağlı iddia tələbinin digər hissələrində Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, haqlı olaraq göstərmişdir ki, mübahisəli mənzilə dair təkrar оlaraq 2023-cü ildə müqavilə bağlansa da, faktiki оlaraq iddiaçı 2009-cu ildə birinci müqavilə əsasında оna təhvil verilərək 2012-ci ildən hazırki vaхta kimi yaşamağa davam еtməkdə cavabdеh tərəfindən layihə və müqavilə üzrə öhdəliklərinin yеrinə yеtirilməməsi üzrə iddia müddətini ötürmüşdür.
61. Mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir.
62. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2025 nömrəli iş üzrə 30 iyun 2025-ci il tarixli qətnaməsi qismən (mənzilin sahəsinə görə artıq ödənilmiş 8970 manat məbləğin cavabdehdən tutulmasının təmin edilməməsi hissəsində) ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.