Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-523/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-523/2023 (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması”) Bakı şəhəri 16 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X1 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2, İddiaçı "xxxx" MTK-nın vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1394/2022 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzili 69,000 manat dəyərində Cavabdeh2 satılmışdır.
2. Müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, alıcı bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği xx.xx.2020-ci il tarixli 19-32 №-li kassa mədaxil orderi qəbzi və maliyyə arayışına əsasən satıcıya tam ödəmişdir.
3. 13 oktyabr 2020-ci il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan 3 otaqlı mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
4. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 ilə arasında bağlanmış Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin alqısatqısına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələblərinin əsası kimi göstərir ki, sözügedən mənzilə zorakılıq və hədə təsiri alttında bağlanmışdır, nəticədə iddiaçı zorakı yolla iradəsinin ziddinə müqavilənin bağlanmasına məcbur qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MTK - cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən bina tam şəkildə hazır olmuşdur. Bir müddətdən sonra tanımadığı Ramil Şükürov adlı şəxs iddiaçı MTK-nın sədri Araz Abduləzimova yaxınlaşaraq binanların şüşələrinin vurulması və montaj olunması işlərinə baxdığını bildirmişdir. Bu işlə bağlı təklifi ondan ibarət olmuşdur ki, işi başlayıb həll elədikcə yavaşyavaş pulunu verilməsinə də razı olduğunu demişdir. Bununla razılaşmış və 20 gündən sonra həmin işlərin görülməsi barədə smetanı hazırlayıb gətirmiş və həmin binanın 1- ci və 2-ci mərtəbəsinin şüşələndirməsinə 254.000 manat həcmində qiymət çıxarmışdır. Ramil Şükürovla onların bir çox görüşləri olmuş və həmin ərəfədə onu yəni Araz Abduləzimovu polkovnik Mustafa Quliyevlə tanış eləmişdir. Bir müddətdən sonra o Mustafa Quliyevlə yaxından tanış olmuşdur. Onunla demək olar ki tez-tez görüşmüşlər. Bir aydan sonra Ramil Şükürov onu mobil telefonla yığaraq bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinaytkariıq Mübarizə idarəsi tərəfindən saxlanılmış və onun Cavabdeh2 adlı şəxsə 69.000 manat borcu vardır.Ondan xahiş eləmişdir ki, həmin borcu ödəməyini və burdan çıxdıqdan sonra binada görüləcək işlərə görə ödəniləcək məbləğdən çıxarıq. Həmin vaxt o ona bildirmişlər ki, onun həm maddi imkanın həm də onunla olan münasibətləri əl vermir. Sonradan həmin idarədə onunla dəfələrlə əlaqə saxlamasına şərait yaradılmışdır. Hər səfərində o, ona imtina eləmişdir. Həmçinin, Ramil Şükürovun oğlu da onunla görüşərək atasına kömək eləməyini xahiş eləmişdir. Həmin gün polkovnik Mustafa Quliyev ona zəng edərək onun da həmin idarənin qarşısında olduğunu və Ramil Şükürova kömək eləməyini xahiş eləmişdir.Ona təklif olaraq bildirmişdir ki, ona məxsus olan binadan 69.000 manat qarşılığında İmran Qısmovun adına girov müqaviləsini yazsın və Ramil Şükürov çıxan kimi məsələni həll edəcək.O.uzun söhbətdən sonra polkovnik Mustafa Quliyevlə razılaşaraq 69.000,0 manat borcun əvəzi olaraq Cavabdeh2 adına 300.000,0 manat həcmində olan evin maliyyə arayışını hazırlayıb Ramil Şükürovun oğluna vermişdir. O da, maliyyə arayışını DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq Cavabdeh2 təqdim edir və bir müddət sonra Ramil Şükürov azadlığa buraxılır. Həmin Cavabdeh2 bu proseslər zamanı tanımamış və heç bir zaman görməmişdir.Ramil Şükürov həmin vaxt idarədə ifadə verərək bildirmişdir ki, 3 ay müddətinə Cavabdeh2 olan 69.000 manat borcunu ödədikdən sonra İddiaçı MTK-nın direktoru Araz Abduləzimov tərəfindən girov verilmiş mənzili geri qaytaracaq.Həmin ifadənin Ramil Şükürov tərəfindən verilməsini polkovnik Mustafa Quliyevdə təsdiqləmişdir. Ramil Şükürov azadlığa buraxılandan bir müddət yenidən həbs edilərək barəsində cinayət işi qaldırılır və məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Cavabdeh2 binaya gələrək onunla görüşmək isdədiyini bildirmişdir.O da Cavabdeh2la görüşmüşdür. Həmin vaxt ona bildirmişdir ki, bu mənzil ona məxsusdur və mənzili geri verməyəcək.O, İmrana bildirmişdir ki, onları tanımır və birinci dəfə hal-hazırda indi görüb tanımışdır.Onlara bir qəpik də borcu yoxdur. X5 tələb etsinlər.Həmin görüşdən 2 ay sonra onu “Göy Məscidin” yanında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq idarəyə aparılmışdır. Orada ona dəfələrlə dözülməz işgəncələr verərək həmin mənzili X2 adına rəsmiləşdirilməsini və mənzili ona təhvil verilməsini bildirilmişdir və məcbur edilmişdir.Cavabdeh2 ona həmin idarənin müavini Fariz Vəliyev adlı şəxsin qohumu olduğunu və Ramil Şükürovun başına gələnlər onu da gözləyir.O da məcbur olub 300.000 manat həcmində olan mənzillə bağlı müqaviləni Cavabdeh2 adına vermişdir. Həmin vaxt ondan Cavabdeh2 2 ay müddətində həmin mənzillə bağlı çıxarış verəcəyi ilə bağlı iltizam almışlar.O, dəfələrlə desə ki, bu adam pulu ödəməyib. İdarənin əməkdaşları buna heç bir əhəmiyyət verməyiblər.Bir müddətdən sonra isə təqribən 10 may 2022-ci il tarixdə saat 16 radələrində həmin idarənin təhqiqatçısı Mirata Seyidov tərəfindən idarəyə dəvət edilmişdir. Həmin vaxtda onu qanunsuz olaraq 4 gün saxlamış və onu Cavabdeh2la notariusda alqı-satqı müqaviləsinin bağlamasına məcbur eləmişlər. 13 may 2022-ci il tarixdə artıq onların dedikləri ilə razılaşdıqdan sonra idarənin 10 yaxın əməkdaşı ilə 50 saylı xüsusi notariusa aparılmışdır. Həmin vaxt idarənin əməkdaşları notariusun ətrafında dayanmışlar. İçəridə həmin vaxt onu Cavabdeh2 gözləyirdi.X4 əvvəlcə 300.000 manat dəyərində olan mənzilin 69.000 manata rəsmişləşdirilməsinə qəti razı olmadığını və baş idarədən keçməyəcəyini bildirməsinə baxmayaraq, onu da hər hansı bir vasitə ilə razı salmışlar.Həttda o mənzilin dəyərini dəfələrlə notariusa bildirsə də, heç bir mənası olmamışdır.13 may 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə 300.000 manat dəyərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən, 17 saylı evin, 8 saylı mənzilini guya ona 69.000 manat ödəməklə bağlamışlar.Həmin alqı-satqı müqaviləsi bağlandıqdan 1-2 gün sonra isə Cavabdeh2 həmin mənzillə bağlı adına çıxarış almışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur.
7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etməmiş, habelə iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İş üzrə iddiaçıya və digər cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.
9. Məhkəmə Az. Resp. MPM-nin 185.4-185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 1394/2022 nömrəli qətnaməsi ilə İddiaçı MTK cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022- ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərini rəhbər tutulmaqla bağlanıldığından, həmin əqd bağlanılarkən zor tətbiq etmə, aldatma və əqdi şübhə altına salan sair hallar, həmçinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində iddiaçının hər hansı mənafeyi və ya hüquqlarının pozulması halları müəyyən edilmədyindən, həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia tələbi bu hissədə rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci, 334.1-ci, 334.2-ci, 334.3.1-ci, 337.2-ci, 337.1-ci, 339-cu, 331-ci, 337.4-cü, 647.1ci 337.2-ci maddəsinə, Azərbaycan Respublikası MP-nın 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qətnamədən iddiaçı "xxxx" MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1394/2022 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MTK-nın vəkili Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.
18. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.
19. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
İnsan hüquqları üzrə Avropa Məhkəməsi
23. Sübutları qiymətləndirərkən bir qayda olaraq sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır.
32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Belə ki, məhkəmə Kollegiyası verilmiş iddia tələbi və apellyasiya şikayəti üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 ilə arasında bağlanmış Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələblərinin əsası kimi göstərir ki, sözügedən mənzilə müqavilə zorakılıq və hədə təsiri alttında bağlanmışdır, nəticədə iddiaçı zorakı yolla iradəsinin ziddinə müqavilənin bağlanmasına məcbur qalmışdır.
38. Məhkəmə iddiaçının adı yuxarıda qeyd olunan əqdin etibarsızlığı ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzili İddiaçı MTK-ya məxsus olmuş, sonra Cavabdeh1 dövlət notariusu K.A.Rəhmanov tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-718 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* №-li alqı-satqı Müqaviləsi ilə İddiaçı MTK-nın adından etibarnaməyə əsasən imza etmiş X3 tərəfindən Cavabdeh2 69.000,0 AZN satılmış, həmin əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir.
39. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi mənzilin zorakılıq və hədə təsiri altında Cavabdeh2 adına rəsmiləşdirilməsinə istinad etsə də, həmin halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir.
40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınmalıdır.
41. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir.
43. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır.
45. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 1394/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.