Məhkəmə qərarları › İş №2(103)-523/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-523/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-523/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın naturada bölünməsi, paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması, əldə edilən vəsaitinin bölüşdürülməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı2 və digər İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh5 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1vanında yerləşən mənzilin 6/12 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə, 1/12 hissəsi Cavabdeh4 oğlunun adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3nın adına, 1/12 hissəsi İddiaçı2 adına və 1/12 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır

2. Həmin mənzilin ümumi sahəsi 68,20 kv.metrdir.

3. İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 tərəfindən Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvanlanmış bildirişdə ünvan 1vanında yerləşən mənzildəki paylarının dəyərinin hazırkı bazar qiymətinə uyğun ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi təklif edilmiş və 10 gün ərizndə cavab verilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitinin bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1vanında yerləşən mənzil üzrə paylarının naturada ayrılmasına, bu mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməsinə, bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Tələbdə göstərilir ki, çıxarışa əsasən ünvan 1vanında yerləşən mənzilin paylı mülkiyyətçilərinin payları aşağıdakı qaydada müəyyən edilib: 1) İddiaçı1 6/12 hissə; 2) İddiaçı2 1/12 hissə; 3) Cavabdeh4 1/12 hissə; 4) Cavabdeh5 1/12 hissə; 5) Cavabdeh2h qızı 1/12 hissə; 6) Cavabdeh3 1/12 hissə; 7) Cavabdeh1 1/12 hissə. Hazırda qeyd edilən mənzildə cavabdehlərlə birgə yaşayırlar və artıq uzun zamandır ki, aralarında anlaşılmazlıqlar yaranmışdır. Aralarında olan mübahisələr artıq münaqişə həddinə çatmışdır. Məhz qeyd etdiyi münaqişə və mübahisələrə görə paylı mülkiyyətdə olan həmin mənzilə sərəncam, sahiblik və ondan istifadə barədə cavabdehlərlə razılığa gəlinməsi qeyri-mümkündür. Ona görə də, həmin mənzil paylarına uyğun olaraq naturada bölünməli, bölünmə mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməli, bu da mümkün olmadıqda həmin mənzil hərrac vasitəsilə satılmalı və satışdan əldə edilən vəsait paylarına müvafiq olaraq bölüşdürülməlidir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilərək ünvan 1vanında yerləşən mənzilin 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 6/12 hissəsinin İddiaçı1, 1/12 hissəsinin Cavabdeh4 oğluna, 1/12 hissəsinin Cavabdeh5, 1/12 hissəsinin Cavabdeh2h qızına, 1/12 hissəsinin Cavabdeh3, 1/12 hissəsinin İddiaçı2 və 1/12 hissəsinin Cavabdeh1 verilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, əmlakın qiymətləndirilməsi və məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyərlərinin isə iddiaçılar və cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan ünvan 1vanında yerləşən mənzilin 6/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və mənzilin 1/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı2 ilə cavabdehlər ümumi mənzildəki payların dəyərinin ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçiləri hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdehlər iddaçılara məxsus payın dəyərinin ödənilməsinə razı olmadıqları üçün məhkəmə hesab etmişdir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/1393 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, məhkəmə araşdırması zamanı da tərəflər arasında razılıq əldə edilməsi mümkün olmamışdır. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı ünvan 1vanında yerləşən mənzilin hazırkı real bazar qiyməti 110000 manat, likvid qiyməti isə 100000 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, mütəxəssis rəyinə uyğun olaraq ünvan 1vanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı2 onun qardaşıdır, 2-ci qrup əlildir. Onun həyat yoldaşı Qanuni nümayəndə qardaşının və oğlunun adından çıxış etməklə məhkəməyə əsassız iddia verilmişdir. Bütün bu işlərin arxasında həmin qadınının onlara yad münasibəti dayanır. Onun və cavabdeh olan qardaş-bacılarının qeyd olunan ünvandakı paylı mülkiyyətdə olan mənzildə qardaşı İddiaçı2 və onun ailəsinin yaşamağına heç bir etirazları olmamış, heç bir maneə yaratmamışlar. Hal-hazırda da iddiaçılar mənzildə yaşayır və ondan istifadə edir. Əslində belə olan halda onlar mənzildən istifadə edə bilmədikləri üçün iddia qaldıra bilərdilər. İddiaçı tərəfindən məhkəməyə verilən məlumatlar yalandır. Qanuni nümayəndəYusif qızının əsl niyyəti qardaşının mənzildəki payını ələ keçirib qardaşını küçədə qoymaqdır. Bir bacı kimi o, bundan çox narahatdır. Xaricdə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Paylarının dəyərinin hazırki bazar qiymətinə uyğun ödənilməsi ilə ona heç bir təklif məktubu və ya bildirişi göndərilməmişdir. Ümumiyyətlə, həmin mənzilə dair paylar vərəsəlik qaydasında mübahisəli şəkildə bölünmüşdür. Bütün bunlara baxmayaraq qardaşının həmin mənzildə yaşamağına heç bir etirazı, gediş-gəlişləri olmamışdır. Qardaşının oğlunun 13 yaşı olduğu təqdirdə onun adından istifadə edilməsi tamamilə qanunsuz olmuşdur. Məqsədli şəkildə uşağın qəyyumluğunu qanunsuz olaraq almış, onun adından sui-istifadə etmişdir. Məhkəmə onun iştirakını təmin etməməməklə işin həqiqi hallarını aşkara çıxarmamış, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. İşin faktiki hallarına əsasən, hal-hazırda mənzildə iddiaçılar yaşayır. Cavabdehlər həmin mənzildə yaşamır, iddiaçılarla birlikdə mənzildən istifadə etmirlər. Belə olan halda, iddiaçının qaldırdığı iddianın hansı zərurətdən irəli gəldiyini anlamaq olmur. İddiaçı2 2-ci qrup əlil olduğu üçün müstəqil qərar verə bilmir. Paylarının ayrılmağına o və digər cavabdehlər razı deyl, iddiaçıların mənzildə yaşamasına heç bir maneçilikləri yoxdur. Mənzilin qiyməti də bazar qiymətindən 40000 manat məbləğində aşağı qiymətləndirib. Bununla da digər paylı mülkiyyətçilər kimi hüquq və mənafeələri qorunmamışdır. Məhkəmə iş üzrə 13 yaşlı İddiaçı1 iddiaçı kimi işə cəlb etməkdə və onun mənafeyinin qorunmasında pozuntuya yol vermişdir. Qəyyum kimi M.Nuridə uşağın mənafeyini gözləməyən onun gələcəyini fikirləşməyən addımlar atır, dövlət qurumları da buna göz yumur. Halbuki, MM-nin 36-cı maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

9. İddiaçı2 və digər İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazının bununla əsaslandırmışdır ki, cavabdehin məhkəmə iclası barədə məlumatlı olmaması barədə dəlilinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən bütün bildirişlər tərəflərə göndərilmişdir. Təsadüfi deyildir ki, məhz həmin bildirişlər əsasında apellyasiya şikayəti verən şəxslə eyni ünvanda qeydiyyatda olan digər cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 dəfələrlə məhkəmə iclaslarında iştirak etmişdirlər. Məhz bu hal sübut edir ki, məhkəmə tərəflərin iştirakının təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Apellyasiya şikayəti verən şəxsin əmlakın qiymətinin bazar dəyərindən 40000 manat aşağı olması barədə tələbinə gəldikdə isə bildirir ki, o, bu tələbini heç bir sübutla əsaslandırmamışdır. Mənzilin qiymətinin müəyyən olunması məqsədilə qiymətləndirmə ekpertizası həyata keçirilərək mənzilin bazar dəyərinin 100000 manat müəyyən olunması barədə rəy verilmişdir. Bu rəydən başqa mənzilin qiyməti ilə bağlı məhkəmə prossesinə başqa heç bir rəy təqdim edilməmiş və məhkəmədə tədqiq olunmamışdır. Eyni zamanda, bildiyiniz kimi mənzil açıq hərracda satılarkən ona ən yüksək qiymət verən şəxs qalib alıcı hesab edilir. Yəni mənzilə hazırda qoyulan qiymət faktiki olaraq nominal qiymətdir və cavabdehlər həmin mənzilin daha yüksək qiymətə satılacağını güman edirsə, o zaman həmin alıcılarla bərabər hərracda iştirak edə bilərlər. Hətta belə bir halın olması, yəni mənzilin dəyərinin daha yüksək olacağı halda belə bu iddiaçı olaraq onların xeyrinədir. Belə ki, mənzil nə qədər baha satılsa, həmin satışdan payçılara (iddiaçılara və cavabdehlərə) çatacaq məbləğ o qədər yüksək olacaq. Əgər əmlak daha yüksək qiymətlə hərraca çıxarılacaqsa və bu qiymət bazar qiymətlərinə uyğun olduğu üçün satış baş tutacaqsa, bu iddiaçı olaraq onları da qane edir. Lakin qiymətin real olmaması hərracın baş tutmaması ilə nəticələnə bilər ki, bu da məhkəmə qətnaməsinin icrasını sual altında qoyacaq. Bu səbəbdən də, satışın olmasını təmin edəcək ən yüksək qiymət onlar üçün tam olaraq qaneedicidir. Apellyasiya şikayəti verən şəxsin Mülki Məcəllənin 36-cı maddəsinin tələblərinin pozulması barədə gətirdiyi dəlillər tamamilə əsassızdır. Belə ki, Məcəllənin 36-cı maddəsi payların ayrılmasına səbəb olan əqdlərin bağlanmasını isitsna edir. Hazırkı iş üzrə isə hər hansı əqd bağlanmır, əksinə məhkəmə qərarı ilə əmlakın hərrac vasitəsilə satılmasını və əldə olunan vəsaitin payçılar arasında bölünməsini nəzərdə tutulur. Eyni zamanda, bu hala aid olmasa belə müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya əqd bağlamağa səlahiyyət verən rəy xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Bundan başqa, apellyasiya şikayəti verən şəxs öz şikayətində dəfələrlə qeyd etmişdir ki, o, ölkə xaricində yaşayır. O, özünün ölkə xaricində yaşadığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin, əgər ölkə xaricində yaşayırsa o, zaman apellyasiya şikayətini hansı formada imzalamışdır? Hazırda iş üzrə 5 nəfər cavabdeh vardır ki, həmin cavabdehlərdən digər 4 nəfəri apellyasiya şikayətləri verməməklə hazırkı qətnamə ilə razılaşdıqlarını ifadə etmiş olurlar.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və məhkəmədən şikayətin təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdilər.

11. Məhkəmə iclasında İddiaçı2 və digər İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5.Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6.Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı... Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni 100000 (yüz min) manat ilkin satış qiyməti ilə hissəsində ləğv edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin qətnamədə “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” sözlərinin göstərilməsi istisna olmaqla gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından birinci instansiya məhkəməsinin qətnamədə “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” sözləri göstərilməsi istisna olmaqla iddia haqlı sayılır.

23. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərildiyi kimi Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İddiaçılar da hazırki iddia üzrə qeyd olunan qaydalara və ardıcıllığa riayət etmişlər. Bu işin mübahisəsiz halına çevrilib.

24. Qeyd olunduğu kimi qətnamədən yalnız cavabdeh Əsmər Mehtiyeva narazı qalaraq apellyasiya şikayəti vermişdir. Ancaq şikayətində göstərdiyi dəlillər qətnamənin bütövlükdə ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsi mənzilin açıq hərracdan satılması və əldə edilən pul vəsaitinin paylı mülkiyyətçilər arasında bölüşdürülməsi barədə düzgün nəticəyə gəlsə də qətnamədə mənzilin likvid dəyərini ilkin satış qiyməti kimi göstərməklə açıq hərracda satılmasını qət etməklə o hissədə səhv qənaətə gəlmişdir. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində(bax.i.v.113-127) qeyd olunan mənzilin bazar və likvid dəyəri real və həqiqi olmamışdır. Çünki apellyasiya baxışı zamanı məhkəmə əmtəəşünaslıq və tikinti ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli rəyində mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 115000.0 manat (68.2 x 1700) məbləğində olduğu müəyyən edilib. Bununla yanaşı, qeyd olunan mənzil ipoteka predmeti kimi deyil, tərəflərin paylı mülkiyyəti kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən açıq hərracdan satılmalı olduğundan ilkin satış qiyməti olaraq likvid dəyəri heç bir halda göstərilə bilməzdi. Düzdü, bu cür iddialar üzrə mənzilin açıq hərracda satılması ilə əlaqədar qətnamədə real bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi qanunvericilikdə birbaşa qadağan edilməmişdir. Ancaq mənzil bazarında qiymətlərin dəyişkən olması, eləcə də bu cür işlər üzrə hərrac zamanı mənzilin qətnamədə göstərilən qiymətdən də yuxarı qiymətə satılması ehtimalı yüksək olduğundan ümumiyyətlə ilkin satış qiymətinin göstərilməsi paylı mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələ bilər. Buna baxmayaraq, qətnamənin icrası ilə əlaqədar hərrac zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli rəyində müəyyən edilən mənzilin hazırki orta bazar qiyməti bir meyar kimi nəzərə alına bilər.

25. Bundan başqa, Əsmər Mehtiyeva şikayətində iddianın əsassız olduğunu qeyd etsə də əsassızlığın nədən ibarət olduğunu açıqlaya bilmir. Düzdü, şikayətin məzmunundan belə məna hasil ola bilir ki, sanki, o, iddiaçı olan qardaşı İddiaçı2 görə narahatlıq keçirir. Ancaq İddiaçı2 apellyasiya baxışı zamanı onun bu cür “qayğı”sına ehtiyacı olmadığını nümayiş etdirdi, üstəlik özünün və oğlunun qanuni nümayəndəsi olan arvadının iddiasını müdafiə etdi və apellyasiya şikayətini əsassız hesab etdi. Bu cür vəziyyətdə qeyd olunan dəlillər öz əhəmiyyətini itirmiş olur.

26. İddiçılar tərəfindən paylarının dəyərinin hazırki bazar qiymətinə uyğun ödənilməsi ilə ona-Əsmər Mehtiyevaya heç bir təklif məktubu və ya bildirişi göndərilməməsi dəlili də açıq-aşkar əsassız olmuşdur. Çünki iddiaçılar tərəfindən cavabdehlərə bu barədə, yəni payının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüququna xitam verilməsinə dair bildiriş(bax.i.v.97-100) göndərilmişdir. Apellyasiya baxışı zamanı da iddiaçı tərəfdən cavabdehlərə bu cür təklif verilmişdir. Lakin cavabdeh tərəf bu təklifi ümumiyyətlə qəbul etmədi, ancaq iddianın rədd olunmasını istədi. X5 bu dəlildən istifadə etməsi də açıq-aşkar hüquqdan sui istifadə sayılır. Çünki həqiqətən iddiaçılara məxsus payın bazar qiymətinə uyğun dəyərini ödmək niyyəti var idisə bunu apellyasiya mərhələsindədə həyata keçirə bilərdi.

27. Mübahisə predmeti olan mənzilə dair payların vərəsəlik qaydasında mübahisəli şəkildə bölünüb-bölünməməsinin araşdırılması isə hazırki iddianın yaxud icraatın predmeti ola bilməz. 13 yaşlı İddiaçı1 iddiaçı kimi çıxış etməsində və onun mənafeyinin qorunmasında hər hansı bir qanun pozuntusuna da yol verilməmişdir. Çünki onun adından qanuni nümayəndəsi kimi anası Qanuni nümayəndə iddianı irəli sürmüşdür. Bu zaman Mülki Məcəllənin 36-cı maddəsinin tələblərinə də əməl edilmişdir(bax.i.v206). Göründüyü kimi, Əsmər Mehtiyevanın şikayətində göstərdiyi dəlillər nəinki hansısa sübutla təsdiq olunmur, əksinə işdə olan sübutlar və işin həqiqi halları ilə təkzib olunur. Demək ki, əslində o, şikayətində bu cür dəlillərdən istifadə etməklə iddiaçılara qarşı xoş olmayan münasibətini büruzə vermiş olur.

28. Şərh olunanlara əsasən, cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 100 (yüz) manat iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar